Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:58

«Tərcüman» gəmisi niyə batmadı?


İsmayıl bəy Qaspıralı (1851 - 1914)
İsmayıl bəy Qaspıralı (1851 - 1914)

-

İz - Şimal türklərinin ilk bəyaz bahar çiçəyi necə açıldı?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«İsmayıl bəy «Tərcüman» qəzeti vasitəsilə bütün türk dünyasına xitab etmək istəyirdi».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına bu il vəfatının 100-cü ildönümü UNESCO səviyyəsində qeyd edilən türk dünyasının böyük şəxsiyyətlərindən biri, məşhur «Dildə, düşüncədə, işdə birlik» ideyasının müəllifi İsmayıl bəy Qaspıralının ən böyük araşdırıcısı sayılan Türkiyəli professor Əli Yavuz Akpınar söylədi.

O, ZƏRDABİNİÖZ ŞEYXİ ADLANDIRIRDI...

İsmayıl bəy Qaspıralının «Seçilmiş əsərləri»ndən ibarət üçcildliyini Türkiyədə çap etdirən Əli Yavuz Akpınar bu nəhəng şəxsiyyətin şöhrətinin «Tərcüman» qəzeti nəşrə başlayandan sonra artmağa başladığını bildirdi: «İsmayıl bəy türk mühiti ilə şüurlu şəkildə məşğul olurdu. Özəlliklə Azərbaycan ziyalıları ilə əlaqələri vardı. Zərdabini öz şeyxi adlandırırdı. Daha sonra onun Ə.B.Topçubaşov, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə geniş əlaqələri yarandı. «Tərcüman» Azərbaycanla bağlı idi. Hər şeydən əvvəl «Ziya»nı, «Ziyayi-Qafqaziyyə»ni, «Kəşkül»ü izləyirdi və orada olan xəbərləri öz qəzetində çap edirdi. Həmin qəzetlərdə də «Tərcüman»dan alınmış xəbərlərlə qarşılaşırıq. Daha sonra Tiflisə gedir, şeyxülislamla görüşür, Bakını, Şəkini, Şamaxını gəzir, səyahət qeydlərini qəzetində çap etdirir. Maraqlıdır ki, Tiflis səfərindəki bir görüşə təhsilli azərbaycanlı qadınların da qatıldığını qeyd edir, amma təəssüf ki, onların adını çəkmir. Azərbaycan qadınlarının o dövrdə ciddi bir söhbətdə iştirakı diqqət çəkir (Şeyxülislamla görüşən Qaspıralı yəqin ki, bu məclisdə şeyxülislam Qayıbzadənin həyat yoldaşı Səadət xanımı və onun həmfikirlərini görüb – S.İ.)».

«ŞÖYLEMİDİR, DEYİLMİDİR?»

Əli Yavuz bəy Qaspıralının bütün fəaliyyətinin «Tonquç» qəzetində çap etdirdiyi bir məqalədə cəmləndiyini bildirdi: «Tədqiqatçıların diqqətini həmişə İsmayıl bəyin rusca yazdığı və «Tavrida»da çap olunan «Rusiya müsəlmanları» məqaləsi çəkir. Amma bundan əvvəl yazdığı və «Tonquç»da çap olunan «Şöylemidir, deyilmidir?» adlı məqalədə daha sonra yapacağı bütün fəaliyyətlərin ana fikri yer alıb. İkisəhifəlik bu məqalə Qaspıralının bütün həyatı boyu hansı yolu izlədiyini göstərir...».

QASPIRALIDA ORTAQ DİL MƏSƏLƏSİ...

Araşdırıcının fikrincə, Qaspıralı Avropa xalqları arasında millətləşməni yaxşı bilirdi: «Millətləşmənin hansı şəraitdə təşəkkül etdiyini izləmişdi. Slavyan xalqlarının millətləşmə prosesi gedirdi. Rusiyanın buradakı əhəmiyyətli rolunu, italyan birliyinin təşəkkülünü görmüşdü. Almanların millətləşmə sayəsində bir millət olmaq məsələsini görmüşdü. Almanlar aralarındakı dil problemini Hattoç dediyimiz yüksək almancanı ihlas edərək ortadan qaldırmışdılar. Bunlar Qaspıralı üçün nümunə idi. O düşünürdü ki, bütün türk xalqları dil və soy etibarilə birdirlər, əksəriyyəti müsəlmandır, – o halda tək millət olmalıdırlar. Qaspıralının türk xalqlarını türk ümumi kimliyi altında toplamaq fikri onu ortaq ədəbi dilə götürdü. O, bütün türk xalqlarının bir türk milləti kimi təşəkkül etməsini düşünməsəydi, bu onun idealı olmasaydı, ortaq dil və ya iş birliyi, fikir birliyinin heç bir əhəmiyyəti qalmazdı. Odur ki, Qaspıralını anlamaq üçün türk kimliyini başa düşmək lazımdır. Onun fikrincə, Anadolu türkü, Azərbaycan türkü , qazax, qırğız və s. – bunlar alt kimliklərdir. Bunların hamısı «türk» kimliyi altında birləşdirilməlidir. Bu necə ola bilərdi? Hamısının eyni şəkildə məktəbdə, mədrəsədə oxuması ilə».

Krımda müsəlman məktəbi - 1910
Krımda müsəlman məktəbi - 1910

«DİL BİRLİYİNİ MƏKTƏB DƏRSLİKLƏRİ YARADACAQ!»

Qaspıralı İsmayıl bəyin fikrincə, dil birliyini həmin məktəb kitabları yaratmalıdır: «Bu, yazı dili müştərəkliyi idi. Yəni Qaspıralı türk xalqlarının öz ləhcələrində yazmalarına və mədəniyyətlərinə çox da qarşı deyildi. Amma o, arzu edirdi ki, bunların hamısı yavaş-yavaş birləşsin və bütün türk xalqları üçün bir ədəbi dil olsun və bu dillə yaradılan ədəbiyyat da tək olsun. O, ədəbiyyatı və modern kültürü də birləşdirmək istəyirdi... Qaspıralının ana düşüncəsi budur və məncə, onun o dövrdə bütün türk dünyasına təsir etməsinin səbəbi də budur».

«QASPIRALI DİLİ»

Verilişin digər qonağının – Vilayət Quliyevin fikrincə, Qaspıralının ideyası – ortaq ədəbi dil öz dövrünə görə mütərəqqi idi: «Amma deməliyəm ki, Azərbaycanda heç də hamı tərəfindən qəbul olunmurdu... Həmin dövrdə Bakı mətbuatında bu mövzuda polemika aparılırdı. Çünki ədiblər, jurnalistlər, ziyalılarartıq Azərbaycanda müəyyən ədəbi dil ənənələrinin formalaşdığını əsas gətirərək, həmin dildən imtinanı mümkün saymırdılar. Bu dildə artıq Mirzə Fətəli gözəl komediyalar yazmışdı, bu dildə Vaqifin poeziyası vardı, bu dildə ictimai-siyasi mövzularda yazılar yazılmışdı, mətbuat meydana gəlmişdi və s. Amma bu, bütövlükdə Rusiya türklərini, Rusiya müsəlmanlarını məşğul edən ən böyük ideya idi və demək olar ki, Rusiya müsəlmanlarının 1905-1906-cı illərdə keçirilən hər üç qurultayında ortaq türkcə məsələsi müzakirə olunmuşdu və bu da, qurultaya istiqamət verənlərdən biri kimi Qaspıralının xidməti və onun oynadığı rol idi. Öz dövrünə görə bu ideya mütərəqqi idi, çünki imperiyanın «ayır və buyur!» siyasəti həm də dil vasitəsilə həyata keçirilirdi. Amma əgər Rusiyadakı bütün türkləri vahid dil ətrafında birləşdirmək mümkün olsaydı, onlar böyük qüvvəyə çevrilə bilərdilər və tədricən də çevrilirdilər... Məhz bunun qarşısını almaq üçün Qaspıralının «Dildə, Fikirdə, İşdə birlik!» şüarının həyata keçirilməsinə Rusiya rəsmiləri hər vasitə ilə maneçilik törədirdilər».

«İSLAMI TƏMİZLƏMƏK LAZIM»

Aparıcının – ««Tərcüman» qəzeti hansı əngəlləri aşaraq nəşr olundu» sualını Əli Yavuz Akpınar belə cavabladı: «Hər şeydən əvvəl, mətbəə yox idi. Zərdabinin də mətbəəsi olmadığı üçün vilayət mətbəəsinə baş vurub çətinliklə qəzeti çıxardığını bilirik. «Ziya» qəzeti də bunun çarəsini tapdı – Ünsizadə qardaşları öz mətbəələrini qurdular. Daha sonra Şahtaxtlının da mətbəə açdığını yada salaq. Qaspıralı da bu yolla getdi. Amma Bağçasaray o zamanlar 25-30 min əhalinin yaşadığı kiçicik bir qəsəbə idi. Burada mətbəə qursanız, bütün Rusiya türklərinə necə xitab etmək olardı? Qaspıralı bunu bildiyi üçün qəzeti çıxarmazdan əvvəl Krımı gəzdi, Azərbaycana gəldi, Kazana getdi. İldə bir dəfə toplanan məşhur Makarya bazarına da baş çəkdi. Qəzet çıxarmaq istədiyini elannamələr şəklində yaydı».

«NİYƏ QƏZET ÇIXARMAQ İSTƏYİRƏM?»

İsmayıl bəy Qaspıralı öz kabinetində iş başında - 1910
İsmayıl bəy Qaspıralı öz kabinetində iş başında - 1910

Verilişin qonağı Qaspıralının nə üçün qəzet çıxarmaq istədiyini belə əsaslandırdı: «Müsəlmanların maarifə ehtiyacı var, onların cəhalətdən qurtulması lazım. Ən çox üzərində durduğu da bu idi: Müsəlmanlar islam dinini yaxşı başa düşmürlər. Xurafatla qarışdırıblar. Bu dini təmizləmək, İslamı özündəki təmizliyə qaytarmaq lazımdır. Və Qaspıralı bunları yapa bildi! Yəni Qaspıralı tək «Tərcüman» qəzetini yaymadı. Bir iş daha yapdı. Tədris məsələsini gündəmə gətirdi. Müsəlmanların öz ana dilində təhsil almalarını önə çəkdi. Qaspıralının ən böyük tərəfi də budur!».

«MOLLANI MÜƏLLİMƏ, MƏSCİDİ MƏKTƏBƏ ÇEVİRDİ!»

Əli Yavuz bəy Qaspıralının bu işi həyata keçirmək üçün nələr etdiyini açıqladı: «Bu işi yapa bilmək üçün mollanı müəllimə çevirdi! O zamanlar hər camedə-məsciddə bir molla uşaqlara namaz qıldırır, «Quran» öyrədirdi. O bu mollaları bir müəllimə çevirdi və yazdığı «Xocayi-sivyan» adlı əlifbayla onlara «savti» əlifbasını öyrətdi. Yəni fonetikləşdirilmiş bir əlifbayla qısa müddətdə onlara ana dilində yazıb-oxumağı öyrətdi. Halbuki mədrəsə ancaq «Quran» oxumaq öyrədirdi... Qaspıralı din adamlarını yola gətirərək caminin özünü məktəbə çevirdi! Və oradakı uşaqlara oxumaq öyrətdilər! Mollaları, din adamlarını Bağçasaraya cəlb edərək, məsrəfini qarşılayaraq, onlara müəllim kimi dərs verməyi, şagirdə ana dilini öyrətməyin yolunuöyrətdi. «Rəhbəri-muallimin» adlı kitab yazdı və bunu «Tərcüman» qəzetində pulsuz çap etdi. Və beləliklə, din adamlarını yeniləşmə hərəkatının içinə çəkdi. Bu, Qaspıralı İsmayıl bəyin ən böyük başarısıdır».

«TACİRLƏRİ XEYRİYYƏÇİYƏ ÇEVİRDİ!»

Əli Yavuz bəy Qaspıralının digər bir uğurundan da danışdı: «Bu işlər üçün, təbii ki, paraya ehtiyac vardı. Onda Qaspıralı bütün Rusiya müsəlmanlarını – öncə tacirləri xeyriyyəçiyə çevirə bildi! Onları yeniləşmə işinə, təhsil məsələsinə – «Üsuli-Cədid» («Yeni Üsul») məktəbləri yaratmağa cəlb etdi. Onlar sərvətlərini bu yolda xərclədilər. Yeni məktəblər qurdular, müəllim hazırladılar. Qaspıralının çıxardığı kitabları satın alıb məktəblərə payladılar. Azərbaycan zənginlərini, məsələn, Hacı Zeynalabdin Tağıyevi, eləcə də tatar zənginlərini bu işə qoşdu. Beləcə, Qaspıralı cəmiyyətlə birləşə bildi. Yoxsa tək «Tərcüman» qəzeti ilə bu işi bacara bilməzdi».

QASPIRALININ İKİ FƏRQLİ BAKI SƏFƏRİ...

Araşdırıcı-alim Vilayət Quliyev «Tərcüman»ın Azərbaycandakı rolundan və Qaspıralının Azərbaycan üçün önəmindən danışdı: «Qaspıralı Azərbaycanı türk dünyasının qabaqcıl bir hissəsi sayırdı, hətta Osmanlıdan da qabaqcıl. Çünki Osmanlı imperiyasında dövlətçilik ideyası milli ideyanı üstələmişdi... Amma Azərbaycanda ümmətdən millətə çevrilmə prosesi getdiyindən, bu ideya gündəlikdə fəal dayanırdı. Qaspıralı XIX əsrin sonlarında Azərbaycana iki dəfə səyahət etmişdi. 1886-cı ildə Tiflisə gəmişdi. Bu səfərdən məqsəd həm də «Tərcüman»ı Azərbaycanda yaymaq idi. Və məşhur maarifçi Süleyman bəy Vəlibəyovun müşayiətiylə Bakıda olmuşdu.

İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov - 1907
İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov - 1907

Bakının karvansaralarını, ictimai yerlərini gəzib dolaşmışdı. Qəzetə maraq oyatmağa çalışmışdı. Təəssüf ki, həmin dövrün Bakısında İsmayıl bəyi soyuq qarşılamışdılar... 1893-cü ildə yenidən Bakıya gələn Qaspıralı fərqli bir Bakı görmüşdü. Azərbaycan ziyalıları onu böyük sevgi ilə qarşılamış, «Tərcüman»a böyük maraq göstərmişdilər. Bütün bunlar qəzetin yayılması baxımından onun ümidlərini artırmışdı. Doğrudan da, Azərbaycan mətbuatı özünü bərpa edənədək – 1903-cü ildə «Şərqi-Rus»un ilk nömrəsi çıxanadək, –«Tərcüman» yazarlarımızın öz səslərini duyurduqları əsas tribunalardan birinə çevrilmişdi».

«AZƏRBAYCAN ZƏNGİNLƏRİ ZƏRDABİYƏ KÖMƏK ETMƏDİLƏR...»

Aparıcının: – «İsmayıl bəy «Tərcüman»ı 33 il nəyin bahasına saxlaya bilib? Bəs Həsən bəy Zərdabinin «Əkinçi»si niyə beləuzunömürlü ola bilməyib» sualını Əli Yavuz bəy belə cavabladı: «1875-lə 1883-cü illər arasında, az qala, 10 illik bir zaman fasiləsi var. Bu, Rusiya müsəlmanlarının mədəniləşməsi prosesində az bir zaman deyil. Bir də, Zərdabi Qafqaz mühitində qalmışdı, Qaspıralı Krımın sərhədlərindən çıxa bilmişdi. Zərdabiyə Azərbaycan zənginləri kömək etmədilər... Amma, bayaq dediyim kimi, Qaspıralı onları bu işə cəlb edə bildi... Zərdabinin «Əkinçi» qəzetinin qarşısında mühafizəkar üləmalar – din adamları vardı, Qaspıralı isə din adamlarını, hətta Bağçasaray müftisini də yeniləşmə hərəkatının içinə qata bildi... Bir məsələ də var. Qaspıralı mədrəsələrdəki nöqsanları çox sərt tənqid edirdi, amma bunları «İsmayıl» imzası ilə yazmırdı. Molla Abbas Turan imzasıyla yazdığı yazılarda isə müsəlman aləmindəki əxlaq pozğunluğunun, cəhalətin və s.-in çox sərt tənqidi vardı. «İsmayıl» iqnaedici, daha yumşaq, zədələməyən xətt götürmüşdü. Qaspıralı Zərdabinin təcrübəsindən istifadə edirdi. Zərdabinin bütün fikirlərindən xəbəri vardı... Qaspıralı da «Tərcüman»ın ilk saylarından, sadə bir dildən yararlanırdı. Başarısının bir sirri də budur».

«TƏRCÜMAN» GƏMİSİ NECƏ XİLAS OLDU?

Vilayət Quliyev «Əkinçi»nin qısaömürlülük məsələsinə belə aydınlıq gətirdi: «Təbii ki, «Tərcüman» da öz varlığı müddətində çox çətinliklərə sinə gərməli olmuşdu, amma «Əkinçi» xüsusi bir mühitdə çap edilirdi. 1850-ci ildə Qafqazda Senzura Komitəsi yaradılmışdı. 1906-cı ilədək – Mirzə Şərif Mirzəyev şərq dilləri senzoru təyin olunanadək, –Qafqaz Senzura Komitəsində Azərbaycan dilində, ümumiyyətlə şərq dillərində çap materiallarının hamısının senzurası ermənilərin əlində idi. C.Məmmədquluzadə 1906-cı ildə «Molla Nəsrəddin»də yazırdı ki, Qaraxanov və Kişmişov kimi erməni senzorların qorxusundan «siyasət» nədir, heç «s» hərfini yazmağa belə türk mühərrirləri ehtiyat edir... «Əkinçi»nin həmin dövrdəki senzoru da, mətbəədəki mürəttib Minasov da erməni idi. Onlar birləşərək Bakıda Azərbaycan türklərinin bu ilk nəşrinin qapanmasına hər vasitə ilə çalışırdılar. Həmin dövrdə rus-türk müharibəsi gedirdi. Azərbaycan ziyalıları da, təbii ki, türk silahının qələbə çalmasını arzulayırdılar. «Əkinçi»yə hətta müharibə xəbərlərini rus qəzetlərindən götürüb çap etmək də yasaq edilmişdi. Bu yasağı pozduğu üçün Minasov Bakı Şəhər İdarəsinə və digər orqanlara xəbər vermişdi ki, Zərdabi bu göstərişi pozur... Bunun nəticəsində «Əkinçi» azömürlü olmuşdu və sonrakı qəzet ideyaları da Senzura Komitəsinin ucbatından baş tutmamışdı... Qaspıralı fərqli mühitdə yaşayırdı. Əlbəttə, onun da qəzetinə Rusiya hakim dairələri xüsusi məhəbbət göstərmirdilər. Amma o, doğrudan da, daha ehtiyatlı münasibət nümayiş etdirərək, sualtı qayalara toxunmadan öz «Tərcüman» gəmisini irəli aparmağı bacarmışdı...».

1 hissə bitdi.

XS
SM
MD
LG