Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:34

14 saylı həbsxanada etiraz aksiyası olub


14 saylı həbsxana
14 saylı həbsxana

-

Dekabrın 22-də 14 saylı həbsxanada bəzi məhbuslar etiraz aksiyası keçirib. AzadlıqRadiosuna bu məlumatı Qızıldaş qəsəbəsi sakinlərindən biri verib. Adının açıqlanmasını istəməyən həmin sakinin sözlərinə görə, həbsxananın önünə polis maşınları gəlib: «İçəridə nə baş verdiyi, hələlik, bilinməsə də, orada məhkumların qiyam etməsi barədə söz gəzir».

Penitensiar Xidmətdən AzadlıqRadiosuna bildirilib ki, səhər saat 10 radələrində həbsxanadakı bir neçə məhkum daxili intizam qaydalarını kobudca pozub və digər məhkumların həyatına təhlükə yaradacaq hərəkətlərə yol veriblər:

«Ədliyyə Nazirliyinin rəhbərliyinə hadisə barədə məruzə edilib. Müəssisənin ətrafına uyğun qurumların əməkdaşları cəlb olunublar. Penitensiar Xidmətin rəhbər əməkdaşları müəssisəyə gedib, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah ediblər. Qısa zamanda cəzaçəkmə müəssisəsində sabitlik bərpa olunub».

Penitensiar Xidmətin məlumatında o da bildirilir ki, həbsxana civarlarına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb:

«Penitensiar Xidmətin rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaq».

14 saylı həsxanada, əsasən, az ağır cinayətlər törədən və ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Mediada adları siyasi məhbus kimi hallanan Yadigar Sadıqov, Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də həbs cəzasını burada çəkirlər. Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində – daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlananlar, mediada yayılan xəbərlərə görə, küləkli havalarda dözülməz vəziyyətdən gileylənirlər.

XS
SM
MD
LG