Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:24

Əzizə Mustafazadə atası haqqında xatirələrini danışır


«Mən fortepianoya ərə getmişəm»
«Mən fortepianoya ərə getmişəm»
Dekabrın 16-ı görkəmli bəstəkar, pianoçu, Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin vəfatının 32-ci ildönümüdür.

O, 1940-cı ildə Bakıda anadan olub. «Leyli» vokal kvartetinin, yeni Caz-Muğam üslubunun yaradıcısıdır.

Vaqif Mustafazadə 1979-cu ildə Daşkənddə ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

Beş il əvvəl - 2006-cı ildə onun qızı Əzizə Mustafazadə ilə bir müsahibəmiz olmuşdu. Həmin il oktyabrın 12-də Praqada verdiyi konsertindən sonra müxbirimiz Ülviyyə Əsədzadə onunla söhbət etmişdi.

Vaqif Mustafazadəni anım günündə onun qızı ilə müsahibəni bir daha nəzərinizə çatdırırıq.

*** *** *** ***

Əzizə Mustafazadə 1969-cu il dekabrın 19-da Bakıda anadan olub. 17 yaşında Vaşinqtondakı «Thelonious Monk» müsabiqəsinin qalibi olub. Elə bu vaxtlar da anası ilə birgə Almaniyaya köçür. Debüt albomunu 1991-ci ildə buraxıb. Onun «Always» adlanan ikinci albomu Almaniyanın məşhur «ECHO» və «Phono Academy Prize» mükafatlarına layiq görülüb. Caz şahzadəsinin «Contrasts» adlanan sonuncu albomu 2006-cı ildə çıxıb.

- İndi Əzizə nə işlə məşğuldur?

- Yaşayıram, işimlə məşğulam. Fikirləşirəm ki, musiqiçi xaricdə yaşamalıdır. Əgər musiqiçi Azərbaycanda qalsa, Xəzərin təkrarolunmaz gözəlliyindən, isti yaydan, çimərlikdən zövq alsa - bu düz olmaz. Onda, musiqi inkişaf etməz. Biz musiqiyə xidmət edirik. Musiqi xaricdə olmalıdır ki, onu bilsinlər.

Tutaq ki, kimsə polis işləyir, ya siyasətçidir onların peşələri elədir ki, xaricdə olmalarına ehtiyac yoxdur. Musiqiçilər, rəssamlar, ümumiyyətlə incəsənət adamları mütləq xaricdə olmalıdır.


Deyim ki, heç məni də xaricə buraxmaq istəmirdilər. Yalnız anam Elza xanımın sayəsində mən xarici səhnəyə çıxa bildim. Məni də geri qaytarmaq, saxlamaq üçün cəhdlər oldu. Mən bunları sağlam yanaşma hesab etmirəm. Burada pis nə var ki, buraxın musiqiçiləri, öz sənətlərini dünyada nümayiş etdirsinlər.


- Bakıdan nə xatırlayırsınız?


- Mən Bakıdan yaxşı heç nə xatırlamıram, valideynlərimin iztirablarından başqa. Mən xatırlayıram ki, anamla gedirdik ev almaq üçün… Sonra xatırlayıram ki, anam atama görə haralarasa gedirdi, amma, ona həmişə belə cavab verirdilər: «yenə gəldi öz ərini tərifləməyə». Sanki, Vaqif Mustafazadə Azərbaycan xalqının oğlu deyildi, bir gürcü qadını gəlib onu tərifləyir.

O da yadımda qalıb ki, atam həmişə ürək ağrılarından şikayətlənirdi. Bilirsiniz vətənə, Azərbaycana məhəbbət mücərrəd hisslərdir. Xüsusən də, Azərbaycana məhəbbət… Bunu izah edə bilmərəm nə üçün? Ola bilsin ki, insan başqadır, torpaq başqa. Azərbaycan magik gücə malik ölkədir. Hətta, xaricilər orada olurlar və geriyə tamam başqa adam kimi dönürlər.


- Bəs, heç darıxmırsan?


- Darıxmağına darıxıram. Amma mən öz yolumu tapmışam. Azərbaycan isə mənim ürəyimdədir. Üstəgəl mənim musiqim də Azərbaycan musiqisidir. Ancaq, məni başa düşmürlər, qınayırlar ki, niyə belə pisəm, niyə gəlmirəm. Eybi yoxdu qoy onlar yaxşı olsun…


- Bəs niyə getmirsən?


- Alınmır, vaxt tapa bilmirəm.


- Səni nə cəlb edir Azərbaycanda?


- Mən orada olanda daxilən müdrikləşirəm. Tez-tez yuxularımda gedirəm.


- Yuxularınızda nələri görürsünüz?


- Qız qalasını, Xəzəri, bulvarı, bir də armudu stəkanda çay içən adamları…


Əzizə deyir atasının öləcəyi günü əvvəlcədən bilirmiş və Daşkənddə konsert verməyə gedən günün səhəri evdə güzgü yerə düşüb çilik-çilik olub. Ürəyinə damıb ki, nəsə olacaq. «Yalvardım ki, ata getmə. Qulaq asmadı». Həkimlər ona konsert verməyi qadağan etmişdilər. Vaqifin ölümündən üç gün sonra isə atasının dili ilə desək «Caziza»nın 10 yaşı tamam oldu.

Əzizə muğamların vurğunudur. Bu barədə belə deyir:


- Çox qəribədir ki, Azərbaycan muğamları xalq musiqisi hesab olunur, amma çox səviyyəli musiqidir. Musiqi folkloru nəzəriyyəçisi olmasam da mənə elə gəlir ki, başqa xalqların folklor nümunələri ilə müqayisədə muğam tamam fərqlidir. Muğam o qədər mükəmməldir ki, sanki onu xalq yox, hansısa akademiyanın professorları yaradıblar. Bu mənim üçün böyük sirrdi. Muğam elə bil simmetrik və asimmetrik budaqları ilə öz-özünə bitib boy atam gözəl bir ağacdır. Məncə o daha çox əncir ağacına oxşayır. Muğam oxuyanda elə bil öz hisslərin, məhəbbətin barədə Allahla danışırsan…


Uğurlarına görə Əzizə anasına minnətdardır. İndi qızının bütün işlərini anası Elza xanım aparır, bir sözlə onun bütün yaradıcılığı anası ilə bağlıdır. Elza xanım özü isə deyir ki: «O, mənim yox, Azərbaycanın qızıdır». Bu yerdə söhbətə Əzizə müdaxilə edir: «Ancaq çoxları qəzəblənirdi ki, Vaqif gürcü ilə ailə qurub. Lakin, bizim ailəmizdə nə yaxşı şey olubsa bunların hamısı Elza xanımın adı ilə bağlı olub. Əgər Elza xanım olmasaydı nə mən, nə də Azərbaycan musiqisi xaricdə olmazdı». Şəkillər çəkir, oxumağı da sevir. Ən çoxsa fortepianonu. Deyir ki, «mən fortepianoya ərə getmişəm».


- Əzizə, Azərbaycanca danışırsan?


- Bir az... Çox çətindir. Mən Bülbül adına musiqi məktəbində oxuyanda pianoçular üçün yalnız rus sektoru var idi.


-Bakıda dostlarınız olub?


- Yox


- Bəs, indi var?


- Yox


- Axırıncı dəfə nə vaxt olmusunuz Bakıda?


- Yadıma gəlmir.


- Azərbaycanlılara sözünüz?


- Yaşasın Azərbaycan.

XS
SM
MD
LG