Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

“Analıq – karyera deyil”: Elif Şafak etiraz edir


Elif Şafak
Elif Şafak

-

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlunun “Qadın üçün ən böyük karyera - analıqdır” sözləri birmənalı qarşılanmayıb.

“Analıq - karyera deyil” – deyə ünlü türk yazarı Elif Şafak öz “Twitter” səhifəsində yazıb, - “Türk qadını həyatda hansı yolu seçməsi ilə bağlı özü qərar verməlidir. Bunu onun əvəzində kişi siyasətçilər etməməlidir”.

Səhiyyə naziri doğum evlərinin birinə baş çəkərkən onu da deyib ki, kişilər ananın vəzifələrini öz üzərinə götürməyə çalışmamalıdırlar. Çünki bu, qadın işidir. Qadın analıqdan savayı başqa heç bir karyeranı həyatının əsas hədəfinə çevirməməlidir.

Ana müxalifət partiyası – CHP-dən olan millət vəkili Aylin Nazlıaka da naziri tənqid atəşinə tutub:

“”Qadın üçün yeganə karyera – analıqdır” deyən nazirin yeganə karyerası – danışmamaqdır. Analığı müqəddəsləşdirmək düşüncəsində səmimi bir şey yoxdur. Bunun arxasında daha böyük məqsəd gizlənib: qadınları cəmiyyətdə ikinci dərəcəli vətəndaşa çevirmək”.

Səhiyyə naziri hakim Ədalət və İnkişaf Partiyasındandır. Partiyanın lideri, hazırkı prezident Recep Tayyip Erdoğan da bundan əvvəl analığın müqəddəs olması haqda fikir söyləmiş, hətta hər qadının azı üç uşaq doğmalı olduğunu demişdi.

Baş nazir Ahmet Davutoğlu isə ailə dəyərlərindən danışarkən demişdi ki, gender bərabərliyi Skandinaviyada intihar faizinin yüksək olmasının əsas səbəbidir.

İctimai fəal Gönül Karahanoğlu da hökumət rəsmilərinin dediklərini yersiz sayır: “Bu iş direktivlə həll olunmaz. Ana olmaq istəyən, amma ola bilməyən milyonlarla qadın var. Əgər analıq əsas karyeradırsa, onda onlar neyləməlidir?”

XS
SM
MD
LG