Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Avropa İttifaqı Rusiya üzərindəki sanksiyaları yumşaltmadı


Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini.
Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini.

Avropa nazirləri Rusiyaya qarşı sanksiyaların yumşaldılması barədə İttifaqın xarici işlər komissarı Federica Mogherini-nin təklifini sərt tənqid ediblər.

Avropa İttifaqının yeni xarici işlər komissarının Rusiya üzərindəki sanksiyaları yumşaltmaq çağırışları Britaniya, Polşa və digər üzvlər tərəfindən kəskin tənqid edilib.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin İttifaqın xarici işlər nazirləri arasında paylanmış sənədində Rusiya ilə yaxınlaşma yollarının və bu mənada Moskva üzərindəki sanksiyaların yumşaldılması məsələsinin müzakirəsi təklif olunurdu.

Lakin bu sənəd dərhal Britaniya, Polşa və Baltikyanı ölkələrin xarici işlər nazirləri tərəfindən qətiyyətlə rədd edildi.

Onlar Ukraynanın şərqindəki Donbasda hərbi əməliyyatların şiddətləndiyi bir vaxtda Rusiya üzərindəki sanksiyaların yumşaldılması barədə təklifin ortaya çıxarılmasını böyük səhv adlandırdılar.

Britaniya Rusiya ilə mülayim rəftarın əleyhinədir

Britaniyanın xarici işlər naziri Philip Hammond bəyan etdi ki, Rusiyaya münasibətdə İttifaqın 28 üzvünün hamısı vahid cəbhədən çıxış etməli və bu intizamı qoruyub saxlamalıdır.

Hammond xəbərdarlıq edib ki, Rusyanın sanksiyaları yalnız Moskva öz öhdəliklərinə əməl etdikdən sonra müzakirə oluna bilər.

Mətbuat xəbər verir ki, Ukraynada hökumət qoşunları ilə separatçılar arasında ötən sentyabrdan atəşkəs barədə saziş mövcud olsa da, bu razılaşmaya əməl edilmir və son günlər Donbas regionunda hərbi əməliyyatlar xeyli intensivləşib.

Hər iki tərəfin ağır itkilər verdiyi barədə məlumatlar daxil olur.

Bu arada Kiyev bəyan edib ki, Rusiya ordusunun iki taktiki batalyonu Ukrayna sərhədini keçib və buna görə də Qərb xarici işlər nazirlərinin iştirakı ilə yeni danışıqlara təcili ehtiyac var.

Brüsseldə keçirilən bu görüşdə Polşanın xarici işlər naziri Grzegorz Schetyna deyib ki, Donetsk və Luqanskda baş verənlər nəzərə alınmaqla Rusiyaya qarşı münasibətdə heç bir yumşalmaya yol vermək olmaz.

Təqdim etdiyi sənəddə xanım Mogherini təklif edirdi ki, Aİ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün viza və enerji təchizatı da daxil olmaqla bir sıra məsələlər ətrafında dialoqa başlamalıdır.

Sanksiyaları ayırmaq cəhdi

Avropa İttifaqının xarici işlər xidməti həmçinin nazirlərə Ukraynanın şərqi və Krıma görə qoyulmuş sanksiayaları bir-birindən ayırmağı təklif edirdi.

Nəzəri baxımdan bu, Avropa İttifaqına Krım Rusiya işğalı altında qala-qala, Ukraynanın şərqində vəziyyət gərginləşən kimi sanksiyaları yenidən gücləndirmək imkanı verməli idi.

Litvanın xarici işlər naziri Linas Linkevicius bildirib ki, xanım Mogherini-nin təklifləri Moskvaya səhv mesajlar göndərə bilər.

“Düşünmürəm ki, təkrar dialoqa biz can atmalıyıq. Məncə təkrar danışıqlara Rusiya çalışmalıdır. Fikrimcə, burada təzə nə isə icad etməyə ehtiyac yoxdur” – deyib nazir.

Mogherini lap əvvəldən Rusiya meylli kimi tanınırdı

Təhlilçilər bildirirlər ki, İtaliyanın keçmiş xarici işlər naziri, 41 yaşlı Mogherini Avropa İttifaqı xarici işlər komissarı vəzifəsinə lap əvvəldən ziddiyyətli namizəd kimi qəbul olunmuşdu.

Tənqidçilər onun Rusiyaya mülayim münasibət tərəfdarı olduğunu hələ o zaman da söyləyirdilər.

Müxbirlər bildiriblər ki, Avropa xarici işlər nazirlərinin tənqidi qarşısında xanım Mogherini öz təklifini geri götürməyə məcbur olub.

Təhlilçilər deyirlər ki, Ukraynanın şərqində vəziyyətin pisləşməsi, əksinə qarşıdan gələn aylarda Rusiyanın sanksiyalar yükünü bir az da artıra bilər.

Lakin Rusiyaya daha yumşaq münasibət meylində olan təkcə İtaliyanın keçmiş xarici işlər naziri deyil. Moskvaya buna bənzər rəğbətli münasibətə Fransa, Macarıstan vıə Slovakiya da meylli görünürlər.

Son söz Berlinindir

Bir çox təhlilçilər əmindirlər ki, Rusiyaya qarşı sanksiyaların gələcək taleyi əsas etibarilə Almaniyadan asılıdır.

Berlin isə hələlik belə bir qəti mövqe tutub ki, Rusiya Ukraynanın şərqindəki münaqişəyə son qoymadan ona qarşı sanksiyalar qaldırıla bilməz.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, şərqi Ukraynada atəşkəsi bərqərar etmək cəhdləri məyusluqla bitib və Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirlərinin təkrar görüşü üçün elə bir əsas yoxdur.

Xanım Mogherini-nin təklifləri Avropa nazirləri arasında elə bir təbəddülat yaradıb ki, hətta Avropa Şurasının sədri, polyak Donald Tusk məsələyə müdaxilə etməli olub.

Nazirlərin bu məsələdə böyük əksəriyyətinin mövqeyini isə Danimarkanın xarici işlər naziri Martin Lidegaard səsləndirib:

“Biz düşünmürük ki, indi sanksiyaların qaldırılması və ya bu istiqamətdə fikirləşdiyimiz barədə siqnalların verilməsi üçün münasib vaxtdır” – deyib danimarkalı nazir.

Lakin “Wall Street Journal” qəzetinin müxbirləri yazırlar ki, Avropa İttifaqının Rusiya ilə münasibətləri üçün növbəti sınaq məqamı mart ayında olacaq.

Həmin vaxt ilk üç sanksiya dəstinin vaxtı bitir. Bu sanksiyaların müddətinin yenidən uzadılması üçün Aİ-nin 28 üzvünün razılığı lazım gələcək.

XS
SM
MD
LG