Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:21

Bütün günah liftdədi...


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

Qoy partlasınlar, o heç özünü yırtıb-dağıtmadan bu gecəni eyvandakı gözəlçəni qucaqlaya-qucaqlaya keçirəcəkdi...

Ayxan Ayvaz

Bütün günah liftdədi...

Üç dost hər gün eyvanda dayanıb qızın çıxmağını gözləyirdilər. Elə bil bir-birilərindən xəbərsiz o qıza vurulmuşdular. Hamısı da özünü elə tuturdu ki, guya başqa-başqa qızları gözaltılayıblar, indi də onun eyvanda görünməsini istəyirlər.

“Aha, çıxdı...” – uzun çəkən darıxdırıcı sükutu özü pozdu. Əslində onun sözünə elə də fikir verən olmadı. Son zamanlar hiss eləyirdi ki, bu qız üzündən heç doğru-dürüst çölə çıxıb gəzə, Bakını tanıya bilməyiblər. Rayondan gəldikləri gündən vur-tut iki-üç dəfə şəhərə çıxmağa imkanları olmuşdu. Onda da “xala xətrin qalmasın” bulvarda avara-avara dolanıb təzədən yataqxanaya qayıtmışdılar. İndi eyvanda durub qıza əl eləyən dostlarına baxanda düşündü ki, nədənsə, axır vaxtlar heç danışa da bilmirlər. Arada uzun sükutu hansısa pozur, sonra təzədən kirimişlik öz yerini tuturdu. Bu qız elə bil bir qara ilan olub aralarından keçmişdi.

Qızın iri döşləri sanki köynəyindən çıxıb pəncərədən aşağı sallanacaq kimi durmuşdu. İndi yəqin elədi ki, dostlarının hamısı onun düşündüyü kimi xəyallarında qızın döşlərini sıxırlar. Bir anda onlara acığı tutdu. Onun xəyalını da əlindən alıb özəlləşdirmək istəyirlər. Həm də dostlarındakı bu hədsiz şorgözlükdən iyrəndi. Düşündü ki, qızın yerində olsa bunlara heç yaxın durmaz.

Qarşıdakı evin pəncərəsi bağlananda oğlanlar elə bil hansısa kinonun sonuncu titrlərinə baxırmış kimi gözlərini eyvandan çəkmədən damaqlarındakı siqareti tüstülətməyə başladılar.

***

Yay imtahanlarından sonra dostları Fazillə Toğrul kəndə dincəlməyə getdilər. Kəsri olduğu üçün o dostlarına qoşula bilmədi. Hər gün kitabları qabağına atıb orda yazılanları oxuyur, sonra boşluqda sanki kiminləsə danışırmış kimi ortada fırlana-fırlana dərs mövzularını öz-özünə bərkdən deməklə onları yadda saxlamağa çalışırdı.

Eyvana çıxıb siqaret çəkməyə başlayanda hələ də qulaqlarında öz səsi vardı: “İsbatı olmayan teoremə aksioma deyilir...” Düşündü ki, dostları kənddə yəqin onlar üçün təşkil olunmuş məclisdə kababdan yeyib onun sağlığına içirlər.

Qarşıdakı pəncərə açıldı. O indi anladı ki, nə vaxtdı bu qızı yadına belə salmırdı. Nədənsə, dostları da eyvandan gözlərini zilləyib bu gözələ baxmaqdan başqa heç nə eləyə bilmədilər. Danışanda ağızlarına çullu dovşan sığmayan dostları kəndə gedəndə qız haqqında bir kəlmə belə söz etmədilər. İmtahan vaxtı yadında qalan tək şey sükut idi.

Ağlından qızla danışmaq keçdi. Əli ilə ona salam verib diqqətini çəkmək istəyirdi. “Ay tova, bu qız çox özündən razıdı” – deyə düşündüyündə onun üzünə baxıb gülümsədiyini gördü. “Bu da gülə bilərmiş, sən demə...” – düzü, qızın təbəssümünə çaşıb qaldı. Qız isə heç nə olmamış kimi dişlərini ağartmaqda davam edir və əli ilə onu çağırırdı. Yaqub çaş-baş qaldığından irəli yeridi. Eyvanın tutacağına dəyməsəydi, bəlkə də axmaq hərəkət etdiyinin fərqində olmayacaqdı. Tez özünü düzəltsə də görünür bu mənzərə qızın gözündən yayınmamışdı, dayanmadan əlini ağzına tutub gülürdü. O qıza baxıb pıqqıldamağa başladı. Onların eyvanına bir-iki dəfə işarə etdi: yəni, doğurdan gəlim? Qız gülməyinə ara vermədən bayaqki kimi əlini tez-tez yellədi və ardınca da başını tərpətdi.


Gəvəzə adamlar kimi uzatmağa nə lüzum?! Yaqub qızın onu çağırmasına şaşırmış halda tez-tələsik evdən çıxdı. Liftin qarşısında durub düşündü ki, gör dünyanın işinə bax ki, indi aylarla yalnız eyvanda gördüyü qızın bir azdan yanında olacaq. İçinə bir istilik yayıldı. Elə bil özünü qıraqdan aşkar gördü. Düyməni basdı, taqqıltıyla aşağı doğru enən mühərrikin səsini duyanda rahatlandı. Dostları bəlkə də kənddə qızın haqqında çoxdan danışmağa başlamışdılar. “S...elə qızın...” – özlərini tox göstərəcəklər, onları dinləyənlər də buna inanacaq. Amma o bilirdi ki, dillərində gözəlçəni söyən iki dostu, xəyallarında qızı parça-parça eləsələr də “uf” deməzlər. Nə cüvəllağı, saman altdan su yeridəndilər! Yəqin bu saat onlar da onun haqqında bu cür düşünürdülər. Əslində dost kimi gəzməklərinə baxma, bir-birilərindən elə zəhlələri gedir ki, əllərində olsa onu şişə taxarlar. İndi qızın yanına getməyini onların eşidəcəyindən və onu paxıllayacaqlarından qorxdu. Bəlkə də bəd ağız olmaqları hər şeyi korlaya bilərdi. Axı, o nə eləsin? Dostları dəridən-qabıqdan çıxdılar ki, qızla yatsınlar, alınmadı. Qoy partlasınlar, o heç özünü yırtıb-dağıtmadan bu gecəni eyvandakı gözəlçəni qucaqlaya-qucaqlaya keçirəcəkdi.

Liftin içi çox pinti görünürdü, yuxarıdan armud saplağı kimi sallanan lampa zəif-zəif közərirdi. Amma indi onun üçün bunun nə mənası var? O bu saat qızı düşünməliydi, onun saçlarını, iri döşlərini, ətli baldırlarını... Lakin Yaqubun fikri dolaşıq ip kimi olmuşdu, beynindən keçənləri nizamlaya bilmirdi.

Lift silkindi, sonra dayandı, işıq keçdi. O bunu da vecinə almadı: “Onsuz da burda liftlər həmişə belə eləyir...” Nədənsə, anlaşılmaz bir sükut ətrafı bürümüşdü. Tək-tük adam səsləri maşınların gurultusu altında əzilib eşidilməz olurdu. “Olma genarator partlayıb” – o işıq sönən vaxtki vəziyyəti, adamların qışqırıqlarını, uşaqların çaşqın sifətlərini yada saldı. Sonra qız liftin aralığından ona səsləndi: “Gəl də...” O qızı görən kimi ürəyi yerinə düşdü. Onu qucaqlayıb dodaqlarından öpdü, sonra... Gözlərini açdı, qaranlıq çağırılmamış qonaq kimi hələ də maçıyıb bir yerdə durmuşdu. İndi anladı ki, liftdə qalıb. Bu qədər vaxt keçib, üstəlik mürgüləyib. Bəs niyə bunu əvvəlcədən anlamayıb? Yumruqlarını düyünləyib liftin qapısını döyməyə başladı. Başa düşdü ki, bunu vaxtında eləsə daha yaxşı olardı.

Aralıqdan görünən işığa baxanda gözləri qamaşdı. Bir uşaq səsi gəldi, sonra kiminsə gülüşü güllə kimi boşluğa sancıldı.

- Kömək edin! – alışa bilmədiyi bakılı ləhcəsi ilə səsə tərəf çığırdı. Liftin qapısını yumruqlamağa davam etdi.

- Noolub, ay brat? – kimsə aralıqdan soruşdu. Gülməli söz soruşur. Belələrini əzişdirmək lazımdı. Köməkləri başlarına dəysin. “Özünü bəyənmiş!” Belə düşünsə də yenə yalvar-yaxar eləməyə başladı.

- İşim-gücüm qurtarıb... – yeniyetmə oğlanın üzü aralıqdan gözünə sataşdı. Nə döyüləsiydi! Əlində olsa onu o qədər tapaşdayardı ki, bu yaramazı tanınmaz hala salardı.

Ayaq səsləri ötüb keçən maşınları andırdı. Kənddə həmişə maşınların arxasınca düşməkləri vardı, uşaq vaxtı bağa girdiyi zaman içini qamarlayan qorxu təzədən baş qaldırmışdı. Bəlkə də qorxduğunu ilk dəfə boynuna almaqdan utanırdı. Nədənsə, liftdə qalmaqdan daha çox, onu bu hiss narahat edirdi. Aralıqdan içəridə özünün uşaq kimi ağlamsınan sifətini görəndə bağ oğurluqları vaxtı qoca qarovulçunun zəhmli səsi ötədən gəlib bir də bağrını yardı.

Dayanın görək, deyəsən, yenə ayaq tappıltıları eşidilir. Qəhrəmanımızı tək buraxıb aradan çıxıram.

Bir qadının telefonda bərkdən danışığı onu özünə gətirdi, zərblə liftin qapısını təpiklədi.

- Mama, liftdə kimsə qalıb. – yanındakı uşağı aralıqdan aydınca göründü. İndi özünü o uşağın yerində görmək istəyib yalvar-yaxar eləməyə başladı.

Qadın gülümsəyə-gülümsəyə:

- Çıxardan tapılar... – deyib getdi. Pillələri qalxdığını eşidib ümidini itirdi.
O düşünmək istəmirdi ki, burdan çıxa bilməyəcək. “Ölüm yoxdu ki, ucunda” – özünə ürək-dirək verirdi. Bu saat onu ən çox üzən şey insanların dönüklüyü idi. Nədənsə, son zamanlar adamlar da dəyişilmiş, başqa cildə girmişdilər. Burda yaşayanların cəmdəyinə döşədi. Kənddə olsa Allahın gürcüsü də onu belə vəziyyətlərdə qurtarardı. Özlərindən yekə-yekə, şişirdərək danışan gürcülərdən xoşu gəlməsə də bilirdi ki, onların da zəif damarları var. Yaxşılığın ardınca da qonaqlığa dəvət edər, çaxır dolu stəkanları qabağına qoyub içməyini istəyər. İçmədin vay halına! Gürcülərə nifrət etsə də indi hoyuna çatacaq kim olur-olsun onunla içkinin küpünə girməyə razı idi. Təki burdan çıxsın.

Dostları sanki qarşısında durub onu lağa qoyurdular. Bircə burdan canı qurtarsın, onlara elə şeylər deyəcək ki, lap yanıb töküləcəklər.
O, liftdə qaldığı müddətdə anladı ki, əslində çox tənha biridir. Dost-most, hamısı boş, ipləmədi. İçinə çökən tənhalıq onu hər yerdə çətin vəziyyətə salır. Neyləsin, o insanlarla bacarmır. Son zamanlar adamların inkibator cücələri kimi bir-birilərinə bənzəməyini anlamırdı. Buna görə də pozitiv düşüncələr ondan uzaqdı. Qaramat fikirləri ucbatından hər addımda öz sonunun yaxınlaşdığını duyur, ancaq yenə də adamlardan aralı durmağa çalışırdı. Gap eləmək, zarafatlaşmaq elə bil uşaq vaxtından onda çatışmayan tərəflər olub. Özünə o qədər qapandığından çıxış yolunu da həmişə özündə axtarıb. Amma indi o, qurtulmaq üçün çiy ət yeməyə belə razı idi. Liftdə düşündü ki, nə qədər axmaq adammış, belə ucu-bucağı görünməyən, boş, mənasız şeylər haqqında saatlarla baş sındırırmış. Axı, o niyə sıradan, adi adamlar kimi başını aşağı salıb yaşamır?

Qəhrəmanım gərək ki, bu axmaq fikirləri başından eləyib qulağını şəkləsin, çünki yenə kiminsə ayaq səsləri eşidilir. Mən olsam bu fürsəti qaçırmaram, amma yenə də qəhrəmanımı tək buraxıb öz işimin dalınca getsəm yaxı olar.
O bu dəfə daha möhkəmcə lift qapısını yumruqlayıb çığırdı.

- Qaqam, bu saat... – üzünü tam görə bilmədiyi biri bu sözləri deyəndən sonra yenə ayaq tappıltısı eşidildi, səslər yavaşıyaraq yox oldu.

Liftin işığı yandı, şığıyaraq aşağı düşməyə başladı. Qorxuya düşdü ki, indi pox kimi əziləcək. Birdən lift dayandı, qapı yarıya qədər açıldı. O bir təhər yanaki tərzdə liftdən çıxdı. Onu qurtaran oğlana təşəkkür belə eləyə bilmədi.
Həyətə çıxdı: artıq hava qaralmışdı. İndi yəqin o qız çoxdan yatmış olardı. Həm də içində darıxdırıcı bir hiss kök salmışdı. Getməsə daha yaxşı olardı.
Qəhrəmanım ağlını itirib deyəsən. Ay axmaq, bundan sonra belə bir fürsət hardan qabağına çıxacaq?

Bütün bunları liftin boynuna qoymaq lazımdı, günah onundu. Evə girdi. İndi qızgildə olsa çarpayıda yanaşı uzanmış olacaqdılar. Eyvana çıxdı. Qızın pəncərələri bağlı idi. Ona elə gəldi ki, bu qız həmişə xəyallarında bir arzu kimi qalacaq, həmişə dostları ilə burdan qıza tamaşa edəcək... O bəlkə kimisə yenə yanına çağıracaq, amma lift yenə yarı yolda ilişib qalacaq...

XS
SM
MD
LG