Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:00

20 milyard dollar sərvət yığmış neft kralı öldü


Iran -- Səudiyyə kralının ölüm xəbəri
Iran -- Səudiyyə kralının ölüm xəbəri

-

Səudiyyə kralı Abdullah 90 yaşında vəfat edib.

O, dünyanın neft-qazla ən zəngin ölkələrindən olan Səudiyyə Ərəbistanını 1996-cı ildən idarə edirdi.

Bir neçə həftə idi ki, kral ağciyər infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.

Kral Abdullahın varisi onun atabir qardaşı 79 yaşlı şahzadə Salmandır.

Ölkəni idarə etdiyi 18 ildə Kral Abdullah bir neçə mühüm islahat aparmışdı.

150 yerlik Şura Məclisinə ilk dəfə olaraq 30 qadın təyin etmişdi.

Bu il isə qadınlar ölkə tarixində ilk dəfə olaraq seçkidə iştirak edə biləcəklərinə ümid edirlər.

Kral Abdulla iqtisadiyyatda da bəzi liberal islahatlar aparmışdı. Korrupsiyaya qarşı mübarizə idarəsi yaratmış, kasıblığın aradan qaldırılması üçün dövlət proqramı elan etmişdi.

İllər uzunu ölkəsində “sabitliyin qarantı” adlandırılan kral “Ərəb baharı”nın gətirdiyi dəyişikliklər küləyindən ehtiyatlanmağa başlamış və insan haqları sahəsində daha sərt mövqedən çıxış etməyə başlamışdı.

Misirdə diktator Hosni Mubarak-ın devrilməsinə görə Qərbi ittiham edən kral ölkəsində şiə azlığının qiyam qaldırmaması üçün də önləyici tədbirlər görmüşdü.

Amma beynəlxalq insan haqları təşkilatları kralın islahatlarını “kosmetik” adlandırırlar.

Ölkədə sərt mətbuat senzurası, qapalı siyasi sistem, işgəncə halları qalmaqdadır.

Bu il isə bloqçu Raif Badawi 1,000 şallaq cəzasına məhkum edilib (20 həftə ərzində meydanda insanların gözü qarşısında hər dəfə 50 şallaq).

ABŞ prezidenti Obama və Səudiyyə kralı Abdullah
ABŞ prezidenti Obama və Səudiyyə kralı Abdullah

Kral Abdulla ABŞ-ln Yaxın Şərqdə ən yaxın müttəfiqlərindən idi. Hazırda İraq və Suriyada böyük ərazilərə nəzarət edən “İslam dövləti” yaraqlılarına qarşı Qərbin yaratdığı koalisiyaya da qoşulmuşdu Səudiyyə Ərəbistanı.

Sünni Səudiyyə Ərəbistanının kralı həm də ABŞ-ı şiə İranına qarşı müharibə başlamağa sövq etmək istəyirdi.

WikiLeaks sənədlərində onun İran haqda “ilanın başını əzmək lazımdır” dediyi qeyd olunur.

Kral Abdulla dünyanın ən zəngin adamlarından idi. 20 milyard dollarlıq sərvətə malikdi.

Onun 10 arvaddan 30-dan çox övladı var.

XS
SM
MD
LG