Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:30

Bəxtiyar Hacıyev: «Soruşmaq lazımdır ki, gənclər...»


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

-

Azərbaycanda 2 fevral Gənclər günü kimi qeyd olunur. Azərbaycan gəncindən – Harvardı bitirmiş, siyasi fəaliyyətlə məşğul olan, müvəqqəti olaraq Avropada yaşayan Bəxtiyar Hacıyevdən həmyaşıdlarının durumunu xəbər alır, gəncliyin ovqatına onun gözü ilə baxmağa çalışırıq.

- Bəxtiyar bəy, bu gün Azərbaycanda Gənclər günü qeyd olunur. Hesab edirsizmi ki, bu gün azərbaycanlı bir gənc kimi həm də Sizin gününüzdür?

- Azərbaycanda rəsmi gənclik yaşına görə özümü gənc saymasam da, gənclərlə sıx ünsiyyətdəyəm və hər il təxminən eyni mənzərəni müşahidə edirəm. Hakimiyyəti birmənalı şəkildə dəstəkləyən, onun yaratdığı imkanlardan istifadə edən gənclər bu günü böyük bir bayram kimi qeyd edirlər, gənclərə diqqət, qayğıdan danışırlar. Hakimiyyətlə razılaşmayanlar isə - müxtəlif qondarma ittihamlarla həbs edilmiş gənclər kimi - ya bu günü həbsdə qeyd edirlər, ya onları xatırlayırlar, ya da gənclərin siyasi baxışlarına görə onlar arasında yaradılmış imkanlar uçurumuna diqqət çəkirlər. Həqiqət isə ortadadır. Həm gənclər üçün müəyyən imkanlar yaradılır, Azərbaycan gəncləri xaricdə dövlət hesabına təhsil alırlar, Gənclər Fondu bir çox gəncin layihələrini maliyyələşdirir, istedadlı gənclərə mükafatlar verilir, bəzi qurumların rəhbərliklərinə gənc kadrlar gətirilir. Amma eyni zamanda, hələ də gənclər siyasi baxışlarına görə təqib edilir, həbsə atılır, müstəqil fəaliyyət göstərmək istəyən gənclər təşkilatlarının bütün imkanları məhdudlaşdırılır, gənclərin real potensialından istifadə edilmir, onlar ölkənin ictimai-siyasi qərarvermə proseslərinə cəlb edilmirlər. Düşünürəm ki, ikinci addım birinci dövlət proqramlarına, mükafatlara böyük kölgə salır. Bəlkə də, bu gün artıq gəncləri dinləməyin zamanıdır. Soruşmaq lazımdır ki, gənclər necə bir ölkədə yaşamaq istəyirlər?

- Bir səlahiyyət sahibi sizə Azərbaycan gəncinin günündən danış desə, nədən danışardız, nəyi önə çəkərək həllini istərdiz? O günü hansı rənglə və ya rənglərlə boyayardız?

- Birinci növbədə Azərbaycan gənclərinin təhsil və iş imkanları barədə danışardım yəqin. Azərbaycanda bir neçə ali məktəbi çıxmaq şərti ilə, gənclərə keyfiyyətli təhsil verən qurum yoxdur. Hələ də lövhədə informatika dərsi keçən, sovet dövründən qalmış avadanlıqlarla fizika, kimya laboratoriyalarında təcrübələr aparan, gəncləri analitik düşünməyi, informasiyadan necə istifadəni öyrədən yox, nəzəri bilikləri tələbələrə yükləyən təhsil sistemimiz var. Orta məktəb məzunlarının isə hər il TQDK-nın keçirdiyi qəbul imtahanında daha az nəticə göstərmələri, müsabiqə balının 700 baldan 150 bala enməsi orta məktəblərimizdə təhsilin səviyyəsini göstərir. Eyni zamanda, təhsil müəssisələri ilə əmək bazarı arasında lazımi əlaqə yoxdur, bunun nəticəsində bir çox ali məktəb məzunu ya işsiz qalır, ya da qeyri-ixtisas sahələrində çalışırlar. Çox az sayda gənci çıxmaq şərti ilə, bir çox gənc öz potensialını tam reallaşdıra bilmir, öz sahəsində çalışaraq, normal əməkhaqqı alaraq özünün sabit gələcəyini qura bilmir. Gənclərin bir çoxunun mənzil problemi hələ də qalır, bir çox gənc ailələr kirayədə yaşamağa məcbur olurlar. Ümid edirəm ki, iqtisadiyyatı neftdən asılı olan ölkəmizin neft qiymətlərinin kəskin aşağı düşdüyü bu ildə hakimiyyət Azərbaycanın əsas sərvətinin, iqtisadiyyatın aparıcı gücünün insan kapitalı, gənclər olduğunu daha yaxşı anlayacaq və gənclər siyasətinə bu istiqamətdə dəyişikliklər edəcək.

Bundan başqa, gənclərin dövlət idarəçiliyinə, qərarvermə prosesinə cəlb edilməsi vacibdir. Bu gün ölkə əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir, amma Nazirlər Kabinetindəki insanların yaşlarında bunu görmək olmur. Eyni insanlar uzun illər eyni vəzifədə qalırlar. Gəncləri yalnız ölkənin gələcəyi kimi yox, həm də bu günü kimi görmək istəyirlərsə, dövlət idarəçiliyinə də gənc kadrları, yeni nəfəsləri cəlb etmək lazımdır.

- Ölkəni tərk edən çoxsaylı gənclərdən biri də sizsiz. Səbəb nədir?

- Ölkəni müvəqqəti tərk etmişəm. Heç kim öz doğmalarını, dostlarını, öyrəşdiyi mühiti, cəmiyyətini qoyub, qısa da olsa, qürbətdə yaşamaq istəməz. Bu yaxınlarda Brüsseldə bir neçə günlük səfərdə idim, bir çox qurumlarda görüşlərimiz oldu. Təəssüf ki, bəzən insan öz ölkəsində dinlənmədiyi, ona insan kimi dəyər verilmədiyi halda, başqa ölkələrdə böyük hörmətlə, diqqətlə dinlənilir, ona daha böyük imkanlar yaradılır. Məncə, bəzi ölkələrin də inkişafının səbəbi elə buradadır. Onlar gənclərin fərqli fikirlərini güclə, zorakılıq və təhdidlə boğmaq əvəzinə, onları dinləməyi, onların enerjisindən, həvəsindən, yeni yanaşmalarından istifadə etməyi düşünürlər.

- «Facebook» səhifənizdə saksafonda kədərli musiqi parçaları paylaşdığınızı gördüm. Bu vətən, doğmalar üçün yaşanan xiffətin təzahürüdür ya elə-belə, sadəcə həzin kompozisiyaları sevirsiz?

- Həftəsonları işləyərkən həzin musiqi dinləyərək işləməyi və dincəlməyi sevirəm. Xüsusi bir məqsədi yoxdur o kompozisiyaları paylaşmağın.

- Jurnalist Eynulla Fətullayev sizin saksafonla şəklinizə işarə olaraq yazıb: «Hər saksafon tutan Klinton olmaz». Siz də Klinton qədər iddialısızmı, bir gün prezident olmaq iddianız varmı?

- Mənim yeganə arzum ölkəmizi azad, ədalətli, inkişaf etmiş, öz vətəndaşlarına xidməti əsas götürən, dünya dövlətləri arasında hörmətlə qəbul edilən dövlətlər arasında görməkdir.

- Yeri gəlmişkən, iki ölkənin – ABŞ-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsindən razısızmı?

- Məncə, ABŞ-Azərbaycan əlaqələri özünün ən soyuq dövrlərindən birini yaşayır. Azərbaycan hakimiyyəti öz nəzarətində olan KİV-lərdə ABŞ əleyhinə kampaniya aparırsa, ABŞ fondları Azərbaycandan çıxarılırsa, ABŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun Bakı ofisi bağlanırsa, münasibətlərin yaxşı olmasından danışmaq olmaz. Eyni zamanda, ABŞ-da da Azərbaycandakı insan hüquq və azadlıqlarının pozulması ilə bağlı tədbirlər keçirilir, müxtəlif yazılar dərc edilir. Burada hər iki tərəf «qəzəb qəzəb gətirər» yanaşması ilə bir-birinə cavablar verməyə çalışırlar. Məsələn, ABŞ-da «Washinqton Post» qəzeti bir yazı dərc edir, eyni başlıqda Azərbaycan qəzeti ona cavab yazır. ABŞ-da Azərbaycandakı insan hüquqları ilə bağlı dinləmələr keçirilir, dərhal Bakıda da ABŞ-dakı insan hüquqları ilə bağlı dinləmələr təşkil olunur. Bu vəziyyət ürəkaçan deyil, çünki, çox kiçik addımlarla, danışıqlarla əvvəlki münasibətləri yenidən bərpa etmək olar. Nədənsə, tarixən heç vaxt Azərbaycanın müstəqilliyini istəməyən, qəbul etməyən qonşularımızla çox isti münasibət saxladığımız halda, müstəqilliyimizi ən çox dəstəkləyən, Azərbaycanın sabitliyi, inkişafı üçün töhfə verməyə çalışan Qərblə münasibətlər korlanmağa çalışılır. Sanki, kimlərsə Qərblə olan bütün körpüləri yandırmaqda, Azərbaycanı geri çəkməkdə maraqlıdır.

Azərbaycanda indi 20 Yanvar qətliamını, Xocalı faciəsini kimlərin törətməsi, Qarabağın bu günə qədər məhz hansı dövlətin dəstəyi ilə işğal altında saxlanması barədə danışılmır. Həmin dövlətlər «dost», «müttəfiq» adlandırılır, beynəlxalq təşkilatlarda bütün dünyanın həmin işğalçılara qarşı getdiyi bir məqamda Azərbaycan rəsmiləri işğalçını müdafiə edirlər. Amma eyni zamanda bütün problemlərimizin səbəbkarı kimi Qərbi göstərirlər. Unudurlar ki, bu gün Azərbaycan iqtisadiyyatına böyük təkan vermiş, məmurların varlanmasına şərait yaratmış neft layihələri də Qərb tərəfindən dəstəklənib, Azərbaycanın müstəqilliyi də. Buna görə də, düşünürəm ki, Azərbaycan hakimiyyəti ən qısa zamanda kiçik müsbət addımlarla Qərblə münasibətləri yaxşılaşdırmaq haqqında düşünməlidir.

- Demokratiya uğrunda mücadilə, ya işğal altındakı torpaqların azad olunması? Bu dilemmanı qoyanlar nə qədər haqlıdırlar?

- İşğal altındakı torpaqların azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, sülh, sabitlik və insanlarımızın təhlükəsizliyi ən vacib məsələdir. Ancaq demokratik islahatlar ilə torpaqlarımızın azad edilməsi arasında ziddiyyət yoxdur. Əksinə, məhz demokratik dövlət daha güclü, dayanıqlı, sabit, təhlükəsiz olar. İki demokratik ölkə arasında sülh daha tez mümkündür, nəinki iki avtoritar ölkə arasında. Ölkəmizdə demokratik islahatların həyata keçirilməsi həm də erməni separatçılarının «öz vətəndaşlarının hüquq və azadlıqlarını qorumurlar, ona görə də Azərbaycanın tərkibində qalmaq istəmirik» bəhanəsini də əllərindən alacaq.

- Sonda Azərbaycan gəncinə sözünüz...

- Öz üzərində davamlı çalışan, inkişaf etmək istəyən, ölkəmizdə baş verənlərə biganə qalmayan, vətəndaş olduğunu unutmayan və ölkəmizin, cəmiyyətimizin inkişafı üçün töhfə verməkdə maraqlı olan, yaşamaq istədikləri Azərbaycanı qurmağa çalışan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Digərlərinə isə uğurlar arzuladığım gənclər kimi olmağı arzulayıram.

XS
SM
MD
LG