Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:09

«Əhalidən pulu 10 faizlə götürüb, 30 faizlə satırlar»


Vahid Əhmədov
Vahid Əhmədov

-
Fevralın 6-da «Azərbaycan» qəzetində deputat Vahid Əhmədov bankların verdiyi kredit faizlərinin yüksək olmasından narazılıq edib:

«Bank resurslarının formalaşmasının üç əsas mənbəyi var. Mərkəzi Bankın verdiyi kreditlərin faizi 3.4-4, əhalidən alınan əmanətlərinki isə 9.5-10 faizdir. Xarici maliyyə qurumlarından alınan kreditlərin faizi də yüksək deyil. Bu gün bizim bankların resurslarının 70 faizi əhalidən alınan əmanətlərin hesabına yaranıb. Deməli, banklarımız həmin əmanətləri yenidən əhaliyə 20-30 faizlə kredit şəklində qaytarır. Kreditlərin bu qədər yüksək faizlə verilməsinin heç bir qanunauyğunluğu yoxdur.

Banklar ötən illər ərzində kreditləri real sektorda çalışan sahibkarlara münasib faizlərlə versəydi, indi real sektorda artım daha yüksək olardı, üstəlik, özləri də qazanardı. Dünyada iqtisadi böhran yarananda banklar sahibkarlara verilən kreditlərin faizini aşağı salır ki, böhrandan hər iki tərəf az ziyanla çıxsın. Bizdə isə banklar, əksinə, krediti daha yüksək faizlə verməklə maliyyə sektorundakı müəyyən problemlərdən bəhrələnmək istəyirlər».

«...BÜTÜN SƏHİFƏLƏRDƏ BÖYÜK ŞƏKLİMİ VERSİNLƏR»

«Azadlıq» qəzeti «Qasid»in ona 70 min manatlıq borcunu qaytarmadığını bildirir.

«Qasid» yayım firmasının rəhbəri, deputat Mirkazım Kazımov «Azadlıq» qəzetinin hər nömrəsində şəklinin dərc olunmasından və qəzetin pulunu mənimsəməsi haqda mətnin verilməsindən narahat olmadığını bildirib.

Deputat teleqraf.com-a açıqlamasında deyib ki, «Azadlıq»a olan borcu ödəməyə çalışırlar:

Rahim Hacıyev
Rahim Hacıyev

«Onlar qəzetin hər nömrəsində mənim şəkilimi dərc edirlər. Niyyətlərinin nə olduğunu bilmirəm, bununla nə demək istəyirlər? Bununla problem həll olunursa, bütün səhifələrdə böyük şəklimi versinlər. Mən heç kimin, o cümlədən «Azadlıq» qəzetinin bir manat pulunu mənimsəməmişəm. Obyektiv səbəblərə görə «Qasid» firmasının «Azadlıq» da daxil olmaqla, bir neçə qəzetə borcu yaranıb. İndi cüzi də olsa, borcumuzu ödəyirik. Borcu hissə-hissə qaytaracağıq».

«Azadlıq» qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirir ki, qəzetin satılmış nüsxələrinin pulunun redaksiyaya verilməsində problem 2012-ci ilin əvvəllindən yaranıb:

«2012-ci ilin əvvəllərindən bu proses gedir. Bu müddətdə başlıca nəticə odur ki, firma qəzetə 69 min manat borcu olduğunu rəsmi şəkildə, sənədlə təsdiq edib. Amma Mirkazım Kazımov yalnız vəd verməklə kifayətlənib. Nəticədə belə böyük bir məbləğ yaranıb. Son aylar ərzində biz «Qasid» firmasından borcumuzun bir manatını da ala bilməmişik. Əsas borc olan 69 min manat mənimsənilməyibsə, bəs onda bu qədər vəsait haradadır?! Mirkazım Kazımov növbəti dəfə çılpaq yalan danışaraq bildirib ki, bu işlə məşğul olurlar. Onlar bizim borcumuzun qaytarılması üçün bu müddət ərzində heç bir əməli addım atmayıblar. Görünür, belə bir fikirləri də yoxdur. Sadəcə olaraq, ictimaiyyəti çaşdırmaq və bizi aldatmaq üçün daim belə yağlı vədlər verirlər».

«8-Cİ KİLOMETR» BAZARININ YENİ SAHİBİ KİMDİR?

«Yeni Müsavat»ın məqaləsi «Kərəm Həsənovun bazar əhvalatı»ndan bəhs edir.

Qəzet «8-ci kilometr» bazarının sirr kimi saxlanan yeni sahibi kimdir?» sualına cavab axtarır:

«Əmlak Məsələləri Dövlət Komitəsi tender barədə elanı rəsmi internet saytında yerləşdirsə də, nəticələr barədə heç bir məlumat vermədi. Bəs görəsən, tenderin qalibi olan şəxsin adının gizli saxlanılması kimlərin maraqlarına xidmət edir?».

Kərəm Həsənov
Kərəm Həsənov

Komitədən «Yeni Müsavat» qəzetinə bildirilib ki, bazarı alan fiziki şəxsdir və mətbuatda kimliyinin açıqlanmasını istəmir. Bu səbəbdən həmin şəxsin adını açıqlaya, əlavə məlumat verə bilməzlər.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, «8-ci kilometr» bazarı dövlət əmlakı olduğu üçün və burada dövlət əmlakının satışı həyata keçirildiyi üçün Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın kimə və hansı şərtlərlə satıldığı haqqında ictimaiyyətə məlumat verməlidir:

«Söhbət hansısa fiziki şəxsin özəl bir mülkü almasından getsəydi, burada kommersiya sirrindən danışmaq olardı. Ancaq burada söhbət dövlət əmlakının özəlləşdirilməsindən gedir. Dövlət əmlakı özəlləşdirilən zaman birmənalı şəkildə alan şəxsin kimliyi, ödənilən məbləğ və sair haqda ictimaiyyətə məlumatların verilməsi və bütövlükdə satış şərtlərinin cəmiyyətə çatdırılmasına ehtiyac var. Çünki tenderlərin şəffaf keçirilməsi bütövlükdə özəlləşdirmə prosesinin əsas məqsədlərindən biri olmalıdır. Bu məsələdə tenderin qalibi olan şəxsin kommersiya maraqları ilə cəmiyyətin informasiya almaq hüququnun müqayisəsi aparılır. Təbii ki, Əmlak Komitəsinin vəzifəsi bu cür məlumatların ictimaiyyətlə bölüşdürülməsidir».

Qəzet sonda yazır: «Görünür, sözügedən ticarət mərkəzinin yeni sahibinin sirr saxlanması haqda göstəriş «yuxarıların» sifarişidir. Ola bilər, bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tabeçiliyindəki işçilərə tapşırıq verib ki, mövzu haqda mediaya danışmasınlar. Nə bilmək olar, bəlkə də «8-ci kilometr» bazarının yeni sahibi elə Kərəm Həsənov özüdür...».

XS
SM
MD
LG