Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:06

Kurosawa və Qarabağ


Akira Kurosawa
Akira Kurosawa

-

"Kəndlərini yandırdız, fermalarrını dağıtdız, yeməklərini oğurladız. Arvadlarını da götürün..."

Baxılmalı filmlər


Əli İsa Cabbarov

7 SAMURAY

“Sən maa güllə atma, erməni maa vurmaz”.

Hərbi xidmətdə olduğum hissənin komandirinin əmri ilə qoyunlarını cəbhə xəttində yerləşən otlaqlardan qovladığımız çoban dedi bunu mənə.

Şoka düşüb, inciyib, situasiyanı dərk etməyə çalışdım. Düşündüm ki, kəndli üçün dövlət və siyasi tərəfkeşlik, ideoloji mənsubiyyətdən daha vacib quraqlığın olmaması, mal qaranın xəstələnməməsi, otlaqlarınn və suyun pulsuz olmasıdır.

Bu məntiq ilə yad bayraq altında kəndini işğal edən ordu təsərrüfatına mane olmursa, kəndli üçün işğalçı deyil. Ona “xoş gəlmisən” demək olar. Necə ki, bolşevik zülmündən bezən bir çox rus kəndlisi alman faşistlərini gül-çiçəklə qarşılayıb, könüllü təslim olurdular.

16-cı əsrin ikinci yarısı, Senqoku epoxasının kəndlilərinin isə belə seçimi yox idi. Quldurların növbəti hədəfi olacaqlarını bilib kənd camaatı məşvərətə toplaşmışdı.

Kəndli qadının naləsi ürəyi paralayırdı: “Göylər bizi tək edib. Müharibə, aclıq, əzablı iş, quraqlıq, indi də quldurlar. Tanrılar ölümümüzə fərman verib”.

"7 samuray" filmindən kadr
"7 samuray" filmindən kadr

Başqa bir kəndli artıq təslim olmuşdu: “Kəndlilər əzab üçün yaranıblar. Taleyimiz belədir. Gəlin sakit qarşılayıb buğdanı onlara verək. Yalvaraq, az da olsa bizə saxlasınlar ki, acından ölməyək. Yaşamaq üçün diz çöküb yalvaraq”.

Amma şəhidliyə hazır olanı da var: “Əzab çəkməkdənsə, öldürüb , ölmək yaxşıdır.”

Son qərar üçün kəndin ağsaqqalının yanına gedirlər. Müdrik qoca müdafiə üçün samuraylara müraciət edilməsini təklif edir: “Yeməklərini verək, bizi qorusunlar. Bir qarın çörəyə ehtiyacı olan samurayları tapın”.

Kəndin qorunması üçün 7 samurayı cəlb edirlər. Peşəkar muzdluların rəhbərliyi ilə kəndin müdafiəsi qurulur. 7-ci samuray Kikuçio kəndlilərin evindən samuray dəbilqələri, silahlar tapır.

Nə vaxtsa bambuk budaqları ilə zəif düşmüş samurayları məhv edib dəbilqə və silahlarına sahib çıxmış kəndlilərin bu qəniməti samurayları təhqir edir. (Ardı aşağıda)

Dəstənin başçısı Kambey Şimada: “bu samuraylar xaincəsinə bambuk ağaclar ilə öldürülüblər”.

O biri samuray: “Bu kəndin hamısını qırardım” deyir. Kikuçio kəndlilərə qahmar çıxır, samuraylara müraciətlə: “Kəndliləri nə bilmisiniz? Elə bilirsiz onlar müqəddəsdir? Onlar bic və vəhşidir. Onlar “düyümüz yoxdur, buğdamız yoxdur” deyir. Amma hər şeyləri var. Döşəmələrin altına, anbarlarına baxın. Düyü, buğda, duz, hətta sake. Hər şeyləri var.

Özlərini müqəddəs kimi göstərirlər amma başdan-ayağa yalandırlar. Döyüşün üstünə çıxsalar məğlub olmuş samurayı pusub məhv edirlər. Kəndlilər bic, simic, axmaq və qana susamışlardır. Kim onları bu günə qoyub? Siz! Siz samuraylar! Kəndlərini yandırdız, fermalarrını dağıtdız, yeməklərini oğurladız. Arvadlarını da götürün. Müqavimət göstərsələr öldürün. Lənətə gələsiz sizi...”

Samuray Hasekura Romada səfirdir. Fransız rəssamı Claude Deruet, 1615
Samuray Hasekura Romada səfirdir. Fransız rəssamı Claude Deruet, 1615

“Sən maa güllə atma, erməni maa vurmaz” deyən Azərbaycan kəndlisi də, Azərbaycan ordusu forması geymiş əsgərin ona xəyanət etməsini görmüşdü, onun malını dağıtmasını görmüşdü. Ona görə dövləti, milləti unudub, onun rahat qoyunlarını otarması üçün şəhid olmuş əsgərləri unudub “sən məni vurmasan, erməni məni vurmaz” - dedi. Kəndlinin bir tanrısı var, torpaq! O, sərhəd və fərqləndirici nişanlar tanımır.

1954-də Akira Kurosavanın çəkdiyi “Yeddi samuray” filmi məndə təkcə kəndli mentalitetinin özəllikləri ilə bağlı paralellərlə assosiasiya doğurmur.

Samurayların köməyi ilə kəndlilər təşkilatlanır, silah tutmağı öyrənir, plan əsasında quldurların hücumunu dəf etməyə hazırlaşırlar. Ümumi planlarla çəkilən döyüş səhnələrində at belində olan quldurlar məğlubolmaz , onlarla mübarizədə yeganə silahı bambukdan hazırlanmış nizələr olan kəndlilər isə insanı hönkürtü ilə ağladacaq qədər köməksiz görünürlər.

Açıq-aşkar köməksizliklərinə baxmayaraq, özlərini quldurların atlarının ayağına qorxmadan, əzmlə atmaları adamı ağladır. 1993-cü ilin payızında, Qarabağda təlimsiz, təcrübəsiz, köməksiz və kimsəsiz 18 yaşlı gənclərin peşəkar erməni muzdlularıyla döyüşə atılması kimi. Nə qədər köməksizdilərsə bir o qədər əzmliydilər. Əzmdən başqa heç nəyimiz yox idi çünki.

“Şəhidlik zirvəsi” AzTV redaktorlarının daim istismar etdiyi, bəzən bezdirən, əslində isə adi və müqəddəs bir gerçəklikdir. Kurosava bir ovuc torpaq və bir ovuc düyü üçün şəhidliliyə qovuşan samuray və kəndlilərin əzmini məharətlə verir.

(Ardı aşağıda)

"Yeddi samuray"ın çəkilişləri
"Yeddi samuray"ın çəkilişləri

​Ümumiyyətlə kamikadzelik, xarakiri ənənəsi olan millət üçün şirin can ən axırıncı yerdədir. Yenə AzTV redaktorları manerasında səslənə biləcək “şəhidlərin ruhu” mövzu olaraq Kurosavanın başqa bir filmi, “Yuxular”da da məharətlə verilib. Müəllifin öz yuxularından ibarət bu filmin 4 –cü “Tunel” adlı hekayəsində şəhid olmuş əsgərlərinin ruhları ilə rastlaşan, məğlub olmuş Yapon ordusunun komandirinin əhvalatı nəql edilir.

Əvvəlcə şəhidliyindən xəbərsiz bir əsgər, ardınca isə tam bir taqım komandirin yolunu kəsir. Əmr gözləyirlər. Həyatla vidalaşmasından xəbərsiz və ya bununla barışmaq istəməyən, bir taqım əsgərin şəhid olmuş ruhlarının üsyanı.

Zirehli geyimini geymiş samuray. 1860-cı illər. Əllə rənglənmiş foto. Britaniya fotoqrafı Felice Beato.
Zirehli geyimini geymiş samuray. 1860-cı illər. Əllə rənglənmiş foto. Britaniya fotoqrafı Felice Beato.

Bu dəhşətli səhnəni Kurosava ancaq dühalara məxsus heyranedici bir təmkinlə əks etdirir.

Nə dramatik musiqi, nə həyəcanlı montaj, nə də kameranın isterik hərəkəti. Ancaq əsgərlər və komandir.

Ancaq əsgərlərin naləsi və komandirin etirazı. Ancaq bir taqım əsgərin addımlarının səsi və məğlub ordunun komandirinin köhnə çəkmələrinin tappıltısı.

7 samurayın müdafiə etdiyi kənddə ilk itki samuray Xeyxaçi olur.

Kənlilərdən birinin məsuliyyətsizliyi səbəbindən quldurların gülləsinə tuş gələn samuray.

Filmin finalında isə 40 quldurdan ibarət dəstəni məhv edəndən sonra hündür təpədə basdırılmış 4 samuray. Şəhid 4 samuray.

Bir az aşağıda şəhid olmuş kəndlilərin məzarları.

Növbəti kadr 1990-cı ilin 20 yanvarında, enerji blokunda partlayışdan sonra yayımını bərpa etmiş AzTV-nin xanım aparıcısının gülümsəyərək : “Həyat davam edir, əziz tamaşıçılar” deməsini yadıma saldı.

Kəndlilər sevinclə, mərasim mahnıları oxuyaraq məhsullarını yığırlar.

Samurayların başçısı Kambey Şimada: ”İtirmək döyüşçünün qismətidir. Hər dəfə itirmək. Kəndlilərə torpağ qaldı, bizə nə qaldı” deyir və şəhid samurayların məzarına tərəf dönür.

Bir ovuc torpaq və bir ovuc düyü uğrunda şəhid olmuş samurayların məzarı isə Kambeyin skepsisini bölüşmür. Rahat, qürurlu və əzəmətli görünürlər.

XS
SM
MD
LG