Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:27

ABŞ səfiri: «Hər üç prioritet Azərbaycanın sabitliyi üçün vacibdir» [Video]


Robert Cekuta
Robert Cekuta

-

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Cekuta-nın videomüraciəti yayılıb. O, ilk bir neçə cümləni Azərbaycan dilində söyləyir. Elə videomüraciətin son cümləsi də Azərbaycan dilində səslənir: «Azərbaycanın layiq olduğu daha perspektivli gələcəyi qurmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm».

Amma öncə səfir Azərbaycanda xidmət göstərmək üçün ABŞ prezidenti tərəfindən namizədliyinin irəli sürülməsindən şərəf duyduğunu bildirib. O, iki ölkənin münasibətlərindəki prioritetləri də xatırladıb:

«1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə güclü əməkdaşlıq qurub və bir sıra eyni məqsədləri bölüşür. Regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması bizim münasibətlərin iki əsas prioritetidir. Üçüncüsü demokratik inkişafdır. Hər üçü Azərbaycanın sabitliyi üçün labüddür və bizim ikitərəfli münasibətlərimiz üçün mühümdür. Səfir olaraq bütün azərbaycanlılarla bu prioritetlər üzərində işləməyi, xalqlararası əlaqələrimizi dərinləşdirmək və genişləndirməyi səbirsizliklə gözləyirəm. Qarşılıqlı anlaşmaya əsasən biz ölkələrimizi daha da yaxınlaşdıra bilərik».

Cənab Cekuta azərbaycanlıları səfirliyin Facebook səhifəsində ABŞ-Azərbaycan əlaqələri, onun yaxşılaşdırılması haqda fikir mübadiləsinə də dəvət edib.

36 ildir diplomat kimi çalışan Robert Cekuta Azərbaycana xanımı ilə gələcəyini bildirir:

««Şahplov»un dadına baxmağı, sizin zəngin tarix və mədəniyyətinizlə tanış olmağı səbirsizliklə gözləyirik. Sizcə, biz ilk olaraq hara səfər edək - Beşbarmaq, Yanardağ, yoxsa Qobustana?». Diplomat bu sualın cavabını da səfirliyin Facebook səhifəsində gözlədiyini deyib.

Robert Cekuta-nın Azərbaycana fevralın 12-də gələcəyi bildirilir. ​

XS
SM
MD
LG