Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:39

«A.M.A.Y» rəhbəri: «İqtidara xidmət etdim, bu da əvəzi»


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«Yeni Müsavat» qəzeti 14 fevral tarixli sayında «A.M.A.Y» Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi ilə bağlı keçirilən məhkəmə prosesindən yazıb. İşadamının vəkili Osman Kazımov deyib ki, bu iş mülki xarakterlidir və ipoteka kreditləri ilə əlaqədardır:

«Abdullayev «Gənclik» metrosu tərəfində olan A.M.A.Y-ın inzibati binasının tikintisini həyata keçirirdi. Bu tikinti üçün dövlət tərəfindən ayrılan vəsaitin mənimsənilməsindən söhbət gedə bilməz. Sadəcə, verilən kreditin təyinatsız xərclənməsi mübahisəlidir. Dövlət tərəfindən ayrılan vəsaitlə və qeyri-rəsmi razılaşma ilə bu binanın tikintisinə icazə verilib. Abdullanın bu məsələdə günahı yoxdur. Bu məsələdə görünən odur ki, hakimiyyət daxilində qruplaşmaların çəkişməsində Abdulla Abdullayevin əmlaklarını əlindən almaq istəyiblər».

Məhkəmədə iştirak etmiş «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı «Yeni Müsavat»a deyib ki, növbəti iclaslarda «A.M.A.Y Abdulla»nın səs-küylü çıxışlar edəcəyi gözlənəndir:

«Bu işdə siyasi maraqlar var və qruplaşmaların təzahürüdür. Abdulla özü həyəcanlı idi, əsəbi ritorikası vardı, 25 illik haqq-hesabın çəkiləcəyi hiss olunur. Çünki özü çıxışında qeyd etdi ki, bu illər ərzində iqtidara xidmət edib və bu da nəticəsi... Hələ onun dediklərinin bəzilərini yazmadım. Üstəlik, qarşıda daha qaynar və qızmar havalar gəldiyini deməklə hansısa dairələrə mesaj ötürmüş oldu. Belə görünür ki, iki qruplaşmanın toqquşmasında iştirak edən Abdulla Abdullayev bu prosesə görə həbs edilib».

A.Abdullayev də daxil bir neçə şəxs Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, o birilər isə zamindədir.

«İXTİSASLARI QABİLİYYƏTLİ VƏ QABİLİYYƏTSİZ OLARAQ QRUPLAŞDIRMAQ OLMAZ»

«Bizim yol» qəzeti bu ildən ölkənin ali məktəblərinə qəbul imtahanlarında ixtisas qruplarının sayının artırılmasına ekspertlərin fikrini öyrənib. İndiyə kimi sayı dörd olan ixtisas qrupu artıq beş qrupa bölünür. V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla.

Foto: Arxiv
Foto: Arxiv

Təhsil eksperti Nadir İsrafilov deyir ki, bütün bunlar görüntü yaratmaq məqsədilə həyata keçirilir. Yəni, təhsildə belə inkişaf gedir, dünya təhsil sisteminə inteqrasiya edilir və s.:

«Son zamanlar TQDK dəyişikliklər edib, sonra yenidən həmin köhnə şeyləri bərpa edib. Məsələn, buraxılış imtahanı zamanı 8 imtahanı ləğv edib 2 imtahan etdilər. İndi 2 imtahan verən şagirdlərin bilik səviyyəsi tamam aşağı düşüb, məsuliyyət hissləri demək olar ki, yoxdur. Təzədən imtahanların sayını artırıb 3 ediblər. Söhbət gedir ki, dünya təcrübəsinə əsasən imtahanların sayı yenidən 8 olsun. İndidən ixtisas qruplarının sayını artırıblar. Ümumiyyətlə, ixtisas qrupları ləğv olunmalıdır. Qanunda təhsilin ifadəsi sistemləşdirilmiş bilik və bacarıqların, vərdişlərin formalaşdırılması və onun nəticəsinin əldə olunması kimi öz əksini tapır. Qabiliyyət imtahanı isə tamamilə artıq bir məsələdir. Bu digər ixtisasları, peşə sahiblərini təhqir etmək deməkdir. Məgər digər ixtisaslar qabiliyyət tələb etmir? Həkim, müəllim, tarixçi kimi ixtisaslara qabiliyyət lazım deyil? Axı, bütün ixtisaslar qabiliyyət tələb edir. İxtisasları qabiliyyətli və qabiliyyətsiz olaraq qruplaşdırmaq olmaz».

«AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC-NİN YENİ SƏDRİ 12 MİN QATARI DƏYİŞDİRƏCƏK

Cavid Qurbanov
Cavid Qurbanov

Modern.az saytı xəbər verir ki, «Azəryolservis» ASC-nin sədrliyindən azad edilib, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri vəzifəsinə gətirilən deputat Cavid Qurbanov bildirib ki, təyinatdan öncə prezident İlham Əliyevin qəbulunda olub. Onun dediyinə görə, ölkə başçısı dəmiryol sahəsinə aid müxtəlif tapşırıqlar verib. İlk növbədə bu sahədə keyfiyyətin Avropa standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur.

C.Qurbanov «Azərbaycan Dəmir Yolları» QSC-də bir sıra islahatlar, dəyişikliklər aparacağını vurğulayıb. Onun fikrincə, indiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir. Deputat 12 min qatarın və 2000 km dəmiryolunun dəyişdirilməsinin vacibliyini qeyd edib.

Nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərindən danışan Cavid Qurbanov aralarında konfliktin olduğu haqda bəzi mətbuat orqanlarının yazdığını təkzib edib.

«Bu yazılanlar, danışılanlar bizim səviyyəmizdən aşağı söhbətlərdir» deyən C.Qurbanov bildirib ki, Ziya Məmmədovla münasibətləri pis olsaydı, yeni təyinatı da mümkün olmazdı. O, Ziya Məmmədovla bölüşəcəyi bir şeyin olmadığını deyərək, nəqliyyat naziri ilə şəxsi və iş müstəvisində heç bir konflikt yaşamadıqlarını vurğulayıb.

FUTBOLÇULARIN MAAŞINA LİMİT QOYULACAQ

Fevralın 13-də «Hilton» otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

Foto: Arxiv
Foto: Arxiv

ANSPress-in məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda ölkə futbolunun həlli vacib problemləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov müzakirə olunan məsələlərlə bağlı bunları bildirib:

«Gənc futbolçuların maksimum maaşı ilə bağlı təkliflərin hazırlanmasını müzakirə etdik. Bölgə klublarında çıxış edən 21 yaşadək gənclər 35 min manatdan artıq pul qazana bilməzlər. Bakı klublarının gəncləri üçün isə 30 min manatlıq maaş nəzərdə tutulub. 23 yaşadək futbolçular üçün isə müvafiq olaraq 60 və 50 minlik hədd müəyyənləşdirildi. Bu variant ona görə səsləndirildi ki, futbolçular klub seçimi edərkən bölgə komandalarını seçməsi üçün də müəyyən stimul olsun. Amma bu, hələ bizim seçimimizdir və AFFA İcraiyyə Komitəsində təsdiqlənməsi lazımdır».

BİRİNCİ AVROPA OYUNLARI İLƏ BAĞLI İŞLƏR MARTDA BİTİR

Yap.org.az yazır ki, Birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən layihələr martın sonunadək yekunlaşacaq:

«Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək paytaxt Bakı şəhərində nəzərdə tutulan marşrutlar üzrə yol şəbəkəsinin daha da yaxşılaşdırılması, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edilməsi məsələsi gündəmdə əsas vəzifələrdən biridir».

Foto: Arxiv
Foto: Arxiv

Məlumata görə, birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına əsasən, paytaxt ərazisində bir çox layihələrin icrasına başlanılıb. Onların bəziləri artıq yekunlaşıb. Bunların sırasında Ziya Bünyadov prospektinin yenidən qurulması, Tbilisi prospektinin təmiri, Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolundan Qala stansiyasına gedən yolun tikintisi, Zabrat–Maştağa–Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, «Qələbə meydanı»nda, Heydər Əliyev prospektində, «Şəfa» stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqlarını, Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar.

Hazırda Böyükşor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

XS
SM
MD
LG