Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:44

Xədicə İsmayılı aldadıb məhkəməyə aparıblar


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Fevralın 20-də Bakı İstintaq Təcridxanasında Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyevin sədrliyi ilə Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiasına baxılıb.

Qapalı keçirilən proses barədə Xədicə İsmayılın özü də məlumatlandırılmayıb. Jurnalisti kameradan çıxardanda vəkillə görüşə aparacaqları deyiblər və aldadıb prosesə aparıblar. Elman Türkoğlu da məhkəmədə iştirak edib.

Bu haqda Meydan TV-yə məlumat verən vəkil Elton Quliyev deyib ki,onlar prosesin həbsxana şəraitində keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, hazırlıq iclasında məhkəmənin açıq keçirilməsi haqqında qərar qəbul olunub. Ona görə məhkəmənin açıq keçirilmə prinsipi təmin olunmalıdır. Amma vəsatət təmin edilməyib:

“Bunu onunla əlaqələndirdilər ki, guya müraciət etməyiblər. Sual yaranır, necə və hara müraciət olunsun? Beləliklə, məhkəmənin qapalı keçirilməsi qanun pozuntusu idi. İkinci vəsatətimiz qarşı tərəfin təqdim etdiklərinin sübut kimi qəbuledilməməsi ilə bağlıydı. Bizim əsasımız odur ki, bunların mənşəyi bəlli deyil və işə aidiyyatı yoxdur. Ancaq bu vəsatətlər də təmin olunmadı. Daha doğrusu, qərar verilmədi, hakim vəsatətlərdə göstərilənlərə müşavirə otağında mövqe bildirəcəklərini dedi”.

Prosesdə ittiham tərəfi Cinayət Məcəlləsinin 147.2 maddəsi əsasında cəzanın verilməsini xahiş edib. Vəkil isə bəraət hökmü çıxarılmasını istəyib. “Bunu onunla əsaslandırdıq ki, Xədicə İsmayıla yönələn ittihamı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmayıb. Proses bu cür yekunlaşdı və Xədicə İsmayıla son söz demək təklif olunanda, o, hazır olmadığını və prosesin təxirə salınmasını söylədi”,-deyə Elton Quliyev bildirib.

Vəkil deyib ki, onlar prosesin bu cür aparılmasına bir neçə dəfə etirazlarını ifadə ediblər. Bu cür qapalı keçirilən iclasda iştirak etmək istəməyiblər, amma məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə bu qaydada fevralın 23-nə qədər təxirə salınıb.

Elman Türkoğlu
Elman Türkoğlu

Beləliklə, bazar ertəsi saat 11.00-da Bakı İstintaq Təcridxanasında proses davam etdiriləcək. Elton Quliyevin sözlərinə görə, onlar növbəti prosesdə necə iştirak edəcəklərini hakimdən soruşublar: "Cavab verildi ki, kim iştirak etmək istəyirsə, sabah səhər Binəqədi Rayon Məhkəməsinə rəsmi müraciət etməlidir. Sonra ümumi siyahını təcridxana rəhbərliyinə təqdim edəcəklər".

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Jurnalist ittihamı rədd edir və siyasi motivli olduğunu bildirir.

XS
SM
MD
LG