Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:41

Siyavuş Novruzov: «Günah dövlətdə deyil, dəllardadır»


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

“Azərbaycanın kifayət qədər valyuta və maliyyə ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Bunu “virtualaz.org”a Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dolların qiymətinin qalxması xalqa düzgün və sadə şəkildə izah olunmalıdır: “Bəziləri başlayırlar ki, makroiqtisadi sistem, devalvasiya, nə bilim nə. İnsanları sadə xalq dilində başa salmaq lazımdır. Manat əvvəlcə dollara uyğunlaşırdı. İndi isə dollar da avro ilə uyğunlaşır. Yəni dollarla avro eyni həddə olmalıdır. Dolların avroya münasibəti necə olacaqsa, manatın da dollara və avroya münasibəti elə olacaq”.

S.Novruzovun sözlərinə görə, bir neçə gündür ki, manatın dəyərinin aşağı düşməsindən və dolların qiymətinin qalxmasından yalnız dəllallar istifadə edib: “Bir sıra dəllallar bu prosesdən pul qazanmaq istədilər. Bəzi kəndlərdə insanlar dollarla manatı başabaş dəyişirdilər. Sadə xalq prosesdən xəbərsiz olduğu üçün onlardan sui-istifadə ediblər. Bunların heç biri dövlətin siyasətinin nəticəsi deyil. Bu, bəzi dəllalların fəaliyyətinin nəticəsidir”.

YAP-çı deputat qeyd etdi ki, sadə xalq dolların qalxmasından heç nə itirməyəcək:

“Dollar ajiotajı davam edir, banklar fasiləsiz çalışır”.

“Bizim yol”un baş məqaləsi belə adlanır.

Məqalədə deyilir ki, manatın ucuzlaşmasından narahat olan əhali ajiotaj içində əllərində olan vəsaitləri dollara çevirməyə çalışır. Ona görə də banklarda böyük növbələr yaranıb. Ölkədə fəaliyyət göstərən banklar əhalini dollar alışı ilə bağlı təşvişə düşməməyə çağırır.

Bəzi ekspertlərin fikrincə, indiyədək manatın avro və dollara nisbətən möhkəm olması yerli istehsal olunan məhsulların baha başa gəlməsinə, xarici mallarla müqayisədə rəqabət qabiliyyətinin zəifləməsinə səbəb olurdu. Belə olan halda, hazırkı vəziyyətdə manatın ucuzlaşmasıqeyri-neft sektorunun inkişafına, ixracın stimullaşdırılmasına rəvac ola biləcəkmi?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev "Bizim Yol"a açıqlamasında bildirib ki, manatın ucuzlaşması ixracın stimullaşdırılmasına imkan versə də, qeyri-neft sektorunun inkişafına təsirlərdən danışmaq yersizdir. İqtisadçının qənaətincə, əgər ölkənin qeyri-neft sektoru inkişaf etmiş olsaydı, indiki vəziyyətdə bu sahədə istehsal olunan məhsulların satışı üçün əlverişli mühit formalaşmış olardı:

"İxracımızın 92 faizindən çoxunu neft və neft məhsulları təşkil edir. Qeyri-neft sənayesi üzrə xaricə heç bir məhsul çıxara bilmirik. Ona görə də ixrac üçün hazır məhsulumuz yoxdur ki, manatın məzənnəsinin ucuzlaşmasından istifadə edib onu genişləndirək. Avropa ölkələrində milli valyutanın ucuzlaşdırılması sərf edir. Çünki onlarda inkişaf etmiş iqtisadiyyat, rəqabət qabiliyyətli məhsullar var. Ona görə də avronun dollara nisbətən ucuzlaşması onların ixracının stimullaşdırılmasına təkan verir. Azərbaycan haqqında isə bu gün bunu demək yerinə düşmür. Manatın məzənnəsinin ucuzlaşmasının yerli istehsalı stimullaşdıracağını söyləmək qəribə səslənir".

“Yeni Müsavat” sual edir: “9 günlük bayramda Azərbaycan nə itirəcək, nə qazanacaq?”

Qəzet yazır: “Maraqlıdır, iqtisadi böhran yaşandığı bir dövrdə 9 günlük bayram tətili ölkəyə neçəyə başa gələcək? 9 gündə Azərbaycan nə itirəcək, nə qazanacaq?

İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, 9 gün bayram gününün olması iqtisadi cəhətdən arzu olunan deyil: “9 gün bayram tətilinin elan edilməsində qazanan tərəf yalnız turizm sektoru olacaq...

Güman olunur ki, nəqliyyat sektoru da qazanan tərəfdir. Çünki bu sektorda ölkə daxili, ölkə xarici, hava nəqliyyatı və dəmiryol nəqliyyatından daha çox gəlir əldə etmək olur. Amma 9 günlük qeyri iş gününün mənfi, psixoloji tərəfləri də var. Çünki adətən insan 9 gün işləməyibsə, onda müəyyən tənbəllik formalaşır. Bütün hallarda xüsusən də 9 günlük qeyri iş və bayram günlərinin olması iqtisadi baxımdan arzu olunan deyil”.

“Moderator.az” yazır ki, hüquqşünas Qurban Məmmədov müğənni Elnarəni məhkəməyə verir...

O bilet baha olduğundan konsertinə qatıla bilmədiyi müğənni Elnarəni məhkəməyə verməyə hazırlaşdığını bildirib:

"Mən həbsxanada olanda hörmətli müğənnimiz Elnarə Abdullayevanın o yanıqlı səsiylə oxuduğu muğamlarla daha rahat nəfəs almışam. Bu gün saat 19-00-da "Heydər Əliyev Sarayı"nda Elnarə xanımın konserti vardı. İstədim ailəmlə, nəvələrimlə birlikdə bu konsertə gedim. Həbsdə olduğum müddətdə yığılıb qalmış mənəvi borclarımın heç olmasa bir hissəsini bu yolla da olsa, ödəyim. Alınmadı. Bilet neçəyə olsa yaxşıdır: 80-70 manat. Son sıralar 20 manat. Deyəsən, belə konsertlər də monopoliyadadır. Bu qiymətə millət necə bilet alır, anlamış deyiləm. Ancaq bilet də yox idi. Satılıb qurtarıb çoxdan...

İndi məni bir hüquqşünas kimi görün nə düşündürür!

Mənim və ailə üzvlərimin ALLAHın Elnarə xanıma vediyi səsdən feyziyab olmaq haqqı var, ya yox?”

XS
SM
MD
LG