Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:08

Komissar Muižnieks azərbaycanlı məhbusların işinə müdaxilə edir


Nils Muižnieks
Nils Muižnieks

-

Fevralın 24-də Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks «Tolişi sədo» qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədovun işi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müşahidələrini təqdim edib. Komissar qeydlərində Azərbaycanda ifadə azadlığı sahəsində sistematik çatışmazlıqları, tənqidi səslərin susdurulduğunu, ölkədə insan haqları pozuntularını üzə çıxaran şəxslərin hədəfə alındığını qeyd edir.

«Hilal Məmmədovla 2012 və 2013-cü illərdə təcridxanada görüşmüşəm. Onun işi Azərbaycanda jurnalistlər, bloqqerlər və insan haqları müdafiəçilərinə təzyiqlərin simvolu hesab oluna bilər», - komissar qeyd edir.

Bu müdaxilə komissar tərəfindən nadir addım, eləcə də insan haqları problemlərinin yaratdığı ciddi durumun həllinə yönəlik «sonuncu silah» sayılır.

Nils Muižnieks-i bu müdaxiləyə nə məcbur edib? Komissar AzadlıqRadiosunun suallarını cavablandırıb:

– 2012-ci ildən bəri Azərbaycana 3 dəfə səfər etmişəm. Hökumətə ifadə, toplaşma və birləşmə azadlıqları ilə bağlı öhdəliklərinə əməl etmək üçün saysız tövsiyələr vermişəm. Təəssüf ki, vəziyyət nəinki düzəlməyib, daha da pisləşib. Ofisim də daxil olmaqla, beynəlxalq təşkilatlarla əməkdaşlıq edən insan haqları müdafiəçilərinə təzyiqlər artıb. Ona görə də məcbur olub Avropa Məhkəməsinin diqqətini Azərbaycanda insan haqlarına hörməti əngəlləyən sistematik və struktur problemlərə çəkdim.

– Hilal Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli, Leyla və Arif Yunusların işlərini seçmisiniz. Niyə məhz bu şəxsləri?

– Bunlar Azərbaycanda narazılara son təzyiqlər başlanandan Avropa İnsan Haqları Məhkəməsində hüquq müdafiəçiləri tərəfindən qaldırılan ilk işlərdir. Azərbaycana səfərim zamanı həmin şəxslərlə görüşmüşəm və özümü bu insan haqları müdafiəçilərinin qarşılaşdığı problemlər barədə Məhkəməyə obyektiv və qərəzsiz informasiya verə biləcək mövqedə hiss edirəm.

– Komissar tez-tezmi belə müdaxilələr edir?

– Məhkəmənin işinə istisna hallarda müdaxilə edirəm, o hallarda ki, məhkəməni ölkə səfərlərim əsasında birinci əl informasiyası ilə təmin edəcəyimi düşünürəm. Yaxud bir işin insan haqları müdafiəsi üçün daha geniş anlamını təhlil edirəm. Komissarlıq 1999-cu ildə yaradılıb, o vaxtda 4 dəfə müdaxilə olub.

– Bu cür müdaxilələrin insan haqları durumuna təsiri ola bilərmi – bu şəxslər azadlığa buraxıla bilərmi?

– Avropa İnsan Haqları Konvensiyasına görə üçüncü tərəfin müdaxiləsi insan haqlarının irəli aparılması və qorunması üçün əlimdə əlavə alətdir. Məhkəmə onlara ciddi yanaşır və çıxardığı hökmlərdə istifadə edib. Bu işin durumun yaxşılaşmasına təsiri isə hökumətlərin əlində olan məsələdir. Onlar da Məhkəmənin qərarlarını yerinə yetirməyə borclu olmalarına baxmayaraq, bəzən çox ləng icra edirlər.

– Avropa İnsan Haqları Məhkəməsi REAL lideri İlqar Məmmədovun azadlığa buraxılmasına dair qərar çıxarıb, ancaq o, hələ də həbsdədir. Məmmədovun azad olunması üçün hüquqi addımlar qalıbmı?

– Məhkəmə Avropanın ali insan haqları orqanıdır və onun qərarları icra olunmalıdır. Təəssüf ki, bəzi hallarda, elə İlqar Məmmədovun işində də hökumət ayağını sürüyür. Ümid edirəm Avropa məhkəməsinin qərarlarının icrasına nəzarət etməli olan Nazirlər Komitəsi Azərbaycanın öhdəliklərinə əməl etməsini, İlqar Məmmədovun buraxılmasını təmin edəcək.

Xatırladaq ki, ötən ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsi «Tolişi sədo» qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədovun işi üzrə kommunikasiyaya başlayıb. Hilal Məmmədov 2012-ci ilin iyununda həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.

XS
SM
MD
LG