Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:41

Azərbaycan xaricdən çay alır və Əfqanıstana çay satır


Elxan Mikayılov
Elxan Mikayılov

-

«Azərbaycanın imkanı var ki, dünya bazarına nar və nar şirəsi, üzüm, bal, fındıq çıxarıb rəqabətdə üstünlük əldə etsin».

Bunu AzadlıqRadiosuna müsahibəsində Ümumdünya Ticarət Təşkilatı (ÜTT) məsələləri üzrə ekspert Elxan Mikayılov deyir. Onun bildirdiyinə görə, Azərbaycan bu məhsulları milli standartlara uyğun istehsal edir: «Ölkədə milli standartlar mövcud olduqca, bu məhsulları dünya bazarına, Avropaya çıxara bilməyəcəyik».

Azərbaycanın öz ərzaq məhsullarını daha çox sata bildiyi ölkələr isə İraq, Rusiya, Əfqanıstandır. 2013-cü ildə Azərbaycan İraq və Rusiyaya 450 milyon dollardan çox mal ixrac edib. Əfqanıstana mal ixracının dəyəri 100 milyon dollar olub. Azərbaycan Avropa bazarında yalnız çox cüzi şəkildə İtaliyanın diqqətini çəksə də, qonşu ölkə Türkiyəyə heç 1000 dollarlıq da mal göndərməyib.

Bu faktlar Elxan Mikayılovun martın 3-də Bakıda təqdim etdiyi «Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri» adlı tədqiqatındadır.

Avropa Birliyinin maliyyə dəstəyi ilə Böyük Britaniyanın «Oxfam» Beynəlxalq Humanitar Təşkilatının icra etdiyi layihə çərçivəsində aparılan bu tədqiqatda ölkənin idxal və ixrac vəziyyəti, ərzaq təhlükəsizliyinə təsir edən amillər əks olunub.

AZƏRBAYCAN ÇAY MƏHSULLARINI XARİCDƏN ALIR

Elxan Mikayılov deyir ki, 2013-cü ildə idxaldan asılılıq buğdada 44, qarğıdalıda 40, başqa dənli bitkilərdə 97, kərə yağında 50, balıqda 28, düyüdə 85, şəkərdə 95, çayda 100, bitki yağında 80, duzda 22 faiz olub: «Bunlar isə ərzaq təhlükəsizliyi baxımından ciddi və narahatedici rəqəmlərdir».

Ancaq tədqiqat onu da üzə çıxarıb ki, Azərbaycan xaricdən çay məhsulları aldığı halda özü Əfqanıstana çay satır.

XAMMAL İDXALINDAN ASILILIQ YÜKSƏKDİR

Elxan Mikayılovun bildirdiyinə görə, bəzi məhsullarla ölkə özünü təmin etsə də, bu məhsulların xammalını idxal edir:

«Məsələn, şəkər və şəkərdən hazırlanmış qənnadı məhsulları ölkə özü istehsal etsə də, bu məhsulların xammalı üzrə idxaldan asılılıq 95 faizdir. Xam süd üzrə idxaldan asılılıq 24 faizdir».

Buğda idxalının 557 min tonu Rusiyanın payına düşür.
Buğda idxalının 557 min tonu Rusiyanın payına düşür.

Ekspert hesab edir ki, dolların bahalaşmasından sonra idxaldan asılı məhsullar üzrə qiymətlərin artımı qaçılmazdır.

Son illər süd məhsullarında, meyvə şirələrində, duz məhsullarında idxaldan asılılıq azalmaqda davam edir, - tədqiqatda göstərilir.

EYNİ MƏHSULUN HƏM İSTEHSALI, HƏM DƏ İDXALI VAR

Elxan Mikayılov deyir ki, ölkədə ixtisaslaşma aparılmadığından mal əti, kartof, meyvə, meyvə şirələri, giləmeyvələr və yağların həm yerli istehsalı var, həm də idxal artır: «Bu isə yerli istehsala mənfi təsir edir, həm də qiymətləri artma ehtimalı olan məhsulların çeşidinin çoxalmasına səbəb olur».

Azərbaycan ərzaq məhsullarını əsasən Rusiya, Qazaxıstan və Braziliyadan idxal edir. İlk iki ölkə Azərbaycana taxıl göndərir, Braziliyadan daha çox şəkər alınır, Şri-Lanka isə ölkənin çay ehtiyacını ödəyir: «Rusiyadan ən böyük həcmdə idxal buğda, bitki yağları və şokolad məhsulları olub. Ərzaq təhlükəsizliyi üçün ən strateji məhsul olan buğda üzrə Azərbaycanın Rusiyadan asılılığı yüksəkdir. Belə ki, 2013-cü ildə 1 milyon 451 min ton buğda idxalının 557 min tonu məhz Rusiyanın payına düşür», - Elxan Mikayılov deyir.

«BİR ÖLKƏDƏN ALIB, EMAL EDİB O BİRİNƏ SATIRIQ»

Tədqiqatçı göstərir ki, 2013-cü ildə Azərbaycana çayın 80 faizi Şri-Lankadan gətirilib: «Şri-Lankadan xam çay alaraq onun əsasında çay, Braziliyadan isə xam şəkər gətirərək onun əsasında istehsal edilən məhsul İraq və Əfqanıstana satılıb», - ekspert açıqlayır.

Azərbaycandan Avropa Birliyi ölkələrinə ixracda ərzaq məhsullarının payı cəmi 0.1 faizdir. Qonşu Türkiyəyə isə ümumiyyətlə, ərzaq ixrac edilmir.

Tovuz süd emalı zavodu - 2011
Tovuz süd emalı zavodu - 2011

2013-cü ilin statistikasına görə, Azərbaycanın təzə meyvə ixracının 76, təzə tərəvəzin isə 99 faizi məhz Rusiyanın payına düşür: «Yaxın illərdə Rusiya və Qazaxıstan da Ümumdünya Ticarət Təşkilatının (ÜTT) standartlarına keçəcək, bu isə Azərbaycan məhsullarının bu bazarlara çıxışının məhdudlaşması deməkdir», - Elxan Mikayılov vurğulayıb.

MİLLİ STANDARTLAR «AVROPA»LAŞACAQ

Tədqiqatın təqdimetmə mərasimində iştirak edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmisi Əkbər Əliyev deyir ki, hazırda onlar milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması üzrə iş aparırlar: «Hal-hazırda 7 standart üzərində işləyirik. İstər çay, istərsə süd məhsulları üzrə standartlar hazırlanır».

Elxan Mikayılovun fikrincə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması daxili bazarın qorunmasına, ərzaq təhlükəsizliyinə müsbət təsir edər. ÜTT-yə üzvlük Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişinə apara bilər ki, nəticədə, istehlakçıların ucuz qiymətlərə mal almaq imkanı yüksələr: «Texniki cəhətdən Azərbaycan ÜTT-yə qəbul olmaq üçün 80-90 faiz hazırdır. Bu baxımdan siyasi qərar verildikdən sonra Azərbaycan 6 ay müddətində ÜTT-yə üzv ola biləcək. ÜTT-yə üzv olmaq kənd təsərrüfatı sahəsinə kredit və subsidiyaların verilməsini məhdudlaşdırmır, lakin subsidiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var».

Avropa Birliyinin tədbirə qatılan nümayəndəsi Olaf Heidelbach da çıxışında vurğuladı ki, Azərbaycan Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Zonasına qoşula bilmək üçün ilk növbədə ÜTT-yə üzv olmalıdır: «Ancaq bu proses ləng getdiyindən növbəti 4-5 il ərzində mümkün olmaya bilər». Olaf Heidelbach onu da əlavə etdi ki, ərzaq təhlükəsizliyi çox mühümdür: «Manatın ucuzlaşması ərzaq təhlükəsizliyinə, qiymətlərə təsir edəcək. Azərbaycanda ailələr gəlirlərinin 80 faizini ərzağa sərf edir. Doğrudur, Neft Fondunda ehtiyatlar var. Buna baxmayaraq, Mərkəzi Bankın apardığı siyasət əhalinin sosial durumuna təsirsiz ötüşməyəcək».​

XS
SM
MD
LG