Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:52

Dunja Mijatović: «Azərbaycan həbsdəki bütün jurnalistləri azad etməlidir»


Dunja Mijatović
Dunja Mijatović

-

ABŞ-da çıxan «Huffington Post» qəzeti ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović-in məqaləsini dərc edib.

«Təxminən dörd il bundan əvvəl idi. Xoş, amma rütubətli bir may günündə Azərbaycan prezidenti İlham Əliyevlə birgə Zuğulbadakı iqamətgahının eyvanında dayanmışdıq. Aşağıda ölkənin parlaq gələcəyini simvolizə edən Xəzər dənizi sakit dalğalanırdı.

Biz Azərbaycanın gələcəyindən, xalqa böyük ümid və imkanlar vəd edən təhsilli, enerjili gənc nəsildən danışırdıq. Ölkənin istər-istəməz müasir, azad və açıq cəmiyyətə çevriləcəyi barədə söhbət edirdik.

Müəyyən müddət belə nikbin olmağa əsas da vardı. Biz bir sıra məsələdə birgə işlədik, mən qayıdandan sonra jurnalistlər və bloqqerlər azadlığa buraxıldılar. Aidiyyəti qanunların yenidən hazırlanması və yumşaldılması istiqamətində müəyyən addımlar atıldı.

ÜMİD YOXDUR

Ancaq bu gün həmin ümidlər ölüb. Azərbaycan həbsxanalarındakı jurnalistlərin və azad söz müdafiəçilərinin sayı rekord həddə çatıb və bu say durmadan artır. Azərbaycan azad media və azad söz meyarlarına görə hazırlanan bütün obyektiv hesabatlarda ölkə sıralamasında son yerləri tutur. Ona görə də, bu ayın əvvəlində İsveçrə hökumətinin həbs olunmaqdan son anda yayına bilmiş Emin Hüseynovu ötən ilin avqustundan Bakıdakı səfirliyində gizlətdiyini açıqlaması məndə heç bir təəccüb doğurmadı.

Hakimiyyət Emin Hüseynovun rəhbərlik etdiyi QHT-yə bir dəfə basqın etməyə cəhd göstərmiş, anasının evində axtarış apararaq, onun kompüterini götürmüşdü.

Hüseynov vergidən yayınmaqda, qanunsuz sahibkarlıqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun əsl «cinayəti» isə medianın davamlı təqiblərə məruz qaldığı bir ölkədə jurnalistlərin müdafiəsi ilə məşğul olan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu adlı qeyri-hökumət təşkilatına rəhbərlik etməsidir.

ONLARIN «GÜNAHI»...

Bu gün Azərbaycanda 10-dan çox media nümayəndəsi, o cümlədən jurnalist, bloqqer və sosial media fəalı həbsdədir. Bu, ATƏT-ə üzv olan ölkələr arasında ən yüksək göstəricilərdən biridir.

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi kimi mən müxtəlif işlərlə bağlı çıxış edərək fikir bildirmişəm. Başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə dekabrın əvvəllərində həbs edilmiş, hazırda istintaq təcridxanasında saxlanılan Xədicə İsmayılovanın işi xüsusilə narahatlıq doğurur. AzadlıqRadiosunun reportyoru olan İsmayılova bundan əvvəl iyrənc bir seksual qarayaxma kampaniyasının da hədəfi olmuşdu. Fevralın ortalarında isə qanunsuz sahibkarlıq və səlahiyyətlərindən sui-istifadə əməlləri də onun «günahları» sırasına əlavə edilib. Bu azmış kimi, o, bu yaxınlarda bir böhtan işində də təqsirli bilinərək, cərimələnib.

Başqa bir azad söz müdafiəçisi Rəsul Cəfərov, «Azadlıq» qəzetinin köşə yazarı Seymur Həzi, bloqqerlər Ömər Məmmədov və Əbdül Əbilov, jurnalist Pərviz Həşimli, azadxeber.org saytının baş redaktoru Nicat Əliyev, müstəqil bloqqer Rəşad Ramazanov da qondarma cinayət işləri ilə əlaqədar istintaq təcridxanasında saxlanılırlar.

REAKSİYA YOXDUR

Tənqidi fikirlərin və onların yer aldığı nəşrlərin sistemli şəkildə susdurulması ATƏT-in üzvü kimi Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə daban-dabana ziddir. Lakin dünyanın böyük bir hissəsi buna reaksiya vermir. Biznes maraqlarının insan hüquqlarını üstələməsindən dolayımı?

İsveçrə ilə diplomatik gərginlik mürgüləyən bəzi dövlətlərin oyanması baxımından faydalı ola bilər. Emin Hüseynov, Xədicə İsmayılova və digərləri indi Azərbaycanda azad medianın, azad söz və vətəndaş cəmiyyətinin simalarına çevriliblər. Onlar heç bir səhv iş görməyiblər – sadəcə, öz işləri ilə məşğul olublar və buna görə indi onların çoxu ya mühakimə olunur, ya da artıq məhkum ediliblər.

Sadəcə, dörd il əvvəl mənə elə gəlirdi ki, Azərbaycanın media və vətəndaş cəmiyyəti sahəsində böyük gələcəyi var. Amma indi azad söz və vətəndaş cəmiyyəti müdafiəçilərinin gələcəyi qaradır.

Vəziyyəti dəyişmək və müasir, azad və açıq Azərbaycan xəyalını gerçəkləşdirmək prezident Əliyevin öz əlindədir. Çox az adam, o cümlədən Azərbaycanın dostu olan mən özüm onun buna gedəcəyinə güman edirik. Ancaq ilk addım olaraq bütün jurnalistlər azadlığa buraxılmalıdır. Prezident onları azad etməlidir. Azərbaycanda demokratiyanın gələcəyi naminə».

XS
SM
MD
LG