Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:42

Bakıda kitab evi qarət edildi


Nigar Köçərli
Nigar Köçərli

-

"Son 5 ay ərzində eyni şəxs bizi hədəfləyib. Hər dəfə qapını, pəncərəni sındırır. Pul olanda pul, olmayanda əlinə keçəni götürüb gedir. Polisə müraciət edirik, məhəl qoymurlar".

Martın 3-də gecə saatlarında Bakının Nizami küçəsindəki «Əli və Nino» kitab mağazasında (Nizami küç., 91) oğurluq olub.

Mağazanın sahibi Nigar Köçərlinin AzadlıqRadiosuna bildirdiyinə görə, mağazadan bir miqdar pul oğurlanıb. O deyir ki, eyni şəxsin bundan öncə də mağazadan bir neçə dəfə oğurluq etməsi suallar yaradır. Müsahibəni dinlə:

Nigar Köçərli: "Oğrunun adı bəllidir, amma polis tutmur"
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00
Direct-ə keçid

- Nigar xanım, kimdir mağazanızı hədəfə alan şəxs?

- Son 5 ay ərzində eyni şəxs bizi hədəfləyib. Hər dəfə qapını, pəncərəni sındırır. Pul olanda pul, olmayanda əlinə keçəni götürüb gedir. Polisə müraciət edirik, məhəl qoymurlar. Azdırırlar bizi, uzadırlar məsələni.

Dayanmadan zəng vurub soruşuruq, maraqlanırıq, tutarlı bir söz də demirlər. Halbuki həmin şəxsin kimliyi bəllidir.

Quraşdırdığımız müşahidə kameralarına da düşür hər dəfə. Polis nəyə görəsə maraq göstərmir. Birinci oğurluq hadisəsində onu tutmuşdular, 1-2 gün sonra buraxdılar. Soruşduq ki, niyə buraxdınız?

Cavab verdilər ki, yeniyetmədir, sənədləri yoxdur.

"Əli və Nino" mağazası oğurluqdan sonra
"Əli və Nino" mağazası oğurluqdan sonra

Axı bunun sənədlərini tapmaq bu qədər çətindi? Buraxırlar, bir müddət sonra yenə gəlib oğurluq edir.

Bundan əvvəl fevralın 15-də oğurluq etmişdi mağazadan.

Yəni bu adam durmadan bizi terror edir. Artıq işləmək də mümkün deyil. Mağazada işləyənlər çoxu qızlardır, içəri girməyə qorxurlar.

Şikayət edəndə də hamısını yığıb aparırlar polisə, izahat yazdırırlar.

Təsəvvür edin Bakının mərkəzində, “Tarqovı”da bu cür oğurluq hadisələri baş verir.

- İlk dəfə nə vaxt olmuşdu oğurluq?

- 5 ay öncə, ötən ilin sentyabrında. Elə bil ki, öz evidir. Ayda bir dəfə gəlir, götürür, çıxıb gedir.

"Əli və Nino" mağazası oğurluqdan sonra
"Əli və Nino" mağazası oğurluqdan sonra

- Mağazanın qapı-pəncərəsində dəmir barmaqlıqlar yoxdurmu?

- Qapıda jalüz var, pəncərədə də barmaqlıq. Onun üçün dəxli yoxdur. Barmaqlığı da, pəncərəni də sındırıb girir içəri.

Adını da, soyadını da bilirlər. Sadəcə bir neçə gün saxlayıb, sonra buraxırlar.

Bəlkə də heç saxlamırlar, bizə belə deyirlər.

- Siz həmin şəxsi görmüsünüz?

- Bəli. Videogörüntülərdə. Sadəcə, bunu paylaşmaq hüququmuz yoxdur. Bununla bağlı prokurorluğa da şikayət etmişik.

Keçən dəfə xeyriyyə məqsədi ilə qutuya pul toplanmışdı. Xəstə bir qıza yardım üçün. İçərisində 50 manat olan həmin qutunu götürüb gedib.

Bir dəfə kassada 17 manat olub, onu götürüb gedib. Sonuncu dəfə də işçi qızın çantası qalıb mağazada, onun içərisindən 115 manat götürüb.

"Əli və Nino" mağazası oğurluqdan sonra
"Əli və Nino" mağazası oğurluqdan sonra

- Şikayət edəndən sonra pulu həmin şəxsdən alıb sizə qaytarırlar?

- Yox, qaytarmırlar. İki il öncə bir nəfər Qazaxıstan vətəndaşı xeyli pul oğurlamışıdı dükanımızdan. Həmin şəxsə cinayət işi açdılar, ancaq pulumuzu qaytarmadılar.

- Sizcə, bu, sadəcə oğurluqdur, yoxsa burda başqa məqsəd də var?

- Mən deyə bilmərəm. Adicə kiçik oğurluq olur, həbs edirlər, iş verirlər.

Bir nəfər 5 dəfə eyni yerdən oğurluq edir, heç bir tədbir görmürlər. Nəyə görə edirlər, deyə bilmərəm.

“Əli və Nino” mağazası Nəsimi Rayon Polis İdarəsinin ərazisində yerləşdiyindən AzadlıqRadiosu məsələyə aydınlıq gətirmək üçün bu idarənin 22-ci bölməsi ilə əlaqə saxlayıb. İdarədən bildirdilər ki, martın 3-də baş verən hadisə ilə bağlı araşdırma başlayıb. Bölmənin təhqiqat şöbəsindən onu da dedilər ki, bundan öncə mağazada baş verən oğurluq hadisələri də araşdırılıb və müvafiq tədbirlər görülüb.

XS
SM
MD
LG