Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:32

«Neft gəlirlərindən səmərəli istifadəyə dair plan yoxdur»


Amerikalı ekspert Edvard Çou, 23 oktyabr 2006
Amerikalı ekspert Edvard Çou, 23 oktyabr 2006
«Neft və qaz tükənən nemətdir. Ona görə də, Azərbaycan hökumətinin gəlirlərlə bağlı konkret strategiyası olmalıdır. Gəlirlərin necə xərclənməsinə dair qərarların verilməsi açıq, şəffaf və cəmiyyətin iştirakı ilə aparılmalıdır ki, əhali bu prosesin bir hissəsi olduğunu, onda rol oynadığını hiss etsin». Bunu Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Edvard Çou deyir. O, Azərbaycanla yaxşı tanışdır. Cənab Çou vaxtı ilə Amerikanın «Şevron» şirkətində yüksək vəzifələr tutub, danışıqlar üçün Bakıya səfərlər edib.

Edvard Çou deyir ki, Yaxın Şərq, Qərbi Afrika və Latın Amerikasında iqtisadiyyatı neftə və qaza söykənən ölkələr var. Azərbaycan həmin ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır: «Bütün dünya Azərbaycanın hansı yolu seçəcəyini diqqətlə izləyir. Azərbaycanın qarşısındakı sınaq odur ki, Neft Fondu və digər mexanizmləri işə salaraq, gəlirlərin verdiyi imkanları sovurub puç etməsin. Əksinə, Azərbaycan gəlirləri gələcək nəsillər üçün qorumalı, iqtisadiyyatını tarazlaşdırmalı və pulları təhsilə, daha bilikli cəmiyyətin qurulmasına yatırmalıdır. Çünki neft və qaz resursları bir gün tükənəcək».



«Bu, xalqın puludur və ona görə də, vəsaitin necə xərclənəcəyinə dair ictimai müzakirələrə başlamaq lazımdır»
ABŞ-dakı qeyri-hökumət təşkilatı olan «Freedom House»nin proqramlar üzrə direktoru Kristofer Uolker isə bu fikirdədir ki, Azərbaycanın neft gəlirlərindən səmərəli istifadəyə dair planı yoxdur. Bu təşkilat son üç ildə Azərbaycanı qeyri-azad ölkələr sırasına daxil edib. Cənab Uolker deyir ki, Azərbaycanda hökumətin neft gəlirləri artdıqca, siyasi, o cümlədən, mətbuat azadlığının, demokratiyanın azaldığı müşahidə olunur. Onun sözlərinə görə, növbəti 15-20 ildə ölkəyə milyardlarla dollar vəsait daxil olacaq: «Bu, xalqın puludur və ona görə də, vəsaitin necə xərclənəcəyinə dair ictimai müzakirələrə başlamaq lazımdır».


Kristofer Uolker Neft Fondu tərəfindən gəlirlərin elan olunmasını müsbət hal kimi qiymətləndirir. Lakin eyni zamanda, o, qeyd edir ki, neft gəlirlərinin necə xərclənməsi və hara istifadə olunmasında da şəffaflıq gözlənilməlidir.


Son illər müxalifət və qeyri-hökumət təşkilatlarından ABŞ hökumətinin və xarici neft şirkətlərinin ünvanına tənqidlər səslənir ki, onlar Azərbaycanda demokratiyanı neftə qurban veriblər. Bu cür iddiaların əsası varmı? Qərb Azərbaycanda demokratik dəyişikliklərə yardım etmək üçün Bakıya yetərincə təsir edirmi?


Amerikalı ekspert Edvard Çou bildirir ki, qeyri-hökumət təşkilatları cəmiyyətin problemlərinə və iqtisadiyyatdan kənar məsələlərə diqqəti cəlb etmək üçün bu cür sualları qaldırmaqda haqlıdırlar. Onun sözlərinə görə, Amerika hökuməti Azərbaycanda demokratiya və neft məsələlərinə davamlı olaraq önəm verir. Lakin söhbət balansdan gedir. Yəni hansı məsələnin çəkisi daha ağırdır?



«Keçid mərhələsinin sınaqları ilə üz-üzə qalan istənilən ölkədə dəyişiklik daxildən gəlməlidir. Lakin beynəlxalq ictimaiyyət və əsasən də, Avroatlantik icma yaxşı idarəçilik və demokratik inkişafla bağlı mövqeyində dəyişməz qalmalıdır və bu mövqeyini başqa maraqlara dəyişməməlidir»
Edvard Çou: «Neft və qaz elə böyük bir biznesdir ki, hər şeyi kölgədə qoyur. Qeyri-hökumət təşkilatlarına yardım, vətəndaş cəmiyyətinin quruculuğu işləri iri neft biznesinin çəkisinə duruş gətirə bilmir. Lakin bu işlər yalnız Amerikanın məsuliyyəti deyil, bütün beynəlxalaq ictimaiyyətin məsuliyyətidir. Azərbaycandakı neft və qaza yalnız ABŞ yatırım qoymur. Avropanın da burada böyük payı var. Ona görə də, söhbət kollektiv məsuliyyətdən və cəhdən getməlidir».


Neft şirkətlərinə gəldikdə, ekspert deyir ki, «onlar özəl qurumlardır və hökumətin vəzifələrini üzərlərinə götürə bilməzlər. Onların əsas işi neft və qazın hasilatıdır. Xalqın rifahı hökumətin vəzifəsidir».


«Freedom House»nin nümayəndəsi Kristofer Uolker isə bildirir ki, «keçid mərhələsinin sınaqları ilə üz-üzə qalan istənilən ölkədə dəyişiklik daxildən gəlməlidir. Lakin beynəlxalq ictimaiyyət və əsasən də, Avroatlantik icma yaxşı idarəçilik və demokratik inkişafla bağlı mövqeyində dəyişməz qalmalıdır və bu mövqeyini başqa maraqlara dəyişməməlidir».


Cənab Uolker isə bu fikirdədir ki, Azərbaycanın nümunəvi neft ölkəsi olmaq üçün hələ də şansı var: «Qərarlar tez bir zamanda verilməlidir, çünki neft gəlirləri sürətlə Azərbaycana gəlir. İslahatlar tezliklə başlanmalıdır. İslahatlar hər ay, hər il təxirə salındıqca böyük qrupun marağı kiçik bir qrupun marağına qurban veriləcəyi təhlükəsi də artır. Biz bunu son illərdə başqa ölkələrin nümunəsində görmüşük. Neft gəlirləri artdıqca, təhlükəli prosesin kökləri dərinləşdikcə, şans əldən gedə bilər».


Hər iki ekspert razılaşır ki, Azərbaycan mühüm qərarların verilməsi üçün kritik bir mərhələyə daxil olub və bu gün veriləcək qərarların növbəti nəslə və ölkənin gələcək inkişafına mühüm təsirləri olacaq.


XS
SM
MD
LG