Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

Xarici ölkə vətəndaşı olan azərbaycanlıların vətənə yolu dəvətnamədən keçir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Uzun illərdir Almaniyada yaşayan azərbaycanlı Gülarə Məmmədova imkan yaransa da, bu ölkənin vətəndaşlığından imtina edib. Yeganə səbəbi vətəninə maneəsiz gəlib-getməkdir:

«Viza almalıyam, bunun üçün sənədlər toplamalıyam. İndi Azərbaycandan Almaniyaya daha rahat gəlib-gedə bilirəm, ancaq Almaniya vətəndaşı kimi öz ölkəmə getmək üçün viza müraciəti etməliyəm, məni dəvət etməlidirlər və s. Azərbaycanda yaxınlarım yaşayır, ən azı bir ölüm-itim, xeyir iş olanda getməməliyəm? Bürokratik əngəllər çoxdur, ona görə də, Azərbaycan vətəndaşlığından çıxmamışam».

Ancaq Azərbaycan vətəndaşlığından çıxıb başqa ölkənin vətəndaşlığını qəbul edən azərbaycanlılar da var. Rüstəm Gəncəli adlı oxucu AzadlıqRadiosuna yazır ki, Birinci Avropa Oyunlarını izləmək üçün xaricdə yaşayan yaxınlarını vətənə dəvət etmək istəyir. Bunun üçün Xarici İşlər Nazirliyinə gedib anketi doldurur, elə əmması burda başlayır: «Mən anket verən qızdan soruşdum ki, dəvətnaməni hansı müddətə göndərmək lazımdır? Yarım il, bir həftə, ya bir il?».

Rüstəm əlavə edir ki, anket dolduran qız ondan qohumlarının nə vaxt gələcəyini soruşub:

«Güman ki, yayda, oyunlar zamanı gələcəklər, dayım üçün ehtiyat vaxt nəzərdə tutulmalıdır ki, səfərini səhhətinə görə nizamlaya bilsin».

«...DƏVƏTNAMƏ ÖZ QÜVVƏSİNİ İTİRİR»

AzadlıqRadiosunun oxucusu yazır ki, nazirlikdə ona dəvət etdiyi şəxsin göstərilən müddətdə gəlməsinin vacib olduğunu deyiblər, çünki müddət keçsə, dəvətnamə öz qüvvəsini itirir.

Rüstəm Gəncəliyə sonradan bir turizm şirkətini nişan verirlər, orda isə dəvətnamə göndərilməsi üçün adambaşına 120 dollar ödənilməsi söylənir.

«Üstəlik, qohumlarım da Almaniyada Azərbaycan səfirliyində viza üçün ödəniş etməlidirlər. Nə qədər olduğunu bilmirəm, amma yəqin ki, kiçik məbləğ deyil», - Rüstəm Gəncəli yazır. Onu heyrətləndirən əsas məsələ isə xarici ölkə vətəndaşı olan azərbaycanlının digər millətlər kimi viza sənədləri toplaması tələbidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza alınması qaydaları göstərilir. Vizanın alınması üçün tələb olunan sənədlər arasında «məsul şəxs tərəfindən verilmiş dəvət məktubu (iki nüsxədə)» da var.

«XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ QEYRİ-MÜƏYYƏNLİYİ SEVMİRLƏR»

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov AzadlıqRadiosuna müsahibəsində Azərbaycanın viza rejiminin bir o qədər də sərt olmadığını vurğulayır:

Azər Allahverənov
Azər Allahverənov

«Xarici İşlər Nazirliyində viza müraciətinə maksimum iki həftə ərzində baxılır. Ona görə də, anketi doldurarkən konkret səfər müddətini göstərmək lazımdır. Çünki ərizəyə baxılan müddətlə ölkəyə gəliş-gediş eyni vaxta düşsə, adam vizasız qala bilər. Xarici İşlər Nazirliyində qeyri-müəyyənlik anlayışı yoxdur. Yəni, anketdə göstərə bilməzsən ki, səfər qeyri-müəyyən müddətdə nəzərdə tutulur».

Azər Allahverənov deyir ki, viza alınması üçün istisna hallar nəzərdə tutulub:

«Qohumlardan ağır xəstə olan varsa, ya kimsə ölübsə, bunu sübut edən sənəd təqdim ediləndən sonra xarici vətəndaşın viza müraciətinə azı iki gün ərzində cavab verilir».

Müsahibimiz əlavə edir ki, viza müddəti onun növündən asılıdır: «Mən də bir çox Avropa ölkələrinə gedirəm, elə olub ki, məsələn, 5 günlük konfransdır, vizanı da məhz 5 gün veriblər. Belə hallar da olub. Yəni, Azərbaycan da səfər müddətinə uyğun viza verir. Müddət viza məsələsində çox ciddi amildir. Müddətdən bir gün artıq qalmaq deportasiyaya səbəb ola bilər və ola bilsin ki, sənə 90 günlük viza verilib, amma göstərilib ki, bu viza ölkəyə bir dəfə giriş-çıxışı əhatə edir».

«BU, SİYASİ MƏSƏLƏDİR»

Azər Allahverənov deyir ki, xarici ölkə vətəndaşı olan azərbaycanlılar üçün müvafiq qanunda hər hansı istisna nəzərdə tutulmayıb:

«Vizasız gediş-gəlişə icazə verilən ölkələrdən başqa viza alması tələb edilən ölkənin vətəndaşları üçün milliyyətindən asılı olmayaraq hər kəs üçün qaydalar eynidir. Miqrasiya haqqında qanuna belə güzəştləri nəzərdə tutan dəyişikliklər təklif edilib. Hesab edirəm ki, bu nüans nəzərə alınmalıdır, ancaq qanunvericilikdə azərbaycanlılar üçün bir ayrı, əcnəbilər üçün bir ayrı göstərilməsi, zənnimcə, ayrı-seçkilik kimi də yozula bilər. Bundan başqa, son 20 ildə ölkəni tərk edənlər arasında ruslar, yəhudilər və başqa millətin nümayəndələri də var. Bu zaman azərbaycanlını ayrıca tutmaq da ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Bu, siyasi konteksti olan məsədir, fikrimcə, açıq və kifayət qədər aktual mövzudur.

Hikmət Hacıyev
Hikmət Hacıyev

Buna görə də, istər siyasilər, istər ekspertlər bu məsələni müzakirə edib yekdil bir rəyə gəlməlidirlər ki, sonra narazılıqlar olmasın».

NAZİRLİK TURİSTƏ DƏVƏTNAMƏ TƏLƏB ETMİR

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, xarici ölkə vətəndaşı olan azərbaycanlıların və ya Azərbaycanda yaxın qohumları olan əcnəbilərin ölkəyə gəlməsində müəyyən güzəştlər var.

Turizm vizası üçün isə dəvətnamə tələb olunmur: «Turist vizası üçün sadələşdirilmiş viza tətbiq edilir, yəni, turizm şirkətləri ilə əcnəbi arasında müvafiq rezervasiyalar – otel, uçuş və s. həyata keçirilir. Hətta bu zaman viza rüsumunda da güzəştlər verilir».

Ancaq əcnəbini fərdi dəvət etmək istəyən azərbaycanlılar öz dəvətnamələrini Xarici İşlər Nazirliyində qeydiyyatdan keçirib təsdiqlətməlidirlər: «Kimsə Azərbaycana hansısa xarici şəxsi dəvət etmək istəyirsə, dəvətnaməni Xarici İşlər Nazirliyinə təqdim edir və nazirlik bu dəvətnaməni təsdiqləyərək şəxsin gələcəyi ölkədəki səfirliyinə göndərir ki, müraciət edən adam vizasını ala bilsin».

«DƏVƏTNAMƏNİN TƏSDİQLƏNMƏSİ TƏLƏBİ ƏSASSIZDIR»

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev hesab edir ki, nazirliyin dəvətnaməni təsdiq etmə tələbi əsassızdır: «Nazirliyin vizani təsdiq etməsi qanunun tələbi deyil. Dəvətnaməni göndərən, yəni əcnəbini Azərbaycana dəvət edən şəxs (bu hüquqi və fiziki şəxs ola bilər) iki nüsxədə dəvətnamə yazmalıdır. Hüquqi şəxsin bütün məlumatlarını göstərən və möhürlə təsdiq olunan blankda dəvət göndərilməlidir. Fiziki şəxs isə özünün şəxsiyyət vəsiqəsinin məlumatlarini və telefon məlumatını da əlavə etməklə dəvətnamə hazırlayır. Dəvət olunan şəxsin məlumatları da dəvətnamədə dəqiq göstərilməlidir».

Əlövsət Əliyev
Əlövsət Əliyev

Əlövsət Əliyev deyir ki, bu halda əcnəbini dəvət edən fiziki və ya hüquqi şəxs üçün müəyyən öhdəliklər yaranır: «Ona görə də, dəvətnamənin təsdiq olunmasına ehtiyac yoxdur. Bu, rüşvətə yol açan vasitədir. Yəni, viza verən fiziki şəxsin və ya hüquqi şəxsin məlumatlarını şübhəli hesab etsə, yoxlaya və ya viza verməkdən imtina edə bilər».

Ekspert deyir ki, dünya təcrübəsinə əsasən dəvətnamələr konsulluğa və dəvət olunan şəxsə göndərilir: «Məsələn, bir azərbaycanlı Almaniyadan birini Azərbaycana dəvət edir. Bu zaman dəvətnamənin birini Almaniya vətəndaşına, ikincisi isə Almaniyadakı Azərbaycan konsulluğuna göndərməlidir. Dəvət olunan şəxs də həmin dəvətnaməni götürür və səfirliyə gedir. Deyir ki dəvətnamənin əslini sizə göndəriblər, bu da ikinci nüsxəsidir. Bu əsasa görə də viza verilir. Dəvət əsasında gələn şəxslə görə bütün məsuliyyət dəvət edən şəxsə aiddir».

AVROPA OYUNLARINDA İDMANÇILARA VƏ AZARKEŞLƏRƏ SADƏ VİZA VERİLƏCƏK

Bəs Birinci Avropa Oyunlarını izləmək üçün ölkəyə gələcək xarici ölkə vətəndaşları hansı viza körpüsündən keçəcəklər? Turizm, yoxsa dəvətnaməli? Hikmət Hacıyev deyir ki, prezident sərəncamına əsasən, oyun zamanı sadələşdirilmiş viza rejimi tətbiq olunacaq: «İlkin mərhələdə iki kateqoriya müəyyənləşdirilib. Birincisi idmançılar və onları dəstəkləyən qruplardır. Akkreditasiyadan keçəndən və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə qeydiyyata düşəndən sonra onlar sadələşdirilmiş qaydada ölkəyə daxil ola biləcəklər. Digər kateqoriya isə azarkeşlərə aiddir. Onlar oyunlara aldıqları bileti aeroportda təqdim edəndən sonra sadələşdirilmiş qaydada viza ala biləcəklər».

XS
SM
MD
LG