Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:14

Erkin Qədirli: “İran açılımı hakimiyyətin “sendviç hekayəsi”ni öldürür”


Erkin Qədirli
Erkin Qədirli

-

Aprelin 2-də dünya gücləri sayılan altı dövlətlə İran arasında bu ölkənin nüvə proqramına dair razılaşma əldə olunub. Qonşu İran üçün bu dəyişikliyin Azərbaycana mümkün təsirlərindən müxalif ReAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli danışır:

- Yeni Iran açılımı Azərbaycan üçün həm yeni fürsətlər, həm də yeni təhlükələr, risklər demək ola bilər. İyunda yekun sənəd imzalansa, onda İranın üzərindən sanksiyalar götürələcək və İran neft və qaz bazarına buraxılacaq. Özünün bəyan etdiyi rəqəmlərə inansaq, İran bazara gündə təqribən 3-4 milyon barrel neft çıxara bilər.

Iran neftinin maya dəyəri bizim və Rusiya neftinin maya dəyərindən xeyli aşağıdır. Üstəlik, bu ölkənin okeana birbaşa çıxışı var - İran körfəzindən Hind okeanına daxil ola bilir - həm Asiya, həm Afrika, həm də Avropa bazarına çıxış ona çox asan olur. Bir sözlə, İranın coğrafi yerləşməsi çox əlverişlidir.

Iranın bizim neft və qazımızla müqayisə olunmayacaq həddə çox neft və qazı ilə bazara girsə, bu, əlbəttə ki, necə deyərlər, bizim onsuz da geniş olmayan bazarımızı öldürəcək. TANAP kimi layihələrin əhəmiyyətini xeyli azaldacaq, manatın getdikcə daha da ucuzlaşması, büdcəmizin azalması, əgər hökumət oyunlar və s. kimi imic layihələrinə xərclərindən imtina etməsə, Neft Fondu və Mərkəzi Bankın ehtiyatlarından pulların daha çox xərclənməsinə səbəb olacaq.

"Şeyxlərin Azərbaycana ova gəlməsi səbəbsiz deyil"

Azərbaycanın onsuz da pul vəsaitləri azalır, yəqin ki, getdikcə daha da azalacaq. Ən qorxulusu budur ki, hökumət xaricdən yeni kredit borclanmasına girə bilər və yeni kreditlər üçün Qərb hansısa siyasi şərtlər qoyacaq - məsələn, islahatların aparılması kimi. Bu zaman hökumət başqa yerlərdən, məsələn, Ərəb ölkələrindən borclanmaya girə bilər. Şeyxlərin Azərbaycana gəlib ov ovlaması da elə-belə iş deyil, məncə.

Bizim ən böyük narahatlıqlarımızdan biri budur ki, bu iqtidar çox fəal borclanmaya girəcək və gələcək nəsil üçün ciddi problem yaranacaq. 2020-ci ildən sonra borcları qaytarmaq lazım gələcək və 2020-ci ilə biz hansı potensialla girəcəyik və o borcu hansı pulla qaytaracağıq, bunlar sual olaraq qalır. Yeni, demokratik və islahatçı hökumət gələcəksə, onun əsas problemi pul olacaq.

İranın Amerika ilə açılması Azərbaycanın geopolitik əhəmiyyətini azaldacaq. Azərbaycan indiyə qədər “sendviç hekayəsi”ni istismar edirdi ki, biz Rusiya ilə İran arasındayıq. İndi bu hekayə də ölür.

İranın güclənməsi ənənəvi olaraq bizim üçün əlavə problemlər yaradar. İranla Amerikanın yaxınlaşması İranın daxilində dəyişiklik yarada və İranı dünyəviliyə doğru dəyişə bilər. Çünki İranda inqilab nəsli dəyişir və inqilabın çətinliklərini və mübarizəsini görməyən yeni, internet nəsil yetişir. Bu nəsil əvvəlki kimi mühafizəkar olmayacaq və dini basqının azalması siyasi dəyişikliklərlə nəticələnə bilər. İran dünyəviləşsə, bəlkə İrandan gələn dini ekspansiya azala bilər.

Amma bunlar hamısı ehtimallardır. Şah dövründən də gördüyümüz kimi dünyəviləşən İran şovinist olur. Fars şovinizmi istismar olunarsa, İranın Azərbaycana ərazi iddiaları arta bilər. Onsuz da İran Azərbaycanın güclənməsini və demokratikləşməsini istəmir.

Amma bütün bunlar biçarəlik anlamına gəlmir. İqtidar hazırkı siyasətinə davam edərsə, əlbəttə ki, bu risklər artacaq. Ümid onadır ki, bu iqtidar bu siyasəti uzun müddət yürüdə bilməyəcək, çünki Qərblə, xüsusilə də ABŞ-la münasibətdə son illər artan gərginlik fonunda iqtidar qonşularına, xüsusilə də Rusiyaya sığınmağa çalışırdı. İndi isə Rusiyanı Amerika çökdürür və İranla açılıma da bu məqsədlə gedir ki, Rusiyanın mövqeyini zəiflətsin.

Amma Rusiyanın çökdürülməsi də bizim ziyanımıza ola bilər. Xüsusilə də ona görə ki, Rusiya Şimali Qafqazda nəzarətini itirərsə, burdakı dini radikal, Səudiyyə Ərəbistanı kimi ölkələrdən maliyyələşən qruplar bizim üçün təhlükələr yaradar.

Hər bir açılımda həm təhlükələr, həm fürsətlər var və hansının reallaşması artıq bizim özümüzdən asılı olacaq. Əgər biz yaxşı hüquq və siyasi sistemi qura bilsək, dinc demokratik keçid edə bilsək, qonşularımızda gedən proseslər bizim xeyrimizə olacaq.

- İranla açılım fonunda Azərbaycan hökuməti siyasətinin hansı məqamlarını gözdən keçirməlidir?

- Artıq bu açılım həyəcan təbili halına gəlməlidir. Bilirsiz ki, bu ilin dövlət büdcəsində neftin bir barreli 90 dollar nəzərdə tutmuşdular. Neft ucuzlaşdığına görə, hökumət ya gərək sistem islahatına gedə - dövlət aparatını ixtisara sala, monopoliyalardan imtina edə, bazarı sərbəstləşdirə, vergi yükünü azalda.

Bunlar əlbəttə ki, həm də bazarda qiymətlərə təsir edəcək. Bizdə qiymətlərin çox yüksək olması başqa obyektiv səbəblərlə yanaşı, xeyli dərəcədə korrupsiya ilə bağlıdır. Korrupsiya azalsa, qiymətlər düşər və ucuzlaşmaqda olan manatı bir az gücləndirər, inflyasiyanı azaldar. Çünki indiki siyasi idarəetmə sistemi bahalı neft sistemi üçün nəzərdə tutulmuşdu - hər şeyi bir nəfərin həll etdiyi dönəm üçün.

Əlbəttə ki, pulun çox olanda bir nəfər həll edə bilər bütün məsələləri – hamı ondan fürsət gözləyir, amma ona doğru gəlir, amma pul az olanda sən əvvəlki avtoritetin sahibi olmursan və bütün şanslar, fürsətlər səndən asılı olanda hər kəs günahı səndə görməyə başlayır.

Amma bu idarəetmə avtoritar liderin özünün əleyhinə işləyir. Çünki loyallıq pulla alınmışdı və pul azalanda loyallıq da azalır. Bu haqda artıq açıq danışmağa başlayıblar. İndi sahibkarlar və məmurlar çevrəsində əvvəl olmayan giley-güzarlar başlayıb. Bu da pulun azalması ilə bağlıdır.

Əgər bu iqtidarın sağqalma instinkti varsa, tez bir zamanda köklü siyasi islahatlara getməldir: həm seçkilərin azad və ədalətli keçilməsi ilə bağlı, həm bazarın sərbəst buraxılması, həm media üzərində basqıların götürülməsi, həm də korrupsiyanın ləğvinə dair s. sahələrdə. Ən asan islahat siyasi məhbusların qeyd-şərtsiz, əfv ərizəsi yazmadan azadlığa buraxılmasıdır. Çünki heç bir vəsait tələb etmir. Bu, həm Qərb üçün, həm də cəmiyyətin özü üçün çox mühüm mesaj olardı. Amma bu məsələdə Qərb məni çox az maraqlandırır.

Əgər bunlar baş versəydi, biz anlayardıq ki, iqtidar nəyəsə hazırlaşlr. Amma bunu görmürük. Hələlik bu iqtidar özünü elə aparır ki, sanki, neftin qiyməti ya düşməyib, ya da ki, yenidən bahalaşacaq.

XS
SM
MD
LG