Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:34

Agramunt səfəri təxirə salır, missiya gəlir


Pedro Agramunt
Pedro Agramunt

-

Pedro Agramunt-un Azərbaycana səfəri təxirə salındı. O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, həm də insan haqları üzrə məruzəçidir. Amma məruzəçinin səfərinin başlanacağı gün – aprelin 8-də Bakıya Avropa Şurası Nazirlər Komitəsinin missiyası gəlib. Missiyanın başında duran Alexandre Gessel-dir. O, Avropa Şurası baş katibi Thorborn Jagland-ın İnsan Haqları üzrə Birgə İşçi Qrupda xüsusi nümayəndəsi, qurumun siyasi işlər üzrə şöbə müdiridir.

Üç nəfərlik missiya aprelin 8-də bir sıra hüquq müdafiəçisi, siyasi fəallar, REAL nümayəndələri və ədliyyə işçilərindən ibarət bir qrupla görüşüb. Bu haqda AzadlıqRadiosuna danışan hüquq müdafiəçisi Arzu Abdullayeva deyib:

«Bu missiya Avropa Şurası Nazirlər Komitəsinin «Aqo» qrupunun işini görür. Məqsəd Azərbaycanın beynəlxalq qurum qarşısında götürdüyü öhdəliklərinin necə yerinə yetirildiyini öyrənmək, vətəndaş cəmiyyəti fəalları, siyasi məhbuslarla bağlı vəziyyəti, QHT-lər haqda qanuna dəyişikliyi araşdırmaq, Avropa Oyunlarınadək əfv və ya amnistiya olub-olmayacağını, seçkilər qabağı durumu təhlil etmək, monitorinqlərin aparılıb-aparılmayacağını öyrənməkdir. Bundan sonra hesabat hazırlanacaq».

Arzu Abdullayeva bu hesabatdan, missiyanın araşdırmalarından məxsusi nəsə gözləmir. «Düzdür, hər zaman dəyişikliklərə ümid edirik. Ancaq Azərbaycanın Avropa Şurasına üzv olduğu 15 ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi hamıya bəllidir. Cüzi öhdəliklər icra olunub. Siyasi məhbuslar var, QHT sektorundakı vəziyyət məlumdur, cəmiyyətdə susqunluq, ümidsizlik hökm sürür. O ki qaldı, Agramunt-un gəlməməyinə, onun haqqında rəyim yoxdur. Hüquq müdafiəçisinin məruzəçi haqda rəyi yoxdursa, bu, artıq siqnaldır».

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

«SIRADAN GÖRÜŞDÜR»

Qeyd edək ki, Pedro Agramunt «Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı tədbirlər görülüb?» adlı hesabat hazırlamalıdır.

Bakıdakı görüşün başqa iştirakçısı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin üzvü, əfvlə yenicə azadlığa çıxan Bəşir Süleymanlının yanaşması:

«Sıradan bir görüşdür. Ölkədə ürəkaçan durum yoxdur. Bilmirəm, bunlar hesabatda nə dərəcədə əksini tapacaq və hökumət bundan hansı nəticələri çıxaracaq».

«AZƏRBAYCAN YOX, QARŞI TƏRƏF İSLAHATLARA HAZIRDIR»

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevsə, əksinə, prosesə kompleks baxmağı təklif edir:

«Pedro Agramunt-un səfərinin təxirə salınmasına da, ölkəyə Avropa Şurası Nazirlər Komitəsinin missiyasının gəlməsinə də. Elə Agramunt-un gəlməməyi missiyanın səfəri ilə bağlıdır.

Mehman Əliyev
Mehman Əliyev

Bütövlükdə proseslər ona gedir ki, Azərbaycanda islahatlar, dəyişikliklər qaçılmaz olur. Mayda Avropa Birliyi ilə strateji saziş imzalanmalıdır. ABŞ-la ikitərəfli komissiyanın formalaşmasına baxılır, «G-20» ilə bağlı iş gedir, xüsusi qrup yaradılıb. Demək istəyirəm ki, Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi gündəmdədir. Düzdür, Azərbaycan hökuməti dəyişikliklərə hazır deyil, heç vaxt da hazır olmayıb. Ancaq qarşı tərəf hazırdır və ona görə müsbət nəticələr olacaq. Lazım olanda mexanizmlər işə salınır və hər şey həll olunur. Biz belə şeyləri az görməmişik».

Mehman Əliyev 2015-ci ilin sonuna kimi dəyişiklik gözləyir. O, neftin qiymətinin düşməsi ilə Azərbaycanda yaranan böhrana diqqət çəkir: «İqtisadi böhran başlayıb, vəziyyət sürətlə pisləşməyə gedir. İslahatlar olmasa, vəziyyət bir az da pisləşəcək. Ona görə də, iqtisadi, siyasi islahatlar getməlidir, qanunun aliliyi təmin edilməlidir, məhkəmələr azad olmalıdır, bunlar bir-birinə bağlıdır. İslahat aparmaq «gömrük orqanları işadamlarına toxunmasınlar» demək deyil. Yenə deyirəm, Azərbaycan islahat aparmaq istəmir. O başqa məsələ. Ancaq vəziyyət məcbur edəcək».

Azərbaycan hökuməti Azərbaycanda fundamental insan azadlıqlarının təmin olunduğunu, beynəlxalq öhdəliklərin yerinə yetirildiyini, üstəlik də iqtisadi inkişafın sürətlə getdiyini bəyan edir.

Missiya Azərbaycanda aprelin 9-da da görüşləri davam etdirəcək.

XS
SM
MD
LG