Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:39

BVF MDB ölkələrinin iqtisadi gələcəyi ilə bağlı bədbin proqnoz verir


2015-ci il Ukrayna iqtisadiyyatı üçün ən çətin il olacaq.
2015-ci il Ukrayna iqtisadiyyatı üçün ən çətin il olacaq.

-

Beynəlxalq Valyuta Fondunun (BVF) dünya ölkələrində iqtisadi artımla bağlı ən son proqnozuna görə, 2015-ci ildə inkişaf etmiş ölkələrdə artım sürətlənəcək. İnkişaf etməkdə olan ölkələrdə isə bu göstərici daha zəif olacaq.

Braziliya, Rusiya və Ukrayna kimi ölkələrdə nəinki iqtisadi artım olmayacaq, hətta Ümumi Daxili Məhsul azalacaq. Hindistan iqtisadiyyatı isə əksinə, 7.5% böyüyəcək. Ümumilikdə, qlobal iqtisadiyyatın 2015-ci ildə 3.5%, 2016-cı ildə isə 3.8% artacağı gözlənilir.

BFV ildə iki dəfə iqtisadiyyatın əsas göstəriciləri ilə bağlı proqnozlarını və dünyanın 180-dən artıq ölkəsinin iqtisadi artım tempinə dair növbəti bir neçə il üçün gözləntilərini açıqlayır.

MDB ÖLKƏLƏRİNİN İQTİSADİYYATI YAVAŞIYIB

Sənəddə bildirilir ki, 2014-cü ilin ikinci yarısında MDB ölkələrinin iqtisadiyyatı yavaşıyıb. Regiona dair iqtisadi proqnozlar xeyli pisləşib. Əsas səbəbkar ÜDM-si bu il 3.8%, gələn il isə 1.1% azalması gözlənilən Rusiyadır. Neftin qiymətinin düşməsi və beynəlxalq sanksiyalar rublun dəyərinin kəskin azalmasına gətirib çıxarıb.

MDB-nin qalan ölkələrində isə ümumilikdə artımın 2015-ci ildə 0.4% olacağı proqnozlaşdırılır. Bu, BVF-nin əvvəlki proqnozundan daha bədbindir. Ötənilki açıqlamasında qurum bu göstəricini 4% göstərmişdi.

UKRAYNA İQTİSADİYYATI ÜÇÜN ƏN ÇƏTİN İL

BFV-nin hesablamalarına görə, 2015-ci il Ukrayna iqtisadiyyatı üçün ən çətin il olacaq, ÜDM 5.5% azalacaq. Gələn ildən isə ölkə iqtisadiyyatı özünə gəlməyə başlayacaq. Digər MDB ölkələrində də Rusiya ilə sıx iqtisadi bağlılıq (ticarət, xarici birbaşa investisiyalar və pul köçürmələri) səbəbindən proqnozlar əvvəlki ildən daha pisdir.

Ötən il iqtisadiyyatı 2.8% böyümüş Avropada artımın bu il 2.9%, gələn il isə 3.2% olması təxmin edilir. Neftin ucuz olması və avro bölgəsində vəziyyətin tədricən normallaşması buna əlverişli şərait yaradır. Enerjidaşıyıcıların ucuzluğu Türkiyədə istehlakın artmasına rəvac verəcək. Bu da, BVF-yə görə, ölkə iqtisadiyyatının bu il 3.1% böyüməsinə səbəb olacaq.

AZƏRBAYCAN ÜÇÜN PROQNOZLAR

Azərbaycana gəlincə, BVF Azərbaycanda iqtisadi artımın 2015-ci ildə 0.6%, 2016-cı ildə 2.5%, inflyasiyanın isə 2015-ci ildə 7.9%, 2016-cı ildə 6.2% olacağını proqnozlaşdırır.

XS
SM
MD
LG