Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:31

Əyalət təfəkkürlü bakılı yazıçılar


Rəşad Babalı
Rəşad Babalı

-

Vaxtilə mal-heyvan otarmaqdan, zığ-palçıqdan canını qurtarmaq üçün gece-gündüz oxuyub ali məktəbə daxil olan, bitirdikdən sonra var gücü ilə şəhərlərdə ilişib qalmağa çalışan yazar və şairlər kəndlərini də çantalarına qoyub şəhərə gətirdilər...

Rəşad Babalı

ŞƏHƏRSİZLİK

Bu mövzu bir zamanlar aktual idi və xeyli də müzakirə edilirdi.

Söhbət şəhər və kənddən, onlar arasında hansı fərqlərin olması (labüdlüyü), həmçinin bir-birilərinə təsirlərindən gedir.

Yadımdadır, universitet illərindən belə gördüyüm dartışmalarda şəhər yetim kimi sahibsiz qalırdı.

Şəhərdə yaşasa da (bir zamanlar mən də o sırada idim) insanlar nədənsə kəndi daim müdafiə edir, şəhəri bütün əxlaqsızlıqların baiskarı sayırdılar.

Bu o zamanlar idi ki, qapalı sistem olan sovetlər dağılmışdı, yeni sistemə ağır adaptasiya prosesi gedirdi, insanlar mədəniyyət şoku yaşayırdılar. Bakının elitası sayılan ruslar, yəhudilər, ermənilərin böyük əksəriyyəti köçüb getmişdi, onların yerini isə məcburi köçkünlər, qaçqınlar, işsizlikdən şəhərə üz tutan kəndlilər tutmuşdu.

Böyük yerdəyişmə mədəni disbalans da yaratmışdı. Adlarını çəkdiyim millətlərin yaratdığı şəhər kültürü qeyri-milli elan olunub əksinə gedildi. Milliləşdirmə adı altında rəsmən əyalətçilik kultuvasiya olundu.

Nə qədər mübahisəli olsa da, bu fikrimi bəri başdan deyim ki böyük mədəniyyətlər şəhərlərdə yaranır. Mədəniyyət deyərkən bir çoxları ənənəvi mental dəyərləri (yaşlılara hörmət, məişət etikası) anlasalar da qavrayamayacaqları genişlikdə anlamdır. Şəhərlər fikirlərin, ideyaların, əsərlərin doğulduğu, böyüdüyü yerlərdi. Əlbəttə kəndin burada qatqısı var. Ancaq lokomotivi hər zaman şəhər olub və olacaq da. Dinlərin özü belə şəhərlərdən çıxıb. Mədəniyyət sözünün özü belə Ərəbistandakı Mədinə şəhərinin adından götürülüb (mənası şəhərdi).

Şəhər olmanın bəzi olmazsa olmazları var. Bu barədə öz fikrimi deyəcəm. Yəni bu barədə hansısa mütəxəssis fikri oxumamışam. Bunu da fəxr saymıram. Əslində bilərəkdən oxumamışam ki mövzuyla əlaqədar xam fikirlərimi ortaya qoyum və sahənin mütəxəssisləriylə nə dərəcədə örtüşdüyünü görmüm.

Mənim üçün şəhərlilik bakılılıq deyil. əslən buralı olsa da, düşüncə olaraq əyalətçi, yersiz mühafizəkar, regionçu düşünən xeyli adam var. Onlar, bəli, bakılıdılar, amma şəhərli deyillər. Şəhər-kənd mübahisəsində hər zaman kənd müdafiəçilərinin əlində belə arqument olur. Bakı kəndlərini göstərib deyirlər ki bəs budur sizin şəhərliləriniz.

Amma o zaman da, elə indi də bakılı olmağın heç də hələ şəhərli olmaq mənasına gəlmədiyini dönə-dönə vurğulamışam. Üstəgəl əlavə etmişəm ki Azərbaycan şəhərtək Bakıdan ibarət deyil. Məsələn Gəncə, Şəki, Lənkəran, Naxçıvan. Bunlar Bakıya nisbətən şəhər münasibətləri daha qədim yerlərdir. Özünəməxsus mətbəxi, adətləri, davranışları, ləhcələri, arqoları var. Diqqət etmişəm ki adları çəkilən şəhərlərin bir çox adətləri daha strukturaldı, yəni daha teatral, daha zəngin dilli və daha zəngin kaloritlidi. Və bu adətlər də ancaq şəhər mühitində əmələ gələ bilərdi. Şəxsən pitinin, Şəki paxlavasının, Gəncə paxlavasının, Lənkəranın bəzi yeməklərinin kənd şəraitində yaranmasını təsəvvür etmirəm. Çünki bütün məntiqi dəlillər onların şəhər kultunun məhsulu olduğunu deyir.

Bakının anası ölüb. Lazım olduğundan sürətlə böyüdüyündən öz ənənəsini yarada bilmədi. Bunu bir az gəlmələr (rus, erməni, yəhudi, gürcü, polyak, ukrain və s) yaratsa da elə onlarla da getdi. Bakı daha çox Moskva kimi “böyük kənd”ə oxşayır indi. Bundan əlavə əsas problem ondadır ki sakinləri də Bakıya ögey övlad kimi yanaşır. Bu şəhərdə yaşayanlar sanki yaxın zamanda köçəcəklərmiş kimi davranırlar.

Evi-eşiyi, sabit işi, obyektləri olan əyalətdən gələn adamlar özlərini Bakıda sona qədər görmürlər. Sanki uzun müddətli turistdirlər. Bəlkə də bu səbəbdəndir ki Bakının başına gətirilən oyunlara biganədirlər. Vəziyyətin belə olmasında həm Bakı suçludu, həm də yeni sakinləri (yeni deyəndə müstəqillikdən sonra gələnləri nəzərdə tuturam).

Bakı ona görə suçludu ki yeni gələn sakinlərini həzm edib şəhərliləşdirə bilmədi. Bunun da obyektiv və subyektiv səbəbləri var. Birincisi, gücü yetmədi, ikincisi də şəhərliləşməsi süni idi. Yerli kaloritlər nəzərə alınmamışdı, zorlamaydı. Yerli insanlara yuxarıdan aşağılayıcı münasibəti vardı. Dili əcnəbiydi, düşüncəsi də buralarda deyildi. Onların qalıqları yenə də belə desək “bərkgedən” mövqelərini əldə saxlayırlar. Son zamanlar xeyli zəifləsələr də.

Yeni sakinlər isə əyaləti, kəndi özləriylə Bakıya gətirdilər. Provinsiallığı bir kənara qoymağı əslini danmaq kimi qəbul etdilər. Regionçuluq hər sahədə özünü göstərdi. İş (komanda) qurmaqdan tutmuş, həyat yoldaşı seçiminə qədər öncəlik mənsub olduğu regiona verilir. Doğulub-böyüdüyü yerlərdə nə qədər əziyyət çəksə də, Bakıda oranın mikro mühitini yaradır. Şəhəri əxlaqsızlığın mənbəyi saydığından məmləkətinin mini mühitində bundan az və ya çox qorunacağını sanır.

Çevrəsinə yerlilərini yığır, ailəsini dədə-baba adətləri ilə idarə etməyə çalışır, o adətləri keçmişi, mental kimliyi ilə əlaqələndirən yeganə vasitə hesab edir. Yaşadğı şəhəri demək olar sevmir. Məhəllələrində kəsilən ağaca, partlayan su borusuna, qazılan xəndəyə (yarımçıq qoyulan), daraldılan yollara, yararsız yollara görə o qədər də dərindən narahat olmazlar. Nə də olsa gec-tez bu “xaraba”dan çıxıb gedəcəyini düşünərək. Müəyyən qədər qazanıb köçəcəklər dədə-baba yurduna və ömürlərini orada rahat şəkildə sonlandıracaqlar. Qoy şəhər barədə sona qədər burada yaşayacaq olanlar düşünsün.

Ancaq elə düşünməklərinə baxmayın. Sonuna qədər bu şəhərdə olacaqlar. Çıxıb getsələr daha böyük şəhərlərə və ölkələrə gedəcəklər. Kəndlərinə heç vaxt qayıtmayacaqlar. Çünki o yerlərə nifrətləri var. Doğru-düzgün uşaqlıqları, gənclikləri olmayıb. Boz, yeknəsəq əyalət mühiti xərcləyib ömürlərini. Sadəcə şəhərdə darıxanda xatırlamağa bir yer kimi saxlayırlar.

Bu cür düşünən insanlar da Bakıya rəhbərlik edirlər. Hacıbala Abutalıbovdan tutmuş, qəsəbə bələdiyyələrinə qədər. Əllərindən gəldiyi qədər Bakının anasını ağlatmaqla məşğuldular. Elə bil bu şəhərlə qan düşmənçilikləri var. Nəyi alıb-vermədiklərini heç bəlkə özləri də bilmirlər.

Azərbaycan ədəbiyyatında şəhər mövzusu çox cüzidi. Yazar və şairlərin yazdıqlarında mütləq kənd, aqrarlıq var. Vaxtilə mal-heyvan otarmaqdan, zığ-palçıqdan canını qurtarmaq üçün gece-gündüz oxuyub ali məktəbə daxil olan, bitirdikdən sonra var gücü ilə şəhərlərdə ilişib qalan yazar və şairlər kəndlərini də çantalarına qoyub şəhərə gətirdilər. Azərbaycan ədəbiyyatında şəhər motivlərini bir tək Rüstəm İbrahimbəyovda gördüm. Qalanları uşaqlıq və yeniyetməlik dövlərini yazmaqla məşğul olublar.

Şəhərli olmağı əxlaqsız olmaqla eyniləşdirənlər də az deyil. Şəhərdə yaşayan qadınlar kişilərlə əyalətdəki həmcinslərinə nisbətən sərbəstdilər. Ancaq bu sərbəstlik məişət pozğunluğu kimi yozulur.

Dəfələrlə şahidi olmuşam ki rayonda daha sərbəst, daha rahat qadınlar həmin an “fahişə” damğası yeyir. Subay vaxtlarımda dəfələrlə “şəhərdən qız alma, onlara güvənmək olmaz” deyilib. Şəhərin öz qanunları var. Ən başda gələni birgə yaşayışdı. Yəni insanlar daha sıx, daha iç-içə yaşadıqları üçün bir-birilərinə daha alicənab, daha dözümlü yanaşmağa məcburdular. Şəhərdə yaşayıb da uzaqdan kimisə səsləmək artıq başqalarını narahat etmək deməkdi. Eyvandan və ya pəncərədən zibil atmaq ən böyük əxlaqsızlıqdı şəhər kültürünə görə. Səndən başqa da yaşayanlar var axı.

Şəhərli olmaq əyalətçilikdən imtinadır. Bir növ “beynəlmiləlçilik”dir. Yaşadığın şəhəri sevmək, onun daha da rahat, təmiz və gözəl olmasına çalışmaqdır. Şəhərli olmaq alicənab, kübar, mehriban davranmaqdır. Səsin tonu alçalır, davranışlar ətraf insanlara görə nizamlanır.

P.S. Kəndi təhqir etmək fikrim yoxdu. Valideynlərim kənddə doğulub böyüyüblər, oralarda xeyli qohumlarım var. Ancaq mən həyatımı şəhərdə gördüyüm üçün kənddən yaxşı mənada imtina etmək istəyirəm. Ancaq yenə də kənd yerində gözəldir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG