Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:56

Beynəlxalq qurumlar Rəsul Cəfərova məhkəmə hökmünü pisləyir


Rəsul Cəfərov (arxiv fotosu)
Rəsul Cəfərov (arxiv fotosu)

-

“Biz tanınmış insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən dərin narahatlıq hissi keçiririk”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf aprelin 16-da bildirib.

“İnsan Haqları Klubunun təsisçisi və sədri olan Cəfərovun ötən ilin avqustunda həbsi insan haqları fəallarına geniş təzyiqlərin bir hissəsi idi. Onun məhkum edilməsi Azərbaycanda demokratik inkişafda bir daha geriləməni göstərir. Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə, vətəndaşlarının hüquqlarına hörmət göstərməyə çağırırıq. İlk addım kimi cənab Cəfərovu və fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış digərlərini buraxmağa çağırırıq. Bu, ölkənin uzun müddətli sabitliyini və ikitərəfli münasibətimizi gücləndirər”.

HUMAN RIGHTS WATCH​ HÖKMÜ PISLƏYIR

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı ictimai fəal Rəsul Cəfərova 6 il yarım həbs cəzası kəsilməsini pisləyən bəyanat yayıb.

Aprelin 16-da məhkəmə Cəfərovu qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və saxtakarlıqda təqsirli bilərək barəsində hökm çıxarıb.

Human Rights Watch bildirir ki, bu hökm hökumətin müstəqil səslərə amansız təzyiqinin göstəricisidir. “Hakimiyyət dərhal Cəfərovu azad etməli və ona qarşı siyasi motivli hökmü ləğv etməlidir. Hakimiyyət həmçinin ölkədə insan haqları icmasının təqibini dayandırmalı və insan haqları qruplarının azad hərəkətinə imkan verməlidir”.

“Rəsul Cəfərova qarşı məhkəmə hökmü dəhşətli ədalətsizlik hərəkətidir,” Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib. “Cəfərov Azərbaycanda siyasi motivli təqiblərin ən nüfuzlu və açıq tənqidçisi idi, indi isə özü bu təqibin qurbanına çevrildi. Şübhə yoxdur ki, Cəfərova qarşı hökm hökumətin ölkədə tənqidi səslərin kökünü kəsmək cəhdlərinin bir hissəsidir”.

FREEDOM HOUSE BOYKOTA ÇAĞIRIR

Amnesty International, Freedom House hüquq-müdafiə təşkilatları da Rəsul Cəfərovun məhkum edilməsini pisləyib.

“Hazırda Azərbaycanda azı 20 vicdan məhbusu var. Rəsul Cəfərov da daxil olmaqla, bütün vicdan məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır,” Amnesty International bildirir.

Freedom House təşkilatının Avrasiya proqramları üzrə direktoru Susan Corke Cəfərovun siyasi motivlərlə həbsini pisləyib: “Onlar insan haqları fəalları və jurnalistlərə qarşı saxta ittihamlar əsasında bir təqib nümunəsi yaradıblar. Biz Avropa liderlərini iyunun 2-də Avropa Oyunlarının açılşına qatılmamaqla Azərbaycanın hərəkətlərini pisləməyə çağırırıq”.

İSABEL SANTOS: "BU, AZƏRBAYCANDA TƏK HAL DEYIL"

ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və hümanitar məsələlər üzrə komitəsinin sədri İsabel Santos Azərbaycanda hüquq ​müdafiəçisi Rəsul Cəfərovun 6 ay yarım həbs cəzasına məhkum edilməsini pisləyib.

O, beynəlxalq aləmi Cəfərovu vicdan məhbusu kimi tanımağa çağırıb.

Isabel Santos
Isabel Santos

Santos bəyanatında bildirir ki, ötən il Azərbaycanda ən tanınmış hüquq müdafiəçiləri, vətəndaş azadlığı müdafiəçiləri hakimiyyət tərəfindən aramsız hücumlara məruz qalıb və bu gün Rəsul Cəfərovun qondarma, saxta ittihamlarla həbsi bunun davamıdır.

"Və artıq hamımız etiraf etməliyik ki, o, vicdan məhbusudur və təəssüf ki, bu, bu gün Azərbaycanda tək hal deyil," deyə Santos bildirir.

Santos bundan əvvəl hüquq müdafiəçisi Rəsul Cəfərov və həbsdə olan digər hüquq müdafiəçiləri və jurnalistlərə baş çəkmək üçün dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət etsə də, bu günədək cavab almayıb.

Santos bir daha insan haqları və demokratiya məsələlərində Azərbaycan hakimiyyəti ilə açıq dialoqa hazır olduğunu bildirir.

Qeyd edək ki, «Amnesty International» hüquq-müdafiə təşkilatı Rəsul Cəfərovu «vicdan məhbusu» kimi tanıyıb.

DUNJA MIJATOVIĆDA BƏYANAT VERDI

«Rəsul Cəfərov barəsindəki ədalətsiz hökm Azərbaycan həbsxanalarında əsassız olaraq cəza çəkən jurnalistlərin və hüquq müdafiəçilərinin sayını artırıb».

Dunja Mijatovic
Dunja Mijatovic

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović-in bəyanatında belə deyilir.

Bəyanatda deyilir ki, «Azərbaycanda fundamental insan haqları və tənqidi səslər sistemli və geniş şəkildə pozulur».

Dunja Mijatović bildirib ki, yaxınlarda onları narahat edən bu məsələlərin həlli məqsədilə Bakıya səfər etmək niyyətindədir.

«Təəssüf ki, əvvəllər dövlət orqanları onlarla görüşlər zamanı etdiyim çoxsaylı müraciətlərə məhəl qoymayıblar. Buna baxmayaraq, Azərbaycanla konstruktiv dialoq axtarışını davam etdirməliyəm».

XS
SM
MD
LG