Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:04

Həbsxanalarda da «qiymətlər» artıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Gözlə

No media source currently available

0:00 0:04:28 0:00
Direct-ə keçid

«Dollar qalxandan indi həbsxana yolu da bahalanıb. Özü də yol deyəndə, təkcə taksiyə verdiyim pulu demirəm, elə hər şey bahalaşıb. Alıb apardıqlarımın da qiyməti 1 manat, 2 manat da olsa bahalaşıb, yolpulu da. İçəridəki də deyir «dollar gətir, dollar istəyirlər»…».

Səkinə Əliyeva deyir ki, 3 ildir xuliqanlığa görə həbsdə yatan oğlunun yanına gedir. Bu illər ərzində var-yoxdan çıxıb. Deyir, hesablayıb, 3 ildə oğluna azı 5 min manat pul aparıb: «Hələ mən kasıbam, az vermişəm. Verməyim, neyləyim? Orda hər şey pulladır, yemək də, siqaret də, hamam da, dərman da. Dollar qalxandan da daha çox istəyir. Onlar ondan istəyir, o da məndən».

HƏBSDƏ PULSUZ HEÇ NƏ YOXDUR

Manatın ucuzlaşmasından sonra cəzaçəkmə yerlərində qiymətlərin qalxmasını keçmiş məhbuslar da təsdiqləyir. Prezidentin əfv fərmanı ilə azadlığa çıxan Orxan Eyyubzadə deyir ki, həbsdə pulsuz heç nə yoxdur:

«Manat ucuzlaşanda dustaqlar da çox kədərlənmişdilər. Çünki həbsxana şəraiti elədir ki, mənim digər kameralara da barter məsələm olur. Mənim siqaretim, qəndim yoxdursa, mən onlardan istəyirəm, onların yoxdursa, onlar məndən istəyir. Manat ucuzlaşandan sonra bizim olduğumuz korpusda siqaret tükəndi. 5 manat verib 7 qutu siqaret alırdıqsa, 5 manat 50 qəpik verib 5 qutu siqaret alırdıq. Oranın mağazasında da monopoliyadır. Çöldə 90 qəpiyə satılan siqaret orda 1 manat 10, 1 manat 20 qəpiyədir».

Yenicə azadlığa çıxmış keçmiş məhbus Tahir Salmanov da deyir ki, həbsxanada bütün xidmətlərin öz haqqı var:

«Dollar qalxandan sonra yavaş-yavaş onların da üstünə əlavələr gəlirdi».

SİQARET 40-50, ƏRZAQ 30-40 QƏPİK ARTIB

Son əfv fərmanı ilə azadlığa çıxan Bəşir Süleymanlı deyir ki, o, saxlandığı 2 saylı cəzaçəkmə yerində rüşvət verməyib. Ancaq manat ucuzlaşandan sonra həbs yerindəki mağazada qiymət artımının şahidi olub:

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

«Hər yerdə qiymətlər qalxanda orda da qalxmışdı. İçəridəki mağazada siqaret, bəzi ərzaq məhsullarının, qeyr-ərzaq məhsullarının qiyməti qalxmışdı. Mən özüm siqaret çəkmirdim, ancaq ətrafımdakılar narazılıq edirdilər ki, siqaretdə 40-50 qəpik artım olub. Şəkər tozu, ya da başqa ərzaq məhsullarında da 40-50 qəpik artım olmuşdu, bəzilərində 30 qəpik».

HÜQUQ MÜDAFİƏÇİSİ: «YENİ ARTIMLAR NÖVBƏTİ HESABATDA ƏKS OLUNACAQ»

Elə «Siyasi Məhbuslarsız Azərbaycan» təşkilatının 6 ay əvvəl yayılmış hesabatında deyilirdi ki, məhbuslara verilən yeməkdən, görüşdən tutmuş hər şeyin öz qiyməti var. Məsələn, məhbusa sovqat, ya da bağlama göndərmək 5-15, məhbusla görüş 20-100, aşağı çarpayıda yatmaq 150-200, hamamda tək çimmək 5, tibbi müəssisəyə getmək 200-500, uzun müddət görüş almaq 150-300, kompüter otağında oyun oynamağın saatı 5 manatdır və s. Hesabata görə, «içəridəki» mağazalarda qiymətlər adi mağazalardan 4-5 dəfə bahadır.

Təşkilatın koordinatoru Oqtay Gülalıyev deyir ki, manat ucuzlaşandan sonra qiymət artımı haqda onlara da məlumatlar gəlir:

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

«Həbs yerlərində korrupsiya faktları hökm sürür. Bu faktlar və korrupsiyanın səviyyəsi artan xətt üzrə gedir. Ümumiyyətlə, həbs yerlərində bir qayda var ki, qiymətlər məhbusun imkanlarına görə dəyişir. Məhkumun imkanı çoxdursa, ondan çox, azdırsa, az pul tələb edirlər. Bütün hallarda qiymət artımı oradakı qiymətlərə də təsir göstərib. Təbii ki, həmin qiymətlər rəsmi qiymətlər deyil. Bu yaxınlarda da müşahidə etdim, görüşə gələn ərizə üçün pul verirdi, qısamüddətli, uzunmüddətli görüşlərin öz qiyməti var. Bütün qiymətlər də artıb. Bu proses yeni başlayıb, bu haqda məlumatlar alırıq. Yaxın vaxtlarda hazırlayacağımız hesabatda bunu ətraflı göstərəcəyik».

Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətindən isə bildirdilər ki, «bu məlumatlar böhtandır, heç bir rüşvətdən söhbət gedə bilməz».

PREZİDENTƏ DƏ YAZMIŞDILAR

Cəzaçəkmə yerlərində korrupsiya faktları ilə bağlı ara-sıra məhbusların da müraciətləri olur. İki il əvvəl 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbus bununla bağlı prezident İlham Əliyevə də məktub göndərmişdi.

Həmin məktubdaməhbuslar yazırdı ki, «işləməmək üçün 300 manat, 14 günədək tək qalması nəzərdə tutulan karantindən vaxtından əvvəl çıxıb baraka yerləşmək üçün 250- 300 manat rüşvət verməlisən. Yaşayış barakında aşağı yarusda çarpayıda yatmaq üçün 200 manat rüşvət ödəməlisən. Yaxınlarınla telefon əlaqəsi yaratmaq üçün qısa zəngə 5 manat ödəməlisən. Ancaq danışmaq üçün hər dəqiqəyə 1 manat ödəməlisən. Həftədə bir dəfə telefonla danışmaq nəzərdə tutulsa da, rüşvət hesabına istədiyin qədər və hər gün danışa bilərsən» və s.

Penitensiar Xidmət həmin məktubda yazılanları da «yalan» adlandırmışdı.

XS
SM
MD
LG