Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:40

Siyasi məhbuslar Avropa Oyunlarını boykot etməyə hazırlaşırlar


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azadlıq» qəzeti yazır ki, hazırda həbsdə olan siyasi məhbuslar Avropa Oyunlarını boykot etmək məsələsində razılığa gəliblər:

«13-cü kolon və digər cəzaçəkmə müəssisələrində istintaqı başa çatmış, hökmü verilmiş məhbuslar Avropa Oyunlarına 10 gün qalmış aclıq aksiyası keçirəcəklər. Məlumatda bildirilir ki, bu aksiya əvvəlkilərdən fərqlənəcək və bütün dünyaya səs salacaq. Məhbusların konkret olaraq nə planlaşdırdıqları deyilmir. Amma orijinal bir boykot aksiyası keçirəcəkləri deyilir.

Məhbuslar hesab edirlər ki, insanların şərlənərək həbs olunduğu, müstəqil məhkəmənin olmadığı, həbsxanalarda bütün problemlərin pulla həll edildiyi bir reallıqda Avropa Oyunları keçirmək absurddur. Onlar bu aksiya ilə tələb edəcəklər ki, hakimiyyət öz vətəndaşına da hörmətlə yanaşsın və ölkənin sərvətlərini talan etməsin.

Məlumat verən mənbə bildirir ki, müxtəlif həbsxanalarda olan məhbuslar öz aralarında razılıq əldə ediblər və eyni vaxtda aclıq aksiyasına başlayaraq prosesi davam etdirəcəklər».

MİNSK QRUPUNUN «BEŞLİK FORMATI»

«Yeni Müsavat» qəzeti ATƏT-in Minsk Qrupunun «Beşlik formatı»ndan yazır. Qəzet yazır ki, saxta erməni «soyqırımı»nın yubiley mərasimi ilə bağlı Yerevana 4 ölkə başçısı - Fransa, Rusiya, Serbiya və cənubi Kipr rəhbərləri gedir ki, bu ölkələrdən də ikisi Qarabağ probleminin dinc yolla nizamlanması üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləridir:

«Göründüyü kimi, bu iki vasitəçi ölkənin rəhbəri qondarma yubileylə Türkiyəyə qarşı torpaq və ciddi təzminat davası açmaq istəyən, Azərbaycan ərazilərinin işğalına isə haqq qazandırmağa çalışan ölkəyə - Ermənistana səfər etməklə Qarabağa məsələsində də qərəzli olduqlarını bir daha ortaya qoymuş olurlar.

Parisdə Qarabağ danışıqları – 27 oktyabr 2014
Parisdə Qarabağ danışıqları – 27 oktyabr 2014

Üçüncü həmsədr ölkənin - ABŞ-ın 24 aprel «yubileyi»nə yanaşması daha məqbul sayıla bilər ki, bu da əfsus ki, vasitəçilikdə balans, ədalətli münsiflik yaratmaq baxımından yetərli hesab oluna bilməz. Bəs nə etməli? Cavab sadədir: ya 21 ildir danışıqlarla heç bir uğura imza ata bilməmiş Minsk Qrupu tarixin arxivinə verilməli, ya da onun işini canlandırmaq üçün vasitəçilik institutunda keyfiyyət dəyişikliyi aparılmalıdır. Bu isə Türkiyə və Almaniya həmsədrliyə gətirilməklə («Beşlik formatı») mümkündür».

Qəzet yazır ki, Almaniyanın həmsədrliyə gətirilməsi dövrün imperatividir. Bu ideya («Beşlik formatı») indi təkcə Azərbaycanda yox, yavaş-yavaş Qərbdə də dəstək qazanmaqdadır.

MƏNZİLLƏRİN ÜZÜ YUXARI GEDƏN QİYMƏTLƏRİ

«Bizim yol» qəzeti mənzil bazarındakı bahalaşmadan yazır. Qəzetin əməkdaşı mənzil bazarını araşdırdığı zaman son bir ildə təklif olunan birotaqlı mənzillərin qiymətində böyük dəyişikliyin şahidi olub:

«Əmlak mütəxəssisləri adətən qiymət artımını faizlə ifadə edirlər, amma reallıqda görünən budur ki, artım kiçik rəqəmlərlə ölçülmür. Ən azından birotaqlı mənzillər üçün. Məsələn, keçən il və hətta manatın devalvasiyasından az əvvəl də bazarda 25-30 min manata birotaqlı mənzillər təklif olunurdu. Bəzən bu qiymətə ikiotaqlı mənzilə də rast gəlmək mümkün idi.

Keçən il bu vaxt apardığımız araşdırma zamanı məlum olmuşdu ki, Yasamalda «pod mayak» ikiotaqlı həyət evi 20 min manata satılır. Hazırda müşahidələr belə rəqəmlərin demək olar ki, yoxa çıxdığını göstərir. Bir və ikiotaqlı mənzillərdə ortalama qiymət 80-100 min dollar arasındadır. Ən ucuz mənzil 55-60 min manatdan başlayır, həm də belələri 5-6-cı zonalarda təklif olunur. Mərkəzdə əlçatan qiymətə ev tapmaq mümkün deyil, bahalı təkliflər sayca üstünlük təşkil edir».

Siyavuş Novruzov
Siyavuş Novruzov

SİYAVUŞ NOVRUZOV: «SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR» HƏR FÜRSƏTDƏ AZƏRBAYCANA LƏKƏ ATMAĞA ÇALIŞIR»

«Müəyyən dairələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlar. Təbii ki, burada erməni izi də var. Erməni lobbisi və onun təsirində olan dairələr, «sapı özümüzdən olan baltalar» hər fürsətdə Azərbaycana ləkə atmağa çalışır. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki xalqımız Prezidentimizin ətrafında sıx birləşib. Cəmiyyətimiz belə kampaniyaların hansı səbəblərdən qaynaqlandığını yaxşı bilir. Bununla belə, bu məsələlərlə əlaqədar əhali arasında təbliğat işi davam etməlidir. Bu proseslərdə YAP-ın fəalları aktivlik nümayiş etdirirlər. Hər bir kəs prinsipal məsələlərdə öz mövqeyini ortaya qoymalıdır».

Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, Azərbaycan dünyada böyük nüfuz sahibidir. Bir çox dünya səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi də bu nüfuzun göstəricisidir.

XS
SM
MD
LG