Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:41

1915-ci il olayını kim necə adlandırır?


Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı 1915-ci il qırğınlarına həsr edilmiş muzeydə olub
Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı 1915-ci il qırğınlarına həsr edilmiş muzeydə olub

-

Bir çoxu həmin olayı 20-ci əsrin ilk «soyqırımı» adlandırır. Bəziləri də «soyqırım» (genosid) sözünün heç «S» (“G”) hərfini dilə gətirməmək üçün əzablı yollardan çəkinmir. Aşağıda Osmanlı imperiyası dönəmində ermənilərin kütləvi qırğın və deportasiyası haqqında kimlərin nə dediyinə göz ataq.

Ermənilər, elə başqaları da Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasının şərqində 1,5 milyon erməninin kütləvi qətli və sürgünüylə bitən olayların 20-ci əsrin ilk «soyqırımı» olduğuna şübhə etmirlər.

Amma 100 il sonra bu termindən istifadə edib-etməmək üzücü siyasi əndişələr doğurur.

Bir zamanlar ermənilərin çoxluq təşkil etdiyi və yaşadığı ərazilərlə bağlı Türkiyənin etirafı var. Bu ölkə etiraf edir ki, o zamanlar və əsasən, xristian qrup arasında ağır itkilər baş verib. Amma Türkiyə onu da deyir ki, Osmanlı imperiyası heç də xristian azlıqların məhvinə can atmayıb və o vaxt yüz minlərlə müsəlman türk də müharibədə qəddarcasına öldürülüb.

Hər dəfə «soyqırımın ildönümü» gələrkən, beynəlxalq tərəfdaşlardan hansısa «genosid» sözünü işlədərkən, Türkiyə qəzəblənir. Elə bu günlərdə - Papa Francis kütləvi qırğınları soyqırım adlandırandan sonra da, Türkiyə Vatikandakı səfirini geri çağırdı.

Dünyanın, azı, 23 ölkəsi 1915 ilin 24 Aprel olaylarını «soyqırımı» adlandırır

Bu ölkələr arasında Ermənistan, Avstriya, Belçika, Boliviya, Kanada və Çilinin, Kipr (yunan Kipri-red.), Fransa, Yunanıstan, İtaliya və Litvanın, Hollandiya, Polşa, Rusiya və Slovakiyanın, İsveç, İsveçrə, Uruqvay və Venesuelanın adlarını çəkmək olar.

Türkiyənin ticarət tərəfdaşı olan Almaniya hökuməti də ilk dəfə bildirib ki, «soyqırımı cinayətlərini parlament qətnaməsi ilə dəstəkləyəcək».

Avropa Parlamenti 1987-ci ildə 1915-ci il olaylarını «soyqırımı» kimi tanımağa səs vermişdi. Qurum bu ilin aprelində də qeyri-məcburi qətnamə qəbul etməklə Türkiyəni qəzəbləndirib. Avropa Parlamenti həmin qətnamədə Türkiyəni «soyqırımı» tanımağa və Ermənistanla əlaqələri normallaşdırmağa çağırıb. Türkiyə prezidenti Recep Tayyip Erdogan həmin çağırışı «bu qulaqdan girib o birindən çıxan» mənasız sənəd adlandırıb.

Avropanın 4 ölkəsində «erməni genosidi»​ni inkar etmək qanunla qadağandır

İsveçrə, Kipr, Slovakiya və Yunanıstan qanunvericiliyinə salıb ki, «erməni soyqırımını»ni inkar etmək olmaz, bunun cəzası var. Ancaq Avropa Məhkəməsi 2013-cü ildə qəbul etdiyi bir qərarda göstərmişdi ki, ermənilərin öldürülməsi ilə bağlı hələ də «ziddiyyətli müzakirələr» gedir. Həmin qərar İsveçə səfərə gəlmiş və «soyqırımını» inkar etdiyi üçün yerli məhkəmədə cərimə olunmuş bir Türkiyə siyasətçi haqqında idi.

2012-ci ildə Fransanın Konstitusiya Məhkəməsi də «erməni soyqırımı»nın inkarını cinayət sayan qanunu tənqid etmişdi.

ABŞ «soyqırımı» yox, «böyük bədbəxtlik» deyir

Barack Obama
Barack Obama

ABŞ prezidenti Barack Obama dövlət başçılığına namizədlik dönəmində sözügedən qırğını «soyqırımı» adlandırmışdı. Amma daha sonra o da öz sələfləri kimi bu termini işlətməkdən qaçıb və «böyük bədbəxtlik» ifadəsinə üstünlük verib.

Daha öncə - 2007 və 2010-cu illərdə də prezidentlər - George W. Bush və Obama Türkiyənin basqısıyla Nümayəndələr Palatasını Birinci Dünya Müharibəsi hadisələrini «soyqırım» kimi tanımaqdan çəkindirə bilmişdi.

BMT rəhbəri «vəhşi cinayət»​ ifadəsini işlətdi

Papa Francis qırğınları «soyqırım» adlandırandan sonra BMT-nin baş katibi Ban Ki-moon sözügedən olayı «vəhşi cinayət» kimi səciyyələndirib.

Beynəlxalq miqyaslı cinayətləri açıqlayarkən, 3 sözdən istifadə edilir: soyqırım, insanlıq əleyhinə cinayət və savaş cinayəti.

BMT sözçüsü Stephane Dujarric-in fikrincə, bu qurumun baş katibi 1915-ci ildə baş verənlərlə bağlı tam məlumatlıdır.

Türkiyə «ümumi zorakılıq»​ deyir

Türkiyədə 1915-ci il hadisələri qətliam, məcburi köçürülmə - sürgün kimi açıqlanır. Vaxtaşırı istifadə edilən «mükatele» sözü də «qarşılıqlı qətllər» və ya «ümumi zorakılıq» mənasına gəlir.

Etyen Mahcupian
Etyen Mahcupian

Türkiyə qanunvericiliyində «türk xalqının» təhqir olunması cinayət sayılır. Əvvəllər kütləvi qırğınlarda türkləri günahlandan Türkiyə vətəndaşları həmin qanunla mühakimə olunublar. Ancaq baş nazir Ahmet Davutoglunun Türkiyə-Ermənistan üzrə məsləhətçisi Etyen Mahcupyan (keçmiş məsləhətçisi – red.) «Al Jazeera»ya aprel ayındakı müsahibəsində deyib ki, belə faktlar o qədər də çox deyil.

Bununla belə, 1915-ci il olaylarında bütövlükdə türk xalqını suçlamaq hələ də təhlükəli sayıla bilər. Məsələn, 2007-ci ildə erməniəsilli Türkiyə vətəndaşı Hrant Dink öldürülüb. O, «soyqırım» iddiasıyla yazılan çoxsaylı məqalə müəlliflərindən olub.

Nobel mükafatçıcı Orhan Pamuk 2008-ci ildə qırğınlarda türklərin rolunu olduğunu söyləyəndən sonra ona sui-qəsd hazırlayan 13 nəfər həbs edilmişdi.

Türkcə «soyqırım» kəlməsi başqa etnik təmizləmələr üçün işlədilir. Türkiyə bəzi etnik təmizləmələr üçün «soyqırımı» terminini işlədir. Məsələn, «Holokost»u, Ruanda olaylarını, eləcə də serblərin Bosniyada törətdıiyi cinayətləri soyqırım adlandırır.

Bakı «soyqırımı» ifadəsinə istehzayla yanaşır

Əli Həsənov
Əli Həsənov

Bakı «soyqırımı» kəlməsini rədd edir. Qarabağ münaqişəsi uzun illərdir ki, Azərbaycanla Ermənistan arasında qanlı mübahisəyə çevrilib. Beynəlxalq aləmin Azərbaycanın ərazisi kimi tanıdığı yerlərin bir hissəsinə indi Ermənistan nəzarət edir.

1915-ci il hadisələri Azərbaycanda nadir hallarda müzakirəyə çıxarılır və burada «soyqırımı» sözünü acı təbəssümlə qarşılayırlar.

Məsələn, baş nazirin müavini Əli Həsənov Avropa Parlamentinin qərarını tənqid atəşinə tutaraq, «erməni soyqırımı»nı uydurma adlandırıb.

Amerika mətbuatında yalnız «New York Times»​ «soyqırımı»​ ifadəsini işlədir

«The New York Times» əvvəllər də sözügedən faciədən yazıb və hələ «genosid» (soyqırımı) anlayışı olmadığından, «türklər əhalinin başdan-başa kökünü kəsməkdə günahlandırılır» kimi sözlərdən yararlanıb. Ancaq artıq 11 ildir ki, qəzet 1915-ci il olaylarına münasibətdə «soyqırım» kəlməsindən gen-bol istifadə edir.

«The Los Angeles Times» və «The Boston Globe» da, zaman-zaman, bu terminə üz tutur. Reuters, BBC, RFE/RL isə «genosid» (soyqırımı) sözündən yararlanmır.

Ermənistanda aydındır: «Bu, genosiddir»​

Ermənilər beynəlxalq ictimaiyyəti inandırmaq üçün uzun illərdir ki, mübarizə aparırlar.

Onlar yorulmadan yəhudiəsilli Polşalı vəkil Raphael Lemkin-in sözlərinə istinad edirlər. Faşist Almaniyası Polşanı tutandan sonra həmin vəkil ABŞ-a köçmüşdü. Müsahibələrinin birində məhz o, ilk dəfə bu termini işlətmişdi. 1949-cu ildə verdiyi müsahibəsində Lemkin demişdi: «Mən genosidlə maraqlanıram, çünki bu, dəfələrlə olub. Bu, ermənilərə qarşı baş verib, sonra Hitler də bu hərəkəti təkrarladı».

Obama-nın 1915-ci il hadisələrinin 100-cü ildönümündə «soyqırım» kəlməsini işlətməməsi bəzilərini hiddətləndirib.

Amerika Erməniləri Milli Komitəsinin icraçı direktoru Aram Hamparian AzadlıqRadiosuna müsahibəsində deyir ki, ABŞ «erməni genosidi»nə dair siyasətinə Türkiyə prezidentinə görə qiymət verir: «Onlara (yəni Türkiyə hökumətinə - red.) icazə vermişik ki, bizə insan haqları ilə bağlı nəyi deyib, nəyi deyə bilməyəcəyimizi diktə eləsinlər».

XS
SM
MD
LG