Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:32

Kişi adına ən layiq mügənni - Samir Bağırov


Günel Mövlud
Günel Mövlud

-

Mənim nəzərimdə bizim yerli şou, musiqi, sənət sahəsində bircə nəfər belə kişi var – Samir Bağırov...

Günel Mövlud

SAMİR BAĞIROVUN PORTRETİ

Kişi adına ən layiq mügənni

Uzun illər Samir Bağırovu bir şəxsiyyət kimi aça bilməmişəm.

Çox gənc vaxtlarımda, formanı məzmundan daha tez qavrayıb, məzmundan daha üstün tutduğum vaxtlarda ona qarşı münasibətim yumşaq dillə desək, ironik olub.

Paltarları, səhnə hərəkətləri, imici, saç düzümü, bir sözlə, görüntüsü məni aldadıb. Onun barəsində yüngülməcaz, boş adam kimi fikirləşmişəm.

Amma insan yaşlanır. Həyat, gördükləri, yaşadıqları, oxuduqları, öyrəndikləri insanı böyüdür, onun hər şeyə və hər kəsə baxışlarını dəyişir. Yavaş-yavaş ağı qaradan ayırmağa başlayırsan. Hamısı bu deyil. Yaşadığın ölkədə də bəzən nə qədər sarsıdıcı şeylər baş verir. İnsanlar sənin gözünün önündə dəyişir. Ciddi insanların şoumenlərə çevrildiyini görürsən. Vətənpərvərlərin dəllala, 3 il efirdə əli avtomatlı, hərbi paltarda gördüyün müharibə iştirakçısının verilişdə “mən bir mahnı da oxuyum daa” deyən ara müğənnisinə çevrilməyinin şahidi olursan.

“Qaçaq Nəbi” filmini çəkən rejissorun meyxana yarışmasında münsifə çevrilməyini görürsən. Alimin, hüquqşünasın saçyoldu şoularında ekspert qismində çıxış elədiyini görürsən. “Sən heç haqsızlıq qarşısında susdunmu, dostum?!” deyə mahnı oxuyan, az qala dissident elan edilən müğənninin haqsızlıq önündə selfi çəkdirdiyini görürsən.

Ağsaqqal el aşığının efirdə gənc rəqqasəni saz musiqisinə rəsq etdiyinə görə təhqir etdiyini, səhəri gün o rəqqasənin sahibinin kim olduğunu anlayıb, yalvara-yalvara üzr istəməyini görürsən. Daha nələr, nələr.

Hər şeyə baxışların dəyişir. Dəyərlər sistemi ilk gənclik illərindəkindən çox fərqli olur, sən tamam başqa nüanslara baxır, tamam başqa məziyyətləri dəyərləndirir, tamam başqa hərəkətləri, addımları ləyaqət göstəricisi kimi qəbul edirsən.

Ilahi, Samir Bağırov məsələsində mən nə qədər yanılmışam?! Son on, on beş il ərzində gözümüzün önündə dəyişən, sırtıqlaşan, şoulaşan televiziya onun əzmini qıra bilmədi. Yaltaqlıq, bayağılıq, şitlik ocağına çevrilən efirlər ondan meymun düzəldə bimədilər. O, kiminsə arvadının xəyanətini, kiminsə qızının kiməsə qoşulub qaçmağını, kiminsə kiməsə pul atmasını müzakirə mövzusu edən verilişlərə qonaq, ekspert, iştirakçı qismində çıxmadı. Prezidenti, daxili və xarici siyasətimizi mədh edən mahnılar oxumadı, Ümumdaxili məhsula meyxana yazmadı, meyxana yarışmasında münsif olmadı. Gündəmdə qalmaq üçün ən iyrənc, ən ucuz yollara əl atmadı, efirdə qadın döymədi, söyüş söymədi, bu gün rəqqasəni təhqir edib, sabah ondan üzr istəmədi. Milli mentalitetdən, milli dəyərlərdən danışmadı, vətən, millət, xalq sözlərini alverə çevirmədi.

O heç vaxt gündəm xəstəsi olmadı. Gündəm üçün iyrəncliklərə əl atmadı. Bayağılığa, məişət mövzularına “yox” dedi. Arabir qonaq olduğu verilişlərdə aparıcılar tərbiyəsizcəsinə onun orientasiyası barədə iyrənc atmacalar atanda, o mədəni, nəzakətli şəkildə gülümsədi. Efirdə aparıcıya da, qonaqlara da daima “siz” deyə müraciət elədi. Nə olursa-olsun, heç vaxt kobudluğa yol vermədi, qabalıq etmədi, nəzakətini, təmkinini pozmadı. Efirlər öz ucuzluqlarından, bayağılıqlarından əl çəkməyəndə, o da öz mədəniliyindən, nəzakətindən, təmkinindən əl çəkmədi.

Azərbaycanda bir kişi anlayışı var. Bu kişi anlayışı olduqca müsbət anlamdadır. Bu azərbaycanlı kişisi yüngül deyil, abırlı, həyalı adamdır. Bu Azərbaycan kişisi heç vaxt yaltaqlanmaz. Heç vaxt məddahlıq eləməz. Pullu adamlara yarınmaz. Özündən zəifi əzməz. Yüngüllükdən, bayağılıqdan uzaq olar. Heç vaxt şöhrət, pul əsiri olmaz. Abrını, həyasını həmişə gözləyər. Söhbət belə görünüb, əslində saxta, yalançı olanlardan getmir. Söhbət “bizim milli mentalitetimiz var” deyib, qızla oğlanı otelə buraxmayan, amma prokuror zəng edən kimi, o qızla oğlana otağın açarların verib “gedin, kef edin, cavansınız” deyən otel sahibindən getmir. Söhbət kişiliyi, milliliyi, milli dəyərləri alverə çevirib, sərf edəndə tapınan, sərf eləməyəndə bu dəyərləri iki manata satan alverçilərdən getmir. Söhbət sözün əsl mənasında, yaxşı, abırlı, ləyaqətli Azərbaycan kişisindən gedir.

Bax, mənim nəzərimdə bizim yerli şou, musiqi, sənət sahəsində bircə nəfər belə kişi var – Samir Bağırov...

(Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir)

XS
SM
MD
LG