Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:32

Fərəc Kərimlinin atası: «Son çıxışından sonra oğluma təzyiqlər edilir»


Fərəc Kərimli
Fərəc Kərimli

-

Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında təzyiqlərlə üzləşir. Bunu AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli deyib.

Vəkilin dediyinə görə, Fərəc Kərimlinin məhkəmədəki çıxışından sonra onu şəraiti pis olan digər kameraya köçürüblər. Buna kimi o, qardaşı Siracla eyni kamerada saxlanırdı. Ailəsi ilə açıq görüşləri də qadağan ediblər, indi o, yaxınlarını yalnız şüşə arxasından görə bilir.

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fərəc Kərimliyə hökmün veriləcəyi gözlənir. O, ötən il iyulun 23-də həbs edilib. Ondan bir həftə əvvəl isə qardaşı Sirac Kərimli tutulub.

Hər iki qardaşa qarşı narkotik ittihamı irəli sürülüb. Sirac Kərimliyə 6 il həbs cəzası verilib. Fərəc Kərimliyə isə prokuror 7 il yarım müddətinə həbs istəyib.

Müsavat Partiyası, Kərimovlar ailəsi, o cümlədən bəzi hüquq müdafiəçiləri hər iki qardaşın həbsini onların siyasi fəaliyyəti ilə əlaqələndirir.

Vəkilin dediklərini həbsdə olan qardaşların atası Raqif Kərimli də təsdiqləyir. AzadlıqRadiosuna müsahibəsində Raqif Kərimli bu həbslərin, təzyiqlərin bu ailəni geri çəkilməyə məcbur etməyəcəyini deyir.

- Axırıncı dəfə Fərəc dünən (mayın 4-də- red.) evə zəng edib. Dekabrın 22-dən qardaşı ilə eyni kamerada saxlanırdı, amma Fərəcin məhkəmədəki son çıxışından dərhal sonra onları ayırıblar. Deyiblər ki, «belə olmalıdır». Fərəc deyir ki, aprelin 28-dən sonra ona qəzet də vermirlər. Görüşü də martın 9-dan ləğv etmişdilər. Vəkillərin səyindən sonra bərpa etmək mümkün olmuşdu. Ötən həftəsonu ailəsi görüşə gedib, amma açıq görüşə imkan verilməyib. Uşaqları çox stress yaşayıb, ağlayıblar orada, Fərəc də şüşə arxasından görüşdən imtina edib. Yeməyi də biri üçün qəbul ediblər, o biri üçün yox. Beləcə incidirlər bizi. Əvvəl belə problemlər çıxmırdı, indi yaman gileylənirlər.

- Sabah məhkəmənin Fərəclə bağlı hökm çıxaracağı gözlənilir. Sizin gözləntiniz nədir?

- Düzü, prokurorun Fərəcə daha çox il istəyəcəyini gözləyirdim. Fərəc özü də demişdi ki, 9-10 il cəza istəyəcəklər. Amma prokuror 7 il yarım istədi. Yəqin məhkəmə də il-il yarım azaldıb verər. Sifarişli işdən başqa nə gözləyəsən?

- Bugünədək keçən məhkəmə prosesləri barədə nə deyə bilərsiniz? İttihamlara münasibətiniz necədir?

- Demək olar ki, bütün məhkəmə proseslərində iştirak etmişəm. Heç bir məhkəmə araşdırması deyilən bir şey olmadı. Vəsatətlərin heç biri təmin olunmadı. Şərləyib tutduranlar hamısı şahid kimi dindirildi. Fərəci xəstə anasını həkimə apararkən tutublar, amma sənədlərdə başqa cür yazıblar. Kameralara hər şey düşüb. Amma bütün bunlarla bağlı qaldırılan vəsatətlərə məhəl qoyulmadı. İstintaq necə getmişdisə, məhkəmə də elə oldu.

- Hazırda iki oğlunuz həbsdədir. Bu ailədə nə kimi problemlər yaradır?

- Uşaqlar atalarından ötrü həddən artıq darıxırlar, psixoloji gərginlik yaşanır. Biz isə az-çox alışmışıq artıq. Heç bir günahı olmayan iki övladımı şərləyib içəri atıblar, bundan pis nə ola bilər ki?

- Bundan sonra oğullarınızı Müsavat yolundan çəkindirmək fikriniz var, yoxsa həbslər sizi qorxutmur?

- Yox, özüm də illərdir Müsavat yolu keçmişəm, uşaqlarım da az yaşlarından bu yolu seçiblər. Çəkilməli olsam, elə əvvəldən şərtləri qəbul edib çəkilərdim. Yox, mən həmişə demokratiyanın olmamasına qarşı, hüquqi dövlətin, haqq-ədalətin olması uğrunda mübarizə aparmışam. Nə qədər ömrüm qalıbsa, nə qədər nəfəsim varsa, bundan sonra da mübarizə aparacağam.

AzadlıqRadiosu Fərəc Kərimlinin İstintaq Təcridxanasında təzyiqlərlə üzləşməsi ilə bağlı rəsmi mövqe ala bilməyib. Məsələyə dair hər hansı rəsmi açıqlama olarsa, saytımızda dərc olunacaq.

XS
SM
MD
LG