Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:27

Xədicənin anası: «Hər dəqiqə gözləyirəm onu»


Elmira İsmayılova
Elmira İsmayılova

-

Mayın 5-də AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən 5 ay ötür. Elə həmin gün araşdırmaçı-jurnalist Nyu-Yorkda PEN mükafatına layiq görülür. «Əlbəttə sevinirəm, onun hər aldığı mükafata sevinirəm». Elmira İsmayılova belə deyir, Xədicənin anası. Ancaq həm də darıxdığını deyir, qızı ilə həbsxanada və ya məhkəmədəki görüşlərin yetərli olmadığını söyləyir.

- Elmira xanım, bu gün Xədicənin həbsindən 5 ay ötür. Bu zaman sizin üçün necə keçir?

- Uzun gedir, çox uzun. Öpmək istəyirəm, qucaqlamaq istəyirəm onu. Düzdür, məhkəmədə cəhd etdim, durdum üzündən öpdüm. Amma yenə də yanımda olsa, yaxşıdır. Darıxıram onun üçün.

- Yəni həbsxanada, ya məhkəmədə ünsiyyət yetərli deyil.

- Yox, yox. O, yetərli ola bilər?

- Xədicə necədir? Özü nə deyir sizinlə görüşəndə?

- Gülür, sevinir. Mənə təsəlli verir. «Möhkəm ol! Hər şey yaxşı olacaq. Darıxma» deyir.

- Deyirsiniz ki, Xədicəni öpmək, qucaqlamaq istəyirsiniz, həbsdəki vaxt da uzun gedir. Həsrət sizə güc gələndə, zaman uzandıqca Xədicəni bu yoldan çəkindirmədiyinizə görə özünüzü, ya qızınızı qınayırsınızmı?

- Bir saniyə də. Yox, qınamıram. Mən çox şadam ki, mənim uşağım bu cür təmiz, şəffaf insandır. Mənim üçün o, hər şeydir.

- Elmira xanım, Xədicə bütün mehrini-məhəbbətini sizə salmışdı, sizin ana-bala münasibətiniz bir az fərqliydi, öz müşahidələrimi deyirəm. O, həbsdədir, sizin həyatınız necə davam edir?

- O, yanımda olanda günlər gur keçirdi, tez keçirdi. O, danışırdı, qonaqları gəlirdi, otururduq, söhbət edirdilər, mən də qulaq asırdım. İndi kompyuterdən başqa heç nəyə baş qoşmuram.

- Onda belə çıxır ki, dostlar vəfasızdır, sizi Xədicənin həbsindən sonra tək qoyublar?

- Yox, gəlirlər. Daha çoxu burda yoxdur, gediblər. Arada yoldaşları gəlir, mənə dəyirlər. Xədicənin dostları gələndə sevinirəm, elə bilirəm o da yanımdadır.

- Xədicənin həbsxanadan göndərdiyi yazıları oxuyursunuz?

- Sözsüz.

- Narahat olursunuzmu? Bir var azadlıqda bunu yazasan, bir də var həbsxanadan.

- Düşünürəm ki, gör nə möhkəm adamdır. Gör nə qədər millətini, torpağını sevir ki, həbsxanadan da yazır. Necə çıxarır, necə göndərir, bilmirəm. Amma imkan tapıb onu yollayır. Bu, cəsarətdir.

- Amma narahat olmursunuz?

- Yox. Onlar özləri də bilir ki, düz etmirlər. Ancaq mən narahat deyiləm. Mənim qızım möhkəmdir.

- Gözləntiniz nədir? Sizcə, Xədicəni yaxınlarda buraxa bilərlərmi? Ana ürəyi, intuisiyanız nə deyir?

-Bir həftə keçəndən sonra elə bildim buraxacaqlar. Mən hər dəqiqə gözləyirəm onu. Bunlarda insaf olar... Heç nəyin üstündə həbs ediblər. Turalın da videosunu gördünüz. Buna imkan verənlər buraxa bilər onu?

- Hələlik Xədicə haqda məhkəmə yoxdur. Məhkəmə hökmündən sonra ana kimi övladınızın azadlığa çıxması üçün prezidentə müraciət edə bilərsiniz?

-Heç vaxt! Heç vaxt. Mən gedim yalvarım ki, nahaq yerə mənim qızımı salmısan həbsxanaya, indi onu burax? Onu heç vaxt etmərəm.

- Bu günlərdə araşdırmaçı-jurnalist Don Ray «Xədicəni azad et» yazılmış bir neçə boyunbağı düzəltdirib...

- Mənə də göndərib. Boynumdadır.

- Analar övladlarının əziyyətini, yükünü boynunda daşıyar, ancaq sizə boynunuzda övladınıza azadlıq tələb edən bir boyunbağı daşımaq da qismət oldu. Necə duyğudur bu?

- Mən onu düzəltdirən jurnalisti qucaqladım, öpdüm, dedim: «çox sağ ol». O, bunu öz pulu ilə düzəltdirib, özü də paylayıb. Heç kimdən heç nə istəməyib. Elə indi də boynumdadır o boyunbağı. Yatanda da çıxarmıram.

- Əvvəl də verməli olduğum sualı barı indi verim sizə. Özünüz necəsiniz, Elmira xanım?

- Bir balaca ürəyim ağrıyır. Nəsə son iki-üç gündür ağrıyır. Havadandır, nədir. Türkiyəyə getdim həkimə. İndi evdə müalicə alıram.

Elmira xanımla söhbəti burda bitiririk, daha artıq yormaq istəmirik. O, tələsik özünü toplayıb gümrah səslə hamıya bir ismarış yollayır: «Hər şey yaxşı olacaq. Darıxmayın. Yaman günlər tez keçər».

XS
SM
MD
LG