Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:39

Ya əmək müqaviləsi, ya da sübut...


Arxiv fotosu
Arxiv fotosu

-

Bakı sakini Cəlal Süleymanov "Qaynar xətt"ə şikayət edib ki, Qaradağdakı daş karxanalarından birində uzun müddət traktorçu işləyəndən sonra əmək haqqının böyük hissəsini ödəmədən onu işdən qovublar. Deməsinə görə, onu işə götürmüş Cəfər Ələsgərov adlı iş icraçısı ona azı 2500 manat ödəməlidir. Azı 1 ildir ki, pulunu tələb etsə də, ala bilmir.

"Mən orda təqribən 3 il işlədim. Deyim ki, işim də yüngül deyildi. Elə vaxt olurdu ki, sutkalarla fasiləsiz işləyirdim. Yalnız arada 1-2 saat fasilə edirdim. Bir gün iş icraçısı dedi ki, daha traktorçuya ehtiyac yoxdur, sabahdan işə gəlmə. Həmin vaxta qədər isə mənə 2600 manata qədər borcu yığılmışdı. O pulu ödəməkdən yaxa qurtarmaq üçün məni səbəbsiz işdən qovdu".

Cəlal Süleymanov deyir ki, əmək haqqını gündəlik alıb. Hər iş gününə görə ona 20 manat ödənilib. Son vaxtlar isə iş icraçısı ona sifarişçilərdən pulların yığılmadığını səbəb gətirərək gündəlik zəhməthaqqısını verməyib ki, yığılmış məbləğin hamısını birlikdə ödəyəcək. Günün üstünə gün gəldikcə karxana sahibinin traktorçuya borcu da üst-üstə yığılıb.

"Karyer işləmədiyi günlərdə də işə gedirdim. Danışığımız belə olmuşdu ki, iş olsa da, olmasa da mənim gündəlik haqqımı ödəyəcəklər. Ancaq indi pulumu tələb etməyə adam tapmıram. Heç karxananı işlədən adamı da tanımıram. Mən orda işlədiyim müddətdə yalnız iş icraçısını tanımışam".

Şikayətçinin sözlərinə görə, onunla karxana sahibi arasında əmək müqaviləsi olmayıb.

Cəfər Ələsgərov bildirib ki, daş karxanası fəaliyyətini çoxdan dayandırıb. Nə vatxsa karxanada Cəlal Süleymanov adlı traktorçu işlədiyini isə bizdən eşidir:

- Mən orda işlədiyim müddətdə belə adda adam tanımamışam.

- Karxananın sahibi kim idi?

- Ordan çoxdan çıxmışam, yadımda deyil. Sizi maraqlandıran guya hansısa keçmiş işçinin zəhməthaqqısının ödənilməməsidirsə, orda belə işçi olmayıb".

​Hüquqşünas Əlisahib Qədirli deyir ki, əmək müqaviləsi olmadan işlədiyinə görə keçmiş traktorçuya məhkəmədə həmin karxanada işlədiyini sübut etmək çətin olacaq:

"Ona çoxlu əlavə sübutlar lazım olacaq. Məhkəmə ondan əlavə şahidlər istəyəcək, karxanada işlədiyini sübut edə biləcək video görüntü, ya foto görüntü və başqa sübutlar olmalıdır. Bunlar olmasa məhkəməyə müraciətin xeyri yoxdur".

Cəlal Süleymanov məhkəməyə müraciət edəcəyini deyir. O, fakt, sübut məsələlərində isə onunla birlikdə karxanada işləmiş fəhlə yoldaşlarına arxayındır.

XS
SM
MD
LG