Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:49

Sürücü: Avropa Oyunları keçiriləcək deyə, yıxılıb ölək?


Arxiv fotosu
Arxiv fotosu

-

"Yenə qovhaqovdur. Yol polisləri Nəqliyyat Nazirliyi tərəfindən yol kənarına qoyulmuş işarəni özbaşına götürüblər. Hər bəhanə ilə bizə cərimə yazırlar".

Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyasının ətrafında taksi xidməti göstərən bir qrup sürücü AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edib.
Onların deməsinə görə, yol polisləri yersiz cərimələr yazmaqla ərazidə fəaliyyət göstərən azı 60 nəfər sürücünün çörəyinə bais olur.

"ELƏ BİL ÇÖRƏKLƏRİNİ ƏLLƏRİNDƏN ALIRIQ"

İşsiz qalan taksi sürücü Vilayət Qurbanov:

"Biz əsasən metronun üstündəki “Lady Sharm”, “X-Lady”, “Romantic” mağazalarının qarşısında dayanırıq. Burada taksilər üçün icazə işarəsi qoyulmuşdu, yol polisləri lövhəni özbaşına götürüblər. Fəaliyyət göstərməyimizə imkan vermirlər. Elə bil çörəklərini əllərindən alırıq. Axı mənim burada dayanıb çörəkpulu qazanmağım niyə polisi narahat etsin ki? Sanki göstəriş alıblar ki, hər tərəfdən nəfəsimizi kəssinlər".

Sürücülər deyir, yol polisləri üzərində işarə olan lövhəni yığışdırmasını Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıqla əlaqələndiriblər.

Sürücü Mehman Yolçuyev:

"Biri çıxıb aydınlıq gətirsin ki, mənim burada dayanıb sürücü xidməti göstərməyimlə Avropa Oyunları arasında nə əlaqə var? Birincisi, Avropa Oyununa 1 ay var, ikincisi, tədbirin keçiriləcəyi ünvanla mənim dayandığım məkan arasında çox-çox məsafə var. Üçüncüsü, Avropa Oyunu keçiriləcək deyə, əl-ayağımızı uzadıb ölək?"

Sürücülər onlar üçün qanunla nəzərdə tutulmuş qaydaları pozmadan fəaliyyət göstərdiklərini deyirlər:

“Qanuna görə, dayanacaqdan 15 metr kənarda dayanıb xidmət göstərə bilərik. Ancaq bizi dayanacağa heç 50-60 metr yaxın əraziyə də buraxmırlar.

"Vergi ödəyirik, qanunla nəzərdə tutulmuş bütün ödənişləri vaxtlı-vaxtında edirik. İlişməyə heç nə tapmayanda işarəni yığışdırıb aparırlar. Deyirlər, gedin kənarda, ağaclıqların arasında dayanın. Biz ağaclıqda müştəri tutmalıyıq? Bu, necə davranışdır axı?..."

TƏHSİLHAQQISI, KİRAYƏHAQQISI TAKSİDƏN ÇIXIR

Sürücü Ramin Sadıqov:

"Şəxsən mən tələbəyəm. Gündüzləri universitetdə oxuyuram, dərsdən sonra taksi fəaliyyəti ilə məşğul oluram ki, kirayə haqqını ödəyim, təhsil haqqını toplayım. İş yoxdur, qalmağa yataqxana yoxdur ki, pulsuz qalım. Mən təhsil haqqını necə ödəməliyəm? Mən nə ilə qidalanmalıyam? İşləməyə zavod yox, fabrik yox..."

Sürücülər belə davam edərsə, Prezident Adminstrasiyasının, Bakı şəhər Baş Polis İdarəsinin, Nizami Rayon Polis İdarəsinin qarşısında aksiya keçirəcəklərini deyirlər:

"Onsuz da çörəkdən məhrum olmaq ən axırıncı yoldur. Tutacaqlar, asacaqlar, kəsəcəklər, inanın ki, vecimizə də deyil. 3 gündür evə çörək apara bilmirik. Xəstəsi, qocası, uşağı olan var. Kirayədə yaşayanı var... Külfət qabağına necə çıxaq?"

Nizami rayon Polis İdarəsindən bildiriblər ki, sürücülər idarəyə müraciət ediblər. Onları idarənin rəhbərliyi qəbul edib, şikayətlərini dinləyib və fəaliyyət göstərmələri üçün şərait yaradılacağını bildirib. Hazırda sürücülər əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər.

XS
SM
MD
LG