Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

"Ayaz Salayevin acığına kinoşünas oldum"


Aygün Aslanlı
Aygün Aslanlı

-

“Kinomuzun keçmişi ümidverici olub, indisi can üstündədi...”

"Bəzi filmlərin üstünə “30+” yazılmalıdı və 30 yaşdan sonra baxılmalıdı".

Gənc kinoşünas Aygün Aslanova ilə Günel Mövludun söhbəti

- Aygün, kinoşünaslıq fakültəsini məqsədyönlü şəkildə seçmişdiniz? Ümumiyyətlə, sizinlə oxuyanlar kinoşünas oldularmı? Mən təkcə sizi tanıyıram...

- Yox, tamamilə təsadüfən oldu. Mən hüquqşünas olmaq istəyirdim, ya da tarixçi. İxtisas vərəqində birinci bu ikisini yazmışdım.

Vərəqi təhvil vermək üçün son dəfə baxdım və hüquqşunaslıqla tarixin arasında bir xananın boş qaldığını gördüm. Əlimdəki siyahıda da bircə kinoşünaslıq qalmışdı. Həmin boş xanaya onu yazdım. "Hüquq"a bir balım çatmadı. Keçid balı 502 idi, mən 501 toplamışdım. Düşdüm ikinci yazdığım ixtisasa, yəni kinoşünaslığa.

Ayaz Salayev
Ayaz Salayev

​Bir ildən sonra təkrar imtahan vermək fikrim vardı, amma müəllimimiz Ayaz Salayev birinci dərsində “Bilirəm, gələn ilə heç biriniz qalmayacaqsız” dedi. Mən də onun acığına qaldım. Yaxşı ki, qaldım, yoxsa necə bir adam olardım, təsəvvür eləmirəm.

Daha doğrusu, yəqin ki, "urapatriot", milli-mental olardım, çünki məktəbdən elə yola salmışdılar. Qrup yoldaşlarımdan sırf kinoşünaslıqla məşğul olan yoxdu, amma əksəriyyətinin bu və ya digər şəkildə kino ilə əlaqəsi var.

- Universitetdə kinodan dərs deyənlərin bu sahə barədə bilgiləri bu günün standartları ilə uyğun gəlirmi?

- Düzü, tələbə ikən müəllimlərdən eşitdiyim hər şey məndən ötrü təzə idi. Ona görə də standartların çox fərqinə varmırdım. Amma universiteti bitirib, kino ilə ciddi məşğul olmağa başlayandan sonra, yəni 2002-ci ildən sonra bildim ki, Fellinidən sonra da rejissorlar olub və kino sənəti onunla bitməyib. Müəllimlər bilgili idilər, müasir kinoda baş verənlərdən, filmlərdən xəbərdar idilər. Amma tələbələrə öyrədilən proqram köhnə idi və bildiyim qədərilə lap bu yaxınlara qədər dəyişmirdi. Dəyişiklik etməyə təşəbbüs göstərən müəllimlərin də arzuları gözlərində qalırdı. İndi bəzi şeyləri dəyişməyə çalışırlar.

- Ölkədə demək olar ki mövcud olmayan bir şeyin tənqidçisi olmaq necə hissdir? Kinoşünas kimi “gözünüzün qurdunu”nə ilə öldürürsünüz?

Aygün Aslanlı
Aygün Aslanlı

​- Nə qədər qəribə olsa da, iş tapılır. Mövzu var, özü də çox. Filmlər də çəkilir- kommersiya filmləri, dövlət sifarişli, müstəqil çəkməyə çalışan rejissorlar var. Bu inadla əvvəl-axır kinomuz da olacaq.

- Sualı belə də qoya bilərik, kino tənqidçisi nə ilə dolanır? Bu sahədə nə etmək olar ki, ixtisasından gələn qazancla yaşaya biləsən?

- Cürbəcür işlərlə. Yaxşı mənada. Şəxsən mən kino haqqında yazılardan başqa tərcümə ilə məşğul oluram, film, veriliş çəkilişlərində iştirak eləyirəm və sair və ilaxır.

- Azərbaycan kinosunun istər keçmişi, istərsə də bu günü barədəki fikirlərinizi bilirəm. Amma istəyirəm bu barədə bir az da ətraflı danışasınız.

- Ufff! Bu bir neçə elmi işin mövzusudu. Qısa şəkildə desəm, keçmişi ümidverici olub, indi isə can üstündədi – ya o yanlıq olacaq, ya bu yanlıq. Hərçənd son təcrübələr- “Nabat”, “Axınla aşağı”, keçən həftə premyerası olan “Yarımçıq xatirələr”, müstəqil çəkən rejissorların filmləri göstərir ki, imkan verilsə və ən əsası, cəsarətimiz çatsa, bu yanlıq ola bilərik.

- Adətən, tənqidçilər yüksək sənət nümunələrini sevir, özəl zövqə sahib olduqlarını vurğulayır, amma siz bu məsələdə çox sadəsiniz. Məsələn, rahatlıqla hind sevgi kinolarına, türklərin məişət seriallarına baxırsız... bu nə üçündür, ağır mövzulardan yorulan beyini əyləndirmək üçün, ya başqa səbəb var?

Michelangelo Antonioni
Michelangelo Antonioni

- Adətən, deyəndə ki, elə deyil. Mənim izlədiyim kinoşünaslar- əsasən, rus kinoşünasları seriala da baxırlar, kommersiya filmlərinə də, art-hausa da. Müqayisə imkanı olmalıdı, yoxsa nəyin nə olduğunu hardan bilərik? O ki qaldı mənə.. Beyin dincəltmək deyil, yox. Birində süjet xoşuma gəlir, o birində baş roldakı aktyor, üçüncüsündə də işin miqyası. Məsələn, indi rus kanallarından birində “Ailə bağları”nı təkrar göstərirlər. İlk dəfə 2000-də göstərmişdilər deyəsən. Braziliya serialıdı. Hər gün ona baxıram.

- Hazırda rejissor kimi favoritiniz kimlərdir?

- Antonioni. Neçə gündü, onun filmlərinə baxıram. İlk dəfə tələbə vaxtı izləmişdim. Bircə filminə baxmışdım və çox sıxılmışdım. Bir də kino aləmində Antonioninin “darıxdırıcı filmlərin kralı” statusu olduğunu oxumuşdum. Ondan sonra baxmırdım. İndi təzədən baxıram, nəinki sıxıcıdı, hətta son dərəcə aktualdı. Bir dəqiqə ekrandan gözüm yayınanda geri qaytarıb təzədən baxıram ki, heç nəyi ötürməyim. Ümumiyyətlə, bəzi filmlərin üstünə “30+” yazılmalıdı və 30 yaşdan sonra baxılmalıdı. Tarantinonun, Triyerin heç bir filmini buraxmıram.

- Müasir filmlərdə istifadə olunan texniki effektlər sizə necə təsir bağışlayır? Qıcıqlandırmır ki?

- Qıcıqlandırmağına qıcıqlandırmır, ancaq artıq sirri bildiyimə görə əvvəlki kimi həyacanlandırmır da. Ümumiyyətlə, xüsusi effektlərdən çox istifadə olunmuş, necə deyərlər, xromokeydə çəkilmiş filmlərə baxa bilmirəm.

- Adətən tanışlar, dostlar həkimdən pulsuz resept, vəkildən pulsuz hüquqi məsləhət istəyirlər. Sizdən də yəqin hansı fılmə baxmağı məsləhət alan çox olar. Sirr deyilsə, ən çox kino adı istəyən kimlər olur?

- Elə dostlarım olur. Mən də hamısını Sevdaya (kinoşünas Sevda Sultanova - G.M.) yönləndirirəm. Zarafat eləyirəm, Sevdaya yönləndirməyə təzə başlamışam. Mən həftədə iki filmə baxıramsa, Sevda on filmə baxır.

- Adətən, maraqlı kino siyahılarınız olur. Heç kimin tanımadığı rejissorların adlarını çox təvazökarlıqla çəkirsiniz. Müsahibənizi oxuyanlara belə bir siyahı vermək arzunuz yoxdur ki? Söz verirəm, o siyahıdakı filmlərə əvvəl özüm baxacam.

- Siyahı? İndi ağlıma siyahı tutacaq qədər film gəlmir. Son baxdığım və hələ də təsirindən çıxa bilmədiyim filmləri deyim: Mikelancelo Antonioninin “Macəra” və “Gecə” filmləri. “Gecə”yə mütləq baxın. Çoxlu tanış söhbətlər eşidəcəksiz. “Macəra”isə mənim üçün şəxsi bir film oldu. Klaudiya, onun dialoqları. Əzbər yadımda qalıb hamısı. Sonra Kiarostaminin “Surəti təsdiqlənmişdir” filmi. Alexandro Xodorovskinin filmləri. Aleksandr Sokurovun “Xilas elə və qoru”. Əcaib bir filmdi. Maykl Qlavoqqerin sənədli filmləri...

XS
SM
MD
LG