Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:27

Sədərək ticarət mərkəzində mal boldu, müştəri qıt


Arxiv fotosu
Arxiv fotosu

.

Satıcılar "siftə" axtarışında

Bakının qərb girəcəyində - Sədərk ticarət mərkəzində hərəsi bir gözəllikdə divar kağızı nümunələri ilə dolu mağazaya girirəm. Satıcı məni görüb tez ayağa qalxır, soruşmamış-öyrənməmiş kağızları çeşidləyir: “Buna baxın, tənbəllik eləyib, üstünü örtən kağızı götürməmişəm. Amma çox gözəldir”.

Danışa-danışa divar kağızı rulonlarını qabağıma tökür, alverin əvvəlki kimi getmədiyini deyir. “Səbəbi nədir?” soruşuram:

“Səbəbi odur ki, camaatda pul yoxdur. Adamlar evlərini təmir eləyə bilmirlər. Elə vəziyyətdir ki, oboy saralıb, amma dəyişmirlər. Bayaq bir qadın gəldi, dilimlə dedim ki, “siftə etməmişəm, mənimlə alver elə”. Tək mən yox, burdakıların hamısı oturub müştəri gözləyir. Əvvəl müştəri gəlirdi, bəyənərdi alardı, bəyənməzdi yox. İndi dilimlə deyirəm ki, “bəyən””.

Satıcılar 6 ayı təkcə yerpuluna işlədiklərini deyirlər

Burda olduğum yarım saat ərzində içəri bir müştəri də girmədi. Qətibə Əhmədova Sədərək ticarət mərkəzindəki bu 18m2-lik mağazanı icarəyə götürüb. Satıcılığı da özü edir.

Danışır ki, əvvəllər Rusiyaya mal vurub, mal alırmış. Son illərdə isə topdan alıb pərakəndə satır. 15 ilin ticarətçisidir. Deyir, hələ belə təntidiyi olmayıb:

“Altı aydır ki, alverimiz zəifdir, yer pulu ödəməlisən. Malı satırsan, ancaq yer pulu ödəyirsən. Tək mən deyiləm, burda çoxları belədir”.

Qətibə Əhmədova deyir ki, ayda 500 manatdan çox yer haqqı, işıq pulu və digər xərcləri var, bunları ödəməlidir. “Bəs gəlirlə xərc arasında nə qədər fərq var?” soruşuram. Üzümə matdım-matdım baxıb deyir ki, “artıq heç bir fərq yaranmır”.

“Buyurun, keçin, baxın. Bəlkə bəyəndiyiniz ola”

Sədərək ticarət mərkəzində yüzlərlə mağaza var. Sıradan sıraya keçirəm, başqa vaxtlar həftənin hansı günü, günün hansı vədəsi bura gəlsən, hay-küydən qulaq tutular, iynə atsan, yerə düşməzdir. İndi isə mal bolluğu var, müştəri yox...

Mağazaların qarşısında oturanlar təkəm-seyrək keçən adamlara potensial müştəri kimi baxırlar. “Buyurun, keçin, baxın. Bəlkə bəyəndiyiniz ola” dəvətini hər keçdiyin mağazanın ağzında eşidə bilərsən.

Mücrülər, toy ləvazimatları satan kiçik bir dükanın sahibi Mirqubad Mənsimov deyir ki, manatın devalvasiyasından sonra alverləri o batan batıb:

“Köhnə malları köhnə qiymətə satdıq, amma təzə gətirdiyimiz malları 35 faiz bahalandırdıq. Əslində bahalaşdırmadıq, dolları əvvəlkinə nisbətən baha alırıq artıq”.

Rusiyadan da müştərilər azalıb

Topdansatışla məşğul olan Mirqubad Mənsimov malı Çindən gətirir, deyir ki, əsas alıcıları Dağıstandandır, indi Rusiyada da maliyyə böhranı yarandığından ondan gələn müştərilərinin ayağı kəsilib:

“Nəinki mən, topdansatışla məşğul olan çox adamın müştərisi Rusiyadan gəlirdi. Orda dolların qalxması da böyük ziyan vurdu bizə”, deyən müsahibimiz olan-qalan müştərini də itirməmək üçün bir neçə yeni mal gətirib:

“Bunu etməliyik, yoxsa müştəri itirərik. Amma demək olar ki, qazancımız yoxdur”.

“Bəs nəylə dolanırsız?” soruşuram. “Yığdıqlarımızı xərcləyirik,” deyir:

“Xərclərimizi azaltmışıq. Qonaq az gedirik, az xərcləyirik. Ancaq işçinin maaşını kəsməmişik. Onun maaşını kəsmək olmaz, bir ailə sahibidir mənim kimi”.

Mirqubad Mənsimovun sözlərinə görə, alverə təkcə manatın ucuzlaşması təsir etməyib, həm də Avropa Oyunlarının təsiri olub:

“Avtobusların yolunu dəyişiblər. Gediş-gəliş çətinləşib. Məncə, oyunlardan sonra yaxşı olacaq”.

“Bəs olmasa?” deyə soruşuram:

“Onda çıxıb kəndimizə gedəcəyik. Ayrı yolumuzmu var?”

Alıcılar da narazı

Sahibkarlar, satıcılar kimi alıcılar da narazıdır. Söhbət elədiyimiz alıcılar bəzi mallarda qiymətin qalxdığını deyirlər. “Mənim qazancım qalxmayıb axı. Elə aldığım maaşdır, vacib olan şeylər dalınca gəlmişəm ki, şəhərdən bir az ucuz alım”, - Nailə Əliyeva deyir.

Sona Səmədova isə qızına cehizlik tutur, parça mağazasında yorğan üzü almaq istəyir. Qiymətlərə görə üz-gözündən narazılıq yağsa da, axır, metrində 5-10 qəpik saldıra bilir.

Mərkəzdə sıraları gəzdikcə “gəlin, baxın, bəlkə bəyəndiyiniz ola” sözləri heç kəsilmir. Mal boldu, amma satıcıların bu dəvətini qəbul edib mağazalara girən müştəri çox nadir hallarda gözə dəyir.

XS
SM
MD
LG