Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:30

Əyyaş Əli və Human Rights Watch


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Ülvi Bahadır

ƏYYAŞ ƏLİ VƏ HUMAN RİGHTS WATCHS

PROTEST №1

Bəzən kimsənin sevmədiyini sevir insan...
...bəzənsə əksinə.
Gecələr oyaq qalanlar ulduzlar qədər dərdi olarlardı.
Doğrudanmı bütün alimlər alimdi?...
...bütün əyyaşlar əyyaş?...
Ancaq bir şey doğrudur...heç kim günahkar deyil.
Çünki hər kəsin sevgisi bir şeyədi...
Məncə, hər kəsin bir nakam sevgisi olmalıdı.
Çünki insanı yaşadan da məhz o nakam sevgidən qalan xatirələridi...
Sevgi kapitalizmin ən böyük qurbanıdı.
İndi insanlar yaşamır...
...yaşadığını təsəvvürünə gətirir.
İndi heç sevənlər də sevmir...sevmək istəyir.

PROTEST №2

Əgər bu dünyada sənin darıxdığın...
...sənin üçün darıxan...bir nəfər belə yoxdursa...
...onda məmnuniyyətlə ölə bilərsən.
Mənim xalqım ölüb!...Hə,ölüb!...
Sadəcə, o qədər ölüb ki, üzü də sırtılıb...
Yalançı çoban kimiyik.
Biz öldükcə alçalırıq...çünki sadəcə ölürük...
...mənim ölkəm sadəcə ölür...
...ölümün nə olduğunu bilməyə-bilməyə...
Bu xalqın həyatı çörək...
...arzuları,ümidləri, keçmişi, indisi,gələcəyi...hər şeyi və hər şeyi...çörəkarasıdı...
...yeyən özgəsi...
...yedirən özüdü.
Avropa bağıra-bağıra səhralarda şeytan axtarır bu xalq...
Bu xalq əcdadlarının günahlarını çiyinlərində daşıyır...
Bu xalqın gələcəyi...
...NASA-nın "YENİ DÜNYA" əfsanələrinə bənzəyir.

PROTEST №3

Susmağın qızıl olduğunu öyrətdilər bu xalqa...
...susduq oturduq yerimizdə.
Yad evə gedəndə...
...anasının göz ağartdığını görən balaca uşaq kimi...
Avropa özündənrazı şəhər uşağına...
...Şərqsə "baş üstə" prinsipi ilə böyüyən kənd uşağına bənzəyir.
Bəs bu xalq hansındandı?...
Biz nə inanırıq...nə də inanmırıq.
Neft qoxulu düşüncələrimizlə...
...çanağına güvənən tısbağaya bənzəyirik.

PROTEST №4

Bizə baş əyməyi öyrətdilər
Fars fars dilində
Ərəb ərəb dilində
Rus rus dilində...
Sonra gördük ki,öz dilimizi də unutmuşuq...
İndi öz dilimizdə öyrədirlər bizə...boyun əyməyi...

PROTEST №5

Dünya sanki qurmandı...
...biz də sonda gələn isti plov.
Hərə bir az "nəm-nüm" edib çeynəyib tulladı bizi Xəzərə...
Bir qıçı Avropada...bir qıçı Asiyadadı bu xalqın...
...arasından da kəmərlər keçir asta-asta...
Avropada dəvətsiz...
...Asiyada gəlib-getməkdən bezdirmiş qonağa bənzəyir bu xalq...
Qonaq demişkən...zarafat deyil...
...doqquz milyon tamada yetişdirir bu xalq...
...one applauseee...

PROTEST №6

Bu torpaq qocalar evidi...
...uşaq evidi...
...ruhi dispanserdi bu torpaq...
Damn it!...Damn it!...Damn iiit!...
Beş tərəfi polad divar...
...bezib bu xalq...
Ölə-ölə yaşayır...yaşaya-yaşaya ölür bu xalq...
Ya o divarlara bir dinamit qoyub partladacaqlar...
...ya da bu xalq qapını açıb özünü atacaq Xəzərə...
Çünki...
...bəzən yaşamaq ölmək...bəzənsə ölmək öldürməkdi...



YAŞAMAQ SİNDROMU

Elə bilirsən, tənha qalmaq istəyirəm?...
Əsla, mən sevmək və sevilmək uğrunda daima mübarizədəyəm...
Sadəcə, bilirsən, insan axı arzularla yaşayır...
Dünyanın ən tənha və bədbəxt insanı...
...arzulara yaxın...ümidlərdən uzaq adamdı.
İnsan həmişə əlçatmazı arzulayıb...
...səmalara can atıb...sonsuz olduğunu bilə-bilə...
Elə bilirsən, düşünməmək istəmirəm?...
Əsla,düşünməmək üçün ölümə belə razıyam, əmin ol...
Ancaq əfsus ki...
...insan ölmək istədiyi yox...istəmədiyi zaman ölür...
"Allah hər şeyi bilir" dedi...
...qonşuluğumuzdakı təkkəli oğlan...
Onu da qınamıram...
...axı o bədbəxtin mənim ömür ziddiyyətlərimdən xəbəri yox idi.
Eeeh..eh...
...zamansız həqiqət nikahdan kənar doğulan övlad kimidi, dost.
Elə bilirsən, ürəkdən gülmək istəmirəm?...
Əsla, yalançı gülüşlərin arasında...
..."azlıq çoxluğa tabedi" prinsipinə uymaq məcburiyyətindəyəm sadəcə və sadəcə...
Kim ürəkdən gülür ki?...
...üzr istəyirəm...daha doğrusu...
...kim ürəkdən güldürür ki?...
Çünki gülmək üçün bir güldürənin olmalıdı...elə deyilmi?...
Doğrudu, bəzən yoxluğa, boşluğa, tənhalığa, bədbəxtliyə də gülür insan...
"Ağlamaq əsəbləri sakitləşdirir" deyirlər...
...bəlkə elə görə səbir daşı kimi bumbuzam?...
"Gülüş ömrü uzadır" deyirlər...
...qarğa kimi mənasız yaşamağın mənası nədir?...
Elə bilirsən nəfəs almaq istəmirəm?...
Əsla, ona görə insanlarla ünsiyyətdə olmağa can atıram...
...bəlkə onlardan bir nəfəs udam?...
Əfsus ki...
Məgər nəfəs almaq hələ yaşamaqdırmı?
Bütün canlılar azdan-çoxdan nəfəs alır
İt də...pişik də...insan da...
Bəs fərq?...
Ürəyimi müqəddəs küləklərə ağladım bu gecə
...sözlərimi çərpələng edib uçurdum sonsuzluqlara...
...gözlərimi sönən ulduzların patronuna taxdım...
...taxdım ki,bəlkə Tanrı o işıqlarla bizi də görə...
Hamı danışır...danışır...
Məgər danışmaq hələ yaşamaqdırmi?...
İtlər də hürərək bir-birini daşa düşür...
Ancaq insan...
Elə bilirsən mən anlamaq istəmirəm...
...NƏDİR YAŞAMAQ?...

XS
SM
MD
LG