Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

Partiya sədrlərinin də kredit borcu var


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Yeni Müsavat» qəzeti yazır ki, banklara kredit borcları olanlar sırasında partiya sədrləri də var.

KXCP sədri Mirmahmud Mirəlioğlu qəzetə deyib ki, «mənim əvvəllər də kreditim olub, indi də var. İnşallah, bağlamaq üzrəyəm».

Xalq Partiyasını sədri Pənah Hüseyn deyib ki, ona kredit verən olmadığı üçün borcu da yoxdur: «Bir neçə il öncə mənə təcili 5 min manat lazım oldu. Üç banka müraciət etdim, vermədilər».

ADP sədri Sərdar Cəlaloğlu isə banka 20 min dollar borcunun olduğunu bildirib: «Beynəlxalq Banka 20 min kredit borcum var. Ödəmək problemdir, ona görə də iki ildən artıqdır ki, ödəyib qurtara bilmirəm».

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də banklardan birinə kredit borcu olduğunu deyib.

«CAHANGİR HACIYEV İŞİ» İLƏ BAĞLI YENİ HƏBSLƏR

«Azadlıq» qəzeti yazır ki, «Cahangir Hacıyev işi» ilə bağlı həbslər davam edir.

«Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus olduğu bildirilən «Şəki İpək Aqro» MMC-nin icraçı direktoru Cavid Muxtarov da həbs olunub. Məlumatda bildirilir ki, o, artıq 4 gündür DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (BMCQMI) saxlanılır. Bəzi məlumatlara görə, Cavid Muxtarovla yanaşı, MMC-nin Əflatun adlı müsahibi də BMCQMI-yə aparılıb.

«Riyad-Farm» şirkətinin hüquqi sahibi Həsən Şərifov saxlanılsa da, sonradan buraxılıb. Bildirilir ki, «Riyad-Farm» şirkətinin ABB-ya 200 milyon dollar borcu var. Borcu qaytarmaq üçün ona müəyyən müddət verilib.

Qəbiristanlıq
Qəbiristanlıq

Bundan başqa, Cahangir Hacıyevin sahibi olduğu «Simurq» futbol klubunun prezidenti Anar Bəkirov da saxlanılıb.

AZƏRBAYCANDA QƏBİR QADAĞASI

«Bizim Yol» qəzeti «Məzar yerləri və məzarlıqlar haqqında» qanun layihəsi ilə bağlı müzakirələrin davam etməsindən yazır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, məzarlıqların, qəbiristanlıqların idarəçiliyi müəyyən qərarla reqlamentləşdirilib:

«Layihədə məzarlıqların, qəbiristanlıqların yerli bələdiyyələrin ixtiyarına verilməsi nəzərdə tutulub. Bununla bağlı bələdiyyələrdə Şura yaradılması əksini tapıb».

Komitə sədri bildirib ki, layihədə məzarlıqların yeri və qəbir daşlarının eyni olması nəzərdə tutulur: «Məsələn, yeni salınacaq qəbiristanlıqla yaşayış qəsəbəsi arasında məsafə 100 metrdən az olmamalıdır. Digər tərəfdən, bəzən görürsən ki, qəbiristanlıqlarda insanlar əvvəlcədən yer götürürlər. Sənədin qəbulundan sonra gələcəkdə bu kimi hallara yol verilməyəcək. Sənəd qəbul olunsa, öncədən də bildirdiyim kimi, gələcəkdə istisna hal kimi ər istədikdə xanımının yanında dəfn olunmasını istəyə və bu zaman xanımının yanında yer saxlana bilər. Yaxud da kişi vəfat etdikdə xanımı üçün yer saxlanıla bilər. Qalan hallarda qəbiristanlıqda heç bir yerin saxlanılmasına icazə verilmir».

M.Qurbanlı qəbirlərin hasarlanmasının, ayrıca dəmir çubuqlarla dövrəyə alınmasına da icazə verilməyəcəyini bildirib.

Hadı Rəcəbli
Hadı Rəcəbli

Qəzet yazır ki, bu layihə qanun, ya da qərar şəkilində qəbul edilsə, əvvəlki qəbiristanlıqlara şamil edilmədən yeni salınacaq məzarlıqlarda tətbiq ediləcək.

OLİMPİYA HƏRƏKATININ AZƏRBAYCAN MODELİ

«İlk Avropa Oyunları Azərbaycan intibahının zirvəsidir».

Bunu «Yeni Azərbaycan» qəzetinə deputat Hadı Rəcəbli deyib.

Deputat deyib ki, «bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq».

Hadı Rəcəbli bildirib ki, «bu oyunlara hazırlaşmaq baxımından müddət rekordu vururuq. Haradasa, 2.5 il ərzində bu Oyunlara hazırlaşdıq. Dünyada isə hələ indiyə qədər belə göstərici olmayıb».

XS
SM
MD
LG