Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:05

Prezident yanğınla bağlı xüsusi komissiya yaradır


Yanğın - 19 may 2015
Yanğın - 19 may 2015

-

Binəqədi rayonunda baş vermiş yanğın prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub. Prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib.

Bunu prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a deyib.

Ə.Həsənov qeyd edib ki, İlham Əliyev Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: «Yanğına məruz qalmış üzlük materiallarının istehsalına uyğunluq sertifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq. Pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək».

Əli Həsənov deyib ki, Prezident İlham Əliyev yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı şəhər İcra Hakimiyyətinə tapşırıb.

Prezidentin köməkçisi bildirib ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək.

Mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində 16 nəfər ölüb, 54 nəfər yaralanıb.

XS
SM
MD
LG