Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:07

Qan Turalı yeni kitabını təqdim etdi [Fotolar]


-

Gənc Tamaşaçılar Teatrının qarşısında yazıçı Qan Turalının sayca dördüncü kitabı - “Doqquz hekayə”nin təqdimatı keçirilib.

Kitabda yazıçının müxtəlif dövrlərdə yazdığı yeddi qısa hekayəsi, bir alternativ komediyası və bir povesti toplanıb.

Müəllif kitabı qətlə yetirilmiş yazıçı Rafiq Tağının xatirəsinə həsr etdiyini bildirib.

Kitabdan bir hekayəni aşağıda oxu

Qan Turalı

BİR-BİRİNİ SEVMƏKDƏN QORXAN İKİ ADAMIN HEKAYƏSİ

- Təzə nə yazırsan?

- Yaxşı bir ideyam var, onu yazmaq istəyirəm.

- Nədi o elə?

- Bir hekayədi: bir-birini sevməkdən qorxan iki adamın hekayəsi.

- Niyə qorxurlar bir-birini sevməkdən?

- Bilmirəm. Yazanda görəcəm.

- Maraqlıdır. Səncə, maraqlıdı bu?

- Dünən Twitterdə yazdım.

- Hekayəni?

- Yox, eləcə bir cümlə yazdım: “Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi”. 8 adam da favladı...

- Twitterə qalsa, hekayələr 140 işarə olar, artıq olmaz.

- Hə, məncə, bu, yaxşı ideyadı. Amma əlimdə maraqlı bir material var, onu yazmaq istəyirəm.

- Doğrudan? Nə materialı elə?

- Üç səhifədən ibarət bir yazışmadı.

- Kimindi?

- Bilmirəm. Dünən Çexovun romanını almışdım bukinistdən. Onun arasında tapdım. Orda tapdım.

- Üstündədi? Oxu, görüm...

- Eşq sənə çox yaxın olub, amma toxuna bilmədiyin şeydir. Toxunmağa qorxduğun şeydir. Qaçdığın amma qaça bilmədiyin şeydir. Qaçıb sonra da qarşılaşdığın şeydir.

- Bəzən isə görə bilmədiyin...

- Dayan e, indi nəyi kim deyir, qarışdı lap. Yaxşısı budur, oğlanı tünd qara hərflərlə verək, qızı isə adi.

- Yox, belə edək. Məndə iki nüsxədi. Oğlanı sən oxu, qızı mən.

- Olar, amma yenə də biz tünd hərflərlə verək ki, oxucu da başa düşsün, qarışmasın.

- Yaxşı. Oğlan tünd, qız da adi...

- Harda qalmışdıq?

- Başdan başlayaq da.

- Eşq sənə çox yaxın olub, amma toxuna bilmədiyin şeydir. Toxunmağa qorxduğun şeydir. Qaçdığın amma qaça bilmədiyin şeydir. Qaçıb sonra da qarşılaşdığın şeydir.

- Bəzən isə görə bilmədiyin...

- Başqalarından ona danışmaqdır. İnkar edərcəsinə...

- Bəzən susmaqdır. İnkar edərcəsinə...

- Bəzən eləcə susmaqdır. Bəzən isə saatlarla danışmaq... Bəzən də günlərlə susmaqdır...

- Bəzən yuxuda onu görüb oyanmaq istəməməkdir. İnsan yuxuda da sevir... Nə qəribədir...

- Bəzən unudaram deyə ümidlənib bir axşamüstü qəfildən xatırlamaq və anda dözülməz ağrı duymaqdı...

- Bəzən yox, hər zaman ağrımaqdı...

- Bəzən yazışmaqdan xoşbəxt olmaq...

- Bəzən isə bir sətir də yaza bilməməkdir...

- Bəzən şəklinə baxmağa ürək eləməməkdir...

- Bəzən hərflərin gülüşünü adında görməkdir. Elə gözəl sıralanıblar ki, sanki əlifba onlardan ibarətdir.

- “Sənin adın hərflərin beşidir: dodağımın bircə tərpənişidir”

- Gözəlmiş...

- Bizi elə bu gözəl havalar məhv etmədimi?

- Gözəl havalar yox, bəlkə, sənin tutqun havaların məhv elədi...

- Bəzən 7 şəkli qarşına qoyub bir jürili, tək gözəlli gözəllik müsabiqəsi düzəltməkdir.

- Bəzən bir rəsmə gözlərini qırpmadan baxmaq, bir gün unudaram qorxusu ilə hər cizgini əzbərləməkdir. Amma bəzən şəkil iki ilin şəkli olur. Bəlkə, dəyişibsə...

- Bəzən şəkillərdəki paltarlarını mağaza vitrinlərində axtarmaqdır...

- Bəzən də sevginin sənə ayan olmasından qorxub qaçırsan, qaçırsan... İstəmirsən...

- Bəzən qarşılıqlı inkarlarla hər ikisini rahatlaşdırmaq istəyidir... Amma bir gün o hiss ürəyində inqilab edib, taxta çıxar və sənin ürəyini cırmaqlayar... Ondan sarı çox narahat olarsan.

- Bəzən çox narahat olarsan, amma narahat etməzsən...

- Bəlkə, o da narahat olar...

- Bəlkə, deyil? Və bir sual var beynimdə dolaşan... Sən bilmək istəmədin, yoxsa mən demədim?

- Bu gecənin şeiri nədi, səncə?

- Bəzi gecələr zaman yavaşlayır. Bu gecələrdə insan yüzlərlə pis xatirə içindən canını ən çox incidəni seçir, şüaraltı zibilliyindən. Bu gecələrdə zaman keçməyi unudur. İnsan özünün incitmək istəyir o keçməyən zamanda. Saatlar boyunca daha dərinə, dibə getmək, bir növ ağrıdan həzz almaq. İllərlə əzizlənən, indi isə küçə iti olmağı bacarmayan itin qaçış ağrısıyla ora-bura tullanıb dayanır.

Bu gecələrdə zaman ilişib dayanır. Bəzi mahnılar məhz həmin gecə dinlənmək üçün durur “play list”imizdə. Bəzi şeirlər ancaq həmin anlarda oxunulanda anlaşılır.

Bəzi gecələr zaman buz baltası kimi iti, soyuq və şəffafdır. Gözəgörünməz bir əl onu ruhumuzun ən həssas yerinə batırar.

- Hə, burda qurtardı. Məncə, hekayə yaxşı alınacaq. İstəyirəm, bu yazışmanı homoseksual olduğunu gizlədən oğlanla qız haqda yazım. Oğlan qıza homoseksual olduğunu demək istəmir, qız da bilmir. Qız da elə bilir ki, oğlanın başqa dərdi var. Ona görə də belə vəziyyət alınır.

- Sən ömründə homoseksualla 5 dəqiqə söhbət eləmisən heç?

- Yox...

- Bəs onda göydən nə yazacaqsan?

-Onda başqa şey tapım. Dünən bunu Çexovun romanının arasından tapanda gördüm ki, əsl ədəbiyyat materialıdır. Whats App yazışmasıdır, print eləmişdilər.

-Bir dəqiqə... Çexovun romanından? Çexovun romanı yoxdur axı...

XS
SM
MD
LG