Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:37

Üzlüklərdən ...zibilliyə axan milyonlar


Yolboyu bütün binaların üzlükləri sökülür.
Yolboyu bütün binaların üzlükləri sökülür.

-

Keçən ay Zığ yolunda yanmış binadan üzü Cavanşir küçəsinədək yolboyu bütün binaların üzlükləri sökülür. Bu binaların üzlənməsinin üstündən heç bir ay keçməyib. Həmin vaxt sakinlərin «amandır, sökün bu üzlükləri, bu dəfə cana bir şey olmadısa, gələn dəfə ola bilər» yalvarışlarına məhəl qoyulmadan binaların üzlənməsi davam edirdi. Mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələn yanğından sonra yol kənarındakı bütün binaların üzlükləri sökülür.

Hər binanın həyəti, yan-yörəsi söküntü meydanını xatırladır. Sökülən üzlüklər xüsusi kisələrə yığılır.

«BACARDIĞIMIZ QƏDƏR TEZ SÖKMƏLİYİK...»

Ərazidə işləyən fəhlələrdən biri deyir ki, onlara maksimum tez sökmək göstərişi veriblər:

«Binəqədidəki bina yanandan sonra sökmək əmri verildi. Yoxsa kim nə sökərdi ki...».

Texnika, fəhlələr qızğın iş başındadırlar. Adını çəkmək istəməyən iş icraçılarından biri deyir ki, burda üzlənmiş bina çox olduğu üçün əlavə işçi qüvvəsi də gətirilib. Üzlüklərdən sonra binaya vurulmuş dəmir barmaqlıqlar da sökülür:

«Tez sökülməlidir, onun üçün əlavə qüvvələr də gətirilir».

«CAMAATI ƏLLƏRİ İLƏ ODUN İÇİNƏ ATDILAR»

Üzlüklər sökülən bina sakinləri isə «biz deyəndə qulaqardına vururdular, indi kürklərinə bit düşən kimi sürətlə işləyirlər» deyir.

«Camaatı əlləri ilə odun içinə atdılar. Bunu vaxtında sökəydiniz də. Ölüm istəyirdilər, adamlar öləndən sonra ayıldılar. Onda biz hamımız çıxıb etiraz elədik, yalvardıq, kimdir baxan. Dedilər, belə lazımdır».

Hər binanın həyəti, yan-yörəsi söküntü meydanını xatırladır.
Hər binanın həyəti, yan-yörəsi söküntü meydanını xatırladır.

QORXULU BİNALAR...

Mayın 20-də yanğınla bağlı yaradılan Dövlət Komissiyasının iclasında komissiyanın sədri Abid Şərifov prezidentə məruzəsində Bakıda 200-dən artıq üzlənmiş bina olduğunu deyirdi. Abid Şərifov bu binaları «qorxulu bina» adlandırırdı:

«Şəhərdə nə qədər belə qorxulu evlər varsa, onların fasadlarının işıqlandırılması kəsilsin».

İndi bu qorxulu binaların üzlükləri sökülür. Görəsən, bu binalara üzlüklərin vurulması, indi də sökülməsi dövlət büdcəsinə neçəyə başa gəlir? Xətai rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən onlarda belə rəqəmin olmadığını dedilər. Binəqədi rayon İcra Hakimiyyətindən isə dedilər ki, bu haqda məlumat verə bilməzlər. Bakı şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən isə, ümumiyyətlə, zənglərə cavab verən olmadı.

Bu günlərdə jurnalistlərin biri Abid Şərifovdan binaların yenidən üzlənməsinin hansı şirkətə həvalə olunacağını soruşanda, baş nazirin müavini «sənə nə dəxili var, bunu mətbuata nə dəxili var axı» cavabını vermişdi.

Üzlükləri sökülən binaların qarşısında polislər və Fövqəladə Hallar Nazirliyinin qüvvələri də dayanıb.
Üzlükləri sökülən binaların qarşısında polislər və Fövqəladə Hallar Nazirliyinin qüvvələri də dayanıb.

300 MİLYON MANAT ÇÖLƏ NECƏ ATILDI

İqtisadçı Natiq Cəfərli deyir ki, Bakıdakı 300-ə yaxın bu cür binadan başqa, bölgələrdə də binaların üzlüklərinin sökülməsinə başlanıb. Bundan başqa yaşayış olmayan ictimai binalara da belə üzlüklərin vurulmasını nəzərə almaq lazımdır:

«Hesablamalara görə, yaşayış və qeyri-yaşayış binaları daxil olmaqla, təxminən 800-ə yaxın binalarda bu tipli üzlüklərdən istifadə olunub. 260 təkcə Bakını əhatə edən yaşayış binalarıdır. Təbii ki, bu tipli işlərin aparılmasında şəffaflıq sıfıra bərabərdir. Elə Abid Şərifovun açıqlama verməməsi bir daha onu sübut elədi ki, nə şirkətlərin adını, nə xərclənən vəsaitin həcmini hökumət açıqlamır. Təqribi hesablamalara görə, hər binanın üzlənməsi həcmindən asılı olaraq 250-500 min manat arasında başa gəlib. Sadə hesablamalarla ortalama təxminən 300-350 min götürsək, 800-ə yaxın binada bu təxminən 300 milyon manat və ya 300 milyon dollar vəsait edir».

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı deyir ki, bu binaların üzlüklərinin yenidən sökülməsi və yeni növ keyfiyyətli üzlüklərlə üzlənməsi daha baha başa gələcək. Bu, xərclənmiş vəsaitdən daha artıq vəsaitin xərclənməsi deməkdir. Hazirki söküntü işləri, yeni üzlüklərin vurulması üçün yenidən 400-500 milyon vəsait tələb olunacaq:

«Korrupsiyaya görə keyfiyyətsiz mallara göz yuman hakimiyyət nümayəndələrinin səhlənkarlığı və cinayəti nəticəsində bu işlər yenidən aparılacaqsa, dövlət büdcəsinə ən azı 700-800 milyon dollara yaxın ziyan dəyəcək. Bu, çox böyük məbləğdir. Bakıda fəaliyyət göstərən həkimlərin aylıq maaşlarının toplamı təxminən 30 milyon manata yaxındır. Görün, bu vəsaitə həkimlərin neçə ay maaşını ödəmək olardı? Həm korrupsiyaya qurban verildi, həm də vətəndaşlarımızın həyatı hesabına başa gəldi».

Hazırda üzlüyü sökülən binada yaşayan Telli Əmirova isə deyir ki, «bizə binamızın əvvəlki görünüşündə də yaşamaq xoş idi».

«İllah da «görüntü, görüntü» deyirlərsə, onda adi ucuz boyalardan vursunlar. Lap əhəng çəksinlər».

Üzlükləri sökülən binaların qarşısında polislər və Fövqəladə Hallar Nazirliyinin qüvvələri də dayanıb. Nazirliyin məlumatına görə, mayın 22-dən ölkə ərazisində poliuretan üzlüklərlə üzlənmiş binaların mühafizəsi gücləndirilib.

XS
SM
MD
LG