Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:40

Kitab üstündə dalaşmaq olmaz


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

-

Kitab dükanına yalnız böyük rəqabətə tap gətirən kitablar yol açmalıdır.

Məqalələr toplusu, ailə albomları, araşdırma kitabları ya ixtisaslaşmış dükanlara, ya da kitabxanalara gedə bilər...

Şahbaz Xuduoğlu

KİTAB ÜSTÜNDƏ DALAŞMAQ OLMAZ

Yazarla naşirin və kitabçının fərqi ondadır ki,yazar əsasən, yalnız öz kitabı çıxanda kitab problemini qabardır, kitabın yayımında, satışında üzləşdiyi problemlərdən danışır, amma kitabçı və naşir bu çətinlikləri hər gün yaşayır.

Hər gün kitabın məhdud bazarını genişləndirmək barədə düşünür.

Hər gün kitab ətrafında bir hadisə yaratmağa çalışır. Endirimlər,aksiyalar, fləşmoblar, oxu saatları, imza günləri keçirir.

Plakatlar, kataloqlar çap edib pulsuz yayır. Hər gün yeni yayım nöqtələrinə baş vurur, kitaba yeni dostlar, fərqli oxucular axtarır.

Yalnız böyük yazarlar imzalara görə, qalan kitablar isə formatlarına görə yerləşdirilir. Hər yazar üçün ayrı bir format yoxdur, hər yazara ayrı bir münasibət də olmamalıdır.

Heç bir ciddi yazıçı öz kitabını tam kitab halında təsəvvür edə bilmir, önun gözünün önündə yalnız yazdığı sətirlər canlanır.

Hətta bəzən o, səhifələri, həcmi belə unudur, lakin kitabın içindəki mənanı, ruhu unutmur.Naşir isə yazılan mətnin dərhal kitab həllini görür.

Kitab səhifələnməmişdən qabaq formasını, rəngini, qapaqda gedən mətni, mətbuata gedəcək xəbəri, oxucu üçün yazılan təqdimat cümləsini müəyyən edir. O təxmini bilir ki, oxucu bu kitabla üzbəüz qalanda hansı hisslər keçirəcək.

Yüzlərlə kitabın içindən əl atıb bu kitabı götürəcəkmi?

Yoxsa dodağını büzüb gedəcək.

Ya bəlkə gülümsəyəcək, telefonla şəkilini çəkəcək, adını bloknotuna yazacaq, ya da ki tərəddüd etmədən kitabın dəyərini ödəyib alacaq.

Yazıçı yazdığı əsəri hər hansı zaman və məkanı nəzərə almadan yaza bilər, amma naşir kitabın harada və hansı şəraitdə çıxmasını, təqdim olunan oxucu dairəsini mütləq bilməlidir.

Hər hansı bir kitabın nəşrində ilin,fəslin, ayın, hətta günlərin belə böyük rolu var. Məsələn, hüquqi nihilizm ölkəsində hüquq kitablarını heç pulsuz da almazlar. Bunun əksi də olur, gözəl səliqəli məktəblər var, amma təhsil kitabları yoxdur.

Yazıçıya görə məqalələr toplusunu yığıb bir kitab etmək olar, bu, yazıçının uğuru ola bilər, amma bu, naşirin məğlubiyyətidir.

Yazıçının kitablarının çoxluğu onun adını ucaldır - satılıb-satılmasından asılı olmayaraq.

Amma naşirə görə, satılmayan kitablar kitab dükanına gedə bilməz, kitab dükanına yalnız böyük rəqabətə tap gətirən kitablar yol açmalıdır. Məqalələr toplusu, ailə albomları, araşdırma kitabları ya ixtisaslaşmış dükanlara, ya da kitabxanalara gedə bilər.

Bir tarixi əhəmiyyətli fakt kimi.

Bu mənada biz çox zaman kitab dükanı ilə kitabxanaları bir-birindən ayırmaq istəmirik.

Kitab bazarına - böyük rəqabət olan bazara çıxarılan kitablar çox ciddi sınaqlardan keçməlidir.

Bir dəfə İskəndər Pala ilə söhbətimdə redaktə məsələsini necə həll edirsən - deyə soruşdum, “son kitabımı 22 redaktor oxuyub, hər biri rəyini yazıb, düzəlişini edib və hamısını nəzərə almışam” dedi.

Bu misal tirajlı kitabın necə ərsəyə gəlməsi haqqında azca da olsa təsəvvür yaradır. O kitab mətbəəyə gedəndə artıq kitab dükanları qapının ağzını kəsdirirlər.

Yaxud, Harri Potterin hər bir yeni cildi nəşr olunanda mətbəələr xüsusi nəzarət altında işləyir, İngiltərədə yeniyetmələr arasında cinayətkarlığın faizi sıfıra enir, çünki hamının başı yeni cildi oxumağa qarışır.

Hər bir kitabın taleyində əsas rolu, əlbəttə, yazar oynayır, yazarın təfəkkürü, ruhu, fantaziyası kitabı yaradır. Amma kitabı təqdim edən, kitablar ailəsinin bir üzvü edən, ona yeni bir həyat bəxş edən isə əlbəttə naşirdir.

Naşir bütün yazarların marağından çıxış edir. Eyni zamanda yalnız yazarların yox, buraya tərcümə edənlər, filoloqlar, jurnalistlər,hətta kitabın ərsəyə gəlməsində iştirak edən ən adi işçi də aid olunur. Kitab sahəsində olan problemləri sadəcə söz xatirinə yazmır, onları bütün varlığı ilə hiss edir.

Yaxşı kitab özü özünə yol açır. Onu istəyirsən başın üstünə qaldır, istəyirsən lap pulsuz et, yaxud götürənə bir manat ödə, xeyri yoxdur.

Bəxti, taleyi yoxdursa, daim yeri arxalarda olacaq, daim üstünü toz basacaq.

O mübahisə effektlidir ki, səmərəli nəticəsi olsun. Dalaşmaqla mübahisə etmək tam fəqlidir.

Kitab ətrafında mübahisə etmək lazımdır, amma dalaşmaq olmaz, çox yersiz görsənir. Və bu mübahisələr daim olmalıdır, mübahisələr maraqlı mətnin axtarışlarına xidmət etməlidir.

Maraqlı mətn hətta yandırılsa da, mütləq hardasa bir nüsxəsi qalacaq. O mətn ki, naşirin, kitabçının, redaktorun, korrektorun və bütün bu camedən olanların hamısının üzünü ağ eləsin.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG