Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:19

Sahilə İbrahimova. Hekayələr


Sahilə İbrahimova
Sahilə İbrahimova

-

Sahilə İbrahimova

(Hekayələr)

TƏXİRƏSALINMAZ NİKBİNLİK PLANI

Alış-verişə çıxmışdıq. Hər şeydən, hər yerdən isti yağırdı. Bütün istilər məni yandırırdı, ona dəymirdi, elə bil.

Zənn edərdin ki, günəş mənim acığıma elə qızmar, o mənim acığıma elə həyasızdır. Hərdən mənə elə gəlirdi ki, o həyasızdır.

Çünki israrla xoşbəxt olmaq istəyirdi. Üstəlik, bu xoşbəxtliyi zorla məndən qoparmağa çalışırdı.

Mən daima xoşbəxtlik axtaranları sevmirəm. Bu xoşbəxliyi mənim hesabıma yaşamaq istəyənlər isə məni vahiməyə salır. Mən ümumiyyətlə daima nə isə axtaranları, yalnız tapanda sevinənləri sevmirəm.

Azca sevincə batırılmış stabil, dəyişməz kədərlə yaşamağa üstünlük verənlərdənəm. Hərdən, ona yazığım gəlirdi. Olurdu, hə, olurdu ki, ona yazığım gəlirdi.

Yaxınlıqda balaca kafe tapıb oturmağa tələsdim. Kafeyə aparan yol dünyanın ən keçilməz yolu kimi uzun və əzablı göründü. Onun ayaqqabıları fəsilə uyğun deyildi, barmaqları nəfəs almırdı, köynəyi də qalın idi. Buna rəğmən, istidən şikayətlənmirdi. Baxışlarımız toqquşanda təmkinlə gülümsəyirdi. Mənə elə gəlirdi ki, o istini yaxın buraxmır, mənə ötürür, mən ikimizin əvəzinə istiyə dözməli oluram. Kafenin pilləkənindəki dondurma kağızı ilə mineral suyun plastik butulkasını yana itələyib yuxarı çıxdım. Küncdə oturduq. Ofisyant oğlan yaxınlaşdı, menyunu uzatdı. O, toyuq salatı, bir də ayran sifariş verdi. Mən su istədim. Əvvəlcə içimi oyan isti burulğanını yatırmaq lazım idi.

Mən onu tanıyanda anasını sevmirdi. Düşünürdüm ki, anası sevilməyi çoxdan unudub. Bəlkə də heç ümumiyyətlə sevilməyib. Onun anası özü qədər gözəl olmamışdı. Mən heç vaxt gözəl və sevimli olmayan ananın qızını bir zamanlar dəli kimi sevirdim. Ana bunu bilirdi. Hər halda mən belə düşünürdüm. Onun nə düşündüyünü, nəyi bəyənib, nəyi bəyənmədiyini əminliklə demək olmurdu. Mənsə, düşünürdüm ki, bilirəm. Anası gözünü pəncərələrə dikirdi. Mən hər dəfə onların evindən çıxanda onun qorxulu nəzərlərini kürəyimdə hiss edirdim. O, hər dəfə belə baxanda elə bilirdim mənə deyəcək bir boxca sözü var. Bir gün dalımca bağıracaq, boxçanı kürəyimə-kürəyimə çırpacaq, düyün açılacaq, sözlər döşəməyə dağılacaq.

Toya hazırlaşırdıq. Toy mümkün qədər tez olmalı idi. Nişanlım mənə xilaskar kimi baxırdı. Dayanmadan toy planlarından danışırdı. Susqun idim. Onun planlarına və arzularına üç ay əvvəlki qədər həvəslə qoşula bilmədiyim üçün sonra olacaqlardan cavabdeh mən idim.

- Paltarım hazırdı. Nişanlım dedi. Mövzunu dəyişmək istədim. - Anan necədi? soruşdum. Anasının sakit olduğunu dedi nişanlım.

Həmişəki yerində oturur. Pəncərinin qabağında. Ona təzə paltarlar almışam. Başına təzə yaylığını örtür. Elə bil sevinir. Bir az düşüncəlidi. Nəyisə götür-qoy edir kimi davranır. Bir həftə sonra onu gözləyən dəyişiklikdən xəbərsizdi. Mənə elə gəlir, gözəlləşib. Mən kəşf etmişəm ki, o cavanlıqda gözəl olub. Cavanlıq şəkillərini cırıb, sənə demişdim. Dəqiq bilmirik necə olub. Qohumlardan bəzisi həvəsli, bəzisi isə həvəssiz şəkildə suyuşirin olduğunu deyir.

Başımı qaldırıb onun üzünə baxmağa cəsarət etmədim. Anasını sevməyi yadırğamış qızın üzünə çəkilmiş nisgili görməmək üçün qımıldanmırdım.

Belə olmasını istəməzdim. Bizimkilər...mızıldandım.
Yoox. Əlbəttə. Səni başa düşürəm. Bəlkə də bizim ayrıca evimiz olanda... Dediklərinə inanmırdı. Gələcəkdə də heç nə dəyişməyəcəkdi. Vicdanını azdırmaq, günahını pərdələmək istəyirdi. Mən də belə edirdim. Çoxu belə eləyir. Türk paxlavası sifariş verdi. İç içə qoyduğu iki salfetə bükdü. Anasına aparacaqdı. İki həftədən sonra toyumuz olacaqdı. Üç ay əvvəl onu sevirdim. Heyran idim deyək. Heyranlıq keçdi, sevgi gəlmədi. Üç ay öncə heyranlıqla sevgini yaman səhv saldım, bir-birinə o qədər bənzəyirdi ki. Rühən xəstə anasının yükünü sona qədər çəkəcəyimə əmin halda, evlənmək istədiyimi bildirdim. Qıza elə heyran idim ki, anasını belə sevməyə çalışırdım. Tez-tez evlərinə gedir, türk paxlavası aparırdım. O da xoşlayırdı, anası da. Anası mənə isinişmiş, gözlərində rahatlıq və inam közərmişdi. Qızı belə deyirdi. Bir gün anladım ki, onu sevmirəm. Üç aydan sonra. Evlərinə az-az getməyə başlamışdım. Nişanlım daha sevilmədiyini bilmirdi. İşimin çoxluğunu deyirdim lazım gəldi gəlmədi. Bilsə də, gizlədərdi. Ömrünün sonuna kimi bunu gizlətməyə, mənə və özünə unutdurmağa, sevilmədən yaşamağa hazır görünürdü. Belə olan halda, mən də onu sevmədən yaşamaqla razılaşa bilərdim. Onsuz da çaş-baş idim. Onsuz da hər dəfə heyranlıq keçir, sevgi gəlmirdi. Olsun. İki həftə sonra toyumuz olsun deyirdim özümə dayanmadan. Hər kəs şərtlərlə razı idi. Sakitcə yaşayacaqdıq. Ondan başqa. Anasından. O, dəli ruhu ilə ağıllıların gizlətdiyi mətləbləri açmaq, qızının beyninin qırışları arasında saxladığını mənə, mən ört-basdır elədiklərimi nişanlımın ovcuna qoymaq istəyirdi. Evlərindən uzaqlaşdığımda arxama zillənmiş baxışların vahiməsindən titrəyir, onun dürüst dəli ruhuna acıyır, qızının, özümün, bizim kimi milyonların riyakar simasına nifrət edirdim. Kürə öz ağır, saxta tərpənişi işə fırlanır, özü kimi riyakarların fitnəkar ruhlarını çalxalamadan, günahlarını ört-basdır edə-edə yellədirdi.

Səhər təzə açılmışdı. Təngənəfəs nişanlımgilin həyətinə çatdım. O gün orda ondan və anasından başqa dünyada heç kim və heç nə qalmamış kimi hər yan boşalmışdı. Onu, mənim nişanlımı anasına aldığı göy yun şala bürümüşdülər. İki həftə sonra evlənəcədik. Anasını bürüyüb beş il yatdığı rühi xəstələrə guya şəfa verən xəstəxanaya geri aparacaqdılar. Mənim anam dəlidən qorxurdu. Dəli baxışlarından vahimələnirdi. Nişanlım da anası ilə bir yerdə qalmaqda israrlı deyildi.

- Mənim balam... O bağırırdı. - Sənin toyun olmayacaq. Sən mənim kimi ərə getməyəcəksən. Səni sevdiklərinə inandırmayacaqlar. Səni sevmədiklərini öyrənməyəcək, bu həqiqətlə yaşamayacaqsan. Sənə xəyanət etməyəcəklər. Xoşbəxt olacağına inanmayacaq, bunun əksini görməyəcəksən. Səni sevməyən birinin uşağını doğmana çevirməyə çalışmayacaqsan. Bu həqiqətdən havalanmayacaq, övladın tərəfindən sevilmədiyinin fərqində olmayacaqsan. Səni xilas edəcəm, mənim balam... Əlində balta vardı. Qanlı. Onu, mənim nişanlımı göy şala, bir də qırmızı qanına bürümüşdülər. Qızını parçalayan, onu yaşaya biləcəyi bütün dərdlərin çəngindən qurtarıb yox edəcəyinə inanan dəli ananı sakitləşdirmək, baltanı əlindən almaq mümkünsüz görünürdü. Böyük riyakarlığı amansızcasına məhv edib mənin gəlməyimi gözləyirdi. Oynaq, cinayətkar, dəli baxışları ilə mənə meydan oxuyur, onu aldada bilmədiyim üçün, qızını öz taleyini təkrarlamağa qoymadığı üçün qalib sayılırdı...

GİZLİLƏR VƏ GÜCLÜLƏR

Zuzu, Zərifə, hamı ona belə deyir, səfərdən qayıdandan sonra solğun bir qış günündə görüşdük. Elə sakit, elə xəlvəti gün idi ki, elə bil onu bizimlə bahəm əlavə bir-iki nəfər yaşayırdı, vəssalam. Zuzu təcili görüşmək istədiyini deyəndə, nə gizlədim, dilxor oldum. Qatılmaq istədiyim hekayə müsabiqəsinə yazı göndərəcəkdim. Əlbəttə, yazandan sonra. Yəni heç nə hazır deyildi. Zuzu yeni açılan restoranda “fondu” yeyəcəyimizi deyəndə isə kefim lap pozuldu. Ürəyim dəhşətli dərəcədə düşbərə istəyirdi. Bir sözlə, görüş üçün vaxtım olduğunu canımı dişimə tutaraq dedim. Onsuz da münasibətlərimiz növbəti ayrılığa doğru gedirdi. Biz Zuzu ilə üç dəfə ayrılıb, yenidən sevgili qismində birləşmişik. Birinci ayrılıqdan sonra mənim, ikincisindən sonra isə onun başqa sevgilisi olub. Bəzi kişilər üçün köhnə sevgili başqası ilə görüşəndən sonra onu yenidən qəbul etmək dözülməz olsa da, mən buna adi baxıram. Mən hətta bir neçə yandan aldatma məsələsinə də başqa cür yanaşıram. Kimsə məni özümdən daha tez-tez və alçaqcasına aldatmır. Bir halda ki, özüm də özümü aldadır və özümlə yaşayıram, başqasının yalanını niyə faciə kimi qəbul edim ki?.. Bir də ki mən heç vaxt nümunəvi kişi kimi görünməyə iddialı olmamışam. Mən hekayə yazır, hərdən tərcümələr edirəm.

Zuzu “fondu” yeyəcəyimiz restoranın pilləkənində görünən kimi həyəcanlı olduğunu anladım. O, insafən, mənimlə çox isti görüşdü. Hətta yanağımın batıq yeri üçün əməlli-başlı darıxdığını bildirdi zarafatla. Biz məşhur “fondu”nu sifariş verəndə isə o, sözə başladı.

-Sənə danışacaq o qədər şey var ki...

-Hə, hiss edirəm ki, nə isə mühüm bir şey deyəcəksən. O gün telefonda da sözlü adama oxşayırdın.

-Bəs niyə heç nə soruşmadın?

-Nə bilim, dedim, bəlkə, yanılıram. Bir də fikirləşdim arxayın vaxtda özün danışarsan.

Zuzu sınayıcı nəzərlərlə məni süzdü və danışmağa başladı. Etiraf edim ki, onunla danışa-danışa beynimdə yazacağım hekayənin sujetini qurmağa çalışırdım. Uğursuz alınsa da, hətta bəzi dialoqları necə başlayacağımı götür-qoy etdim. Ona diqqətlə qulaq asmağa başlayanda təxminən bu yerdə idi:

-... deməli, bu elə küçədi ki, adama elə gəlir, yer kürəsində nə qədər insan var, bir-bir, tək-tək burdan keçir. İllah da ki altıdan sonra iynə atsan, yerə düşməz. Mən dondurma dükanından çıxıb insan axınına qoşulanda sağdakı kafenin həyətində bir-iki ərəb kişi, eyni sayda da sarışın qız oturmuşdu. Hamılıqla qəlyan çəkirdilər. Balaca bir qız uşağı onlara yaxınlaşıb pul istəyəndə isə mən qəfildən sola əyildim.

-Pul verdilər? Mən soruşdum.

Zuzu çaşdı.

-Kimə?

-Dilənçi qıza. Ərəblər qıza pul verdi?

-Hə, o qıza… Bilmirəm. Yox, deyə bilmərəm. Yəni söhbət bundan getmir. Mən qızı elə-belə, sözgəlişi xatırladım. Yəni söhbət ondan gedir ki, mən adım kimi əminəm ki, sola tərəf əyildim. Amma nə qədər çalışsam da, müəyyən edə bilmirəm, bunu məhz nəyə görə etdim. Yox, əlbəttə mənə elə gəldi ki, kimsə sağ tərəfdən üstümə şığıyır, kimsə mənə toxuna bilər.

-Sənə kimsə toxunmaq istəyirdi?

-Hə, sonra mənə yaxınlaşan dörd oğlan dedi ki, doğrudan da, bir nəfər mənim üstümə şığıyıb qolumdan tutmaq istəyib. Mən reflektiv yana əyilmişəm, onun niyyəti yarımçıq qalıb.

-Kimsə sənin qolundan tutmağa çalışıb?

-Hə, yəni ayağımdan. Baldır hissədən.

Mən dərindən nəfəs aldım, bir siqaret yandırdım. Səbirli olmalıydım.

-Bunu araşdırmaq niyə o dörd oğlanın boynuna düşmüşdü?

Süni sakit səslə soruşdum.

-Elə marağı da burasındadı. Deməli, yana tərəf əyilən kimi təxminən eyniboylu dörd oğlan mənə yaxınlaşdı və bəladan yaxşı qurtulduğuma görə məni təbrik etdi. Mən təşəkkür edəndə isə beşinci oğlan göründü. Əlləri qandallı idi. Təkrar-təkrar “mən heç nə eləməmişəm” deyirdi.

Zuzu danışır, arada mənim boşqabıma qızardılmış ət və əridilmiş holland pendirinə batırılan çörək tikələri qoyurdu.

- Əliqandallı oğlanı mənə göstərib, “sizə hücum edən budur?”, - deyə soruşdular. Mən cavab verməyə macal tapmamış oğlanlardan ən çox danışanı izah eləməyə çalışdı: “Əlbəttə o idi, biz çoxdan onun izinə düşmüşdük. Hər şey - onun sizə yaxınlaşmağa çalışması, əlini uzatması, sizin yana əyilməniz, hər şey video qeydə alınıb. Mənim telefonumdadı. Baxın, burda, telefonda. Yaramaz. Ayıb olsun.” Oğlanlardan biri dedi. Mən maddım-maddım telefona baxdım və qəfildən yadıma düşdü ki, üç saatdan sonra hava limanında olmalıyam. Tələsik üzrxahlıq etməyə başladım: Mən, bilirsiz, mən hər şeyi tam xatırlaya bilmirəm, düzü, hə, əlbəttə mən əyildim, lakin mən adamlara toxunmağı, onların da bunu etməsini sevmirəm. Yəni bunu tez-tez edirəm. Kiminsə mənə toxuna biləcəyini hiss edən kimi əyilirəm. Hə, o da düzdü ki, bu dəfə bir az başqa cür oldu. Lakin bu, təsadüf də ola bilər. Həm deyilsə belə, fərq etməz. Bunu araşdırmaq üçün mənim vaxtım yoxdu. Üç saatdan sonra ölkənizi tərk edirəm.

- Sən bunları niyə onlara izah edirdin? Niyə sağollaşıb yoluna davam etmirdin?

Səsimin necə çıxmasının qeydinə qalmadan soruşdum.

- Hə, bunu deməyi unutdum. Dörd oğlan gizli polis idi. Əvvəlcə vəsiqələrini göstərdilər. İnanmadığımı görüb polisin xidməti nömrəsinə zəng vurdular, kimliklərini təsdiqlətdilər. Mən yenə də inanmayınca yoldan keçən birinə vəsiqələrini göstərib cibindəkiləri çıxarmasını istədilər. Adam tələsik deyilənləri edincə mənim daha şübhəm qalmadı.

- Sonra?

- Sonra məndən gizli polis bölməsinə getməyi, olanlar haqda izahat verməyi xahiş etdilər.

“Razılaşdın?” sualını verməyə qorxurdum. Yox eşitmək ehtimalım o qədər az idi ki...

- Mənim başqa yolum qalmadı. Çox israr etdilər. Dedilər ki, mən üç saatdan sonra çıxıb gedirəm, bu boyda ölkəni isə bir axmağın ümidinə qoymaq olmaz.O, millətin adını batırır. Budur, o təkcə yerli əhalini yox, hətta turistləri də narahat etməyə başlayıb. Sən zəngimə cavab verməyincə Taleh əmi ilə danışdım. Heç yerə getməməyi tapşırdı. Sürəyya xanım, vəkil, izahat verib-verməməyin sırf vicdanımla bağlı bir şey olduğunu deyincə isə... Qısası, gizli polis bölməsinin mətbəx qapısında A4 kağızı şəffaf faylın içinə salınaraq asılmış, bu sözlər yazılmışdı: “Canilərin içəri girməsi qadağandır!” ... mən izahatı oxuyub qurtarıb başımı qaldıranda mətbəx divarında qan ləkəsi gördüm.

Zuzu cavablarını əməlli-başlı teatrallaşdırmışdı. O, belə şeyləri sevirdi. İkinci siqareti külqabıya sürtür, dinmirdim.

-... qorxmurdum. Qorxulacaq bir şey yox idi. Sadəcə, tərəddüd edirdim. İzahat, onu imzalamalı olduğum qələm əlimdə titrəyirdi. Yəni bilirsən, mən belə şeylərdən qorxmuram…

-Bilirəm. Dedim kinayə ilə.

-... birdən çarəsiz-çarəsiz izah etməyə başladım. Bilirsiz... Mən onun üzünü görmədim. Yəni mənə tərəf gələn adamın məhz o olmasından əmin deyiləm. O, hündür idi. Mən yana əyiləndə yanımdakı adam, yəni. Mən onun hündür olduğunu hiss etdim, lakin orda o qədər adam var idi ki... Mən səhv etmək istəmirəm....Amma siz əlbəttə ki, daha yaxşı bilərsiz. Deyirsiz ki video çəkilişlər var...

“Xanım, narahat olmayın, siz səhv etmirsiz. Əlbəttə, biz daha yaxşı bilirik. Buyurun, imzalayın.”

-...

-Hə, imzaladım. Mən sonra videoları istədim. Baxmaq istəyirdim. Mənə maraqlı idi. Dedim ki, telefona çəkilənləri göstərsinlər. Yox idi. Dedilər ki, silinib. Necə olubsa, silinib. Heç özləri də anlamayıb, bu necə olub. Onlar məni niyə aldatsınlar ki?..

Zuzu mənə baxmadan danışırdı. Elə bil mən yox idim.

-... əlbəttə, mən səhv də edə bilərəm. Mən heç nəyə əmin deyiləm. Mən... Bilirsən, otaqdan, mətbəxdən, yəni çıxanda onların rəisi koridorda məni hər yerdə müşaiyət edən oğlana “yaxşı iş bacardınız, sizi təbrik edirəm” dedi, mən bunu dəqiq eşitdim. Sonra axşam xəbərlərində dedilər ki, o gün o ölkədə reyd keçirilib, 23 cinayət hadisəsi qeydə alınıb. Mənə ən çox yer eləyən o oldu ki, onlar videonu göstərmədilər. Video yerli-dibli olmamışdı. Mən o oğlanın üzünü görməmişdim. O küçədə o gün, o dəqiqə mənim yanımdan azı beş hündürboylu oğlan keçmişdi. Başa düşürsən?? Bunun nə demək olduğunu anlayırsan?

- Deyirsən ki, sən günahsız adamın ittiham olunmasına səbəb olmusan?

- ... o təkcə ittiham və məhkum olunmayıb. O...

Birdən Zuzu ağlamağa başladı. Hıçqırıqlardan boğulurdu. Ən böyük çətinliyi əlləri ilə idi. Onları hara qoyacağını bilmirdi. Əsim-əsim əsirdilər. Mən onu sakitləşdirə bilməyəcəkdim. Başımı aşağı salmışdım.

-... mən öyrəndim ki, o oğlan hərbi xidmətinin səkkizinci ayında imiş. Üç günlük məzuniyyətə gəlibmiş. Və bu hadisə...

- Ona nə qədər veriblər?

- Əvvəlcə xidmət etdiyi müddəti ləğv ediblər. Bir il yarımı həbsxanada keçirəndən sonra yenidən əsgəri xidmətə göndəriləcəkdi. Amma...

- Amma?

Zuzu nə qədər çalışsa da, sakit danışa və ağlaya bilmirdi. Yavaş-yavaş ətrafdakıların diqqətini çəkməyə başladıq.

- Əclaf... Sənin diqqətsizliyin məni bezdirib. Səni tanıdığım günə lənət olsun.

Birdən o, əsəbi şəkildə dedi.

Mən təəccüblənmədim. Sonluğun belə olacağını təxmin etmişdim.

-... sən onda mənim zəngimə cavab versəydin, belə olmazdı. Mən bölməyə getməzdim. Ya da on beş dəqiqə sonra cavabsız zəngi yığsaydın, izahatı imzalamazdım. Sənin ucbatından, yaradıcılıq melonxoliyası ilə saatlarla xəyala dalmağından bezmişəm. mən...mən düz iki həftədi əməlli-başlı yata bilmirəm. Sənin ucbatından o oğlan intihar eləyib. Və mən indi bu məsuliyyəti boynumda tək daşımalıyam. Mən səninlə heç nə bölüşə bilmirəm. Biz əməkdaşlıq edə bilmirik. Niyə sən mənimlə birlikdə ola bilmirsən?

Mən dəhşətlə onun üzünə baxdım. Elə çarəsiz, elə zəif görünürdü ki...

- Ayrılaq! Mən daha səninlə tək olmaq istəmirəm. Özüm tək qalaram.

Nəhayət, o, söhbəti yekunlaşdırdı.

Anlayacağınız, o gün hekayə yaza bilmədim. Təxminən beş ay hekayə yazmağa ara verdim. Hər dəfə nəsə yazmaq istəyəndə “mən heç nə eləməmişəm” deyən oğlanı xatırlayır, səsini eşidir, ipdən asılmış başını kağızlarımın üzərində hiss edirdim. Bir də ərəbləri, rus qadınlarını, əli açıq, saçı pırtlaşıq dilənçi qızı xatırlayırdım. O gün kimsə o qızın hayında deyildi. Kimsə yüngüləxlaqlı rus qadınları ilə ərəblərin qəlyan çəkərək gözləri axa-axa zarafatlaşmasına ikrahla baxmırdı. Stolun üstündə iki yüz əlli minlik maşın açarlarının necə peyda olması kimsədə maraq, şübhə və sual doğurmurdu. Gizli polis belə işlərə baxmır, onları araşdırmırdı. Ən guclu və gizli polisin belə, buna gücü çatmazdı. Güclər küçədən keçəndə özünü saxlamayıb bir qızın ayağına toxunmaq istəyənlərə çatırdı və işlər elə tələsik araşdırırlır, qovluqlar elə amansız sürətlə arxivə göndərilir, həbsxana kameralarının dəmir qapıları elə tez bağlanır, nəhayət, o küçədə o qədər bir-birinə bənzəyən, hündürboylu oğlanlar var idi ki... yanılmaq, yanlışlıqla ittiham etmək və günahsız birinin intiharına bais olmaq an məsələsi idi. Mən bir müddət tək qalmalı, bunları düşünməli, sonra Zuzu ilə birləşməli idim.

YAŞAMAQ ÖDƏNİŞLİDİ

Hər şey R. -nın qəflətən Veronikanı öpmək istəməsi ilə başladı. Qəflətən deyirəm, çünki R. əvvəllər də Veronikanın gözəl olduğunun fərqində idi, bir-iki dəfə qızın oğrun-uğrun toppuş yanaqlarına, bant şəkilli ətli dodaqlarına baxmışdı, lakin onda belə bir istək baş qaldırmamışdı. Veronika yuxarı sinif oğlanlarının sevimlisi idi, adı onlarla birgə çəkilirdi, yaşıdlarına maraq göstərmirdi, sonra da lap dəyişiklik olsaydı, qız sinif yoldaşları arasından kiməsə baxmağa qərar versəydi, bu, R. olmayacaqdı. R. arıq, göygöz, yanaq sümükləri qabarıq, beli azca əyri biri idi. Səsi güclə eşidiləcək qədər yavaş çıxırdı, oturuşu-duruşu dedikcə cəsarətsiz idi. Qızlar, adətən, belələrini bəyənmir. Bu arada haşiyəyə çıxıram, qızın əsl adı Veronika deyildi. Saçları gur və uzun olduğundan onu “Veronikanın saçları” adlı ulduzun şərəfinə belə çağırırdılar. Bəlkə də, astronomiya dərsindən xatırlayırsız, belə bir ulduz var.

Veronikanı öpmək istəyi R.-nı ildırım vuran kimi səkkizinci sinfin ikinci rübündə vurdu. Daha dəqiq, ikinci rübün sonuncu fizika dərsində. Veronika lövhənin qabağında hakim qarşısında müttəhim kimi dayanmışdı. Məyus görünürdü. Tez-tez dərslərə hazır gəlməsə də, o gün buna görə xəcalət çəkirdi elə bil. Qızarmışdı. Hətta arada ani kövrəldi də. R. Veronikanı heç vaxt belə çarəsiz görməmişdi. Elə bu an qəflətən R. qeyri-adi istəklə Veronikanı bir dəfə, çox yox, cəmi bircə dəfə öpmək istədi. Bu istəyin ardıyca sinifdə əvvəlcə pıçhapıç, sonra çaxnaşma düşdü. Müəllim danlağını kəsib, laboratoriya otağına qaçanda isə iş-işdən keçmiş, kartof yanıb kül olmuşdu. Fizika müəllimi həmişəki kimi sinif otağına bitişik laboratoriyada spirallı sobanın üstünə kartof qoymuş, başı dərsə qarışdığından gunorta yeməyi yanıb kül olmuşdu.

Sonrakı dəqiqələr gülməkdən qarnını tutan kim, pəncərəni açan kim, dərs qarışdığından pis qiymət almaqdan canının qurtardığına şükr edən kim...
O gün Veronika məyus-məyus yerinə qayıtmış, R. beyninə girmiş fikri uzaqlaşdırmağa cəhd etmiş, lakin bacarmamışdı. Ondan sonrakı günlər Veronika ona yaraşmayan ciddi sima ilə gəzib dolaşmış, bu dəyişikliklə R.-nın ona olan marağı daha da artmışdı. Maraq isə başqa bir şey deyildi, mahiyyəti fəlsəfi izahlarla açılmağa ehtiyac duymurdu, onu çoxtərəfli və mürəkkəb adlandırmaq ağ olardı. R., sadəcə, bircə dəfə o qızı öpmək istəyirdi. Lakin bu istək elə güclü idi ki, R. yalnız onu həyata keçirmək üçün yaşamağa başlamışdı.

Yuxudan oyananda dərhal belə bir istəyinin olduğunu xatırlayır, gecələr onu düşünə-düşünə oyaqlar komandasını tərk edir, yatmışlar dəstəsinə qoşulurdu.

Bir gün R. təsadüfən eşitdi ki, Veronika buraxılış sinfindəki sevgilisindən ayrıldığı üçün məyusdur. Səbəb isə sevgilinin söz verib onu aldatmasıydı. Buraxılış sinfindən olan sevgilisi vədinə xilaf çıxmış, söz verdiyi kimi Veronikaya xizək almamışdı.

Hər şey gün kimi aydın idi. Zəfərə çatmaq üçün yollar nişan verilmiş, qala divarlarını aşmaq, qələbə bayrağını sancmaq üçün yeraltı keçidin istiqaməti təyin olunmuşdu. Veronika xizək istəyirdi, ona çatmaq üçün fəth planının sadə bir adı var idi-xizək.
R. həyətlərindəki ən zirəng oğlandan xizəyi köhnə pulla otuz beş min manata almağın mümkün olduğunu öyrəndi. Bu, evlərinin aylıq gəlirinin yarısına bərabər idi və onu əldə etmək həyətdə torpağı qazıb neft çıxarmaqdan daha çətin görünürdü. R. gecə-gündüz bu barədə düşünür, oxuduğu kitablarda, anasının işlədiyi qalereyanın divarlarından asılmış şəkillərdə, televizorda göstərilən verilişlərdə, yerdə, göydə hər yerdə, hər şeydə otuz beş min manat görür, daha doğrusu, o pulu hesablayırdı. Mağazalarda adamların bazarlıq torbalarının içindəkiləri, piştaxtalardakı ərzaqları, rəflərdəki kitabların dəyərini hesablayır, otuz beş min manat almağa çalışırdı. Bəzi şanslı adamların sırf hava dəyişmək üçün başqa ölkələrə uçduqlarını eşitmişdi, göyə baxanda səfər xərcləri içərisində otuz beş min manatın olmasını xatırlayır, həsrətlə gözlərini təyyarələrə zilləyirdi. Televiziya verilişlərinin çəkiliş xərcləri arasında otuz beş min manat, şübhəsiz, vardır, “kaş o pulu mənə verəydilər”, - deyə düşünürdü.

Günlərin bir günü xizəyi bazar qiymətindən daha ucuz, məhz otuz beş min manata tapacağını deyən zirəng oğlan R.-ya pul toplamağın da yolunu öyrətdi. Zirəng oğlanın adı Rasim idi. Onların ailələrini xatırlayanda R.-nın yadına əvvəlcə milçəklər düşürdü. Rasimin anası vasvası olduğundan evdə həmişə əlində köhnə məhraba o yan-bu yana qaçır, açıq pəncərədən milçək qovmağa çalışırdı. Onların evindən həmişə gülüş səsi gəlirdi. R.-ya elə gəlirdi ki, Rasimin anası milçəklə yanaşı qəm-qüssəni də qovub çıxarmağı bacarır. R.-gilin evində isə çox zaman adamın ürəyini sıxan ölü bir sakitlik dövr edərdi. R. balaca bacı və qardaşlarını köhnə oyuncaqlarla oynayan yada salırdı. Ona elə gəlirdi ki, bacı-qardaşlarının, elə özünün də ən sevimli oyuncağı kədər olub. Onlar kədəri atıb-tutmuş, onunla başlarını qatmağa çalışmışlar. Anası atasının növbəti danlağından sonra bir az ağlayar, sonra balaca ləyənə un töküb xəmir yoğurmağa başlayardı. Bəzən bir saat, bəzən saat yarım var gücü ilə xəmiri ləyənin divarlarına yumruqlayar, handan-hana özünə gələr, sakit-sakit gülümsəyərdi. Atasının anasını danladığı günlərdə R. axşama əriştə, düşbərə, yaxud xəngəl yeyəcəklərini təxmin eləyirdi. Atası hirslənəndə elə qəzəblə bağırırdı elə bil sözləri, söz birləşmələrini arvadının üzünə tullayırdı. Anası söz zərbələrindən qorunmaq üçün uşaq kimi mətbəxə qaçır, qapı dalında gizlənirdi. Hərdən lap tutarlı sözləri yumrulayıb anasının üzünə tullayanda isə atasının sanki öz nəfəsi də kəsilir, tövşüyür, qapını çırpıb gedirdi. “Qarabağda atanızın yanında bomba partlayıb... o, hamımızı çox istəyir.” anası məyus-məyus deyirdi hərdən.

Tətil başlayan kimi R. səhərlər maşın bazarında çay satmağa başladı. Arıq barmaqları termosun qapağını açar-açmaz çayın buğu şaxtanın buxarına qarışır, R. donmuş balaca əllərini bacardıqca tez hərəkət etdirməyə çalışırdı. Termosu açmağı, çayı tökməyi, qapağı bağlamağı bir göz qırpımında ardıcıllanır, beləcə digər çaysatanları kölgədə qoyurdu. O, əvvəllər heç vaxt heç kimi arxada qoymamışdı, həmişə özü ön sıralara həsrətlə baxmışdı.

İkinci həftənin sonu tətil qurtarmış, xizək üçün pul artıqlaması ilə yığılmışdı. Xizəyi aldığı gün külək yavaş-yavaş yarpaqların arasında dolaşır elə bil onları təftiş edir, göstərişlərini verirdi. R. bütün cəsarətini toplayıb Veronikagilin həyətinə getmiş, xoşbəxtlikdən, onu balaca qardaşı ilə skamyada oturan yerdə tapmışdı. R. təbiətinə xas olmayan qətiyyətlə skamyaya tərəf addımlamış, Veronika ona ötəri nəzər salıb qardaşının papağını bağlamağına davam etmişdi.
“Vera, sənə sözüm var, amma təklikdə... məktəbin həyətində. Uşağı burda qoy. Narahat olma, çox çəkməz. Bu, çox vacibdir.” R. demiş və cəld məktəbə tərəf getmişdi.
Tezliklə Veronika məktəb stadionundan keçib ona tərəf addımlamışdı. R.-nın ürəyi şiddətlə döyünmüş, həyəcanla saçını əli ilə yana daramış, burnunu qaşımış, gödəkçəsinin boyunluğunu simmetrikləşdirmişdi. Veronika yaxınlaşıb heç nə demədən üzünə baxanda R.-nın əlləri əsirdi. Hətta o qədər həyəcanlı idi ki, bir an hər şeyi yarımçıq qoymaq, Veronikadan üzr istəyərək onu səhvən məktəbin yanına çağırdığını deyib qaçmaq, bacardıqca uzaqlaşmaq istədi. Lakin sanki möcüzə nəticəsində R. özünə gəldi və xizəyi Veronikaya uzatdı. “Al, Vera, bu sənindi.” Veronika təəccüblə sarı qutunun içindəki xizəyə baxdı, lakin yenə də dinmədi. R. yavaş-yavaş ona yaxınlaşdı və... və qızın yanağından öpdü. Bu elə qısamüddətli öpüş oldu ki, elə bil onun dodaqları qaynar ütüyə, qazın üstünə qoyduqları, üzərində çay dəmlədikləri, hərdən çörək və ət qızartdıqları yumru dəmirə dəydi. Bir an qəfil dəyəcək sillədən qorunurmuş kimi gözlərini qırpdı, əlləri ilə başını tutmağı gəldi. Lakin... lakin Veronika sakit idi. Birdən o, xizəyi əlində bərk-bərk tutub R.-ya yaxınlaşdı və ehmalca onun dodağından öpüb, gəldiyi yolla geri qayıtdı.

R. məktəbin həyətindəki dəmir pilləkənə çökdü və uzun müddət sevincindən qalxa bilmədi. Sanki tərpənsə sevinci dağıdacağından, onu azaldacağından, salıb itirəcəyindən ehtiyatlanırdı. Lakin R. həm də narahat oldu. Borclu qalmışdı, özünü Veronikaya borclu sayırdı. O, yalnız Veronikanı bir dəfə öpmək üçün xizək almışdı. Lakin mözücə baş vermiş, Veronika da qayıdıb onu öpmüşdü. R. elə riqqətə gəlmişdi ki, qaçıb artıq qalan pulu Veronikaya vermək, “buna da istədiyini al” demək istəyirdi.
R. sonralar artıq qalan pula Veronikaya bir rəsmxətt dəftəri, üç dəfəyə 12 perajki aldı və onun məktəb yeməkxanasına olan borcunu ödədi.

R. bir müddət o sevinclə, o qələbə ilə keçinə bildi. Lakin tezliklə o sevinc köhnəldi, istifadə müddəti bitdi və R.nın cılız cismini sabaha itələməkdə aciz qaldı. Tezliklə R. qəflətən yenidən nə isə istədi. Birdən, gözlənilmədən, planlaşdırmadan nəyəsə baxdı və onu şiddətlə istəməyə başladı. Onun üçün çalışıb-vuruşdu...
Hansısa istəyini həyata keçirməyə çalışanda onun rus dilini bildiyi məlum oldu və kimsə onu mağazasına satıcı dəvət etdi, sonra R. elə ordaca müdir işləməyə başladı, bir müddət sonra onu bahalı maşında gördüyünü deyənlər tapıldı. Bəziləri R. –nın şəhərdə dörd ev alıb kirayə verdiyini iddia elədi. R. ailə qurdu, ata oldu. İllər sonra onunla rastlaşanlar R.-nın özünəqapanıq, dinməz-danışmaz biri olduğundan gileyləndilər, bəziləri deyirdi ki, lovğadır, ağzını açan kimi, “alaram, ödəyərəm, pulunu verərəm” deyir.

Mən heç vaxt R. nı qınamamışam. Onun nəyisə başqa cür əldə etmə imkanı olmamışdı. Həmişə firavanlıq, sevinc qıtlığından əziyyət çəkmişdi. R. sevinc almaq üçün daima işləmişdi. Kimsə onu ödənişsiz sevməmişdi, o, kimsədən qarşılıqsız sevgi almamışdı. Bir gün R. intihar etmək istəsə, bir dəfə eşitmişdim cəhd edib, sonra dedilər yalan söhbətdi, yəni deyirəm bir də etsə, mən yenə də onu qınamaram. R. yaşadığı sürəcə xoşbəxt olmaq üçün səxavətlə saysız-hesabsız haqlar ödəmiş, bəzən hətta pulun qalığını götürməmiş, beləliklə həyatının mülkiyyətçisinə çevrilmişdir. Belə olduqda isə onun həyatı ilə istədiyi kimi rəftar etmə hüququ vardır. Bir gün onunla yenidən rastlaşsam, dilindən çox danışan gözlərindən bu sözləri eşidəcəyimdən əminəm: “Yaşamaq ödənişli imiş!”

VARLI KİŞİNİN PORTMANATI

Qadın yalvarırdı. On dəqiqəlik görüş üçün ilan dili çıxarırdı. İri cüssəli gözətçi yalvarışlara məhəl qoymadan “olmaz, olmaz” deyir, laqeyd-laqeyd ətrafa boylanırdı.

İri, naxışlı darvazanın açılması ilə qara “Mersedes”in içəri girməsi bir oldu. Qadın fürsətdən istifadə edib maşının dalıyca içəri keçməyə macal tapmadı. O, üzünü dəmir barmaqlıqlara söykəyərək bağırmağa başladı.

“Əziz müəllim, bu sizin portmanatınızdı. Mən onu otelin qabağından tapmışam.”

Əziz müəllim bir anlıq ayaq saxlayıb geri çevrildi. Az qala unutduğu portmanatına nəzər salaraq “buraxın gəlsin” dedi.

İyirmi beş dəqiqədən sonra qadın Əziz müəllimlə görüşdü.

“Əyləşin, xanım.”

Qadın oturmaq üçün təklif edilən hündür kresloya nəzər saldı. O, heç vaxt belə kresloda oturmamışdı və onun qoyulduğu zəngin evi yalnız kinolarda görmüşdü. Özünü elə itirmişdi ki, bərk-bərk tutduğu qara portmanatı sahibinə təqdim etməyi belə unutmuşdu.

“ Portmanatı hardan tapdız, xanım?”

Qadın yerindən dik atılıb Əziz müəllimin kreslosuna yaxınlaşdı və portmanatı ona uzadaraq:

“ Mən portmanatı “Avropa” otelinin qabağında yerə düşmüş gördüm. Yaxşı ki, içində vizit kartınız var idi, yoxsa sizi tapmaq bu qədər asan olmazdı.” Dedi.

xxx

Əziz müəllim portmanatını eşələyə-eşələyə arabir gözucu qadına nəzər salırdı.

Qadın gözəl idi, lakin ətli dodaqlarına çəkdiyi qırmızı pomada, cod, sarı saçları, tünd qəhvəyi corabları, dikdaban ayaqqabıları və qara sinəsi onu yöndəmsiz göstərirdi. Qadının məsum gözəlliyi əlavə parıltılar içərisində it-bat olmuşdu.

“ Siz portmanatı qaytarmaya da bilərdiz.” Əziz müəllim dilləndi.

“ Mən portmanatı qaytarmaya bilməzdim.

Qadın bu sözləri Əziz müəllimin yaraşıqlı, gülər gözlərinə baxaraq qətiyyətlə dedi.

“Niyə?”

“Çünki bu pullar mənim zəhmətimin bəhrəsi deyil.”

“Siz ki onları oğurlamamısız, tapmısız.”

“Doğrudu, amma portmanın içində ünvanınız var idi.”

“Burdakı məbləğdən xəbəriniz var?”

“Beş min dollar…

Qadın məbləği, sanki qorxa-qorxa dedi.

xxxx

Gecələrin birində Sevinc müştəri tapmaq üçün “Avropa” otelinin qarşısında var-gəl edirdi. Qəfil ayağı əlvan işıqlar altında parıldayan qara dəri portmanata dəydi. Sevinc ətrafa boylandı, heç kəsin diqqətini cəlb etmədiyini görüb portmanatı götürdü və sürətlə evinə tərəf getməyə başladı.

Tərlanla Ləman artıq yatmışdı. Qadın pulları stola töküb tərəddüdlə onlara baxdı. Bu pullar onun üçün həyat idi, bu həyatı yaşamaq idi. Bu pullar onun üçün hər şey idi… Lakin təəssüf ki, onunku deyildi. Dəri portmanat onun kasıb evində yol azmış qonağa bənzəyirdi.

“Görünür, Allah məni sınağa çəkir. Soraqlayıb portmanatı sahibinə qaytarmalıyam, əks halda, Allah məni cəhənnəmin qır qazanında yandırar”.

Birdən Sevinc nimdaş süfrəyə səpələnmiş dollarlara dəhşətlə baxaraq düşündü, pullardan qorxdu, onları qabına yığıb şkafa qoydu. Bir neçə gün o, pulları açıb baxır, sonra yenidən yerinə qoyurdu. Tapdığı pullar onu çətinə salmışdı. Halbuki, onların cüzi bir hissəsi üçün saatlarla soyuqda müştəri gözləyirdi. Nəhayət, tərəddüdü çəkildi. Ona görə zəhmətsiz əldə etdiyi dollarları sakitcə xərcləmək özünə müştəri axtarmaqdan daha pis iş oldu. Ona elə gəldi ki, Allah bu portmanatı ona sonuncu şans olaraq göndərib. Bu, bir işarədir. Təmizliyə, dürüstlüyə dəvətdir. Qadının ümidi də var idi. Portmanatın sahibi ona nədəsə kömək edə, əmanətini tapıb qaytardığı üçün mükafat verə bilərdi. Cəmisi yüz dollar Sevinc üçün bir neçə günlük istirahət, soyuq küçədə müştəri gözləməmək idi.

xxx

Əziz müəllim pulları sayıb yenidən portmanata qoyaraq kənara tulladı.

“Ailəlisiz?”

“Yoldaşım ölüb, iki övladım var.”

Böyük malikanədə Əziz müəllim ilə özündən savayı kimsə görməyən qadın onu bürüyən maraqdan irəli gələn sualını verməyə imkan tapdı.

“Siz necə, burada tək yaşayırsız?”

“Yox, qızım Fransada yaşayır. Hazırda həyat yoldaşım ona baş çəkməyə gedib. İndi mən Cimlə qalıram.

“Əziz müəllim böyründə oturub ləhləyən itin başına sığal çəkdi.

“Gözəl itdi”

Qadın Cimə tərəf boylandı.

Əziz müəllim iti haqda deyilmiş xoş sözdən fərəhləndi.

Sadə insanlarla çoxdan ünsiyyətdə olmayan Əziz müəllimdə qadına qarşı qəribə bir maraq oyanmışdı. Hətta ona elə gəlirdi ki, qadının ilk baxışda ikrah doğuran sifətində məsumluq var.

“Niyə portmanatı məhz evimə gətirdiz?”

“Mən sizinlə işdə görüşməyə iki dəfə cəhd etdim, sadəcə qəbulunuza düşə bilmədim.”

Qadın tələsirdi. Yarı canı uşaqlarının yanında qalmışdı. “Heç olmasa əlli dollar versəydi…”-deyə düşünür, qızının sevdiyi şirniyyatdan alacağını, onun necə sevinəcəyini təsəvvür edir, Əziz müəllimin verdiyi suallara səbrlə cavab verirdi.

“Anamdı. İki ildi dünyasını dəyişib.”

Əziz müəllim qadının divardakı iri portretə baxdığını görüb şərh verdi.

xxx

Əziz müəllim anasını həmişə çox sevmişdi. Ona görə anası dünyanın ən ağıllı, ən qabiliyyətli qadını idi. Lakin atası öləndən sonra anası haqqındakı fikirləri dəyişdi. Son illər o, anasını hətta sevmirdi. Atası öləndə Əziz müəllimə elə gəldi ki, anası ayrılığa dözməyəcək. Çünki onlar həmişə mehriban dolanmışdı. Atası evə gələndə anası köməkçilərə imkan vermədən özü ona qulluq edirdi. Atası ilə anasının əsas mövzusu pul idi. Anası atasına pulları israfçılığa yol vermədən xərcləməyi məsləhət görürdü. Ana gün boyu danışır, qulluqçu qıza nəsihətlər verir, namuslu-tərbiyyəli olmağı tövsiyyə edərək hamını nizam-intizama çağırırdı. Lakin atasının ölümündən sonra Əziz müəllim anasının rəhmsiz olduğuna şahidlik etdi. Bir gün təsadüfən eşitdiyi söhbət isə anasını onun gözündən büs-bütün saldı. Lakin heç zaman heç nəyi onun üzünə vurmadı və övladlıq borcunu layiqincə yerinə yetirməyinə davam etdi.

Yaşlı bağban anası ilə heç kimin curət etmədiyi tərzdə danışırdı.

“Keçmişini nə tez unutdun? Mənim qadınla tanışlığım elə səninlə başlamamışdımı? Fəridəni qovduğunu gördüm. Biz həmişə bir yerdə olardıq. Tale sənin üzünə güldü. Lakin düşünmə ki, ərin səni çirkablıqdan qurtara bildi, əməllərinin üstünü ört-basdır etdin. Ərinin pulları hesabına ətrafdakıların süni hörmətini qazana bilmisən. Bu sözləri məndən başqa heç kəs sənin üzünə deməyəcək. Çünki sənin kimilərin çirkinliyini örtən güclü bir vasitə var. PUL!

Anası heç nə demədi.

Bağban o gündən onlara gəlmədi.

xxx

“Minnətdaram, xanım. Siz etibarlı insansız.”

Əziz müəllim əlini portmanatına sarı apardı.

Sevinc sevindi.

“Portmanata görə çox sağ olun. Gözətçi sizi yola salar.”

Qadın ağır-ağır ayağa qalxdı. Son ümidi gözətçi idi. “Yəqin, Əziz müəllim onu “yola salmağı” gözətçiyə tapşırıb.” Düşündü.

Gözətçi əlini pencəyinin sağ cibinə apardı. Sevinc sevindi. Gözətçi sağ cibindən çıxardığı dəsmalla burnunu sildi, nəzakətlə darvazadan kənara çəkilərək qadının çıxmasına əli ilə göstəriş verdi.

Əziz müəllim bir müddət gözlərini anasının iri portretinə dikdi. Valideynlərindən ona miras qalmış, onu ən ali hisslərdən məhrum edən iki şey var idi: Dollarlar və xəsislik.

Əziz müəllim pəncərədən Sevincin uzaqlaşdığını baxışları ilə müşaiət elədi. Sonra axşamkı iclasda edəcəyi çıxışın üzərində çalışmağa başladı. Əziz müəllim beynəlxalq səviyyəli insan hüquqları institutunun aparıcı siması idi. İctimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış institut məşhur layihələri ilə tanınırdı.

Sevinc narın-narın yağan yağışın müşaiəti ilə içinə hopmuş kədərdən ağırlaşmış özünü küçələrdən sürüyüb aparırdı.

O axşam Əziz müəllim tədbirə hazırladığı məruzə ilə, Tərlanla Ləman analarının gətirəcəyi şirniyyatı gözləyə-gözləyə ümidlə, narın-narın yağan yağış damlaları Sevincin sinəsinə tökülən göz yaşları ilə oynayırdı...

ATALIĞIMIN OĞLU

Rəfiqəmin sevgilisindən təzə ayrılan vaxtları idi. Saatlarla keçmiş sevgilini müzakirə edirdik. Mən oğlanın yadımda qalan qüsurlarını optikləşdirib rəfiqəmin gözünə soxurdum ki, itkisinin əcaib bir məxluq olduğunu düşünsün, az əziyyət çəksin. Məsələn, onun əlinin üstündəki tüklərin inanılmaz eybəcər olduğunu deyirdim. Deyirdim, əlbəttə tük çox oğlanda olur, lakin səninkində qəribə dururdu onlar, mən şəxsən bir dəfə gördüm qorxdum. Qız tərəddüdlə baxırdı mənə, sonra “nə bilim, bəlkə də” deyirdi gözünün qabağına keçmiş sevgilisinin əlini gətirə-gətirə. Sonra deyirdim, guya onun sevdiyi ətir narsistlərin istifadə etdiyi ətirdir. Narsistlər haqqında çox şey bildiyimi iddia edirdim, Lambrozonun cinayətkarlar haqqında dediyi sözləri onlara şamil etdiyinə inandırırdım qızı. “Yanaqlarını xatırla, sən doğrudan onun üzündə cinayətkarlara xas antropoloji cizgiləri sezməmisən”, təəccüblə soruşurdum. Hərdən hiss elədiyini, vahimələndiyini deyirdi qız gözünün yaşını silə-silə.

Köhnə qonşumuz məni sevdiyini deyirdi. O, iki-üç aydan bir “səni sevirəm” deyəndə elə nəzakətlə təşəkkür edirdim ki, nə isə əlavə eləyə bilmirdi. Bu təşəkkür başqa sözlərlə ifadə olunsa da, mahiyyət etibarilə “çox sağ olun, nə zəhmət çəkirdiz, xəcalət verirsiz, payınız artıq olsun, Allah ürəyinizə görə versin” kimi deyilirdi. Bundan sonra oğlan bir az özündən, köhnə məhləmizdən danışır, ardınca növbəti sevgi etirafına qədər sağollaşırdı. Həyat bu qədər solğun, bu qədər dinməz davam edirdi. Yazın gəlməyi belə, həyatla mənim dialoqumu maraqlı eləmirdi. Başıma maraqlı hadisə gələndə Allahın yadına düşdüyümü düşünürəm. O, nəhayət mənimlə maraqlanıb deyə sevinirəm. Günlərim eyni boylu fərsiz əsgərlər kimi yan-yana düzüləndə isə elə bilirəm, Allah məni bu dünyada candərdi saxlayıb. Bilmir mənimlə neyləsin. Qoyub bir küncə, deyib dur burda, sən Allah, səsin çıxmasın, görüm nə fikirləşirəm.

Rəfiqəmlə baş-başa, qol-qola tamaşa-tamaşa, konsert-konsert gəzdiyimiz günlərin birində dəyişiklik olsun deyə incəsənətdən uzaq bir sahənin də tədbirinə getməyi qərara alıb, hüquqi maarifləndirmə konfransına yollandıq. Tədbirarası fasilədə həmişəki kimi, gözümü zilləmədən ehtiyyatla adamlara baxırdım. Birdən yazıçılar demişkən, hansısa gözəgörünməz qüvvə baxışlarımı nəhəng kaktus ağacının altına qoyulmuş qara dəri divanda oturub kurasanla çay içən oğlana tərəf geri döndərdi. Səmimiyyətimə inanın, mən bunu o, indiyə qədər görə bildiyim ən yaraşıqlı oğlanlardan biri olduğu üçün eləmədim. Bütün günü görünüşü ilə əlləşən, saçabaxım vasitələri məndən çox olan oğlan dostlarımdan bezən vaxtım idi. Bəlli leksikonlu, gülüşlü, eyni fikirli, zövqlü adamlardan biri diqqətimi cəlb eləyə bilməzdi. Lakin hər halda o, marağıma səbəb oldu. Oğlan əlavə şirniyyat götürmək məqdəsilə İsveç masasına tərəf gedəndə, onu yaxından görmək, tərpənişlərini izləyə bilmək üçün dalınca düşdüm. Arada növbədə qarışıqlıq düşdü, adamlar yerlərini dəyişdi və biz göz-gözə gəldik. Hər şey qəfil baş verdiyindən, mənim nə isə fikirləşməyə vaxtım qalmadı.

“Sizin adınız Orxandı?”, soruşdum.

Oğlan “bəli” dedi, pencəyindən asılmış kimlik kağızına nəzər salaraq.

“Mənim adım Şəmsdir. Sizin atanız mənim atalığımdır”, dedim tələsərək. Dərhal ağzımdan çıxanları geri qaytarmaq istəsəm də, gec idi. O, növbəti şirniyyatı boşqabına qoya-qoya laqeyiqcəsinə üzümə baxdı. İlahi, daha nə isə eşitmək istəksizliyini necə də iliyimə qədər duydum. Köhnə iş yerimdən qalan vizit kartımı verib, istəsə məni göstərilən nömrələrdən üçüncüsündə tapa biləcəyini dedim. O, süni nəzakətlə təşəkkür elədi. Pərt-pərt yerimə qayıtdım, rəfiqəmi tapıb tədbirin ikinci hissəsinə qalmaq istəmədiyimi dedim. Himə bəndmiş kimi çantasını götürüb gedək dedi qız.

Üç həftə sonra oğlan zəng elədi. Görüşməyə yer təyin elədik. Bic-bic göyə baxdım. Oh, nəhayət ki, mən onun yadına düşmüşdüm, növbə mənə də çatmışdı, iki il sonra Allah mənə yaşamağa maraqlı bir şey göndərmişdi.

Mənim bu dünyaya yaşamaq üçün göndərildiyim illərin beşincisində bir gün bizə bir qadın gəldi. Onda anamın təzə əri iki il idi bizimlə qalırdı. Onun yekə qəhvəyi gözləri, idmanda sınmış iri burnu, süni güllər düzəltməyi, arada rus dilində danışmağı, bir də pianoda çalmağı var idi. O, iki qəhvəvi çamadanı ilə yanaşı, evimizə yeni səslər gətirmişdi. Gülləri düzəldəndə ləçək və yarpaqları yapışdırmaq üçün istifadə elədiyi aparatın yanıb-dönmə yerinin çıqqıltısı, üzqırxanın dırıltısı, sınıq burnunun fısıltısı və s. Anam uzun illər hündürboy kişi üçün yığıb saxladığı işləri ona gördürürdü. O, istirahət günləri əlində mismar çəkiclə gəzir, anamın göstərişi ilə divarlardan şəkillər, rəflər, müxtəlif ölkələrə aid boşqablar asırdı. Yeni rənglər, səslər məni xoşbəxt edirdi. Onları atalığımın əlləri eləyirdi. İndinin özündə də mənim üçün dünyada ən gözəl şeylərdən biri eybəcər əllərdir. Atalığımın eybəcər iri əlləri piano çalanda mən heyrətlə ona baxırdım. Onun əlləri sayəsində özümü müxtəlif obrazların içində hiss eləyirdim. Onun çaldığı müsiqidən asılı olaraq mən gah özümü təkəbbürlü şahzadə kimi hiss eləyir, gah bir gözü qopub düşmüş gəlinciyim kimi susqunlaşır, gah rəqs eləyir, gah da üstü butalı divanımızın küncünə qısılıb mürgüləyirdim. Onun birinci arvadı bizə gələndə atalığım həyəcanlı idi. Anam onunla həmişəkindən daha diqqətli və sevgi ilə davranırdı. Atalığımın birinci arvadı içi şəkil dolu bağlamanı stolun üstünə qoyub sənədi anama uzatdı. Anam kağızı atalığıma verdi, o, sənədi imzalayıb geri qaytardı. Qadın dərindən nəfəs alıb sənədi dörd qatlayıb, çantasına yerləşdirdi və getdi. Sonralar öyrəndim ki, atalığım oğlunun uşaqlıq şəkilləri ilə ondan imtina kağızına imza atmağı barter eləyib. Beləcə, atalığımın oğlu rəsmi şəkildə həyatımızdan silinib getdi. Bircə mənim tez-tez baxdığım, anamın tozunu sildiyi, atalığımın ölənə qədər gözündən uzaq tutmağa çalışdığı şəkillər qaldı.

Oğlanla onun təklif elədiyi ünvanda - fransız kafesində görüşdük. Sakit, həlim, bir az da uzaq biri idi. Baxışları dərinliyə dəvət etmirdi, fikirlərini bəzəyib demirdi. Standart zəngin adamlar kimi iki operatorun nömrəsini birdən işlədirdi. Bir nömrəni son model bahalı telefonda, ikincini köhnə ucuz modeldə gəzdirirdi. İri sümüklü damarlı əllərinə doldurduğu telefonları, siqareti, maşının açarlarını stola qoyub menyuya baxdı. Mən onun bahalı brendlərdən seçilmiş paltarlarını nəzərdən keçirdim ki, tikəcəyim kuklalardan birinə geyindirim. (Mən kukla teatrında dərzi işləyirəm. Hərdən adam şəkilləri də çəkirəm.) Həyəcanlı idim. O isə təmkinlə üzümə baxır, bircə yemək seçimimə canfəşanlıqla yardım edirdi. Öz işindən danışdı bir az, sonra bir-iki sual verdi çəkdiyim rəsmlərdə bağlı. Hər dəfə sözü atalığımın üzərinə gətirmək istəyəndə mövzunu başqa yönə çəkirdi. Gec olduğunun fərqinə varanda ayaqlandıq. Məni evimizə ötürdü. Sağollaşanda yenə görüşmək istədiyini dedi.

İşi ilə bağlı maraqlı hadisələr danışırdı. Sakit, təmkinlə. Bəzən ötəri və tez keçici də olsa, özü ilə qürrələnmək istədiyini duyurdum. Açdığı cinayət işlərini detalları ilə birgə mənə danışırdı. Cinayət edən adamların hisslərinə toxunmadan, işin texniki tərəflərini qabardaraq. Həmişə laqeyidcəsinə bitirirdi söhbəti. Sanki söhbətdi, elədim, bitdi, ciddiyə alma, unut deyirdi. Heç mən də görüşlər zamanı ciddi mövzular aça bilmirdim. Bəzən rəssamlıqdan, kinodan suallar versə də, həmən buna görə peşman olurdu elə bil, cavablarımı dinləmirdi çünki. Maraqlı gəlirdisə də, bunun belə olmadığına inandırırdı özünü. Mən onun nə vaxtsa maraqlı birinə çevriləcəyini düşünür, gözləyirdim. Elə bilirdim, atasından irsi dövr aldığı iri damarlı əlləri bir zamanlar uşaqlığımı rəngli və səsli elədiyi kimi, indimi də həyəcan və yeniliklə dolduracaq. Lakin ilin sonuna tərəf gedən günlər tələsə-tələsə bir-birinin dalınca qaçır, görüşlər çoxalır, qulağım yeni səsə möhtac-möhtac şəklənir, gözlərim rəngsizlikdən əziyyət çəkə-çəkə yumulub-açılırdı. Bir-iki dəfə mən ehtiyatla mövzunu atalığımın üzərinə gətirə bildim. O, bu barədə iki-üç əhəmiyyətsiz söz dedi. Sonra yenə onun azarkeşlik etdiyi futbol klublarından, dəyişdiyi avtomobillərdən, yeni evinin dizaynından danışmağa başladıq. Mən hələ də nəyəsə ümid elədiyim günlərdən birində rayona uzunmüddətli ezam olunduğunu dedi. O bunu deyəndə yüngüllük hiss elədim. Mən bəzən uzun müddət birinin həyatımdan gedə biləcəyi ehtimalı ilə üzülür, bu, baş verəndə isə sevinirəm, vücudumu intəhasız xoş rahatlıq bürüyür. Adətən, özüm qoyub getdiyim adamların arxasınca boylanır, səbirsiz davrandığım fikri, onların daha maraqlı birinə çevriləcəyi ehtimalı üzərində düşünüb əziyyət çəkirəm. Atalığımın oğlu getmə xəbərini deyəndə sevindim. Qərarı o vermişdi, mənim edə biləcəyim bir şey yox idi. Onun əlləri onsuz da telefonlar və siqaret, bir də maşın açarı tutmaqdan savayı maraqlı nəyəsə xidmət eləmirdi. Mən onunla görüşlərdən yeni sual, yeni anlam, yeni hiss istehsal edə bilmirdim. Lakin yenə də ümidimi kəsmirdim. Bütün varlığımla inanırdım ki, iki-üç aylıq görüşün bir anlamı var. Nə isə baş verməli, nə isə olmalıdır... Ümid son görüşə qalmışdı.

Mən görüşə xeyli gecikdim. Kafenin zalında az adam gözə dəyirdi. Bütün stolları nəzərdən keçirsəm də, atalığımın oğlunu tapa bilmədim. Qapıdan çıxa-çıxda gözüm sağ tərəfə qoyulmuş qırmızı royalın qabağında oturmuş adama sataşdı. Atalığımın yandan görünüşünə necə də bənzəyirdi. Ayaq saxladım. “Mən elə belə də bilirdim. Əlbəttə, başqa cür ola da bilməzdi. Atalığımın oğlu kafenin pianosunda böyük ekran televizordan eşidilən mahnını çalır... güclü səs yaddaşı ona atasından keçib... necə də kədərlidir...”, sevincək pianoya tərəf getdim. Yaxınlaşdıqca mənzərə dəyişdi. Üzümdəki məğrur təbəssüm üzüqara aradan çıxdı. Pianonu başqası çalırdı. Kafenin nazik tüllə pərdələnmiş pəncərəsindən çölə baxdım. Axşamın boz çalarını görüşəcəyim adamın dəyişməz üz ifadəsi tamamlayırdı. Maşınının qapısını örtüb kafenin girəcəyinə tərəf gəlməyə başladı. Salamlaşdıq. Həmişəki kimi latte içdi. Mən bir dondurma, bir də qreypfrut şirəsi sifariş verdim. Sonuncu görüşümüzdə atalığımın oğlu həmişəkindən daha həvəslə, daha çox danışdı. Özünə daha çox sərbəstlik verdiyini, uzağa getdiyi üçün məyusluğunu belə gizlətməyə çalışmadığını hiss edirdim. Onu daha doğma, daha təbii görürdüm. Bir az da özümü ondan atasını oğurlamış kimi hiss edirdim. Sağollaşdıq. Bir zamanlar atalığımın istəyi ilə çəkdiyim rəsmi ona verməkdən özümü saxladım. Şəkildə Stradivari skripkasını oğurlamaq istəyən gənc oğlan təsvir edilmişdi.

Gedəndən sonra bircə dəfə bayram təbriki göndərdi mənə. Cavab vermədim. Cavab verməməyimi istədiyini bilirdim. O, atalığımın qərarı ilə razılaşmışdı. Söz danışıqdan keçmişdi. Ondan imtina ilə barışmış atasından nə isə qəbul etməməkdə israrlı idi. Nə irsi audio yaddaşı olub-olmadığını yoxlamışdı, nə yaradıcılıq melonxoliyasını dövr almışdı, nə də onun qızlığını doğmasına çevirməyə həvəslənmişdi. Keçmişini eşələmir, indisi ilə əlləşmir, gələcəyini planlamırdı. O da öz atalığının verdiyi həyatı yaşayırdı. İri damarlı yekə əllərinə telefonlar, nazik siqaret, maşın açarı vermişdilər. Götürüb yaşayırdı.

Mən nəhəng adam buketinin içindən atalığımın oğlu ilə rastlaşmağımı, yaxşı, yaxşı boynuma alıram, tapmağımı Allahın mesajı kimi qəbul elədim. Dedi ki, sakit dur, dinməz ol, hadisə gəzmə, mənim işim çoxdur, həmişə səninlə məşqul ola bilmərəm. Amma yadımdasan. Sadəcə belə məsləhət bilmişəm. Nə veriblər onu yaşa. Başqaları kimi.

2015.03.15

MƏN DEYİLDİM

Onun qulaqları böyük idi. Mən onun enli, üzünə eyib gətirə biləcək amma ona yaraşan qulaqlarını min uzunqulaqlının içindən əziyyət çəkmədən seçə bilirdim. Bunun fövqündə onun simasında qüsur deyilən şey yox idi.

Bənizi qaramtıl, dodaqları düyünlənmiş bant şəkilli ətli, gözləri azca qıyılsa da, böyük, baxışları bir nöqtədə beş saniyədən çox qalmayacaq qədər oynaq, rəngi ətrafdakı rənglərin fonunda dəyişkən idi.

Mən hər dəfə onun gözlərini müxtəlif rənglərdə görəndə istər-istəməz dəyişikliyə səbəb olmuş fona nəzər yetirirdim. Həmişə də düşünürdüm ki, ətrafdakı rənglər onun gözlərini yox, onun gözləri ətrafdakıları rəngləmişlər.

Rusdilli məktəbi bitirdiyindən danışanda x hərfini h, ə hərfini a ilə əvəzləyirdi.

Yazı masasının üstündə naməlum xəritə asılmışdı.

Əslində, ona xəritə demək olmazdı. Bu, daha çox açıq qəhvəyi rəngli, üzərində çoxlu cızıqları olan, gündə azı iki dəfə əllənən köhnə kağız parçası idi. O zaman o deyirdi ki, bu, insanların yaşam marşrutunun sxemidi, xəttlər magistral yollar, nöqtələr dayanacaqlardı.

O, inamla mənə qarmaqarışıqlığın içində düz yolları, onun sxeminə uyğun desəm, xəttləri göstərməyə çalışırdı.

O, bunu elə inamla edirdi ki, hərdən mənfi dörd göstəricili eynəyimlə doğrudan da düz xəttləri görə bildiyimi düşünürdüm.

O, deyirdi ki, xəritəsi insanların yaşam yollarını kökündən dəyişəcək, onlar dolaşıqlığa düşmədən daha rahat addımlayacaqlar. Mən susurdum. Ona inanmağa çalışırdım, inanırdım da.

Sonra biz gecəyarısına qədər oxuyurduq.

O, mənim müəllimim idi.

Yorulanda pəncərəyə yaxınlaşar, gərnəşər, əsnəyər, ağır-ağır ymulub açılan kirpiklərimin ahəngi ilə yatmış şəhərə nəzarət edirmiş kimi baxardım. Bu zaman o, adətən, yazı masasından ayrılmazdı. Arxaya dönmədən ki, xəritəsinə baxdığını hiss edirdim.

Tərpənmirdim. Arxaya çevrilsəm, qarışıq xəritəsində mənə göstərmək istədiyi yolları görməsəm, onu məyus edərəm deyə qorxurdum.

Külək zümzümə, pərdələr rəqs edərdi. Onun dəyişkən rəngli gözləri gecənin birrəng qaranlığını rəngləyə bilmirdi. O an mənə elə gəlirdi ki, gecənin vahiməli ağuşunda şəhərin ən gözəl qızıyam. Gözəlliyimlə gecəni səhər doğmağa, onu doğru yol yonmağa mən həvəsləndirirəm.

O, dünyanın artıq ədalətli olmadığını çoxdan anladığını deyirdi. Dünyanın nə vaxt ədalətli olduğunu xatırlamırdı. Hərdən şübhələnirdi ki, dünya ümumiyyətlə heç vaxt ədalətli olmayıb. Amma o, israrlı idi. İnsanların işini asanlaşdırmaq üçün sxem cızırdı. Bir gün hamı onun haqlı olduğunu görəcəkdi. O, ədalətin gizləndiyi bütün daldanacaqları tapacaq, onun xəritəsi həqiqətə gedən yolu dəqiqliyi ilə göstərəcəkdi.

O, təkcə mənim müəllimim deyildi, həm də sevgilim idi. Biz bir evdə yaşayırdıq. Mənim heç vətəndaş nigahım da yox idi. Mən ona inanırdım. Kirayələdiyi ucuz evlərdə dünyanın ən adil varlığı ilə birgə yaşadığıma inanırdım. Axı, o, sxem cızırdı… Ədalət sxemi. Mənsə çox gözəl idim. İşini asanlaşdırmaq üçün gözəlliyimlə ona ilham verirdim, bəlkə də özümü qurban edirdim. Kaş evimiz olaydı. Onda mən hündürmərtəbəli evlərdən gələn işıqlara həsrətlə baxmazdım. Bütün varlığımla inanırdım ki, bir gün o, ev alacaq, mənim gözəl mətbəxim, müxtəlif dibçək gülləri ilə bəzənmiş səliqəli eyvanım olacaq. İstəsə, nigahım da olar, lap uşağım da. Bəziləri deyirdi ki, mən bu gözəlliklə dünyanın ən yaxşı mətbəxinə, dibçək gülləri ilə bəzənmiş eyvanına layiqəm, onları əldə etmədiyim üçün sonra peşman olacaq axmağam.

Mənsə ona inanırdım.

Çox oxuyurdum. Dərslərimi. Əslində daha oxumaq istəmirdim. Gözlərim yazı masamın üzərindən uzaqlara zillənirdi. Getdikcə müxtəlif dibçəklərlə bəzənmiş eyvanları, geniş mətbəxlərə aparan işıq yollarını daha tez-tez görməyə başlamışdım.

O isə bir gün hər şeyin yaxşı olacağına and içirdi. Görənlər deyirdi ki, mən əla qızam. Mənim gözlərim və uzun saçım əvəzolunmazdır və onun üçün çoxdu. Deyilənləri eşitməmək çətin idi. Günbəgün özümlə daha çox qürur duyur, gözəlliyimin dəyərli olduğunu vurğulamağa çalışırdım.

O, isə susurdu. Onun səsi əvvəlki tək gur gəlmirdi. Mən şübhələnirdim. Bəlkə o daha çalışmır. Ədalət sxemini cızmır. Mənsə ona inanmışdım.

İllər keçdikcə mənə elə gəlirdi ki, bizdən başqa hamı yaşayır. O nə özü yaşayır, nə də məni yaşamağa qoyur. Mənasız ədalət axtarışı ilə o, dünyanı bezdirib. Firavan həyat bizi etinasızlıqla qapısından qovur. Başqa planetdən gəlmişlər kimi bizim bu dünyaya dəxlimiz yoxdur.

Çoxu deyirdi, o bəlkə də pis deyil, nə vaxtsa, o hətta çox yaxşı da olub. İndi isə dövranı keçib. Ona oxşayanların çoxu həlak olub. O, heç yaraşıqlı da deyil, bəziləri mənim xətrimə dəyməkdən belə çəkinmədən onun çox eybəcər və kobud olduğunu, nimdaş və pinti göründüyünü deyirdi. Bunları deyənlər həm də deyirdilər ki, bu minvalla mənim heç vaxt geniş mətbəxim və dibçəkli eyvanım olmayacaq. Onun mənim çiynimə yüklədiyi yalançı vədlərdən belim əyiləcək. Sonda heç nə yaxşı olmayacaq. Deyəsən düz deyirdilər. Mənsə ona inanmışdım…

Biz gecələri həvəssiz-həvəssiz şəhəri seyr edirdik.

Qoca şəhər bütün sakinlərini eyni gündə uda biləcək qədər ağzını geniş açmırdı. Tələsmirdi. O şəhərdə o gecələr yalnız üç-dörd qoca kişi və ya qadın, iki yeniyetmə, bir-iki körpə ölür, bir-iki adam özünü evinin eyvanından atırdı. Mənə elə gəlirdi ki, intihar edənləri şəhər özü asır, sonra ipini kəsir. Ya cəza vermək istəyir, ya da öz cəzasını çəkməmək üçün şahidlərini yox edir. Biz hər gecə amansız ölüm oyununa tamaşa edir, şəhər meydanında edam tamaşasına toplaşan çarəsiz, amansız rəiyyətdən daha çarəsiz və amansız görünürdük.

Getdikcə o mənə nimdaş və köhnə görünməyə başladı. İntəhasız vədlərini, bəhrəsiz əməyi ilə birgə daha onu sevmirdim. Getdim.

İndi mənim əsl dövlət nigahım var. İki uşağım da. Bir cins itim, iki bülbülüm də. Qeyri adiliyi ilə seçilən dibçəkli eyvanım, çox böyük mətbəxim də. Bircə o yoxdu. Nə vaxtsa olub olmadığı belə bəlli deyil. Şübhələnirəm, bəlkə də heç olmayıb. Onu sonuncu dəfə görən adamı belə xatırlamıram. Bu, lap çoxdan olub. Mən çox şeyi unutmuşam. Kimsə onu cızmağa çalışırdı. Sxemi. Ədalət sxemini. O zaman o deyirdi ki, bu insanların yaşam marşrutu, xətlər magistral yollar, nöqtələr dayanacaqlardı. O, inamla mənə qarmaqarışıqlığın içindən düz yolları, onun sxeminə uyğun desəm, xətləri göstərməyə çalışırdı.

Mən hər şeyi ötəri xatırlayıram. Bəlkə də o doğrudan da var idi, bəlkə indi də hardasa var. Mən onda idim, ya o məndə idi. Ya birlikdə idik, ya elə bir idik.

Axı o kim idi… Yoooooox. Mən deyildim!!! Nə tanışım idi, nə dostum, nə də ruhum. Mən deyildim. Ola bilməzdim. Onun nimdaş sxemindən başqa heç nəyi yox idi. Mənimsə, dibçəklərlə dolu eyvanım, əla mətbəxim var.

Mən həmişə bunları düşünəndə həyəcanla qulaqlarımı gizlədirəm.

AVQUSTUN 23-Ə 3 GÜN QALMIŞ

Çamadanları içəri itələdi. Mən çölə çıxıb ona kömək eləməyə çalışdım, sonuncu karton qutunu içəri tulladım. Qəhvəyi qapı bağlandı. Həmən gün heç nəyi yerləşdirmədik. Sabah nəyi, necə yerləşdirəcəyimizin planını qurduq. Əsas bir-birimizi həyatımızın hansı yerinə qoyacağımızı qərarlaşdırmağımız idi. Qalanı düzələn şeydi deyə düşündük. Bir yerdə yaşayacaqdıq. Onun on min manatı vardı, mənimsə bu qədər pulu olan sevgilim. Deyirdi, bu pulları zövqlə xərcləmək istəyir. Xəsislik eləmədən, qurtaracağından çəkinmədən. Kişi kimi… Əlbəttə əsas pul deyildi. Biz bunu hər dəfə söz düşəndə deyirdik.

“Önəmli olan həvəslə yaşamaqdı. Dərddən çəkinmədən. Dərd yaranıb çəkilməkçün. Yavaş-yavaş çək getsin. Durub dərdin dərdin çəkmək nəyə lazım.” O deyirdi. Haqlıydı.

xxxxxxxxxxxxxxxxxxxxx

– Alo! Qadın səsidi. Hiss olunur ki, alodan sonra bir yığın söz deməyə hazırlaşır.

– Bəli… Mənəm.

Bəli sözündən sonra nə deyəcəyimi bilmirəm çox vaxt. Qəflətən ağılıma nə isə gəlməsə günlərlə, bəlkə də aylarla nə demək lazım olduğuna qərar vermərəm. Bəziləri ümumiyyətlə fikirləşir ki, mən həyatımı normal düzənə salmağı bacaran adam deyiləm. Cəsarətsiz, özünə güvənməzin biriyəm. Mən gücü və etibarı daima başqalarında axtaranlardanam. Halbuki, bunu özümdə tapmağın mümkünlüyünü yaxşı bilirəm.

– Bağışlayın…

Tərəddüdlə üzrxahlıq edir zəng çalan, dəstəyi asır.

– Qadın idi.

Deyirəm.

Qəflət yuxudan ayılmış kimi divanın üstündən sıçrayır.

– O yenə zəng vuracaq.

– Kim?

– Sonra danışaram.

Əlləri titrəyir. Əlindəki almanı stolun üstünə tullayır.

Məni soruşacaq. Denən tanımırsan. Bu nömrəni təzə almısan, əvvəl birinin işlətdiyini bilirsən, kim olduğu ilə maraqlanmırsan.

Bir-iki gün sonra zəng edənin keçmiş sevgilisi olduğunu dedi. Pis qadın da deyilmiş. Sadəcə onların dünyaları başqa imiş. Mənim yeni sevgilim o qadını sevə bilməyibmiş. Dava filan da olmayıb. Sivil insanlar kimi, qarşılıqlı razılaşma ilə ayrılıblar.

XXXXXXXXXXXXXXX

Hər şeyi ilk dəfə yaşayırmış kimi yaşadıq. Kinoya belə getdik. On səkkiz yaşlı sevgililər kimi. Savadlı idi. Gördüyü hər şeylə bağlı nə isə maraqlı məlumat verirdi. Sayəsində öyrəndim ki, ilk kino solonu 1906-cı ildə Parisdə açılıb, 1909-cu ildə isə Tomas Edissonun sayəsində ilk səsli film nümayiş etdirilib. Karaokeyə getməyi sevirdim. O da mənimlə getdiyi üçün özünü həvəsli aparırdı. Uşaqlıqda tədbirlərinin ən məşhur siması, məktəbin müğənnisi kimi karaokedə ən yaxşı oxuyan mən olurdum. Onun səsi isə bərbad idi. Öz şeirini özündən daha yaxşı oxuyan birinin varlığına inanmayan şairlər kimi qafiyələri uzanmış şeir deyirdi, sanki. Gülməkdən kimsə özünü saxlaya bilmirdi. Kefini pozmur, boş şeydi deyirdi. Karaokenin özü kimi. Kara boş, oke orkestr deməkdir. Iyirminci əsrin ortalarında Yaponiyada yaranıb. Bərbad səsinin sədasını iti ağlı ilə ustalıqla gizlədirdi.

Qarderobumuzu təzələdik. Oxşar rənglərdə, yaxın üslüblarda geyinməyə qərar verdik. Hər günü bir başqa sevinclə yaşadıq. Deyirdi antik yazıçı Anaksaqora görə insanları pərən-pərən salan ağılların müxtəlifliyi olub. Məhz ağılların bərabərləşməsi də bizi birləşdirəcəkmiş guya. Bizimsə dünyalarımız oxşardı deyirdi. Sevinirdim. Mən də oxşadırdım. Hadisələri tamamilə dərk etməyə macal tapmamış dedi yaman vurulub. Mənə. Nəzakət xatirinə uzun-uzun gülümsəyirdim. Sanki münasibətlərimizi düşünmək üçün vaxtı uzatmaq istəyirdim. Tərəddüd etməyimi istəmədiyini deyirdi. O, əla sevgili olacaqdı. Oldu da.

XXXXXXXXXXXX

Tez-tez gündəliyinə baxırdı. Mənim xüsusi heç nəyi ilə nəzərimi cəlb etməyən, onun çox dogma saydığı qara dəri üzlü dəftərinə. Aylıq kalendarda hər günü haşiyələyirdi. Ən böyük haşiyə avqustun iyirmi üçündə yumrulanmışdı. Saatlarla kalendara baxıb xəyala dalırdı. Yorğunluğunu, onu narahat edən şeyləri yuyub aparmaq ümidi ilə yaşıl çay gətirirdim. Yaşıl çay bədəndəki toksinləri yuyub aparır. Kaş, həyatımızı zəhərləyən zibilləri də yuyub apara bilən vasitə olaydı…deyirdi.

Onun kefi olmayanda, təqviminə baxanda yaşıl çay sürətlə soyuyur, onun həyatını zəhərləyən şeyləri yuyub aparmaqda aciz qalırdı. Gülümsəyirdi.

Sonra yenə kalendarına baxır, nəyi isə üstüörtülü guya izah etməyə çalışırdı.

Nəyisə gözləmək heç nəyi gözləməkdən daha yaxşıdı. Deyirdi.

Mənə heç nəyi izah etmək istəmədiyi bəlli idi.

XXXXXXXXXX

Avqustun iyirmi üçünə üç gün qalmış dedi ki, bizim dünyalarımız düşündüyü qədər oxşar deyil. O, daha belə yaşaya bilmir. Hər şeyi təzədən başlamalıyıq. Ayrıldıq. Getdi.

Onu xatırladan hər şeyi zibilliyə tullayıb qurtarmağım bir ay çəkdi. Çay içdiyi stəkanları, divanüstü örtüyü, sevdiyi şalvarını şəxsən ütülədiyi qulpuqırıq ütünü, asdığı pərdəni. Gündəliyindən başqa. Nazik dəftəri deyəsən qəsdlə unudub getmişdi. Səsi kimi bərbad xətti ilə yazırdı… Deyirdi ki, hələ də on doqquz yaşında iki ay görüşdüyü qızı sevir. İkicə ay görüşüblər, sonra hər şey bitib. Heç başlamamış kimi. On doqquz yaşı varmış. Kənddən şəhərə təzə gəlibmiş. İlk dəfə bir şəhərli qız onu sevmək istəyinə etiraz etməyibmiş. Lakin qız buna cəmi iki ay dözə bilib. İndi o qız hər il avqustun iyirmi üçündə, onun ad günündə zəng vurur. Bir saat ən yaxşı halda saat yarım danışırlar. Qız bəzən gileylənir, bəzən xoşbəxt-xoşbəxt üçüncü həyat yoldaşından salam deyir. O, hələ də bu qızın onu çağıracağına inanır. Qırıq-qırıq xatirələrlə, fasiləsiz birləşib-ayrılmaları ilə qaralama dəftərinə bənzəyən həyatından bəhs etdiyi dəftərində ən sonuncu bunları yazmışdı.

– Avqustun iyirmi üçünə dörd gün qalıb. Dörd gün sonra zəng edəcək. Bəlkə də, bu dəfə məni çağıracaq. Onun görüşünə o vaxtkı kimi tək getməliyəm. Birinin qarşısında öhdəçiliyi olmadan.

İki ay əvvəl heç nəyi izah etmədən yoxa çıxan sevgilimə yazığım gəlir. Həm də gülməyim tutur. Biz hamımız oynayırıq. Mən dostlarımla oyun fəlsəfəsindən danışmağı sevirəm. Biz saatlarla yaşamımız boyu oynadığımız rolları müzakirə edirik. Lakin on doqquz yaşında nakam məhəbbət yaşamış, sonra bundan dram düzəldib eyni tamaşanı təkrar-təkrar oynayanlar daha bizdə maraq və təəssüf doğurmur. Biz onlara gülürük. Çox həssas olanlar hərdən onlara acıdığını dilə gətirir. Amma mən yenə də dayana bilmirəm. Növbəti ildə yaşanacaq avqustun iyirmi üçünə aid nəticəni bilmək istəyirəm.

– Alo!

Qadın səsidi.

– Bəli…Buyurun… Nəzakətli qadın səsi ürəyimi şiddətlə döyündürür.

Dəstəyi asıram.

Əminəm ki, indi xəttin o başında yeni sevgilisinə adəti təlimlərini keçir.

– O, yenə zəng vuracaq. Deyəcək keçmiş sevgilim.

– Kim? Qadın soruşacaq.

– Sonra danışaram. Cavab verəcək keçmiş sevgilim.

Əlləri titrəyəcək. Əlindəki almanı stolun üstünə tullayacaq.

– Məni soruşacaq. Denən ki, məni tanımırsan. Bu nömrəni təzə almısan, əvvəl birinin işlətdiyini bilirsən, kim olduğu ilə maraqlanmırsan…İzah edəcək.

Hər şey təzədən başlayacaq. Yəqin kinoya da gedəcəklər. O qız baleti sevirsə, baletə də. O, əla sevgili olmağa söz verəcək. O zaman bunu məsum səmimiyyətlə deyəcək. Hər şey ilk dəfə yaşanırmış kimi yaşanacaq. Avqustun iyirmi üçünə üç gün qalana qədər. Çünki o, səriştəsiz aktyordur. Oynamağa başqa həyat rolu yoxdur.

ELƏDİ

Onlar bir-birini sevəndə həyat sadə, hətta solğun görünürdü. Onların sevgisinin açıq qəhvəyi rəngli fonu, boz və ağ çalarları vardı. Hər şey ağ-qara şəkillərdəki kimi həlim və təhlükəsiz görünürdü. Qonşuları Həbibin atası sidqi ürəkdən inanırdı ki, gələcəkdə hər şey daha yaxşı olacaq. Daha nə cinayət işləyən olacaq, nə də onun araşdırılmasına təhkimli hüquqşünasa ehtiyac duyulacaq.Bütün hakimlər elə indidən başqa sənət öyrənməlidirlər. Həbib coğrafiya fakultəsində oxuyurdu ki, gələcəkdə dünyanı yeni nəsillərə tanıda bilsin. O zaman hamı düşünürdü ki, hara yuvarlansalar yumru dünyanın rahat yerinə düşəcəklər. Onlar bir-birlərini sevirdilər.

- Məni sənə verməyəcəklər. Qız deyirdi.

- Biz onlara sübut edəcəyik ki, bir-birimizi sevirik.

Oğlanın əlində qərənfil olardı adətən.

- Çətin olacaq.

Qız deyirdi.

- Bacararıq. Biz çalışarıq. Xoşbəxt olacayıq. Biz buna layiqik.

Oğlan qürurla təkrarlayırdı.

- Elədi.

Qızın gözlərində xoşbəxt ümid parlayırdı.

Günəş şüaları köhnə kinoların məhəbbət səhnələrindəki kimi dalğaların üstündə qayğısız-qayğısız yellənirdi.

Oğlan bunu pəncərədən baxaraq görür, vədlərini günəşə güvənərək verirdi.

***

Saatın əqrəbləri əks istiqamətlərdə anlamsız şəkildə ötüşür. Əqrəblərin insanları xoşbəxt gələcəyə aparacağına inananlar hələ çoxdu.

Ər gözlərini ağ-qara televizora zilləyib. Mətbəxdə qoca qadın az qala bağıra-bağıra qabları bir-birinə çırpıb sındırmaq, günahını bədayaq gəlinin uğursuzluğuna yazmaq istəyir.

Gəlin gözə dəymir, arxa otaqda xısın-xısın ağlayır.

- “Gəldi-gəlmədi evimizin dirəyi getdi.” Həbibin anası bunları deyəndə səksən iki yaşında ölmüş qoca ərini nəzərdə tuturdu. Anası özündən iyirmi yaş böyük kişiyə getmişdi. “Nəslimizin suyu qurudu. Sən gələn yerdə yolunu daş kəsəydi.”

- Bəlkə də düz deyir. Gəlin “günahını” boynuna alır.

- Atamı itirəndən sonra əsəbi olub. Həbib arvadını sakitləşdirir. Biz təzə ev alarıq.

- Bizim uşağımız da olmur. Qadın ürəkparçalayan təəssüflə deyir.

- Fərqi yoxdu. Biz lazım gəlsə, bir ailə üçün uşağın nə qədər vacib olduğunu unudarıq.

- Çətin olacaq.

- Biz çalışarıq. Bacararıq. Xoşbəxt olarıq. Biz buna layiqik.

- Elədi.

***

- Axşam yorğun-yorğun düşür. Küçələrə səpələnmiş insanlar dəstə-dəstə, topa-topa, bəziləri də tək-tək qutulara doluşmağa tələsir. Saçına vaxtından tez dən düşmüş kişi qırışmış üzünü qaşıyır. Qadın əlini qoynuna dürtüb. Onun əlləri əsir, qolunu tərpədir. Bənizi ağappaqdı.
Əlini əvvəlcə qulaqlarına, sonra sinəsinə, sonda barmağına aparır. Bir cüt firuzə sırğa, iki nazik boyunbağı, təkqaş üzüyü ərinin ovcuna qoyur.

- Apar sat.

- Yox. Mən bir şey fikirləşərəm.

- Balamızdan artıq deyil ki. Oğlum böyüyər, ikiqatını alar.
- Bir tikə çörəkdən ötrü... Həbib dərindən ah çəkib qurumuş sinəsini pəncərəyə dirəyir, soyuğa bürünən insanların ötüşməsini izləyir. Aynəbəndin şüşəsi qırılmış pəncərəsinə polietilen torba vurulub. Çürümüş taxta çərçivələrdən içəri soxula bilən külək vazanın içindəki mavi, çəhrayı, yaşıl rəngli süni gülləri yellədir. İndi həyat daha zəngin dekorasiyalı və rənglidi. Bütün şəkillər daha parlaq və çərçivəlidi. İnsanlar az gülür, solğun təsəlliləri acgöz ümidlərinin gözünə təpirlər. Mütəxəssislər bu dövrü keçid dövrü adlandırır.

- Hər şey yaxşı olacaq. Biz xoşbəxt olacıyıq. Kişi alçaq səslə bir ovuc qızıla aldığı beş kağız pulu stolun üstünə qoyub deyir. Biz yenə də dirçələciyik. Biz buna layiqik.

- Elədi.

Qadın pulların üstündə yatan sehrə aldanıb rahatlaşır.

***

- Niyə belə elədin. Niyə bizi bu günlərə qoydun....

Ananın heysiz səsi eşidilir. “Nəydi o çəkdiyin zəhrimar. Niyə bizi balasız qoydun...


Atanın səsi gəlmir. Baxanlar onun bir də danışmayacağını zənn edir. O oğlunun çiyinlərə yüklənən çəlimsiz bədənini bütöv qəbristanlığı daşıyırmış kimi çətinliklə aparır.

Həyat getdikcə nəhəng qəbristanlığa bənzəyir. Rəngli televizorlarda, bahalı restoranlarda, çoxmərtəbəli binalarda, hündür işıq dirəkləri, reklam lövhələri əhatələnmiş küçələrdə, son marka avtomobillərdə fürsət gözləyən rəngli-rəngli ölümlər bacarıqlarını göstərmək üçün öz növbə gözləyir.

Danışmağa sözlər, yaşamağa bəhanələr azalıb.

Ana ona yalançı vədlər vermiş ərinə baxır.

- Daha heç nə yaxşı olmayacaq. Mən heç vaxt xoşbəxt olmaram.

Həbibin bir-birinə dolaşmış dodaqları güclə aralanır.

- Elədi.

***

Onlar daha dərd çəkmir. Dərd onları çəkir. Dərd olan yerlərə tələsirlər. Qoca kişi yaşlı arvadını qabağa verib onun pay-püşləri qaçqın üşaqlara paylamasına nəzarət edir. Nə isə almağa həvəslənən əllər əvəzlənir, arvadının əli ona uzanan əllərə qarışır, görünməz olur.
Hər iki tərəf bir-birindən ümid dilənir.İndi elə bir dövrdü ki, həyat maddiyyatdan, var olan hər şeydən ibarətdi. Yox olanların xəyalı ilə yaşayıb xoşbəxt ola bilənlər çoxdan ölmüşlər.
Daha qəhrəman olmaq istəyən və bir gün qəhrəmanın gələcəyinə inanan yoxdu.
Bu dövr qəhrəmanlığın böhran dövrüdü. Var olan qəhrəman inandıra biləndi.

Həbib iki vərməşil, beş kilo un, bir qarğıdalı yağı, üç əl-üz, iki paltar sabunundan ibarət bağlamaları paylayıb qurtaran arvadına yaxınlaşır. O zəmanəsinin ən böyük qəhrəmanlığını etmək istəyir. Arvadını inandırmağa çalışır.

- Biz xoşbəxt olmadıq. Halbuki biz buna layiq idik, çalışmışdıq...
Neynək... Bəlkə onların içindən bunu bacaran oldu...

- Elədi!!! Qadın həvəslə gülümsəyir.

SEÇİM

Budilnikin zəngi yuxusuna girib qəribə müsiqiyə çevrildi. Sonra hansısa dildən bəzi sözlər tərcümə elədi yuxudaca. Oyandı. Otağı bürümüş səsi kəsmək üçün tək gözlə telefonunu axtardı. Düyməni basıb, səsi kəsdi. O biri gözünü də açıb tavana baxdı. Yuxuda tərcümə elədiyi sözləri yadına salmağa çalışdı. İki söz xatırladı. Otağa düşən gün şüası gözlərini qamaşdırdı. Durub pərdəni çəkdi. Yenidən yerinə uzanmaq istəyəndə gözü pəncərənin sağ tərəfinə qoyduğu güzgüyə sataşdı. Boyaboy güzgünün qarşısına keçib ilk dəfə görürmüş kimi özünə baxdı. Son bir neçə ay idmana getməsə də, çəki almamışdı. Beli incə, ayaqları biçimli idi. Güzgüyə bir az da yaxınlaşdı. Əvvəl mərhəmətlə, sonra qəzəblə göz ətrafını nəzərdən keçirtdi. “Kremləri, kosmetik qarışımları düz vururam, niyə qırış yoxa çıxmayıb?”, düşündü. Saçının buruqları açılmışdı. Dəcəl küləyin araladığı pərdənin yanından sivişib içəri girən günəş şüasının təması ilə kətan üzərində çəkilmiş rəsmlərdəki qadınları xatırladırdı. İşıq saçlarının rəngini açır, qəhvəyi tüklər sarıya çalırdı. Güzgüdən görünən mənzərə xoşuna gəldi. Özünü xoşbəxt hiss elədi. Həvəslə vanna otağına getdi. Vannaya uzandı. Bədəni boğazına qədər suyun içinə girdi, ayaqlarını isə çölə çıxartdı. İllər öncə hər iki ayağının baş barmağında ayaqqabı sıxmasından yaranmış qaramtıl ləkə getmişdi. Uzun-uzadı barmaqlarına baxdı. Sanki ordan həyat eşqi yola çıxıb suyun içində rahatlanan bədənini, sonra alnını, üzünü sığallamağa başladı. Sevmədiyi bir şey qəfildən bədənindən yoxa çıxmışdı. Ayaq barmaqları daha qəşəng görünürdü. Təxminən on-on beş il öncəki kimi. Bu necə baş vermişdi? Bu, nə demək idi. Nəyə işarə olunurdu? “Yoxsa cavanlaşıram?!”, kinayə ilə gülümsədi.

Birdən halsızlaşdı. Başı gicəlləndi. Hamamın havası ağırlaşdı. Nəfəs almaq çətinləşdi. Dikəlib duşu açdı. Soyuq su tələsə-tələsə başına töküldü. Gözqaralması və nəfəsalma çətinliyi saniyəbəsaniyə artdı. Həyəcanla hamamdan çıxıb mətbəxə tərəf qaçdı. Stolun üstündəki “korvalol”u suya damızdırıb içmək istəsə də, əli tərpənmədi. Barmaqları qaxanc olmuşdu, elə bil. Nəfəs ala bilmirdi. Əli cəftəni də tuta bilməyəcəkdi, lakin ixtiyarsız qonaq otağının pəncərəsinə tərəf qaçdı. Hələ də nəfəs ala bilmirdi. Elə bil nəfəs borusunu, burun deşiklərini tıxamışdılar. Beyni və ayaqları diri idi amma. Güclə özünü hamama çatdırdı. Başını əyib ağzını açdı. Ağzına dolan suyu güclə uddu. Nəhayət, nəfəsalma düzəlməyə başladı. Dəhlizə qoyulmuş şəhər telefonundan təcili yardımı yığdı.

Həkim yaşlı bir qadın idi. Xüsusi bir şey olmadığını, sadəcə isti suda çox qalması səbəbindən təzyiqin düşdüyünü, soyuq duşun da bir tərəfdən bədəni halsızlaşdırdığını deyib, hər ehtimala qarşı kardioqram çıxarılmasını tövsiyə elədi. Gəlmişkən həkimdən sakitləşdirici iynə vurmasını istədi. Tibb bacısız gələn həkim şprisi doldurmağa başladı.

“Tək yaşayırsız?”, iynə ətə batanda həkim soruşdu.

“Yoldaşım ezamiyyətdədir”, qadın dilləndi. Ardınca

həkimin verə biləcəyi sualları təxmin edib cavablar hazırlamağa başladı. Həkim dinmirdi. Susqunluqdan bezdi. Danışmaq istəyirdi.

“İxtisasınız nədir?”

“Psixoterapevt”, həkim həvəssiz-həvəssiz dilləndi.

Gözləri şişmişdi. Gecə boyu işləmişdi.

“Mənim qarabasmalarım olur. ...sizə özüm haqqında

ətraflı danışa bilərəm?”

“Indi yox. Nömrəmi qoyum, zəngləşib növbədə

olmadığım günlərdən birinə görüş təyin edək.”

“Indi. Xahiş edirəm. Mənim ürəyimə bəzi şeylər damıb.

Bəlkə heç sabah olmadı”

“Özünüzü pis hiss edirsiz? Mən sizdə rahatsızlığa işarə

edən nə isə görmürəm. Təzyiq yerindədir, nəbziniz düz atır...”, həkim bildirdi.

“Özümü yaxşı hiss edirəm. Sabah da qismət olsa

həkimə gedəcəm. Sadəcə gələcəklə bağlı qəribə hisslər... Bizim iradəmizə tabe olmayan o qədər şey var ki...” Qadın dedi.

Həkim tikiş maşınının yanındakı balaca masanın

üstündəki fal kartlarına nəzər salıb, həvəssiz-həvəssiz kresloya oturdu. Stol uşaqların rəsm çəkməyi, dərs çalışmağı üçün nəzərdə tutulmuşdu. Qadın oturduğu yerdən durub pianoya söykəndi, özü haqqında danışanda şərti adlardan istifadə edəcəyini bildirdi.

- ...biz birlikdə yaşamağa başlayanda İbrahim evli idi. Onun uşağı olmurdu. Mən elə bildim, o, artıq uşaqsız yaşamaq istəmir, buna görə arvadından üz döndərir. Lakin İsmayıl doğulandan sonra o, əvvəlki həyatını yaşamağı seçdi. İsmayılla tək qaldım. İbrahim vicdan əzabı çəkirdi, çox güman, o, çaşqın idi. Onu atalıq sevgisi bürümüşdü, həm də uşaqdan imtina zəruriyyəti var idi. Arvadından ayrılmaq istəmirdi. Ona sadiq bir qadını yeni doğulan insanın ayağına verə bilməzdi. Siz deyə bilərsiz ki, bunun harası doğrudur. Gənc ana ilə yenicə doğulmuş körpəni Allahın ümidinə qoyub getmək nə qədər adildir? Siz bu barədə başqa şeylər də deyə bilərsiz. Mən o zamanlar bunları düşünmürdüm. Vücudumu, əqlimi və ruhumu bircə İsmayıl məşğul edirdi. O, yeni həyat idi. Mən yalnız orda yaşamaq istəyirdim. Siz nə desəniz mən analıqla atalığın eyni şey olduğu fikri ilə razılaşmayacam. Ana övladını Allahın ümidinə qoya bilmir. Ata isə bunu edir. Bu, gülüncdür, deyilmi? Yaradana Yaratdığını geri vermək istəməmək... Lakin bu, belədir. Allah qadını belə yaradıb. ...vaxt keçdi, vədə yetişdi. Biz nə ac, nə susuz qaldıq. İsmayıl yavaş-yavaş böyüdü.

Bu arada qadın jurnal stoluna qoyulan qrafindən su töküb içdi. Sonra daha həvəslə hekayəsinə davam elədi.

“Bu illər ərzində atalıq hissi, bir də yəqin borc, ya da nə bilim, vicdan əzabı İbrahimi tez-tez evimizə gətirdi. İbrahim oğlunu sevirdi. Onlar tez-tez gəzməyə gedirdi. Bir dəfə onlar İbrahimin qohumugilə qonaq getdilər. Söhbət qızışınca uşaq dəhlizə qoyulmuş siçan dərmanını yedi və öldü. ...niyə Allah övladımı İbrahimin əli ilə geri aldı? İbrahimin oğlum üzərində haqqı var idimi? O ki ona sahib çıxmamışdı. Niyə mənim oğlum, niyə İsmayıl o yolu, o ölüm yolunu bu qədər rahat, bu qədər itaətlə getdi? Hə, onu Allah aldı. O, onsuz da Allahın idi. Elə biz də. Hamımız. Elə deyirlər. Biz Allahın qərarları ilə razılaşa bildiyimiz qədər sakit və xoşbəxt yaşaya bilərik. O, həmişə bizi sınağa çəkir. O, bizim ona itaət edib-etməməyimizi yoxlayır. Əmin olmaq istəyir ki, biz qeyd-şərtiz ona tabeyik. O, İbrahimdən də bunu istəmişdi. “İsmayılın başını kəs, mənə olan sevgini göstər” demişdi. İbrahim razılaşmışdı. O, Allahının üzünə ağ ola bilməzdi. İbrahim həmişə daha əvvəllər tanıdıqlarına qarşı bir qab artıq sədaqətlə davranmışdı. Arvadını itirməmək üçün Həcərdən və İsmayıldan imtina eləmişdi. İsmayılı qurban etmək də Allahın istəyi idisə, niyə də yox. O, Allaha “niyə” deyə sual vermədi. Bir də ki görünür, İbrahim İsmayıl üzərində haqqı olmadığını düşünürdü. Çünki bir dəfə İsmayılı Allahın ümidinə qoyub getmişdi. Lakin Həcər. Allah bunu Həcərdən istəsəydi, “İsmayılın başını kəs, mənə olan sevgini, itaətini göstər” desəydi, qadın sorğusuz itaətlə istəyə boyun əyərdimi? Əyməzdi. Hə, Zəm-zəm suyunu göndərməklə Allah, məhz o özü İsmayılı həyatda saxlamışdı. Lakin Həcər onsuz da son nəfəsinə qədər mübarizə aparacaqdı. O, qaçmış, o, çarəsizcə bir udum su, bir dişləm çörək gəzmişdi İsmayılın həyatda qalması üçün. İsti nəfəsini kəsmiş, dodaqları qurumum, bədəni süstləşmiş, lakin ayaqları bir udum su tapmaq üçün oyan-buyana qaçmağına davam eləmişdi. Nəhayət Allah “zəm-zəm” suyunu axıtmışdı ayaqları altından. Körpənin və ananın üzünə yenidən həyat əlamətləri gəlmişdi. Doktor, siz heç düşünmüsünüzmü, Allah İsmayılı İbrahimə görə yox, Həcərə görə yenidən sağ saxlamışdı? İbrahim bıçağı İsmayılın boynunda rahatlayanda Allah Həcərin iztirablarını, onun yaratdığına bəslədiyi fədakar sevgini xatırlayıb fikrindən daşınmışdı. Bıçaq kəsməmişdi. ...mənsə görünür Həcər qədər fədakar olmamışam. ...sonra mən ailə qurdum.

Qadın stolun üstündəki biznes jurnallardan birinin üz qabığına nəzər saldı. Jurnaldan 50-55 yaşlarında yaraşıqlı bir kişi baxırdı.

“Adınız nədir?”, həkim soruşdu.

“Züleyxa”, qadın dilləndi.

Həkim adı qeyd dəftərinə yazdı.

“Gedə bilərsiz. Yaxşıyam. Sizə zəng eləyəcəm”, qadın dilləndi.

“Həkim məmnunluqla gülümsəyib, “hə, mütləq əlaqə saxlayın, görüşək”, dedi.

Həkim getdi. Qadın yenidən divana uzandı. Telefon zəngi yuxusuna girib qəribə müsiqiyə çevrildi. Gözlərini açdı. Bayaq olanlar da sanki yuxuda baş vermişdi. Lakin həkimi dəqiq xatırlayırdı. Hekayəsinin yarımçıq qalmış yerini də. Həkimlə zəngləşib görüş təyin etməyəcəkdi. Hekayəsinin davamını özünə danışdı.

“Bir gün Yusif Yusifi tanıdı. Yusifin gözəlliyi və məsumluğu ona həyatı yenidən sevdirdi. O, əmin oldu ki, Yaradan dünyanı daha yaxşı yer eləmək istəyir. O, bəlkə də insanlar üzərində düzəlişlər edir. O, dünyaya yeni, daha yaxşı adamlar göndərir. Allah daha Nuhu və onun seçdiklərini saxlayıb, qalanlarını məhv etməklə cəzalandırmır. İndi o, zalım ataya bənzəmir. Daha mülayim, daha bağışlayandır. O, başqa yol seçib. Züleyxa Allahın yaratdığı yeni nəfəsə aşiq oldu. Yusif qüsursuz siması, bədənini sarımış işığı ilə Züleyxanın daşlaşmış hisslərini yumşaltdı. Onun vücudunu yenidən həyat eşqi bürüdü. O, mimik qırışlardan belə azad olmaq istədi, saatlarla dərisini sığalladı, ətirli yağlarla süsləndi, gözləri baxdığı şeyləri gözəl gördü. Sezdiyi gözəl şeylərin rəngi üzünə çəkildi. Hələ sevgiyə çevrilməmiş ehtiras günəşi daha qızmar, ayı daha bəyaz, ulduzları daha parlaq elədi zehnində. Zaman və məkan əridi, Züleyxa bu qarışımın içində uzanıb rahatlandı. Bunlar nə vaxt baş verirdi? İndimi, yoxsa dünən olmuşdu? Yoxsa olanları gələcəkdə yaşayırdı? Hər şey tanış, sanki hər şey təkrar, ya da davam idi. Aşiqliyi Züleyxanın nəfəsini kəsmişdi, dodaqları susuzluqdan yanırdı. Həsrət və əlçamazlıq varlığını qıc eləmişdi. Başqa heç nəyə, heç kimə maraq göstərmirdi. Günah və ayıb hissi tamam çəkilib getmişdi. O, heç nəyin, heç kimin xatirinə yenidən gəlmiş həyat eşqini itirmək istəmirdi. Züleyxa onu gələcəyə apara biləcək yaganə qüvvədən bərk-bərk yapışmışdı. Həyat eşqi onun dini idi. Bu dini ona Yusif gətirmişdi. Onu Yaradan özü göndərmişdi. Yusif onun yorğun və incik ruhu, bəzəklə süslənmiş yaralı bədəni içində oturmuş məsum qızı görmüş, onu qorumağa atılmışdı. Bu yoldan onu heç nə çəkindirə bilməzdi. Bütün dünya ona qarşı çıxa, o, etibarsız görünə, zindanlara belə salına bilərdi. Fərq etməzdi. Eşqlə birgə cəsarət də gəlmişdi.

Budilnikin cır səsi yuxusuna girib xoş müsiqiyə döndü. Sonra hansısa dildən bəzi sözlər tərcümə elədi yuxudaca. Oyandı. Tək gözlə otağı bürümüş səsi kəsmək üçün telefonunu axtardı. O biri gözünü də açıb tavana baxdı. Yuxuda tərcümə elədiyi sözləri yadına salmağa çalışdı. İki söz xatırladı. ... həyat və eşq.

ƏSGƏR HƏYATINA TƏHLÜKƏ


Elə bir yerdəyəm ki, adam səsi gəlmir. Ancaq it səsi gəlir. Uzun səhrayabənzər düzəngahdı. Belə yerləri Allah da unudub, deyirlər.

Bir az uzaqlaşan kimi nə qədər çalışsan da, adam görə bilməzsən. Məni ən çox qorxudan da bu olur hərdən.

Birdən qurtulub qaçmaq istəsəm, adam kimi bağırıb, eşşək kimi anqırıb, at kimi kükrəsəm, kimsə eşitməz məni. Bircə qarşı tərəf eşidər. O da izimi birdəfəlik itirər. Düşmən tərəfi deyirəm, eşidər, kəlləmə birin vurar.

Arabir kimsə tələsik bir qapıdan o birinə girir. Bir də görürsən istidən nəfəsi kəsilmə ehtimalı olanlar dözməyib özlərini çölə atırlar. Axşamlar birtəhər telefon tapanlar dərənin sağ böyründə xəlvəti sevgilisi ilə danışır. Məndə də olur hərdən. Sevgilisi ilə küsəndə hərbi həkimin telefonu boş qalır.

Özünü məğrur aparır. Deyir nə qədər istəyirəm danışa bilərəm. Ona daha telefon lazım olmayacaq. Bilirəm ki, boş-boş çərənləyir. Uzağı yarım saatdan sonra gəlib telefonu alıb baxacaq ki, qız mesajdan zaddan yazıbmı-yazmayıbmı?..

Belə hallarda işimi bilirəm, bir həftənin söhbətini birtəhər on dəqiqəyə sığışdırıram. Sonda həmişə deyirəm ki, məni çağırırlar. Əşi kimdi məni çağıran?! Hamı o vaxtlar türk serialına baxır. Qəhrəmanlıqdı, vallah.

Əsl sevgidi. Yumşaq divanda oturub qızla danışmağa nə var ki? Dərənin dibində tək qaraltı olub hər an düşmən kəşfiyyatına əsir düşmək ehtimalı ilə qızla danışırsan... Şəbəkə nəfəsin kimi tez-tez kəsilir. Yer dəyişdirirsən... Əlavə adrenalin almaq üçün milyonlar xərcləyənlər bircə gün burda qızla danışsalar, bəs edər.

Nə vacibdi e belə təhlükəyə atasan özünü? Adama deyərlər nə verəcək bu qız sənə? Heç ala da bilməyəcəksən.

Biz tərəflər, dədəmgili deyirəm, belə qızdan qorxurlar. Sərbəstin biridi. İmkan versən televizora çıxıb demokratiyadan, bürokratiyadan, aristokratiyadan danışar. Ürəyi soyumasa, kitab da çıxardar, avtoqraf da verər. Di gəl ki, dözmürsən, insafən yaman ağıllıdı.

- Gəlirlər, gəlirlər...

Hərbi hissənin fəal əsgərlərindən biri göydən asteroidin yerə düşməsini xəbər verirmiş kimi həyəcanla nitqinə başladı. Bir yığın söz dedi. Gah sevincdən, gah həyəcandan dili topuq vurdu. Bu müddətə mən hərfli peçenyelərdən söz düzəldib qurtara bilməmişdim. Adətimdi. Hərfli peçenyelerdən söz düzəldirəm. Uzun müddət yeməyə əlim gəlmir, fərəhlə əl işimə baxıram. Mən bir sözə belə fərəhlənirəm, gör roman yazmışlar necə xoşbəxtdirlər - deyə düşünürəm. Bəzən bir hərf çatmır. Dilxor oluram. Mən bir hərf tapmayanda bu hala düşürəm, bütöv romana bir əməlli söz yaza bilməyənlər neyləsin?..

O gün səhər hərbi hissənin dörd yanından nağıllardakı kimi çaparlar yola düşmüşdülər. Kimi rayon mərkəzinə enib içməli su sifariş verməyə, kimi işıq generatorunun yanmış motorunu düzəltdirməyə, kimi yaxınlıqdakı hərbi hissələrin zabitlərinə günbatandan sonra veriləcək konsert haqqında xəbər verməyə qaçmışdı. Mən də özümü çəmənliyə verib gül yığırdım ki, mərkəzdən gələn qonaqlara-icra nümayəndələrinə, bir iki xalq yazıçısına, beş-on müğənniyə xoş gələk. Əsl qonaqpərvər kimi stollara gül düzək. Əsgər nədi, gül nədi? Elə deməyin. Güllə əsgərin ansamblından gözəl nə ola bilər? Mən fotoqraf olsaydım, belə şəkil də çəkərdim. Əlində gül olan əsgər. Sabah sinəsində gül uzanmağa hazır əsgər bu gün əlində çiçək şəkil çəkdirməkdən çəkinməməlidir.

Əsgərlər vurnuxurdu, isti qədərində töküldüyündən maddələri qızdırsa da, bir əks reaksiyaya səbəb olmur, partlayış səsi gəlmirdi. Hamı əlacsız-əlacsız tərini silir, “isti yandırdı” deyə gileylənirdi. Yanıb eləyən də gözə dəymirdi, insafən. İtlərin hürüşməsinə isə kimsə məhəl qoymurdu. Belə, öyrəşmişdik. It hürər də. Təhlükə? Təhlükə haqda xəbər verməyə çalışırdılar? Şişirtməyin, siz Allah. İtdi də, hürməlidi...
Günortadan yarımca saat keçməmiş budey, qonaqlar da gəldilər... Çoxdan görmədiyimiz adam kimi adamlar. Əlvan paltarlar geymişdilər. Oynadılar, oxudular. Birisi çıxış elədi. Dedi ki, qüdrətimiz elnən bir olub. Regionda deyil, dünyada tanınmışıq. Təkcə çiçəklənib açmamışıq, bar verib bəhrə görməmişik, gələcək nəsillər üçün investisiya belə qoymuşuq. Bu gedişlə Marsda da bizdən danışacaqlar. Güclü natiqdi, vallah. Elə dedi, elə bildim Marsda bizdən artıq danışıb qurtarıblar. Toxtadım, elə bil. Hərdən özümü tək hiss elədiyim bu düzəngahabənzər səhrada, ya da nə bilim, səhrayabənzər düzəngahda qışqırıb eləsəm, kimsə duymasa da, Marsdan eşidiləcəyimə inandım. Yaxşı ki, Mars var dedim.

Hər şey nazlı bir müğənni paltarını çəkişdirəndə baş verdi. Yəni, heç şişirtmirəm. Sözbaz olub bu məsələdə günahkar da axtarmayın. Hər şeyi paltarın üstünə atın. Rəngli xətlərlə bəzəklənmiş uzun şifon paltar qəfil fələyin gərdişindənmi, şeytanın əməlindənmi yuxarı qalxdı. İndi ancaq pafoslu nitqlərin budaq cümlələrində rast gəlinən Qarabağ atlarının şahə qalxması kimi küləyin coşduğu anda paltarın lələsi köçdü, yurdu qaldı. Hətta küləyin bu poetik cuşa gəlişi elə ani oldu ki, məşhur ictimai xadim kimi təqdim olunan yekəqarın kişi papağının uçmaması üçün tədbir belə görə bilmədi. Nə az, nə çox. Külək belə külək oldu. Külək cəmi üç-dörd saniyəlik nadinclik eləsə də, qüdrətli polkovnik lələsi köçmüş yurdun hər tərəfini gözləri ilə qarış-qarış gəzməyə müvəffəq oldu. Sonra oynayanlar oxuyanlara, oxuyanlar oynayanlara qarışanda, günəş öz gündəlik norması dolduğundan, vaxtında yatıb, vaxtında durduğundan deyil, gurhagura dözməyib elə bil həmişəkindən daha tez istirahətə çəkildiyində belə, mən polkovniki artıq qala qapıları bağlanmış yurdun həndəvərində gördüm. Polkovnik yeni diyar fəth etməyə həvəsli görünürdü. İnsafən, müğənni qadın şəhər açarlarını qarşı tərəfə təslim etməyə tələsmirdi.

Sanki ətrafdakıları qorumaq kimi şərəfli vəzifə borcunu yerinə yetirən aramsız hürüşən itlərin fəallığı daha da artmışdı. Onlardan biri zəhmli görkəm altında yatan mərhəmətli insanlar kimi müğənninin yanına yaxınlaşıb tüklü üzünü onun paltarına sürtəndə qadından qopan bağırtı ətrafdakı gürhagura xitam verdi. Gurhaguru gurhagurla kəsərlər. Sonra bağırtısı bağırtılara qoşulan polkovnik qudurmuş itlərin insan, əsgər həyatına vura biləcəyi ziyanlardan danışdı. Bir sürü şey dedi. İndi hamısı dəqiq yadımda deyil. Amma deyilənlərdən sonra müğənni qadın polkovniki danışdıran qara gözlərini qırpmadan xilaskarına baxırdı.

Səhəri günəşin dünənki həngamədən hələ də özünə gələ bilməməsi hər halından bəlli idi. Əzgin-əzgin gah çıxır, gah batırdı. Nisbətən böyük bulud topası keçəndə ürəyin qopurdu ki, indi yorğunluqdan müvazinətini itirib yerə düşüb bir çuval ənciri bərbad edəcək. Gül kimi dünyadı. Bir az düzəltmişik. Yaşıyırıq da...

Polkovnikin sözləri çox şeyi dəyişdi. Əsası, itlərdən qisas alındı. İtlər müğəninin paltarına sığınıb onu qorxutduqlarına görə cəzalandırıldı, gələcəkdə əsgər həyatına, bəli, bəli məhz əsgər həyatına təhlükə törədəcəkləri güman edilərək ittiham olundu, təqsirləndirilənlər gecikdirilmədən güllələndi.

Dan yeri məşhur klassik romanların giriş təsvirlərindəki kimi romantik və poetik açılsa da, göyün üzündən ilhamlanıb nə isə yeni, anlamlı bir şey qoşmaq, əməlli-başlı bədii cümlə qurmaq mümkün deyildi. Ətrafda nə quş civildəyir, nə külək vıyıldayırdı.
Rəngli dağ-çəmən gülləri maddım-maddım baxırdı. Hiss edirdim ki, nə isə fövqəladə bir şeydən hamıdan tez xəbər tutmuşlar. Həmişəki kimi dillənib özlərini pis eləmək istəmirlər. Nəylərinə lazımdı? Deyib pis olsunlar. Gül kimi susublar. Nə dəyən var, nə dolaşan? Səngərdən səs gəlmirdi. On əsgər yuxuyamı qalmışdı?.. Təngənəfəs səngərə tərəf yüyürdüm. Çöldəki sakitlik havası orda daha şiddətlə çalınırdı.

On əsgərin on eyni ölümü səngərin qulaqbatırıcı sakitlik simfoniyasına drijorluq edirdi.

“Gecə düşmən səngəri basıb on əsgərimizi qətlə yetirib. Düşməndi də.. Düşmənçilik etməlidi... Kimsə xəbər tutmayıb. Kəşfiyyat güclü işləyib. Öyrəniblər ki, əks tərəfə keçsələr, itlər hürməyəcək. Bir gün əvvəl xüsusi əmrlə itləri güllələmişdilər”. Gənc jurnalist yanındakı həmkarına hadisənin təfərrüatlarını belə danışmışdı.
Çiyinlərdə on əsgər gedirdi. On çərçivəyə on şəkil vurulmuşdu.

Yaşlı polkovnikin xəlvəti daxılının ağzı açıq idi. O, cavan müğənninin qızıl suyuna çəkilmiş şəklinə baxırdı. Qadının paltarı elə bil şəkildən də yellənirdi.

“Polkovniklər səhv qərarlar verməyə davam etdikcə çiyinlərdə ölümlər daşınacaq.” Bunu da gənc jurnalist dedi. Qara kostyumlu bir kişi qəzəblə jurnalistlərə baxaraq “boş-boş danışmayın” dedi.

Qeyd: Başlara bərk-bərk bağlanmış qara yaylıqları yelləməyə küləyin gücü çatmırdı.

Müharibə davam edirdi. Hələ gec deyildi...

ƏN UZAQ GƏLƏCƏK

Gücənib məni içəri itələməyə çalışdılar. Mən ani hadisədən yerimdəcə donub qalmış, nə baş verdiyini anlamağa çalışırdım.

“Axmaq, nə gözünü döyürsən, tez gir içəri” deyə üstümə qışqırdılar. Hündürboylu Səlim, iri əzələli Aqşinin güclü qollarının müşaiyəti ilə çəlimsiz bədənimi iki qatlayıb dəmir oyuğun içinə dürtdüm.

- Qulaq as, qorxma, ən uzağı iki saata qayıdırıq. Deyib getdilər.

Indi xatırlamasam da, onlara nəsə dedim. Ağır dəmir qapağın çırpılması ilə sözlərim eşidilməz qaldı. Buz kimi soyuq dəmir divardan yapışıb yerə çöməldim. Bir-iki dəqiqə elə qaldım. İsti maye arxamı islatmayana qədər fənərin solğun işığında aydın sezilən, sel kimi axan qanı görmədim. Yalnız onda yanımda uzanıb can verən əsgər yoldaşımın tələsik axan qanının tankın soyuq döşəməsinə istilik verdiyini hiss elədim. Çöldən zəhmli görünsə də, tankların içi heç vaxt mənə etibarlı və ilk baxışdan göründüyü qədər təhlükəsiz gəlməyib. Özümə gələr-gəlməz təlimlərin birindən yadigar qalan, üzərində NATO yazılan bayrağı cırıb Saşanın qoluna bağladım. Bir əlimlə qanı dayandırmaq üçün düzəltdiyim turnanı burub, o biri ilə Saşanın başından axan qanın qabağını kəsməyə çalışdım. Güclü qanaxmadan ağrı hiss eləmədiyini təxmin eləyirdim. Amma üzü əzab dolu idi, xırıldayırdı, ağrıyırdı, deyəsən. Ona əhəmiyyət vermədən turnanı var gücümlə sıxmağa davam edirdim. Başından axan isti qan hələ ilıqlaşmamış ilk bahar havasındakı soyuqluğu mənə tamamilə unutdurur, alnımda tər damcıları pulcuqlanırdı. Nə vaxtsa oxumuşdum ki, tale qarşısına çıxan istənilən maneəni dəf edəcək qədər güclü sel axınıdı. Bizim qəhrəmanlığımız onsuz da çarəsizcəsinə sığındığımız qismətə göstərdiyimiz müqavimətin azlığında və çoxluğunda bitir.

Mənə görə Saşa dünyanın yaxşı adamlarından biri deyildi. O hamının yox yerdən var çıxaran kimi tanıdığı fərasətli biri, mənsə qabağındakını uda bilməyən əfəl idim. O, rütbəcə özündən böyük adamların yanında yaltaqcasına əyilməyi ustalıqla bacardığından anbar rəisi ilə dostlaşmış, onunla ton-ton kağızı çıxarıb satmağa da müvəffəq olmuşdu. Mən bunu biləndə onu öz əllərimlə boğub var olan qanını şah damarından axıtmağa hazır olsam da, onda bütün gücümlə onun oğurluq edən əlindən tələsik çölə tökülən qırmızı mayenin dayanması üçün ayaq üstə durub, az qala keyimişdim. Bu məntiqə əsaslansaq, onun cinayət edən əlini xilas etmək üçün çalışdığıma görə elə mən də hərbi oğru idim. Buna rəğmən, əlimi boşaltmır, ona və özümə tutarlı izah uydururdum. Elə bil axirət dünyasına inanmayan ən murdar müsəlman olmağıma baxmayaraq, bir azdan o dünyaya gedəcək Saşanın qulağına etdiyi əmələ görə tutarlı səbəblər pıçıldamalı, həm onu, həm də özümü o biri dünyanın sorğusundan qurtarmalı idim. Saşa mənim soyuqdan və həyəcandan kütləşmiş bədənimə və ağlıma məhəl qoymadan arsızcasına xırıldayırdı. Birdən onun xırıltısı kəsildi, daha başından qan gəlmirdi. Mən həyəcanla qanlı əllərimi onun qolundan və başından çəkdim, “Saşa, hər şey yaxşı olacaq, sənin qanın artıq kəsdi” deyə bağırmağa başladım. Saşa dinmir, bu arada tankın soyuq döşəməsində qan laxtaları yırğalanırdı. Mən onun nazik, uzun dodaqlarını yanlardan bir-birinə yaxınlaşdırıb, nəfəsimi bədəninə ötürməyə çalışdım. Süni nəfəs onun qanı qurtarmış bədəninə ötəri girib-çıxırdı. Saşanın bədəni nəfəsimi qovurdu. Mən Saşanın oğurladığı kağızlara görə üzrxahlığını diktə edən sözləri tapmış kimi nəfəsimlə ona ötürür, o isə ölümlə sülh bağlamış kimi israrla mənim köməyimi rədd edirdi.

Onun ağzı açıq qalmışdı. Mən ölümün Saşanın açıq qalmış ağzından çıxıb güclü qolları ilə mənim boğazımdan yapışacağından qorxdum, dəhşətlə onun ağzını qapadım. Sonra bayrağın nisbətən böyük parçası ilə Saşanın ağarmış sifətini örtdüm. Pozuq ərəb ləhcəsi ilə Kəlmeyi Şəhadəti dedim. Mən dindar adam deyiləm. Axirət dünyasına da inanmıram. Bunu Saşa üçün deyirdim. Bu, onun Kəlmeyi Şəhadəti idi.

Bu arada bəlkə də çöldə ilk bahar küləyi əsir, dağ çiçəkləri nəvazişdən xoşhallanır, ağacların altda qalmış yarpaqları onları bu nəvazişdən kənar qoymuş yuxarı qonşularına lənət oxuyur, əlacsız-əlacsız köks ötürürdü.

Oyananda soyuqdan titrəyirdim. Neçə saat yatdığımın fərqində deyildim. Amma yəqin ki, çox yata bilməmişdim. Mən adətən üşüyəndə yuxumu qarışdırıram. Uşaqlıqdan belədi. Uşaq vaxtı atamın yolunu gözləyən anam tez-tez üstümü örtərdi. Məşhur yazıçının dediyi kimi, dünyada bir atanın övladına verəcəyi ən böyük şey onun anasını sevməsidi. Mənim atam anamı heç vaxt sevmədi. Anam atamın mənə verəcəyi ən böyük hədiyyəni gözləyə-gözləyə dünyadan köçdü.

Saşa sakit-sakit uzanmışdı. Onun üzündə məmnunluq ifadəsi vardı. Mən ondan qorxmağa başladım. Sanki bir az əvvəl ölümlə əlbəyaxa olmuş Saşa düşməni ilə dostlaşmışdı, elə bil. Ölüm onun qansız cismində pusquda durmuş, məni boğmaq üçün oyanmağımı gözləyirdi, sanki. Qan iyi qaranlıq və soyuq tankı daha da vahiməli edirdi. Mən fiziki yorğunluğunu çıxarmış bədənimi tərpətmədən vəziyyətimi, niyə o bədheybət Səlim və Aqşinlə düşmən kəşfiyyatına çıxdığım halda bir ölü ilə bumbuz tankın içində tirtab uzandığımı araşdırmağa çalışdım. Xatırladım ki, Səlim və Aqşin ən çoxu iki-üç saata yaralı Saşanı və ona keşikçi duran məni əlavə qüvvə ilə səhvən daxil olduğumuz düşmən mühasirəsindən qurtarmağa gələcəklər. İxtisasca həkim olduğumdan gicgahdan axan venoz qanın bir saata axıb qurtardığını düşündüm... Olanları üst-üstə qoyub qərara gəldim ki, tezliklə məni tankdan çıxaracaqlar.

Ağlamaqdan özümü güclə saxlayırdım. Başımı tank koğuşundan çıxarıb düşmənlə əhatələnmiş vətənimə baxa bilmədiyim üçün özümə qəzəblənir, üzündə amiranə ölümün şəkli çəkilmiş Saşadan utanır, haqqında ağızdolusu danışdığım Vətən, Xalq, Millət üçün birdəfəlik ölə bilmədiyimə görə utanırdım.

Bir müddət sonra Saşanın qürurlu nəşi, onun bədəninə boyaboy uzanmış ölüm, qaranlıq və soyuq tank, Vətən və Namus kəlmələri haqqında ümumiyyətlə düşünməməyə başladım. Kəşfiyyat üçün götürdüyümüz azuqələrdən yeyir, mənasız və gülməli şeyləri çək-çevir edib, saqqız çeynəyirdim. Əvvəlcə düşündüm ki, Saşanın birinci, yoxsa ikinci arvadı onunla axirətdə biryerdə qalma ixtiyarı alacaq. Saşanın birinci arvadı birinci uşağını dünyaya gətirəndə dünyasını dəyişmişdi. O yazıq qız o biri dünyada Saşanın yolunu səbirsizliklə gözlədiyi halda, oğlan burda ikincisini almışdı. Sonra düşündüm ki, görəsən onun ölümü haqqında ailəsinə xəbər verəndə səlahiyyətli nümayəndə nə deyəcək. “Namuslu vətən övladı şərəfli ölümə tüş gəldi zad”. Birdən Saşaya yazığım gəldi, gözümə həqiqətən namuslu və şərəfli göründü. Onun oğurladığı kağızlar mənə aydın, təmiz və ağappaq göründü. Xəyalən ağ vərəqlərə Saşanın toppuş qızının cırıq məktəb paltarını, özünün oğrun-oğrun dünyada qalmış son oksigen kimi acgözlüklə ciyərlərinə çəkdiyi “Marlboro” tüstüsünü çəkdim və rahatlandım. Mənə elə gəldi ki, dünya o balaca qızın nimdaş paltarının yamağındadı. Bir zamanlar Saşa haqqında pis düşündüyüm üçün xəcalət çəkdim. Sanki onun qızının paltarını mən cırmışdım. Sonra mən şorgöz komandirin özünü saxlamayıb Saşanın ikinci arvadına “qardaşsayağı” baxdığını təsəvvürümə gətirdim və sevindim. Qadın komandirə baxsa, Saşa birinci arvadının yanına gedəcəkdi. Qız buna layiq idi. Çünki o mənə görə nə Saşaya, nə də başqa birinə xəyanət etməyə macal tapmadan məclisi tərk etmiş ən namuslu qadınlardan biridir. Saşaya əməlli-başlı həsəd aparırdım. O əzəmətlə uzanmış, mənsə tərəddüd və qorxu ilə burnumla beynimi eyni vaxtda eşələyirdim.

Qurumuş belimi tərpətdikcə qaranlıq və soyuq tankda qan laxtaları yırğalanır, Saşa NATO bayrağının yumşaq parçası altında arsız-arsız yayxanır, vaxtaşırı oğruladığı kağızların üstünə həkk olunmuş bəzi şeyləri nəzərimdə canlandırır, ilk bahar günəşi nə tankı, nə meşəni, nə dünyanı isitməyə tələsmirdi.

Pozuq erməni ləhçəsi ilə deyilən bir-iki cümlə məni yuxudan ayıltdı. Sərhəddə yerləşdirilən rus muzdluları ermənicə danışmağa çalışıraraq gülüşdülər. Ürəyim şiddətlə döyünürdü. Lakin onlar tanka yaxın gəlmədi, səslər getdikcə uzaqlaşdı.

Növbəti dəfə ölüm qorxusunu çölə tüpürdüm, rahatlandım. Nə lağlağı düşüncələrim, nə yanımda uzananın təmkinli obrazı ölüm qorxumu azaltmırdı. Ölümə təslimçi baxışlarla baxanda belə, min dəfə lənətlədiyim maraqsız keçmişimi xatırlayıb kədərlənməkdən, gələcək haqqında plan qurmaqdan özümü saxlaya bilmirdim.

Onlar tankın qapağını qaldıranda gözümü yummamışdım. Onlar Saşanı sürüyüb tanka saldıqları kimi məni də darta-darta içəridən çıxartdılar. Tankın içinə soxulduğum gündən 120 saat keçmişdi. Bahar duyulurdu. Komandir və iki əsgər mənim beş gün Saşanın çaldığı ölüm sinfoniyasından qeyri bir səs eşitməyən qulaqlarımı yoxlamaq üçün qəsdən az qala bağıra-bağıra danışırdı. Məni kazarmanın ən işlək maşınına qoyub hospitala yola saldılar. Yəqin bundan sonra Saşanı çıxaracaqdılar. Amma mənə elə gəldi ki, Saşa artıq heç zaman tankdan çıxmayacaq. Sakit-sakit mənim bir gün onun yanına gəlməyimi gözləyəcək. Onlar nə qədər çalışsalar da, onun dolu bədənini sürüyüb tankın kiçik koğuşundan çıxarmağa müvəffəq olmayacaqlar.

Mən Saşadan qat-qat çox yaşadım. Nə qədər urvata mindirməyə çalışsam da, onun tank döşəməsində uzanan sakit ölümü mənə özünü sevdirmədi. Mən həmişə onu düşündüm. Dayanmadan onu düşündüm. Ən uzaq gələcəyə çevirmək istəsəm də, həmişə yaxında oldu. Mən ölümsüz olmaq istədim. Və qəzəbləndim. Anlaya bilmədim, niyə Allah ölüm qədər nəhəng gerçəyi verib, həyat boyda yalanı yaşamağımızı istəyir.

XS
SM
MD
LG