Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:24

Pul, pul, pul... Hamısı pul...


Arxiv fotosu
Arxiv fotosu

-

"Çarpayıpulu, yataq dəsti üçün ayrıca pul, palatanı silib-süpürənə pul, dərmana pul, tənzifə pul, pul, pul, pul... Hamısı pul... 6 ay xəstəxanada qalmaq üçün gərək bütün varından-yoxundan çıxasan. Tibbi Sosial Ekspertiza Komissiyasından (TSEK) isə deyirlər ki, əlillik dərəcəsi almaq üçün mütləq 6 ay xəstəxanada qalmalısan".

Cəlilabad sakini Səməd Rzayev “Qaynar xətt”ə Rayon Tibbi Sosial Ekspertiza Komissiyasından (TSEK) şikayət edib. Deyir, 8 il əvvəl ailəsi ilə birlikdə avtomobil qəzasına düşüb. Həyat yoldaşı və azyaşlı övladı həyatını itirib. O isə...

"SƏNƏDLƏRİ GÖTÜRMÜRLƏR Kİ, MƏCBURİ XƏSTƏXANADA YATMALISAN"

"Qabırğalarım qırılıb, dalağım partlayıb, ağciyər kontuziyası almışam. Bir sözlə, yarımcan oldum, ancaq sağ qaldım. Mərkəzi Tibbi Sosial Ekspertizanın rəyi ilə II qrup əlillik təyin olundu. 2 ildir əlilliyimə görə rayon poliklinikasında daimi qeydiyyatdayam. İndi TSEK-də təqaüdümlə bağlı mənə problemlər yaranıb. Vaxtaşırı ambulator müayinə olunuram, sənədləri zona TSEK-nə təqdim edirəm və 44 manat müavinətimi alıram. Ancaq indi deyirlər ki, sən 6 ay stansionar müalicə almalısan. Yəni 6 ay xəstəxanada yatmalıyam. Halbuki, mən 2 il əvvəl 6 ay xəstəxanada yatıb müalicə almışam".

Cəlilabad TSEK-dən "Qaynar xətt"ə bildiriblər ki, Səməd Rzayev ambulator müalicənin nəticələri ilə bağlı tam sənədləri onlara təqdim etmədiyinə görə onun əlillik dərəcəsinin uzadılması məsələsinə hələlik aydınlıq gətirmək mümkün deyil.

"6 AYLIQ XƏSTƏXANA XƏRCLƏRİ 1 İLLİK PENSİYAMDAN ÇOXDUR"

Hüquqşünas Fuad Hüseynov isə rayon TSEK rəisinin tələbinin qanunla əsaslı olduğunu deyir:

"Qanuna görə, əlillik dərəcəsi almaq üçün işləyən şəxslər 6, işləməyələr isə 3 ay stasionar müalicə almaq məcburiyyətindədilər. Ancaq şəxsə artıq 2 il əvvəl əlillik dərəcəsi verilibsə, bu müddət ərzində ambulator müayinələrdən keçib nəticələrini yerli TSEK-ə təqdim edibsə, onun uzun müddət xəstəxanada müalicə almasına ehtiyac yoxdur. Ola bilsin ki, ambulator müayinələrin nəticəsi qənaətbəxş olmadığına görə TSEK rəisi ona məcburi müalicə təklif edib".

Ancaq əlil xəstəxanada xərcləyəcəyi pulun əlil kimi ona veriləcək puldan qat-qat artıq olduğunu deyir və xəstəxanaya getmək istəmir:

"44 manat pensiyadır, heç illik ümumi 500 manat etmir. Ancaq mən 6 ayda hər ayı ortalama 150 manatdan hesablayanda xəstəxanaya daha çox xərcim çıxır".

Səhiyyə Nazirliyi isə dövlət xəstəxanalarında müayinə və müalicələrin pulsuz olduğunu iddia edir və bunun üçün qaynar xətt yaradıb.

XS
SM
MD
LG