Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

Zəlzələdən sonra çadırda yaşayan ailə...


Arxiv fotosu
Arxiv fotosu

-

"Zəlzələ nəticəsində evimiz yararsız hala düşüb. Evimizə komissiya tərəfindən 6 dəfə baxış keçirilib. Amma heç bir faydası olmayıb. Həmin evdə mənim ailəm və iki qardaşımla birgə yaşayırdıq. Amma zəlzələdən sonra ev elə bir hala düşüb ki, orada yaşamaq mümkün deyil. İmkanım olsa, özüm təmir edərdim. Amma kasıb adamam. Maddi durumum evi təmir etmək üçün yetərli deyil. 2 ildən çoxdur ki, çadırda qalırıq. Özüm də xərçəng xəstəliyinə tutulmuşam. Həm evsizəm, həm də ağır xəstəyəm".

HAMININ EVİ TİKİLDİ, BƏS MƏNİM EVİM?..

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Qax rayonu, Güllük kəndinin sakini Ceyhun Abdulrzayev deyir.

2012-ci il mayın 7-də episentri Zaqatala rayonu ərazisinə düşən və 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. Prezidentin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin müxtəlif sərəncamları ilə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fonddan və dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına bölgədə tikinti işlərinə başlanılmışdı. Amma həmin tikinti və təmir işlərinin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, zəlzələdən zərər görmüş bir neçə ailənin evi hələ də təmir edilməyib.

NƏ VAXTA QƏDƏR ÇADIRDA YAŞAYACAĞIQ?

Güllük sakini:

"Mənim evimdən başqa bütün evləri tikiblər, təmirə ehtiyacı olanı isə təmir ediblər. Ortada təkcə mənim evim qalıb. Dəfələrlə şikayət etmişəm. Amma heç bir tədbir görülməyib. Sual verirəm ki, mənim evimi niyə tikmirsiniz? Hər dəfə də eyni cavabı alıram ki, yaxın vaxtlarda tikiləcək. Biz nə vaxcta qədər çadırda yaşayacağıq?".

Güllük sakininin sualını Qax rayon icra hakimiyyətinə ünvanlasaq da cavablayan olmadı.

Güllük sakini isə deyir, yaxın vaxtlarda dağılmış evi ilə bağlı əncam çəkilməsə içərisində yaşadığı çadırı Bakıda quracaq.

XS
SM
MD
LG