Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:35

Arif Məmmədov: «Siyasi fəaliyyətimi Avropada davam etdirəcəyəm»


Arif Məmmədov
Arif Məmmədov

-

İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı səfiri postundan istefa verən Arif Məmmədov AzadlıqRadiosunun suallarını cavablandırıb:

- Bilirdim ki, hakimiyyət geri çağırılmağımla bağlı təşkilata müraciət edib. Təşkilatın imicinə zərər vurmamaq və baş katibi pis vəziyyətdə qoymamaq üçün istefa ərizəsini yazdım. Çalışdım ki, bu məsələ təşkilata mənfi təsir etməsin. Çünki Avropada bir çox təşkilatlar bu məsələdən xəbərdar idilər, istəmədim İslam Əməkdaşlıq Təşkilatına bir ləkə gəlsin.

- Arif müəllim, bir statusun bura qədər varacağını hesablamışdınızmı?

- Sözün düzü, bu qədər çirkin səviyyədə iş aparılacağını gözləmirdim. Hər bir məqalə ilə özlərini biabır edirdilər, hamı görürdü ki, rejim başını itirib. Mənim 20-40 il əvvəl ölən babalarımı çözələyirlər. Bir babam Gəncədə Qara Camal olub, hər kəs də onun necə adam olduğunu bilirdi. İndi gənclər gedib soruşurlar ki, «bəs filan məqalədə belə yazırlar, düzdür, ya yox?». Həqiqəti öyrənirlər ki, babam Camal kişi necə istənilən, hörmət edilən insan olub. Burda Qırğızıstandan sürücüm var, məəttəl qalır ki, bizim ölkədə belə şey yoxdur. Müsəlmançılığa, islama da sığmır ki, 20-40 ildən çoxdur rəhmətə gedən adamlara hücuma keçələr. Bütün Avropa bunu izləyir və məəttəl qalır ki, belə şey olarmı?..

- Siz uzun illərdir ki, diplomatiya sahəsində çalışırsınız, xarici həmkarlarınıza bələdsiniz. Onlar öz fikirlərini ictimai platformalarda ifadə etməkdə nə qədər sərbəstdirlər?

- Bu, ölkədən asılıdır. Ancaq belə bir yanğın hansısa Avropa ölkəsində olsaydı, dərhal araşdırma aparılardı, günahkarlar həbs edilərdi. Ancaq bizdə hamı gördü ki, real addımlar atılmadı, camaatda narazılıq vardı. İki-üç dəqiqənin içində alov binanı necə bürüdü…Əlbəttə, bir azərbaycanlı kimi bu hadisə mənə çox pis təsir elədi. Həmin vaxt Bakıdaydım. Əsəbimdən yata bilmirdim, sabahısı yazdım bu statusu. İki həftədən sonra ortaya çıxardılar.

- Sizcə, sizin səhifənizi belə zərrəbinlə yoxlamaq kimin marağında olub?

- Bunu artıq açıq bildirmişdim – xüsusi qrup var ki, səhifələri, yazışmaları izləyir. Hakimiyyətdaxili qarşıdurmanın bir hissəsidir, mənə elə gəlir, hədəf mən deyildim. Hakimiyyətdə daha proqressiv komanda hədəf idi. Bəlkə gözləmirdilər ki, belə reaksiya verim. Mən də öz sözümü dedim, həyatımda mənə bu qədər çirkab yönəldilməmişdi. Öz sözümü dedim, camaat da bunu çox anlayışla qarşıladı. Özümü haqlı hesab edirəm, bu istiqamətdə işləyəcəyəm və mövqeyimi dəyişən deyiləm.

- Arif müəllim, siz hakimiyyətdə proqressiv komandanınmı üzvüsünüz, yoxsa qarşıdurmada olan qruplardan kənardasınız?

- Heç bir qrupa daxil deyiləm. Bunu simvolik olaraq deyirəm. Hər bir hakimiyyətdə daha liberal və daha mühafizəkar qruplar var. Mən əlbəttə ki, 20 ildir ki, Avropada fəaliyyət göstərirəm, nəyin Azərbaycan cəmiyyətinə müsbət, nəyin mənfi təsir edə biləcəyini izləyirəm. Özümü liberal diplomat sayıram və bu gündən yəqin ki, artıq diplomat yox, bir siyasətçi kimi fəaliyyətə başlayıram.

- Yanğına görə başsağlığı ilə başlayan statusunuz «Azərbaycan 2025» proqramının təqdiminə gətirib çıxardı...

- Buna bəzi yozumlar verdilər, hətta prezidentliyə iddialı olduğumu dedilər. Mən ortaya belə iddia qoymamışam. Öz ölkəmi necə görmək istədiyimi açıqladım, azərbaycanlıları, vətəndaşlarımızı dəvət etdim ki, hər kəs gəlib ölkənin 10 il sonrasını düşünsün. Bu, ağır yükdür, bir günün işində başa gələsi deyil, ancaq inanın, dünyanın hər yerindən mənə elə təkliflər gəlir ki. Ümid yaratmaqdan böyük bir şey ola bilməz. İnsanlarda bir ümid yarandı. Onlar hiss etdilər ki, öz ölkələrinin gələcəyini formalaşdıra bilərlər. Elələri var idi ki, ölkədən getmək istəyirdi, mənə yazdılar ki, nəsə etmək üçün bir ümid gördük. Professordan tutmuş fəhləyə qədər hər kəs mənə təklifini yazır. Bu da məni ruhlandırır və mövqeyimdə düzgün olduğumu göstərir.

- Siyasi fəaliyyətə harada başlayacaqsınız, ölkəyəmi qayıdırsınız, yoxsa mühacirətdəmi qalacaqsınız?

- Hamı gözəl anlayır ki, artıq ölkəyə qayıtmağım mümkün deyil. O məqalələr boş yerə yazılmayıb. Buna görə də siyasi fəaliyyətimi Avropada davam etdirəcəyəm. Burda məni kifayət qədər tanıyırlar. Qapılarım nəinki daralır, hətta genəlir. Ən yüksək səviyyədə görüşlər keçirmişəm və iş qrafikim yenə də çox sıxdır. Avropa mediası çox maraq göstərir, ancaq hələlik çalışıram, mətbuata çox çıxmayım. Yəqin ki, bir müddət Belçikada qalacağam və «Azərbaycan 2025-ci il» proqramı üzərində işləyəcəyəm. Bu, dediyim kimi, tək mənim beynimin məhsulu olmayacaq, gələn təklifləri də dəyərləndirəcəyəm.

- Tərəfdarlarınızı Azərbaycandamı, yoxsa Avropada və digər yerlərdə yaşayan azərbaycanlılar arasından toplamağa çalışacaqsınız?

- Bugünkü mərhələdə bütün azərbaycanlılara, Rusiyadan tutmuş Yaxın Şərqə qədər hər yerdə yaşayan azərbaycanlılara müraciət etmişəm. Mənim bir silahım var, o da köhnə model «iPad»dir. Yəni bütün işlərimi bununla görürəm, heç bir partiyaya söykənmirəm. Düzdür, üç-dörd adama ehtiyacım olacaq ki, mənə kömək etsin, gələn məktubları, mesajları cavablandırmağa yardım etsinlər. Neçə gündür ki, gələn hər mesajı cavablandırmağa çalışdığımdan yatmağa da vaxt tapa bilmirəm.

- Barənizdə birmənalı münasibət yoxdur. Sizin Rusiyanın xüsusi xidmət orqanlarının ortaya atdığı fiqur kimi qiymətləndirənlər də var. Və ya Qərbin adamı kimi təqdim edənlər də. Həqiqət payı haradadır?

- Məni harasa bağlamaq gülməlidir. Avropada məni tanıyırlar. İnsan haqlarına bağlı bir adam kimi tanıyırlar. Bir çox xarici dil bilməyimi də problem kimi görürlər. Bir qadın yazır ki, onun çamadanını daşımışam. Mən o qadına kömək etməsəydim, özümü kişi saymazdım. Məni tanıyanlar bilir ki, heç sürücümün çamadanımı daşımasına razı olmamışam. Azərbaycandan kim gəlib - millət vəkili, ya adi adam - mən onun yükünə kömək etmişəm, bu, mənim tərbiyəmdən irəli gəlir. Məni harasa bağlamaq gülüncdür, mən öz vətənimi sevən, ona bağlı bir adamam. Əslində, mən sakitcə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında səfiri idim və işimlə məşğul idim. Bir statusuma görə sistem mənə hücuma keçdi, heç düşünməzdim ki, proses bu vəziyyətə qədər gəlib çıxa bilər. Uşaqlıqdan diplomat olmaq istəmişəm və güman etməzdim ki, diplomatiyadan uzaqlaşa bilərəm. Kifayət qədər uğurlu diplomat olduğumu da hamı bilir. İndi həyatımda yeni mərhələ başlayır, bəlkə daha maraqlı, bəlkə daha çətin. Özümü də, ailə üzvlərimi də bu mərhələyə hazırlamışam. Əlbəttə, hamı əsəbidir, fikirlidir, amma deyirəm ki, bunu mən istəmədim, Allah mənə bu yolu göstərdi. Mən də adamların mənə göstərdiyi etimadı itirə bilmərəm.

- O statusu yazmağa peşman deyilsiniz?

- Qətiyyən. Əksinə, şadam ki, məsələ belə geniş yayıldı. Mən xalqıma başsağlığı vermişəm və bu faciənin səbəbkarlarının cəzadan qıraqda qalmasını vurğulamışam. Rəhmətə gedənə başsağlığı verməkdən gözəl bir şey yoxdur, desəm ki, səhv etmişəm, allah məni bağışlamaz.

- Azərbaycan hakimiyyətinə qarşı tək dayanmısınız. Sizin statusda olan bir çevrəni nəzərdə tuturam. Azərbaycan hakimiyyəti Avropada yaşayan sıravi azərbaycanlıların tənqidinə, etirazına kəskin reaksiya verir, hətta onların vətəndəki yaxınlarını incitməsi ilə bağlı mətbuatda məlumatlar gedir. Bəs siz öz qohum-əqrəbanızı necə, bu təzyiqlərdən qoruya biləcəksinizmi?

- Düzdür, 40 il əvvəl rəhmətə gedən babamın ruhuna sataşdılarsa, onlardan hər şey gözləmək olar. Mən hər şeyə hazıram. Evdəkilərlə də ünsiyyətdəyəm, cavabım budur ki, bu yolu mən seçmədim. Bir şey baş verəndə, orda Allahın müdrikliyini axtarmışam və indi də hesab edirəm ki, tale özü məni bu yola saldı və bu yoldan çıxası deyiləm. Xalqımız çox şeyə nail ola bilər. Millətimiz barədə «fəal deyil» fikri yaratmaq düzgün deyil və biz bu stereotipləri qıracağıq. İnanıram ki, Azərbaycan öz demokratik dəyərləri ilə dünyaya nümunə ola biləcək.

XS
SM
MD
LG