Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:13

"Dirən, dirən!"


-

Qalib Bəhramov

Açılış

Hekayə

Uzandıqca uzanan yol boyunca xeyli sayda insan addımlayırdı. Arxada uşaqların əlindən tutan qadınlar, onların qarşısında kişilər, kişilərin önündə isə saqqalı sinəsinə çatan qara geyimli, orta boylu molla var idi.

İnsan izdihamından bir az qabaqda bir-birinin arxasınca üç at arabası insanlardan çox aralanmayacaq sürətlə hərəkət edirdi. At arabalarının ikisində yaşlı insanlar əyləşmişdilər. Arabalar çala-çuxura düşdüyü zaman insanlar da gah sağa, gah da sola doğru ləngər vururdu.

Üçüncü arabanın döşəməsindəki xalça arabanın arxasından sallanırdı. Xalçanın üzərində tabut görünürdü. Tabutda Fatma qarının bu səhər ruhunun tərk elədiyi soyuq bədəni daşınırdı.

Tabut sürüşüb düşməsin deyə hər iki tərəfdən iplə arabaya bağlanmışdı. Arabalar nə qədər yavaş hərəkət etsələr də, yenə arxalarında toz burulğanı yaradırdılar. Məcburən arabalardan arxada gedən camaat hərdən addımlarını yavaşladıb tozun yatmasını gözləməli olurdu.

Havada bir yarpağı tərpədəcək qədər belə, külək yox idi. Günəş də bir tərəfdən insanlara qənim kəsilmişdi. O boyda göy üzündə bir dənə də olsun, bulud tapılmırdı ki, bir neçə dəqiqəlik də olsa günəşin qarşısını kəssin.

Ağlamaqdan heyi kəsilmiş qadınlar günəşin yandırıcı şüalarının altında zülümlə addımlayır, bununla yanaşı uşaqlarını qorumaq üçün onları öz kölgələrinə sıxıb hərəkət edirdilər.

Daş kəndində qadınlar ölünü dəfn etmək üçün qəbirstanlığa getməzdilər. Amma bu gün başqa gün idi. Bu gün hamı bu dəfndə iştirak etmək istəyirdi. Yol boyu bir kəlmə də kəsməyən insanların üzündə peşmanlıq ifadəsi oxunmurdu. Baxmayaraq ki, onlar bu qədər yolu qızmar günəş altında piyada gəlməli olmuşdular.

Artıq yolun çox hissəsi keçilib qurtarmışdı. İnsanlar axını istiqamətində addımladıqları Dirən kanalının o tayına baxanda getməli olduqları dəmir barmaqlıqlarla hasarlanmış ərazini aydın görürdülər. Yəqin ki, səhər erkəndən qəbir qazmaq üçün bura göndərilmiş adamlar öz işlərini yerinə yetirib, onları gözləyirdilər.

İndi kanal boyunca bir neçə yüz metr addımlayıb körpüyə çatmalı idilər ki, kanalı o yana keçə bilsinlər. Ondan o yanası isə asan idi.

İnsanların axış istiqamətini izlədikləri Dirən kanalının da elə bu günün tarixçəsi kimi çox ağrılı bir tarixçəsi var. Deyilənə görə, lap əvvəllər hələ Daş kəndi salınmazdan çox-çox əvvəl bu yerlərin sahibi bir ağa imiş.

Bu ağanın filan qədər qoyunu və bu qoyunlara keşik çəkən üç çobanı var imiş. Bu çobanların biri lal, biri kar, biri də anadangəlmə kor imiş. Ancaq bu çobanlar heç də sağlam çobanlardan nə cəsarətlərinə, nə də fərasətlərinə görə geri qalmazlarmış.

Çobanlar ağanın sürüsünə o qədər yaxşı baxırmışlar ki, ağa başqa ağaların yanında öz sürüsüylə də, çobanları ilə də fəxrlə danışırmış. Ancaq bütün yerlərdə olduğu kimi bir gün fəlakət bura da gəlib çıxır.

Çobanlar adi günlərdən birində otardıqları sürünü otlağa buraxıb özləri bir çinar ağacının altında kölgələnirmişlər. Sonra lal çoban su qabını götürüb kanaldan su doldurmağa gedib. Onda hələ kanalın suyu indiki kimi çirkli yox, göz yaşı kimi şəffaf imiş.

Bir az keçib, lal çoban geri qayıtmayıb, bir az da keçib, yenə lal çobandan xəbər çıxmayıb. Vəziyyətdən narahat olan kar çoban lal çobanın arxasınca kanala gəlib.

Çatanda görüb ki, çoban yoldaşı kanal sularının gətirdiyi yosun koluna ilişib suyun içində çabalayır. Nə qədər dartınırsa da, yosunlardan xilas ola bilmir. Lal olduğundan da indiyə qədər köməyə heç kəsi çağıra bilməyib. Vəziyyəti belə görən kar çoban bir an belə, düşünmədən özünü suya atır.

Yoldaşını qurtarmaq ümidilə atıldığı kanalda özü də yosunlara ilişir. Başlayır yosunlardan xilas olmaq üçün çalışmağa. Bu vaxt görür ki, lal çobanı artıq yosunlar suyun dərinliyinə aparıb. Onun yalnız açılmış sol əli çöldə qalıb.

Bir azdan o da kiçik barmaqdan böyük barmağa doğru kanalın dərinliyinə enir. Kar çoban başlayır çığırmağa. Kor çobanı səsləyir.

Nəhayət, harayı eşidən kor çoban özünü kanala yetirir. Kar çoban yarımcan halıyla kora batmaq üzrə olduğunı deyir. Ancaq kor çoban onu görmür. Kar çoban da onun dediklərini eşitmir. Kor çoban nə qədər etsə də, kara kömək edə bilmir.

Birdən kor çoban qışqırır: "Ölmə, dirən, mən kömək çağırmağa gedirəm". Sonra da yol boyu "Dirən, Dirən" - qışqıra-qışqıra gedir. O gündən sonra kor çobanın nə ölüsünə, nə də dirisinə bu yerlərdə rast gəlinmir.

Lal çobanla, kar çobanın şişmiş cəsədləri isə kanalın suyu azalandan sonra üzə çıxır. Daş kəndinin sakinlərindən hələ də kor çobanın ölmədiyinə inananlar var.

Deyilənə görə, hələ də bu yerlərdə "Dirən, dirən" səsləri eşidilir. Camaatın

inancına görə, kor çoban inzivaya çəkilib və hələ də yaşayır. O, bu yerlərdə azan insanlara daima kömək edir, kanalda boğulan insanları quruya çıxarır. Kanalın adı isə o gündən "Dirən" qalıb.

Daş kəndi Bakı-Horadiz dəmir yolunda bir stansiya kəndidir. Kənd iki hissəyə bölünür. 10-15 evdən ibarət köhnə kənd və artıq yüzü keçmiş ev sayına malik yeni kənd.

Kəndi yaradan ilk insanlar köhnə kənddə məskən salmışlar. Daha sonra insanlar artdıqca kənd də böyümüş və böyük bir ərazini əhatə eləmişlər.

Fatma qarı oğlu Rafiqlə birgə köhnə kənddə yaşayırdı. Rafiq qarının sonbeşiyi idi. Rafiqdən başqa qarının iki qızı və bir oğlu da var ki, onlar nə vaxtsa çox uzağa - Bakıya köçmüşdülər. Kəndin tək həkimi olan Faiq həkimin fikrinə görə, Fatma qarının ölüm səbəbi beyninə qan sızması olub.

Sizi çox intizarda saxlamadan bildirim ki, Fatma qarının ölümünü hekayəyə çevirən səbəb onun Daş kəndinin ikinci, həm də yeni qəbirstanlığında basdırılacaq ilk insan olmasıdır.

Başqa sözlə, Fatma qarının basdırılması ilə bu gün Daş kəndinin ikinci qəbirstanlığının açılışı olacaq. Birinci qəbirstanlıq tamamilə dolduğundan kənd bələdiyyəsi ikinci qəbirstanlığın salınması üçün xüsusi yer ayırıb.

Bu yer ayrılana qədər çoxlu söz-söhbət yaranmışdı. Seçilən yerlər əkin-biçinə yararlı olduğundan bir neçə dəfə fikir dəyişdirilmişdi. Heç kəs öz məhsuldar torpağını qəbirstanlıq üçün vermək istəmirdi. Ya da seçilən ərazi kimin evinə yaxın olurdusa, o, qonşuluğunda qəbirstanlığın salınmasına etiraz edirdi.

Bütün bu mübahisələrə ancaq kənd bələdiyyəsi kənddən bir xeyli uzaqda, Araz çayıyla Dirən kanalının arasındakı çöllüyü dəmir barmaqlıqlarla hasarlayandan sonra son qoyuldu.

Qəbirstanlıq Dirən kanalına yaxın yerdə salınmışdı. Qəbirstanlıqdan o tərəfdə, bir xeyli aralıda ağaclıq yerləşirdi. Ağaclığın o tayında isə Azərbaycan-İran sərhədi boyunca Araz çayı uzanırdı.

Bu yerlər kirpi, çöl donuzu, dovşan kimi heyvanlarla ve turac, kəklik, çöl ördəyi kimi müxtəlif növ ov quşlarıyla zəngin olduğundan daim buralarad Daş kəndinin ovdan çörək qazanan insanlarına rast gəlmək olardı.

Cənazə alayı qəbirstanlığa çatanda qəbir üzü qibləyə doğru qazılmışdı. Qəbirqazanlar bayaqdan işlətdikləri bel-kürəkləri kənara qoyub cənazənin gəlib çıxmasını gözləyirdilər. Adətə görə, qadınların qəbri kişilərin qəbrindən daha dərin qazılır.

Səbəb olaraq da qadın bədəninin çürüyəndə daha şiddətli qoxu yayması göstərilir. İslam müsəlmanlara ölünü tabutda basdırmağa icazə vermir.

Buna görə də, qarının ağ kəfənə bükülmüş meyidini tabutdan çıxarıb məzardan bir metr qədər uzaqlıqda torpağın üzərinə qoydular. Daha sonra isə mollanın ərəbcə duaları başlandı.

Düzdür, camaatın içindən heç kəs mollanın dediklərindən bir şey başa düşmürdü. Ancaq mollanın hər sözündən sonra qadınların gözlərindən süzülən yaş bir azca da artdı, kişilər isə daha kədərli görkəm aldılar.

Molla yalnız salavat çevirmək üçün öz nitqini kəsirdi. Bu zaman camaat da mollayla birgə sağ əllərini üzlərində alından çənəyə doğru hərəkət elətdirib dodaqlarında ya da ürəklərində xüsusi sözləri səsləndirirdi.

Yalnız əllərini hərəkət etdirməklə kifayətlənib sözləri səsləndirməyənlər də var idi. Molla bütün dualarını ərəbcə oxuyub qurtardıqdan sonra camaata səsləndi: "Mərhuməni necə tanıyırdınız, yaxşı insan idimi?"

Hamı bir ağızdan "yaxşı insan idi!" cavabını verdi. Dərhal ikinci sual səsləndi: "Haqqınızı halal edirsinizmi?". Yenə hamı bir ağızdan "halal edirik!" deyə cavab verdi.

Molla "İndi isə kim bu gün haqqında nə demək istəyirsə buyursun" deyib bir az kənara çəkildi. Camaatın önünə birinci bələdiyyə sədri çıxdı. O, əvvəlcədən hazırlandığına şübhə edilməyən, sanki seçki kampaniyasındaymış kimi şablon cümlələrlə çıxış elədi.

Çıxışı tam mətn olaraq burda verməyi lazımsız bilirəm. Sadəcə onu bildirim ki, sədr çıxışında bu günün Daş kəndi üçün necə əhəmiyyətli gün olduğundan tutmuş, Fatma qarının ölümünün kənd üçün necə böyük bir itki olduğuna qədər bir neçə şeyi dilə gətirdi.

Çıxışının sonunda isə qarşımızdan gələcək aylarda kənd məscidinin tamamilə yenilənməsi üçün çalışacağına və məscidin yenilənəcəyinə söz verdi. "Beləliklə məscid yenilənəndən sonra biz, daha min bir əziyyətlə ölülərimizi öz həyətlərimizdə çadır qurub yumayacağıq, çünki məscidimizdə bunun üçün yaxşı şərait olacaq"

Daha sonra sözü kəndimizdə ikinci dünya müharibəsini görmüş son insan olan Qafur kişi aldı. O, əlindəki çəliyə dirsəklənərək (müharibədən qayıdandan bəri axsayırdı), xırda addımlarla camaatın önünə çıxıb aramla danışmağa başladı:

"Hamınız bilirsiniz ki, biz-mən və bu gün dəfninə yığışdığımız Fatma qarı ikinci dünya müharibəsini görmüş son insanlar idik. Bizim uşaqlığımız da bir yerdə keçib. İndi artıq Fatma qarı bizim aramızda yoxdur.

Ona görə də mən bu çıxışı etməyə borcluyam ki, qoy bizim kəndin yeni nəsilləri öz həmkəndliləri içərisində necə fəxrediləsi adamların olduğunu bilsinlər. Ehh, müharibə başlananda biz hələ uşaq idik, bir də ayıldıq ki, atalarımızı, böyük qardaşlarımızı müharibəyə apardılar.

Mənim də üç qardaşımı ve atamı apardılar. Hamısının da qara kağızı gəldi. Fatma yazığın altı qardaşı var idi. Onun da beş qardaşını apardılar. Əgər atası müharibədən əvvəl rəhmətə getməsəydi, yəqin ki, onu da aparacaqdılar.

Axırıncı qardaşını aparana qədər isə yaxşı ki, müharibə qurtardı. Yazığın beş qardaşından üçünün qara kağızı gəldi. Deyilənlərə görə, biri Ukraynanın indi unutduğum qəsəbələrindən birində vurulmuşdu, biri Polşa cəbhəsində.

Birinin isə harada öldüyü məlum olmadı. Gələn məktubda isə təxmini belə yazılmışdı: "İgid əsgər Filankəsov Filankəs böyük şücaət göstərərək əlində sıxdığı qumbarayla birlikdə özünü qəhrəmancasına düşmən tankının altına atmışdır.

Bununla da o, düşmənin böyük bir texnikasını, ən əsası isə insan qüvvəsini məhv etmişdir. Göstərdiyi bu şücaətə görə, Filankəsov Filankəs filan ordenlə təltif olunur. Özü qəhrəmancasına həlak olduğuna görə, medal onun anası üçün göndərilir. Qoy anası bilsin ki, o necə böyük bir qəhrəmanın anasıdır".

Bax, eynən belə yazılmışdı. Bilirsiniz, bunlar çəkiləsi dərdlərdir, insan ölümə tez öyrəşir. Bir azdan sonra yoxluqla da barışırsan. Ancaq bir insan haqqında heç bir xəbər almamaq insana çəkilməz dağ vurur.

Fatma qarı ömrünün sonuna qədər iki qardaşından heç bir xəbər almamağın dağını yaşadı. Ölənə qədər də içində bir ümid var idi ki, o qardaşları sağdır və bir gün qayıdacaqlar. Düzdür, ildən-ilə bu ümid azalır, ancaq heç vaxt ölmür.

Qafur kişinin çıxışı hamını kövrəltmişdi, elə özü də kövrəlmişdi. Cibindən çıxardığı dəsmalla gözlərini silib kiminsə "istəyirsən daha danışma" deməsinə məhəl qoymadan danışığına qaldığı yerdən davam elədi:

"Onda müharibə təkcə cəbhədə getmirdi axı. Orda əsgərlər düşmənlə döyüşürdülərsə biz də burda aclıqla döyüşürdük. Yaşamaq çox çətin idi.

Belə ağır günlərin birində də məni aparmağa gəldilər. Anamın ah-vaylarına baxmayaraq, məni də apardılar. Bir də gözümü açdım ki, Lelinqrad ətrafındakı qanlı döyüşlərdən birindəyəm və arxadan kimsə "vıperyod" "vıperyod" qışqırır.

Elə düşmən üzərinə ilk hücumumuzda yanımızda bomba partladı. Bir anda hər şey dəyişdi. Kimi başını itirdi, kimi ayağını, kimi qolunu. Qəlpələrdən mənim də payıma düşdü. Bir də gözümü açdım ki, qospitaldayam.

Həkimlər ayağımı kəsib-kəsməməkdə qərarsız idilər. Sonda kəsmədilər. Bəxtim gətirdi yəqin. Bir xeyli qospitalda müalicə aldım. Sonra məni yararsız olaraq müharibədən geriyə yolladılar.

Gəlib gördüm anam ölüb, kənddəkilərin də vəziyyəti daha da pisləşib. Yenə biz cəbhədəydik, bir şey tapırdıq yeməyə. Kənddə isə heç nə yox idi. Olan-qalanı da insanlar boğazlarından kəsib cəbhəyə göndərirdilər.

Yazıq Fatma onda ən öndə gedən işçilərdən biri idi. Gecə-gündüz demədən çalışırdı. Biz heç cavanlıq da yaşaya bilmədik.

Qocanın səsi tutuldu. Yenidən dəsmalla gözlərini sildi. Artıq əvvəlki kimi bütöv deyil, qırıq-qırıq danışmağa başladı:

"O qədər xatirələrimiz var ki, qoy Allah hamımızı bağışlasın. İndi Fatma qarını bu yiyəsiz yerdə tək basdırıb gedəcəyik, amma bir gün, ya gec, ya tez biz də onun yanına gələcəyik."

Qafur kişi yenidən "Mən daha danışa bilmirəm deyib" hönkürdü. Qafur kişidən sonra mərhumun böyük oğlu bir neçə kəlmə demək istədisə də, camaatın əhvalını görüb fikrini dəyişdi.

Qadınlar ağlayırdılar, uşaqlar da analarına baxıb onlardan daha bərk ağlayırdılar. Kişilərdən gözlərindən yaş gələnləri olsa da, hamısı özlərini tox tutmağa çalışırdı.

Bu insanların heç biri Fatma qarı üçün ağlamırdı. Onlar özləri üçün ağlayırdılar. Hamısı bu qəbirstanlığı öz bədənləri ilə dolduracaqlarını bilirdilər. Necə ki, kəndin əvvəlki qəbirstanlığını onların ata-anaları doldurmuşdu.

Onlar bilirdilər ki, bu gün Fatma qarını burda basdırdıqları kimi nə vaxtsa kimlərsə də onların özlərini burda basdıracaqlar. Vaxt gələcək, Daş kəndinin ikinci qəbirstanlığı da dolacaq. Onda da üçüncü qəbirstanlıq açılacaq. Sonra dördüncü, sonra beşinci.

Molla daha kiminsə söz deyib-deməyəcəyini soruşduqdan və camaatdan səs çıxmadıqdan sonra "onda işimizi yekunlaşdıraq" deyib, Rafiqə qəbrə enməyini tapşırdı ki, cənazəni məzara o yerləşdirsin.

Rafiq ayaqqabılarını soyunub qəbrə endi. Adətə görə, qəbrə ayaqqabılı enmək olmaz. Daha sonra molla mərhumun böyük oğlu da daxil olmaqla, bir qrup kişiyə meyidi üç dəfə yerdən qaldırıb, sonra endirməyi tapşırdı.

Üçüncü endirişdə isə artıq cənazəni yerə qoymadan üzü qibləyə qazılmış qəbrə endirdilər. Daha sonra Rafiq qəbrin içində mollanın verdiyi təlimatları yerinə yetirdi.

Bütün proses qurtarandan sonra o qəbri ayaq tərəfindən tərk elədi. Adətə görə qəbrə ilk torpağı cənazəni qəbrə endirən adam atmalıdır ve deməlidir: "Biz hamımız Allahdan gəldik və hamımız Allaha qayıdacağıq".

Qəbrə torpaq yalnız tək sayda atılmalıdır və qəbrin torpağı yerdən dörd-beş barmaq yüksəyə qaldırılmalıdır. Onlar da elə etdilər. Daha sonra qəbrin üzərini suladılar. Molla yeddi defə ovucla torpaq atıb yenidən hansısa duanı oxuduqdan sonra camaat kəndə qayıtmaq üçün yola düzəldi.

Yenə üç araba ard-arda insanlardan qabaqda hərəkət edirdi. Birinci və ikinci arabada qocalar əyləşmişdilər. Üçüncü araba isə boş idi.

XS
SM
MD
LG