Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:34

«İstintaq Yunuslardan üzr istəməlidir»


Arif Yunus və Leyla Yunus
Arif Yunus və Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun istintaq işində dövlətə xəyanət maddəsi ayrıca icraata götürülüb. Leyla Yunusun vəkili Elçin Qəmbərovun dediyinə görə, digər maddələr üzrə istintaq yekunlaşmaq üzrədir və yaxında məhkəməyə göndəriləcək:

«Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq. Vətənə xəyanət maddəsi bu işdən kənarlaşdırılıb. Bu maddə üzrə istintaq dayandırıla da bilər, ayrıca davam etdirilə də bilər. Bu qərarı artıq istintaq orqanları verəcək».

2005-ci il parlament seçkiləri ərəfəsində Əli İnsanovla Fərhad Əliyev də ilkin olaraq dövlət çevrilişinə cəhddə ittiham edilmişdilər, ancaq sonradan həmin ittiham ümumi işdən ayrıldı və, necə deyərlər, səsi-sorağı çıxmadı. Keçmiş nazirlər sadəcə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, korrupsiyada ittiham edildilər.

Yunusları da eyni aqibət gözləyə bilərmi? Yəni dövlətə xəyanət maddəsinin o biri ittihamların kölgəsində qalaraq unudulması nə qədər realdır?

«HÖKUMƏT GERİ ÇƏKİLİR»

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev hesab edir ki, əslində Yunuslara irəli sürülən ittihamlar əsassızdır, quramadır və daha çox onların, xüsusən də Leyla Yunusun hüquq müdafiəçisi kimi fəaliyyətiylə bağlıdır. O ki qaldı dövlətə xəyanətlə bağlı ittihama, hüquq müdafiəçisi deyir:

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

«Burda iki variant ola bilər. Yəni hökumətin geri çəkilməsi kimi də qiymətləndirilə bilər ki, artıq əsas maddə cinayət işindən çıxarılır və məhkəməyə göndərilmir. Buna hökumətin yumşalması kimi də baxmaq olar. Eyni zamanda hakimiyyət də bilir ki, bu maddəylə bağlı ortaya hər hansı sübut qoya bilməyəcək. Yəni tam əsassızdır. Belə deyək də, ya istintaq məhkəmədə dövlətə xəyanət maddəsiylə bağlı ortaya qoya biləcək fakt toplaya bilməyib, ya da beynəlxalq təşkilatların təkidli tələbiylə geri çəkilir. Hər halda, son qərar yaxında məlum olacaq. Amma yaxşı olardı ki, bu maddə cinayət işindən çıxarılsın. Leyla xanıma da, başqalarına da bəraət verilsin. Bəraət onların haqqıdır».

«ÜZRXAHLIQ ETMƏLİDİRLƏR»

Oqtay Gülalıyev bir məqama da toxunur. Leyla və Arif Yunus bir ilə yaxındır həbsdədirlər və onlar çox ağır maddəylə - dövlətə xəyanətdə təqsirli bilinirlər. Hüquq müdafiəçisi hesab edir ki, həmin maddə sübuta yetirilməsə, istintaqçılar hər iki şəxsdən üzr istəməlidir:

«Təəssüf ki, Azərbaycan hüquq-mühafizə orqanlarından etdiyi əməllərə görə etiraf və üzrxahlıq nümunəsinə rastlanmayıb. Əslində bu, olmalıdır. Bu təkcə siyasi mədəniyyət yox, həm də hüquq mədəniyyətidir. İttihami sübut etmək mümkün deyilsə, ləğv olunmalıdır. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları özlərində güc tapıb Leyla Yunusla bağlı məsələdə hüquq mədəniyyəti göstərib, ona irəli sürülən ittihamları geri götürməli və ondan üzrxahlıq etməlidir».

Çingiz Qənizadə
Çingiz Qənizadə

ÇİNGİZ QƏNİZADƏ: «ƏKSİNƏ YUNUSLAR İSTİNTAQA TƏŞƏKKÜR ETMƏLİDİRLƏR»

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə üzrxahlığa ehtiyac görmür. O, deyir:

«Yox, nəyə görə üzrxahlıq etməlidir ki? İstintaqın qaydası belədir ki, istintaq ilkin dindirmədə kimisə təqsirləndirə bilər. Bu, həmişə belə olub, təkcə Yunusların işində deyil… Əksinə bu, istintaqın obyektiv aparılmasının bariz nümunəsidir! Əksinə, təşəkkür olunmalıdır ki, istintaq düzgün getdi və bu maddə tətbiq olunmadı. Amma üzr istəmək anlayışı yoxdur. Onsuz da onlar başqa maddələrlə günahlandırılıb. Onlar bir maddəylə 3-5 ay saxlansaydılar, ittiham sübut olunmasa və sonra buraxılsaydılar, bu zaman dövlət hansısa addımlar ata bilərdi ki, insan günahsız yerə saxlanılıb».

Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar. Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Onun həyat yoldaşı Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir.

Beynəlxalq qurumlar isə onların siyasi hakimiyyəti tənqid etdiklərinə görə həbs olunduqlarını bildirirlər.

XS
SM
MD
LG