Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:56

Əli Həsənov: «Amerika özünü ifşa edir»


Əli Həsənov
Əli Həsənov

-

«ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycanla bağlı iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bildiririk. Hesabatda ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi, onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir».

Ötən il dünyada insan hüquq və azadlıqlarının vəziyyətinə dair ABŞ Dövlət Departamentinin hesabatına Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə reaksiya verib.

Məlumatı apa yayıb.

Əli Həsənov bildirib ki, heç bir ölkə hakim qismində çıxış edə bilməz:

«Fikrimizcə, heç bir ölkə hakim qismində çıxış edərək, ayrı-ayrı dövlətlərdə bu və ya digər məsələni öz maraqlarına uyğun şərh və təqdim etmək hüququna malik deyil. Bu baxımdan ABŞ Dövlət Departamentinin məlum hesabatını ciddi qəbul etməmək və orada əks olunmuş mülahizələrə münasibət bildirməmək də olardı. Lakin bu tipli açıqlamalar mediada yayıldığına və dünyada neqativ rəy formalaşmasına yol açdığına görə, Azərbaycanın da mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması zəruridir».

BƏS FERQYUSON HADİSƏLƏRİ?!

Əli Həsənov sözügedən hesabatda qaçqın və məcburi köçkünlərin elementar insan hüquqlarından məhrum olması faktının göstərilməməsinə də diqqət çəkib:

«ABŞ, həqiqətən, dünya ölkələrində demokratiyanın, insan hüquq və azadlıqlarının vəziyyətini şərh etmək niyyətindədirsə, obyektiv görünmək üçün, ilk növbədə, beynəlxalq hüquqa hörmətlə yanaşmalı və təcavüzkar Ermənistandan BMT qətnamələrinin icrasını tələb etməlidir. Bundan başqa, insan haqlarının vəziyyətinin dəyərləndirilməsi ilə bağlı bütün dünya ölkələrində, o cümlədən ABŞ-ın özündə yaşanan proseslərə də vahid qiymətləndirmə standartı müəyyənləşdirilməlidir... Ferqyuson və Baltimorda baş verən hadisələr ABŞ-da insan hüquqları durumunun yaxşı olmadığını göstərdi... ABŞ başda olmaqla bəzi Qərb dairələrinin siyasəti nəticəsində Şərqdə - müsəlman dünyasında hökm sürən acınacaqlı vəziyyətin günahkarlarının və məsuliyyət payının araşdırılması, fikrimizcə, Azərbaycandakı demokratiyanın mikroskop altında təhqiqindən daha aktual görünür.

Bütün bu məsələlərə aydınlıq gətirilmədən, ABŞ-ın demokratiya və insan haqlarının durumuna görə hər hansı ölkəni ittiham hədəfinə çevirməsi özünüifşadan başqa bir şey deyil və bu, dünyada Amerikaya olan-qalan inamın tam itməsinə xidmət edir».

ABŞ Dövlət Departamenti iyunun 25-də açıqladığı hesabatında insan haqları pozuntularına görə Azərbaycan hakimiyyətini sərt tənqid edib. Dövlət Departamenti Azərbaycanda ötən ilin ən ciddi insan haqları pozuntularına diqqət çəkib: «Hökumət ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını getdikcə daha çox məhdudlaşdırır, dinc narazıları cəzalandırmaq üçün məhkəmə sistemindən yararlanır və vətəndaşların hökuməti azad və ədalətli seçkilər yoluyla dəyişmək imkanını daraldır».

XS
SM
MD
LG