Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:09

1 dollar - 1 manat 30 qəpik ola bilər


-

Yunanıstanda kəskinləşən iqtisadi böhran manatın da dollara nəzərən ucuzlaşmasına səbəb ola bilər.

Hazırda dünya Yunanıstanın avrozonanı tərk etməsi ehtimalından danışır, bu baş verərsə, gözlənilir ki, dollar avroya nəzərən bahalaşacaq, dollar bahalaşanda isə neft ucuzlaşacaq.

Əgər neftin bir barreli dünya bazarlarında 50-55 dollara enərsə, ilin sonuna qədər manatın dollara qarşı məzənnəsinin 1,25-1,30 olacağı gözlənilir (indikindən 20 faiz ucuz-red.).

Bunu AzadlıqRadiosuna iqtisadçı Natiq Cəfərli deyir.

Bu ilin fevralında manat dollara nəzərən 33,5 faiz ucuzlaşıb.

İyunun 30-da Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan kredit borcunu ödəməyəcəyini elan edib. 1,8 milyard dollarlıq borc Avropa vaxtı ilə saat 18:00-dək ödənilməli idi.

Borc ödənilməyəcəyi halda həmin gündən Yunanıstana beynəlxalq maliyyə yardımı proqramı dayandırılacaq.

Ölkənin baş naziri Alexis Tsipras ölkə vətəndaşlarını iyulun 5-də keçiriləcək referendumda beynəlxalq kreditorların təkliflərinə yox deməyə çağırıb.

Baş nazir bildirib ki, əks halda o vəzifəsindən gedəcək.

Avropa ölkələrinin liderləri isə xəbərdarlıq ediblər ki, kreditorların təklifləri rədd edilsə, bu, Yunanıstanın avrozonadan çıxmasi ilə nəticələnəcək.

"New York Times" qəzeti iyunun 29-da “Yunanıstanın və avronun taleyi” başlıqlı təhlilində yazır ki, Yunanıstan böhranı avronun məzənnəsini ciddi şəkildə salacaq, çünki yunanların başına gələnlərin bütün Birlik ölkələrində təkrarlanacağı qorxusu yaranacaq.

Yunanıstanda referendum üçün səsvermə bülletenləri çap edilir
Yunanıstanda referendum üçün səsvermə bülletenləri çap edilir

Məqalədə deyilir: “Yunanıstan üçün avrozonadan çıxmaq xarici investorlardan borclanmaq imkanını itirmək, bank sisteminin potensial dağılmaq təhlükəsi deməkdir. Prezident Barack Obama həm Angela Merkel-ə, həm də François Hollande-a müraciət edərək Amerikanın Yunanıstan böhranının qlobal maliyyə sisteminə təsir edə biləcəyindən narahat olduğunu bildirib”.

"New York Times" yazır ki, Yunanıstan hətta avrozonada qalmağa qərar versə belə, böhran başa çatmayacaq - ölkədə yeni milli seçkilər çağırıla bilər.

İyunun 30-da Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti yazıb ki, avro hələ ki, davamlıdır və avronun çöküşündən danışmaq hələ tezdir.

Qəzet yazır: “Bu barədə bir neçə nəzəri fikir var. Birincisi budur ki, Yunanıstan avrozonanın ÜDM-nin cəmi 1-2 faizini formalaşdırır, üstəlik, Yunanıstanın borcunun böyük hissəsi maliyyə institutlarından götürülüb, özəl banklardan yox.

İkincisi, Yunanıstanla bağlı keçirilmiş iki rəy sorğusuna görə, ölkə bazar günü keçirilən referendumda kreditorların şərtlərini qəbul edəcək, ölkəni böhran həddidən geri qaytaracaq.

Üçüncü nəzəriyyə budur ki, referendumda “yox” cavabı alınsa belə, kreditorlarla anlaşma əldə olunacaq.

Dördüncüsü, bəzi treyderlər hətta hesab edirlər ki, Yunanıstan böhranı avronu daha da möhkəmləndirə bilər”.

XS
SM
MD
LG