Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

Xarici vətəndaşlar sosial ödənişlər verməlidirmi?


Səlim Müslümov deyir ki, sosial ödənişlər verməyənlərə qarşı sanksiyalar tətbiq olunacaq
Səlim Müslümov deyir ki, sosial ödənişlər verməyənlərə qarşı sanksiyalar tətbiq olunacaq

Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov ötən həftə jurnalistlərə bildirdi ki, apardıqları hesablamalara görə, Azərbaycanda 20 minə yaxın xarici vətəndaş çalışır ki, onların da demək olar ki, hamısı neft sektorundadır. Vergiödəyicisi kimi isə 2 minə yaxın xarici vətəndaş qeydiyyata alınıb ki, onlar da bu il yanvarın 1-dən sosial ödənişlər verməlidirlər. Yəni maaşdan tutulan gəlir vergisindən əlavə, 22 + 3 faiz Sosial sığorta və pensiya fonduna da ödənişlər etməlidirlər. Amma, cənab Müslümov onu da deyib ki, əsasən neft sektorunda çalışan əcnəbi işçilər neft şirkətlərinin Azərbaycan hökumətiylə bağlanan müqavilələrinə istinad edərək gəlir vergisindən başqa, digər ödənişlərdən azad olduqlarını bildirirlər. Səlim Müslümov bu məsələylə bağlı neft-qaz layihələrindəki baş operator «BP-Azərbaycan» şirkətinin nümayəndələri ilə də görüşdüyünü və 2007-ci il yanvarın birinə qədər cavab gözlədiklərini deyib. O, həmin tarixdən ödənişləri verməyənlərə qarşı sanksiyalar tətbiq olunacağını da əlavə eləyib. «BP-Azərbaycan» şirkətindən isə bildirdilər ki, birincisi burda işçilərin sayı ilə bağlı ciddi anlaşılmazlıqlar var, ikincisi isə şirkət bu günə kimi Azərbaycan hökumətiylə bağlanan müqavilələrdə göstərilən bütün vergi və ödənişləri vaxtlı-vaxtında ödəyir.


Sosial Müdafiə Fondundan Əli Səmədov isə, doğrudan belə danışıqların getdiyini, əslində hələ dəqiqləşdirmələr aparıldığını və məsələnin əslində hüquqi cəhətdən çox dolaşıq olduğunu deyir:


«Sosial sığorta haqqında» qanuna görə, istənilən xarici vətəndaşa görə də ödəmələr edilməlidir. İndi neft müqavilələrində buna hansı əngəllər var, danışıqların mövzusudur. Ola bilsin biz elə qanuna dəyişikliklər elədik».


Neft Araşdırmaları İnstitutundan ekspert İlham Şabanın sözlərinə görə isə, əslində Sosial Müdafiə Fondunun rəsmiləri bu məsələdə nə istədiklərini hələ müəyyənləşdirə bilməyiblər:


«Müqaviləyə görə, onlar ancaq gəlir vergisi ödəməlidirlər. Başqa heç bir vergi olmamalıdır. İndi xarici şirkətləri yenidən hansısa vergiyə cəlb etmək bu çətin məsələdir».


O ki qaldı xarici şirkətlərdə çalışan yerli işçilərin, sosial ödənişləri məsələsinə, bununla bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirirlər ki, burda Azərbaycan qanunları əsas götürüləcək.


XS
SM
MD
LG